AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Teatr mənim üçün əsa rolunu oynayır" - Debüt

Gənclik qəzeti
08 May 2020, 15:15 5129
 
Elvin Mirzəyev: Bura özünü realizə etmək istəyən, potensialının mövcudluğuna inanan insanların motivasiya mənbəyidir
 
Onunla ilk dəfə Azərbaycanın, eləcə də Qafqazın fiziki məhdudiyyəti olan və olmayan aktyorlardan ibarət ƏSA Teatrında qarşılaşmışdıq. M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyası əsasında hazırlanan "Paris partladı" tamaşasının məşq prosesi gedirdi. Burda hər qəbildən insanla rastlaşmaq mümkün idi. Kiçik bir otaqda bir araya gələn gənc aktyorların məkanına qonaq olmuşdum. Məşq prosesi gedən otaqda fiziki məhdudiyyət anlayışı ortadan qaldırılmışdı.
 
Rejissorun, yaradıcı heyətin gözündə hər kəs bütün imkanlara sahib aktyorlar idi. Yaranan mənzərə məndə o qənaəti yaratmışdı ki, gənclər istərsə, özlərinə bütün imkanları yarada bilər.
 
Bu günkü "Debüt" rubrikamızın qonağı da elə o dünyanın sakinidir. ƏSA Teatrı yaranandan burada  irili-xırdalı bir çox obrazların öhdəsindən gələn Elvin Mirzəyev. O, öz dəst-xətti, səhnə plastikası ilə seçilir. Müsahibimi özəl edən isə boyunun kiçik olması deyil, böyük ürəyə sahib olmasıdır. O, boyunun qısa olmasını kompleks hesab etmir. Deyir ki, əsas qayə ona həvalə edilən obrazın əhatəli şəkildə səhnədə öz əksini tapmasıdır. Əgər boyunun kiçik olması ona səhnədə obraz yaratmağa maneçilik törətmirsə, burda heç bir çətinlikdən söhbət gedə bilməz.  
 
Elvin Mirzəyev ƏSA Teatrında yaradıcı heyətin əslində bir ailə olduğunu, yeri gəldikdə bir amal uğrunda mübarizə aparmağı öyrəndiyini, əgər ortada bir məqsəd varsa, gecə-gündüz demədən çalışmağın zərurliyini deyir. Bildirir ki, əgər ortada bir istək varsa, bütün komanda fiziki qüsurların, əngəllərin, maddi-mənəvi çətinliklərin öhdəsindən gəlməyi bacarır. Onları güclü edən də bu birlikdir.
 

 
- Gənc bir aktyor olaraq çalışdığınız ƏSA Teatrı sizin üçün hansı imkanları yaradır? 
- Teatr aktyorla tamaşaçı arasında rabitə yaradan ən ideal vasitədir. ƏSA mənə səhnədə olmağın gözəlliyini bəxş edir. Belə ki, teatrımızın tamaşalarını nümayiş etdirir, tamaşaçı qarşısına çıxırıq. Bir parçası olduğum bu teatr təkcə mənim üçün deyil, cəmiyyətimiz, incəsənətimiz üçün böyük dayaq rolunu oynayır. Belə ki, səhnəyə çıxmaq imkanı olmayan, özünü realizə etmək istəyən, potensialının mövcudluğuna inanan insanların motivasiya mənbəyidir.

- Aktyorluq potensialınızın olduğunu nə zaman hiss etdiniz? 
- Aktyorluğa uşaqlıqdan böyük marağım olub. Uşaqlıq istəyi olaraq hər dəfə filmlərə baxanda, ya da cəmiyyətdə qəhrəmanlıq edən müxtəlif sənət sahiblərinə baxdıqda, özümü onların yerində təsəvvür edirdim, hər dəfə bir peşə sahibi olmağı arzulayırdım. Uşaqlıq arzusu olaraq müxtəlif peşələrə həvəs göstərirdim. Ancaq müəyyən yaşa çatdıqdan sonra anladım ki, bütün bu sənətlərin hamısı elə məhz aktyorluqda cəmlənib. Aktyor olaraq hər dəfə bir obraz canlandırmalı oluram və hər obrazın da öz sənəti, peşəsi olduğunu nəzərə alsaq, mən uşaqlıqdakı arzularıma çatmış hesab edilirəm.

- Sizcə, hansı obrazlar əyninizə biçilib?
- Bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Aktyorluq sənətini peşə olaraq götürsək, istənilən rolun öhdəsindən bacardığım qədər gəlməyə çalışıram. Hər rolun öz gözəlliyi var. Bu günə qədər düşünməmişəm ki, hansısa bir rol məhz mənim əynimə biçilib. Mənə həvalə olunan obrazların öhdəsindən bacardığım qədər gəlməyə çalışmışam.
 
 

- İlk dəfə səhnəyə çıxanda hansı hissləri keçirdiniz?
- ƏSA Teatrından əvvəl həvəskar şəkildə aktyorluqla məşğul olurdum. Az da olsa, səhnə təcrübəm vardı. Təbii ki, burada peşəkar səhnə təcrübəsindən söhbət gedə bilməzdi. ƏSA Teatrı isə mənə yeni imkanlar, özümü təqdim etmək üçün şərait yaratdı. İlk dəfə peşəkar səhnədəki çıxışım isə unudulmaz idi. İçimdəki hisslər bir-birinə qarışmışdı. Qürur, sevinc, fəxr və bu kimi ülvi hisslərdən söhbət gedir. Teatrımızın ilk tamaşasını nümayiş etdirdikdə sevinirdik. Çünki artıq teatrımız yaranmışdı və bu bizim debütümüz idi. Bizim həmin gün bir tarix yazdığımızın fərqində idim. Ona görə də içim-içimə sığmırdı. Bundan başqa, canlandırdığım personajın psixoloji tərəfləri də olduğu üçün çox təsirləndiyimi xatırlayıram. İlk tamaşamızda izləyicilər arasında peşəkar teatr mütəxəssisləri də olduğu üçün həyəcanımız daha artıq idi. Tamaşanı bitirdikdən sonra özümdə bir yüngüllük hiss etməyə başlamışdım. Bundan sonra nə qədər obraz canlandırsam da, peşəkar səhnədəki ilk obrazımı unutmaram. 

- Teatr sizin üçün əsa rolunu oynaya bilirmi?
- Teatrın insanların mənəvi zənginlik gücünü artırmaq üçün fəaliyyət göstərdiyini nəzərə alsaq, əlbəttə ki, elədir. Bilirsiniz ki, ƏSA Teatrının məqsədi fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasını yaratmaq, bu inteqrasiyanı sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etməkdən ibarətdir. Belə olduğu halda, teatrımız fiziki məhdudiyyətli insanlar üçün stimuldur və motivasiya mənbəyidir. Təbii ki, teatr mənim üçün əsa rolunu oynayır. Çünki həm mənəvi, həm də özünüifadə baxımından teatr bizə bu imkanları yaradır. Teatrla məşğul  olduqda, insanlar özlərini mənən rahat hiss etməyə başlayırlar. İnsanların özünü ifadəsi daha da yaxşılaşır, təkmilləşir və cəmiyyətə daha tez inteqrasiya olurlar.
 
 

- Özəlliyiniz nələrdir?
- Məni özəl edən... Bu sualı mənim çevrəmdəki insanlar daha yaxşı cavablandırarlar. Mən özümdə xüsusi olaraq nəyisə vurğulaya bilmirəm.

- Bəs hədəfləriniz nələrdir, 15 il sonra özünüzü harda görürsünüz?
-  Bir-iki il əvvəl mənə bu sualı versəydiniz, sizə arzularım və gələcək hədəflərim haqqında saatlarla danışardım. Ancaq insan yaşadıqca, arzunun real həyatla üst-üstə düşmədiyinin şahidi olur. Mənim özümə dair planlarım var. Sabahın nələr gətirəcəyini isə bilmək olmaz.

- Boyunuzun kiçik olması hansı işlərinizə mane olub?
- Düzünü desəm, boyumun kiçik olması işlərimi görmək üçün o qədər də maneçilik törətməyib. Hansı işdə boy lazım olursa, dostlarım və ətrafımda olan insanların sayəsində bunun da öhdəsindən gəlirəm. İnsan sosial varlıqdır. Əgər hər hansı məhdudiyyətiniz sizə bir işi görməkdə maneə yaradırsa, bu o demək deyil ki, siz o işi görə bilməzsiniz.

- Gördüyümüz qədəri ilə, kompleksli biri deyilsiniz. Bu ağır mərhələni necə adlamısınız?
- Açığı, bu barədə heç zaman düşünməmişəm. Ümumiyyətlə kompleks hiss etdikdə və ya nəyəsə qarşı sıxıntım olduqda, onu həll etməyə çalışıram. Düşdüyüm situasiyadan hansı yollarla azad olmaq  haqqında fikirləşirəm və o an həmin komplekslərim adiləşir. Onlar kompleks olmaqdan çıxır. Bu proses məndə indi deyil, uşaqlıqdan baş verir. Həmin vaxtlardan onları özüm üçün adiləşdirməyi bacardığım üçün belə bir problemim olmayıb. Hər hansı çətin situasiyaya düşəndə, qeyd etdiyim mexanizm özü işə düşür və avtomatik olaraq buna bir çarə tapıram, özüm üçün problemə çevirmirəm.  
 
Xəyalə Rəis