• şənbə, 20 Aprel, 17:11
  • Baku Bakı 23°C

“Teatr insanın həyata baxışını dəyişir”

18.06.20 13:07 5236
“Teatr insanın həyata baxışını dəyişir”
Gənc aktyor Mirsənan Kazımlı: "Mədəniyyətvə İncəsənət Universiteti mənə çox şey öyrətdi”
Həmsöhbətim gəncdir, aktyor ailəsində doğulub, atası-Əməkdar artist Nicat Kazımovun sənət yolunu davam etdirir, hətta onunla çiyin-çiyinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Mirsənan Kazımlının həyata və sənətə baxışları ilə tanış olun.
Dosye: 1998-ci ildə təvəllüdlü Mirsənan hələ məktəb yaşlarından atasının çalışdığı teatrda kiçik rollar oynayıb.Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində gələcəyin istedadlı aktyoruna"Məkkəyə gedən yol”daƏhməd,"Şelkunçik”də Mələk,Aşbaz,Peçenya əsgər, "Şeyx Sənan”da Cocuk, "Müsyö Jordan və Dərviş Məstəli şah"daKəndli oğlan rolları etibar olunub. Akademik Milli Dram Teatrının səhnəsində uzun illər oynanılan "Gəncə qapıları” tamaşasında Səlim obrazınıcanlandırıb.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olarkən bu təhsil ocağının "Səda” Tədris teatrında hazırlanan "Dəli yığıncağı”nda Fazil Məhəmməd,"Hərə bir qəhrəman oldu”da Qəhrəman, "Teleskop”da Həkim, "Hamlet”də Horatsio, "Otello”da Yaqo,"Müsyö Jordan və Dərviş Məstəli şah"da Şahbaz bəy kimi fərqli rollar oynayıb.Ötən il Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya qoyulan "Tanrıya 14 məktub” tamaşasında oynadığı Oskar obrazı teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Son illərdə bir neçə bədii filmə və teleseriala dəvət alıb.
- Aktyor ailəsində doğulan, kiçik yaşlarından tanınmış sənətkarlarla bir yerdə səhnəyə çıxan Mirsənan hansı hisslər keçirir?
- Teatrda böyümək maraqlı bir hissdir. Həqiqətən də, səhnə sehirli bir aləmdir,bu aləmin sehrinə gərək körpə yaşlarından düşəsən və bu mühitə öyrəşəsən. Bu zaman insanın dünyagörüşü artır,həyata baxış bucağı dəyişir,yaşıdlarından tam fərqli böyüyür. Bu baxımdan, bəxtimin gətirdiyi göz qabağındadır.Doğrudur, bu mühitdə böyüməyimin mənfi tərəfləri də olub.Çünki heç vaxt yaşıdlarımla vaxt keçirə,ünsiyyət qura bilməmişəm. Ətrafımda həmişə yaşımdan çox böyük insanlar olub və onların davranışları, həyata baxışlarıdaim məni özünə cəlb edib. Üstəlik də teatr, səhnə, yaradıcı mühit... Nəzərə al ki, teatr insanın həyata baxışını dəyişir.
- Teatrda ilk çıxışın Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi "Məkkəyə gedən yol” tamaşasında Əhməd obrazı olub.Yol necə davam edir?
- Görkəmli rejissor, Xalq artisti Cənnət Səlimova "Məkkəyə gedən yol” tamaşasında əsas qəhrəmanı-Əhməd obrazını mənə həvalə etməklə bu sənətə gəlişimibir qədər də sürətləndirdi. Bunun da maraqlı tarixçəsi var, əsəri oxuyanlar, tamaşaya baxanlar yaxşı bilir ki, Əhməd 9-10 yaşlarındadır. Cənnət xanım bu rolu oynamaq üçün uşaq axtaranda atamdan xahiş edib. Atamın razılığı ilə məşqlərə qatıldım və Əhməd "teatr xəstəliyinə”daha erkən tutulmağıma bir vəsilə oldu. Açığı, onu da etiraf edim ki, ilk məşqlərdə hər şeyi dərk etmirdim. Səhnəyə hansı tərəfdən və necə çıxacağımı bilmirdim,bəzən sözləri belə unudurdum. Necə deyərlər,"öz aləmimdə idim”.Mənim səhnəyə,sənətə sevgim elə o tamaşadan başladı, sonra başqa rollar da oynadım və orta məktəbin sonuncu sinifində oxuyanda gördüm ki, əlimdən özgə bir iş gəlmir, atam kimi mən də aktyor olmalıyam. Mən nə həkim olanam, nə mühəndis. Vaxt çatanda sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim.
- Atan da bu seçiminə sevindi...
- Deməzdim ki, sevindi, əksinə, narazılq elədi. Düzdür, bayaq dediyim kimi, ilk dəfə atamın razılğı ilə səhnəyə çıxmışam. Amma görünür, atam elə bilirmiş ki, uşaq marağım, həvəsim bir müddətdən sonra yox olub gedəcək. Atamın valideyn kimi narahatlığını yaxşı başa düşürəm. O, illərini bu sənətə verib, əziyyətlər çəkib və bu gün də çəkir. Yəqin istəməyib ki, oğlu da bu problemlərlə üzləşsin. Bəlkə də çoxları inanmayacaq, amma mən iki il sərasər mübarizə aparandan sonra onurazı sala bildim. Nəhayət, sənətə gəlmək üçün xeyir-duasını aldım.
- Dediyin kimi, bu sahədə çətinliklər çoxdur, amma hər şeyə rəğmən, sən israrla bu sənəti seçdin...
- Əslində, bu mənim xarakterimdə var, haradasa çətinlik varsa,nəsə əlçatan deyilsə,ona can atıram. Əldə etmək istədiyimə çatmayınca rahat olmuram. Mən bu sənətdə çətinliyi uşaqlıq illərində gördüm.Şükür Allaha, indi o çətinliklər arxada qalıb, işlər yaxşılığa doğru gedir. Onsuz da, hər sənətin öz çətinliyi var, lakin sevdiyin işlə məşğul olanda heç nə gözünə görünmür.
- Uşaq yaşlarından böyük sənətkarlarla tərəf-müqabil olmusan,Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda artıq aktyor kimi çalışırdın.Təhsil aldığın ali məktəbdən nə öyrənə bildin?
- Tələbə adını qazananda Dövlət Gənc Tamaşaçılar Teatrında,Akademik Milli Dram Teartrında rollar oynamışdım. İlk günlərdə dərs vaxtı ürəyim çox darıxırdı. Müəllimlərin dedikləri mənə cansıxıcı gəlirdi, rekvizitsiz, boş dərs otaqlarından fərqli olaraq, mən bunları görkəmli aktyorların əhatəsində görmüşdüm. Lakin sonra alışdım, anladım ki, hələ bilmədiyim çox şeylər var. Etüd çalışmlarına ciddi yanaşmağa başladım. Çünki etüdü yaxşı bilməyən aktyor parçaları məşq edəndə,səhnədə oynayanda çətinlik çəkəcək.Necə deyərlər, etüd aktyorluğun əlifbasıdır.O əlifbanı keçməsən, hər şeyi kor-koranə şəkildə edəcəksən.Teatrda böyüdüyüm üçün ilk gündən tələbə yoldaşlarımdan seçilirdim, çox sərbəst idim.Artıq səhnə görmüşdüm,tamaşaçı görmüşdüm, ona görədə məndə o qorxu yox idi. Lakin həmişə demişəm və bu gün də o fikirdə qalıram ki, universitet mənə çox şey öyrətdi. Xoşbəxtəm ki, Yaqut Paşazadə,Fikrət Məlikov,Gümrah Ömər,Mikayıl Mikayılov kimi pedaqoqların tələbəsi olmaq nəsibim oldu.
- Bir neçə tamaşada atan Nicat Kazımovla çalışmısan.Atanla iş prosesi sənin üçün çətin olmadı?
- Bizdə ata-oğul münasibəti işdə arxa plana keçir. Teatrın qapısından içəri girən kimi ata-oğul məsələsi hər ikimiz üçün qapanır. Amma rejissor Nicat Kazımovla çalşımaq bir aktyor kimi insana zövq verir.Bunu tək mən demirəm, Nicat Kazımovun tamaşalarında rol alan istənilən aktyordan soruşsan, əminəm ki, eyni cavabı alacaqsan. Onu da deyim ki, çətinlik də çoxdur, çünki o, istədiyini aktyordan ala bilməyincə əl çəkmir. Onunla ilk dəfə işləyəndə, haradasa, 15 yaşım olardı, mənim epizodum məşq olunurdu, 2-3 dəfə eyni tapşırıq verdi, edə bilmədim və bərkdən qışqırdı üstümə. Bu, mənə çox pis təsir elədi, kənara çəkildim, ağlamaq istəyirdim.Sonra anladım ki,bu işdir, biz ancaq evdə ata-oğuluq.
- Bəziləri bu sənətə şöhrət və pul üçün gəlir, özlərini ulduz sayanlar isə kifayət qədər çoxdur.Mirsənan Kazımlını nə cəzb etdi – alqışlar, sevgi, məşhurluq?..
- Ən böyük bədbəxtlik odur ki, çoxu bu sənətə tanınmaq üçün gəlir,universitetə daxil olanda maraq mənə üstün gəldi, soruşdum və məlum oldu ki, əksəriyyəti məhşur olmaq, filmlərdə ancaq baş rolda çəkilmək üçün gəlib. Belələri, adətən, sənətdə heç nəyə nail olmayanda bütün günü gileylənir, günahı başqasında axtarırlar.Yəni filmə,seriala çəkilmək üçün.O isə sənətə sevgi deyil, o tanınmaq sevgisidir.Səmimiyyətimə inan ki, məşhurluğu sevmirəm və arzulamıram. Bu sənətin özünü, yaradıcılıq prosesini sevirəm. Hər tamaşadan sonra alqışları eşitmək, gül dəstələri almaq gözəl bir hissdir, bunu yaşamaq lazımdır.
- Yaşlı sənətkarlarla gənc aktyorlar arasında mübarizə həmişə olub, bu gün də var, yəqin, sabah da olacaq. Çox güman ki, səndə bununla qarşılaşmısan. Bu problemə münasibətin necədir?
- Səhnəyə gəldiyim ilk gündən yaşlı sənətkarlar mənə hər zaman dəstək olublar, görkəmli aktyorlarla bir səhnəni bölüşəndə xeyir-dua veriblər. Bu gün də fəxr edirəm ki, belə tanınmış sənətkarlarla çiyin-çiyinə çalışmışam. Səmimi deyim ki, heç vaxt yaşlı-cavan konfilikti ilə rastlaşmamışam. Bizim teatrda yaşından-başından asılı olmayaraq,hər kəs bir-birinə dayaqdır.
- Ölkədə karantin rejimi olduğundan həm ali məktəblərdə dərslər dayanıb, həm də teatrların fəaliyyətinə fasilə verilib. Bəs, gündəlik həyatını necə keçirirsən?
- Karantin müddətində öz üzərimdə işləyirəm, bədii əsərlər oxuyuram, evdə fərdi məşqlər edirəm. Ümumiyyətlə, aktyor gərək daim öz üzərində çalışsın.Amma sənəti sevən adam üçün çətin keçir.Teatrın yanından keçəndə gözüm dolur, aktyor üçün teatrdan ayrı qalmaq çətindir.İnşallah,karantin rejimi tez bir zamanda bitər və işimizin başınaqayıdarıq.
Turan Etibaroğlu
banner

Oxşar Xəbərlər