• cümə axşamı, 28 mart, 15:33
  • Baku Bakı 16°C

“Teatr hər zaman ağlımda, fikrimdə, qəlbimdə olub”

20.11.19 10:00 975
“Teatr hər zaman ağlımda, fikrimdə, qəlbimdə olub”
Türkiyə teatrı və kinosunun əfsanəvi aktrisası Yıldız Kenter tarixə qovuşdu
Yeni mövsümü Türkiyə kino cameəsi üçün bir o qədər də uğurlu hesab etmək olmaz. Belə ki, qonşu ölkədə bizim də sevərək izlədiyimiz Yeşilcam filmlərinin ulduzları bir-bir dünyasını dəyişərək tarix olurlar. Beləliklə, türk teatr sənətinin inciləri bir-bir sıranı tərk edirlər. Teatrı, səhnəni gənclərə təhvil verib, şəkillərə, yaddaşlara köçürlər. Noyabrın 17-də türk teatrının və eləcə də kinosunun sevilən sənətçisi Yıldız Kenter 92 yaşında dünyasını dəyişdi.
Bir müddətdir ki, ağciyər çatışmazlığı ilə mübarizə edən və yaşı ilə bağlı problemlər yaşayan aktrisa 92 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Canlandırdığı obrazları ilə tamaşaçıların yaddaşında silinməz izlər buraxan aktrisa, Azərbaycan tamaşaçısının da kifayət qədər sevgisini qazanmışdı. Daha çox "Bəyaz Mələk”, "Hanım” filmlərindən tanıdığımız aktrisa da tarixə çevrildi. Elə bir tarix ki, onu nə qurucusu olduğu Kenter Teatrı, nə də türk kinosu unudacaq. Elə bir tarix ki, onun bir əsrə yaxın salnaməsində Yıldız Kenterin izləri qalıb.
Yıldız ömrü
Əsl adı Ayşe Yıldız olan Yıldız Kenter 11 oktyabr 1928-ci ildə İstanbulda anadan olub. Anası ingilis əsilli Olga Chyntia sonradan Türkiyə vətəndaşlığın qəbul edərək adını Nadide Kenter olaraq dəyişib. Ana babasının İngiltərədə Şekspirin oyunlarını səhnələşdirən teatr qrupuolub. Və düz 11 yaşında Yıldız Kenter aktrisa olmağa qərar verib. Anasından gizli, atasının dəstəyi ilə Ankara Dövlət Konservatoriyasının yüksək bölümünədaxil olub.O dövrün ənməşhur şair, yazıçısı və teatr aktyorları olan Carl Ebert, Nurettin Sevin, Mahir Canova, Cahit Külebi, Sabahattin Ali kimi isimlərdən dərs alaraq konservatoriyanı vaxtından tez bitirib.
11 il Ankara Dövlət Teatrında çalışıb və özünü, bundan sonrakı ömrünü teatra həsr edib. "Rockefeller" təqaüdü qazanaraq (American Theatre Wing, Neighbourhood Play House ve Actor’s Studio-ing) Amerika Teatr Qanadı, Qonşuluq Oyun Evi və Aktyor Studiyasında aktyorluq və aktyorluq tədrisində yeni üsullar üzərində çalışmalar aparıb. Sonra isə Ankara Dövlət Konservatoriyasında pedaqoq olaraq çalışıb.
1959-cu ildə Dövlət Teatrından ayrılaraq Muhsin Ertuğrul ilə birlikdə işləyir. Qardaşı Müşfik Kenter və həyat yoldaşı Şükran Güngör ilə "Paytaxt Aktyorları Topluluğu” adlı birlik qurur. Sonrakı illərdə ABŞ-da və İngiltərədə "Dəyişən təhsil metodları" və "aktyorluq metodları" üzərində davamlı olaraq çalışır.
1962-ci ildə teatr xidmətlərinə görə "İlin qadını” seçilir. 1968-ci ildə İstanbuldakı Kenter Teatrının inşasını başa çatdırır. Film aktyoru kimi üç dəfə "Altın Portakal" mükafatına layiq görülür. Sovet İttifaqı, ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Kanada, Yuqoslaviya və Kiprdə ingilis və türk dillərində tamaşalar göstərir.
Rejissor olaraq 100-dən çox tamaşa hazırlayır, bir o qədər də tamaşada rol alır. Şekspir, Çexov, Brext, İnoesco, Pinter, Albee, Tennessi Williams, Alan Ayckbourn, Artur Miller, Brian Freil, Neil Simon, Athol Fugard, Sergey Kokovkin, Melih Cevdet Anday, Necati Cumali, Güner Sumer, Adalet Agaog, Zeki Özturanlı, Güngör Dilmen, Muzaffer İzgu və başqa türk yazıçılarının səhnəyə qoyulan pyeslərində oynayır.
1984-cü ildə Romadakı İtalyan Mədəniyyət Dərnəyi tərəfindən "Adalaide Ristori” mükafatına layiq görülür. Professor Yıldız Kenter 37 il səhnə müəllimi olaraq fəaliyyət göstərir. Eyni zamanda Koç Universitetində teatr dərsləri verir.
1989-cu ildə Korsika Bastia Film Festivalında "Hanım" filmindəki roluna görə "Ən yaxşı qadın aktrisa”mükafatını alır.
1991-ci ildə teatrdakı xidmətlərinə görə Beynəlxalq Aslanlar Klubunun "The Melvin Jones" mükafatına layiq görülür. İki dəfə Ülvi Uraz "Ən yaxşı qadın aktrisa”, üç dəfə də eyni kateqoriyada Avni Dilligil mükafatını qazanır.
1994-cü ildə "Konken Partisi" pyesindəki Fonsla roluna görə "Möhtəşəm ifa” mükafatını alır. Finlandiyadakı Dünya Qadınlar Təşkilatı tərəfindən "Əsrin ən uğurlu yüz qadınından biri” olaraq mükafatlandırılır. 1995-ci ildə teatr sənətinə verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin "Şərəf" mükafatını alır. Eyni ildə professor Kenter teatr sənətinə verdiyi töhfələrə görə Mövlana Qardaşlıq və Barış Mükafatına layiq görülür.
1996-cı ildə "Ramiz və Jülidə” oyunundakı Jülide roluna görə Jurnalistlər Birliyi tərəfindən verilmiş "Ən yaxşı aktrisa" mükafatına layiq görülür. 19 may 1997-ci ildə Beynəlxalq İstanbul Festivalı tərəfindən teatr sənətinə ömrü boyu verdiyi töhfələrə görə fəxri mükafat Dame Diana Rigg tərəfindən ona təqdim olunur.
2013-cü ildə "Sevgi həmişə varıydı..ş” adlı xatirə kitabını yayımlayır.Karyerasına saysız-hesabsız gözəl işlər sığdıran xanım,eyni zamanda UNİCEF-in xoşməramlı elçisi olub.
Ömrünü teatra həsr edən aktrisa
Mərhum aktrisa bütün ömrünü teatra həsr edib. Qurucusu olduğu Kenter Teatrında nümayiş etdirdiyi tamaşalardan zövq aldığını, ancaq teatrın zaman-zaman bağlanma təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Müsahibələrində hər zaman qeyd edib ki, teatrdan başqa işlə məşğul olmaq heç zaman ağlının ucundan keçməyib: "Teatr hər zaman ağlımda, fikrimdə, qəlbimdə olub. Bəzən deyirəm ki, başqa bir iş görsəydim, çox imkanlı olardım. Bütün işimi, pulumu teatra həsr etdim. Çalışıram ki, Kenter Teatrını ayaq üstə tutum və bunu əminliklə deyə bilərəm ki, mən öləndən sonra bu teatr satılacaq, onun üçün ölməməyə çalışıram”.
Teatr bir dünyadır - deyirdi. Elə bir dünya ki, orada estetika, musiqi, rəqs və fərqli bir atmosfer var. Teatrda çox istedadlı aktrisaların olduğunu, ancaq tamaşaçılar tərəfindən bu gün teatrdan əyləncə vasitəsi kimi istifadə edilməsinin onu məyus etdiyini bildirirdi: "Teatr bir kitabdır. Orada fəlsəfə, musiqi, rəqs və ən əsası, insan var. Teatr həyatı özündə əks etdirən bir sənətdir, özü də estetik sənət. Teatrda çalışmaq çox çətindir. Bu o qədər də sizə asan gəlməsin. İnsanların teatra baxış tərzi əvvəlkinə nisbətən heç də dəyişməyib. Düşünürlər ki, teatra gedərik, orda aktrisa hanası gülməli bir söz deyər, gülüb gələrik”.
Çəkildiyi filmlərdən danışarkən isə, teatrın filmdən fərqli olduğunu bildirirdi: "Film teatrdan çox fərqlidir. Çox yaxın kimi görünsə də, çox fərqlidir. Teatrda olduğunuzdan böyük görünməlisiniz. Kinoda isə tam əksinə. Var ilə yox arasında bir şey olmalısan. Hər ikisində çalışmaq çox çətindir. Teatr 2 saat boyunca içinə girib ayrı bir aləmə qonaq olacağınız bir dünyadır. Bu dünyanın hər şeyini bütün təfərrüatı ilə qəbul etməli, onun insanı olmalısınız. Bu, göründüyü qədər asan bir şey deyil. Təqlid etməklə deyil, yaşamaqla olur. Bu baxımdan teatr həm çətin, həm də yaşamı artıran bir işdir. Teatrdan böyük həyəcan duyuram. Çünki səhnəyə çıxdıqda, tamaşaçı ilə üz-üzə olursan, onların nəfəsini hiss etmək gözəl bir duyğudur”.
Aktrisa həyatı boyunca yaşatmağa çalışdığı Kenter Teatrının son günlərdəki vəziyyətinə görə narahat idi. Teatrın maddi durumu yaxşı olmadığından, satışa çıxarılması onu çox məyus etmişdi. Teatrı ayaqda tutmağın çətinliyindən bəhs edən aktrisa, məyusluğunu belə ifadə edirdi: "Uzun müddətdir ki, bu teatra böyük əmək sərf etmişəm. İndi belə bir teatr satılmalı deyil, yaşadılmalıdır. Həyatda ən böyük arzum budur. Amma teatrı yaşatmaq üçün insanlara müraciət etmək, onları ayağa qaldırmaq mənlik deyil”.
"Cəsədimi yandırın”
Ölümündən sonra Türkiyə mətbuatında mərhum sənətkar haqqında müxtəlif yazılar dərc olundu. Sənətkarın sənət dostları onun haqqında fikirlərini səsləndirdilər, xatirələrini bölüşdülər. Hər gün həyata gülərək oyanmağa çalışan, bunun sirrinin yalnız eşq olduğunu deyən Yıldızın arzularından biri də teatrının fəaliyyətini dayandırmaması idi.
Aktrisa son müsahibəsində deyib ki, öz cəsədinin yandırılmasını istəyir: "Çünki bugünkü qəbiristanlıqların halını görürəm və bu da məni çox kədərləndirir. Yol-iz yox, vəziyyət çox acınacaqlıdır. Mən qəbiristanlıqda gedib anamın məzarını tapa bilmirəm”. Aktrisanın bu vəsiyyəti isə təbii ki, Türkiyə mətbuatında və gündəmində böyük söz-söhbətə səbəb olmuşdu.
Noyabrın 17-də müalicə aldığı xəstəxanada gözlərini həyata əbədi yuman Yıldız Kenter üçün çalışdığı teatrda vida mərasimi keçirildi. Mərasimə qatılan sənətçilər mərhum sənətkarla bağlı xatirələrini bölüşüb, onun haqqında xoş sözlər söyləyiblər.
Beləcə, türk səhnəsindən "Söylənməmiş sevgilərdə açılmamış şərabların dadı var...” deyən bir Yıldız Kenter də gəlib keçdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər