Teatr Antropologiyası
Öncə
Eujenio Barba kimdir? Polşada teatr təhsili alan italyan, 3 il Qrotovskini
oxuyan, Hind teatrı Katakalini tədqiq və təhlil edən, Osloda
"Bir-teatr”ın əsasını qoyan və Beynəlxalq Teatr Antropologiya məktəbinin
banisi, dünyanın bu gün oxuyub, öyrənmək istədiyi 3 ən önəmli şəxsiyyətlərindən
biri. Avropa teatr avanqardının əfsanəsinin teatr antropologiyası haqqında ilk yazı...
Mütləq oxuyun!
Barbanın teatr antropologiyasını aktyor
antropologiyası adlandırmaq daha doğru olardı. Onun təşəbbüsü ilə 1979-cu ildə
yaradılmış Beynəlxalq Teatr Antropologiyası Məktəbi (İnternational School of
Theatre Anthropology) aktyor texnikasının əsaslarını onun ilkin, rejissorun
terminologiyasına əsasən, pre-ekspressiv səviyyədə öyrədir.
Pre-ekspressiv səviyyə Barbanın antropologiyasında
mərkəzi mövqeyə sahibdir. Bu səviyyədə aktyor səhnəyə hazırlaşmaqla gündəlik
mövcudiyyət səviyyəsini tərk edir və onun empirik bədəni bədii-estetik forma məkanında
fəaliyyət göstərən "canlı bədən”ə” çevrilir. Pre-ekspressiv səviyyə aktyorun məşqlərlə
və rol üzərində işi ilə əlaqəsi olmayan təhsil və təlimi dövründə ortaya çıxır,
yəni aktyorun saf enerjisinə əsaslanır. Beynəlxaq Teatr Antropologiyası Məktəbinin
( İSTA) araşdırmalarına əsaslanaraq deyə bilərik ki, pre-ekspressiv səviyyə
aktyor texnikasının universal əsasını təşkil edir.
BTAM-in (İSTA) teatr antropologiyası Barbanın
özünün qeyd etdiyi kimi aktyor üçün elmi praktikadır. Teatr antropologiyası
aktyor praktikasının empirik tədqiqatlarına əsaslanır ki, buradan
antropologiyanın təməl prinsipləri törəyir. BTAM-in seminarlarında
antropoloqlar, bioloqlar, psixoloq və psixolinqvistlər, semioloq və teatr pedaqoqları,
müxtəlif ölkələrin teatrşünasları və müxtəlif tipli -əsasən Şərqi-Asiya tipli
teatrların mütəxəssisləri iştirak edirlər. Bütünlükdə BTAM-nin teatr
antropologiyası avro-asiya teatr anlaşıyışı üzərində formalaşır; Barbanın
xatırlatdığı kimi, XX əsrin teatr inqilabı teatr ənənəçiliyi ilə bağlı idi, həmçinin
nəzərə almaq gərəkdir ki, teatr formalarının yenilənməsi təkcə Avropanın ənənəvi
teatrlarının deyil, həm də, Şərq teatr ənənələrinin yardımı ilə mümkün olmuşdu.
Belə ki, A.Artonun, V.Meyerxoldun, B.Brextin, E.Qratovskinin, P.Brukun və digərlərinin
teatr sistemləri yapon və çin teatrlarının estetik prinsiplərinin
inteqrasiyasına yönləndirilmişdir. Barba özü Hindistana elmi-ekspedisiyaya
yollanmış və Avropada naməlum olan ənənəvi hind katakali teatrı ilə praktiki
tanış olmuşdu. Eujenio Barbanın fəaliyyəti teatr şərtiliyinin universal qanunu
axtarışları məcrasında inkişaf edir.
Müasir Qərb teatrının varlığı beynəlmiləldir,
avro-asiya teatr formalarının birgə məkanıdır.
Və əgər Şərq aktyoru aktyor-rəqqas-müğənni-təhkiyyəçi
vəhadətini bədənsəl olaraq təcəssüm etdirirsə, Barba da özünün
teatr-laboratoriyasını "rəqs edən teatr” kimi təqdim edir. Odin teatrında
(teatrın əsası Eujenio Barba tərəfindən 1964-cü ildə Danimarkanın Holtsbero şəhərində
qoyulmuşdur) aktyorla rəqqasın fərqi yoxdur və burada teatr tamaşaları Şərq
teatr elementlərinin istifadəsinə nümunədir.
Beynəlxalq Teatr Antropologiyası Məktəbi Qərb və Şərq
teatr metodlarını müqayisə edərək onların müştərək əsasını müəyyən etmişdir ki,
Barba bu əsası pre-ekspressiv səviyyə adlandırır. Aktyorun bədənsəl mövcudiyyətinin
bu mərhələsində müxtəlif teatr məktəbləri təmsilçilərini birləşdirən
texnikaların prinsipləri müəyyənləşir. Bu prinsiplər aktyorun səhnəvi varolması
fenomenini yaradır, onun bədənini estetik hüdudlar çərçivəsində hərəkətə hazır
edir. Beləliklə, BTAM-nin antropologiyası
teatrın müxtəlif aktyor məktəblərinin əsaslandığı "bioloji” səviyyəni
öyrənir.
İnsanın gündəlik fəaliyyətilə müqayisədə səhnə
mövcudiyyəti enerji sərfiyyatı ilə, onun maksimal dərəcə istifadəsi ilə
xarakterizə olunur. Aktyorun pre-ekspressiv səviyyədə treninqi də bu enerjidən
istifadə edə bilmək, onu seyirci önündə modelləşdirmək məqsədi daşıyır. Barba xəbərdar
edir: treninq rola hazırlaşmağı, oynamağı öyrətmir və tamamilə məşqlərdən
ayrıla bilər. Treninq-aktyorun bədəni və şüurunun total mobilizasiyasıdır;
akrobatika, gimnastika və balet məşqlərində aktyorun "düşünməyi bacaran” bədəni
bütünlüklə iştirak edir (burada Barba Meyerxoldun biomexanikasının varisi
qismində çıxış edir).
Enerjinin (impuls) konsentrasiyası (toplanması)
üçün aktyor maneələrdən (anti-impuls) keçməlidir. Müqavimətin dəf olunması zəruriyyəti
enerjini hərəkətə gətirir. Bir başqa deyimlə, aktyorun səhnədə mövcudolması bədənin
balans dəyişikliyinə əsaslanır. Balansın pozulması yüksək həcmli enerji sərf
edilməsini tələb edir, aktyorun fiziki gərginliyini yüksəldir ki, artıq hərəkətsiz
halda belə onun bədəni canlı və hərəkətli olur. Demək ki, müntəzəm
qeyri-stabillik aktyorun bədənində səhnə həyatını təmin edir. Bu səbəblə
aktyorun üzərinə düşən vəzifəyə, mənsub olduğu məktəbdən asılı olmayaraq öz bədənində
onu təkrar-təkrar pozması üçün yeni balans axtarmağa sövq edən əks istiqamətli
qüvvələrin yaradılması daxildir.
Nümunə üçün, Kabuki teatrı sistemində "diaqonallar
qanunu” tətbiq olunur: aktyorun başı diaqonal xəttin təpə nöqtəsi, yana açılmış
ayaq isə aşağı nöqtəsi olmalıdır. Bu zaman bədən bir ayağın köməyi ilə duraraq,
dəyişkən və dinamik balans içində olur. Bali teatrında aktyor ayaq barmaqlarını
və pəncəsini mümkün olduğu qədər yuxarı qaldırır. Yıxılmamaq üçün o, ayaqlarını
açmağa və dizlərini bükməyə məcburdur.
Aktyorda balansın şüurlu yerdəyişməsinə verilən bir
çox nümunələr arasında - Noh teatrını, Pekin operasını, klassik baleti,
Meyerxoldun biomexanikasını, Toporkov-Stanislavskinin aktyor plastikası üzərində
müşahidəsini, Odin teatrını və s. göstərmək olar.
Teatr antropologiyası treninqləri sayəsində
aktyorlar enerji mənbəyini axtarır, onu formalaşdırmağı, dəyişdirməyi, idarə
etməyi öyrənir. Onlar bədənlərini və səslərini məşq etdirirlər, ancaq həqiqətdə
isə görünməz bir qüvvə, öz enerjiləri ilə işləyirlər. Meyerxoldun
biomexanikasında olduğu kimi Odin teatrının aktyorları da treninq zamanı düşüncə
və hərəkət arasında əlaqəni saxlayırlar. Barba teatrın fiziki intellekti barədə
fikir yürüdür. Aktyorun fəaliyyəti - "düşüncələr rəqsi”dir.
Eujenio Barbanın yaradıcılığını tədqiq edən
F.Tavianinin qeydlərinə görə Odin teatrı mədəniyyəti Barbanın treninqlərində təcəssüm
olunur. Bu cəmiyyətdən üz döndərmiş, lakin sosiumun üzünü dəyişməyi hədəfləyən
paradoksal teatr mədəniyyətidir ki, sosial həyatın yeni formalarının axtarışı
naminə teatrı bir sənət kimi ləğv edir.
Barbanın məxsusi teatr antropologiyası aktyor
yaradıcılığının pre-ekspressiv səviyyəsi problemi ilə əhatə olunur. Barba hesab
edir ki, treninq aktyorun özünün teatrıdır. Odin teatrının tamaşaları bu
treninqlərin montajı kimi çıxış edir və həyatı yaşamaq tendensiyası ilə mübahisə
etmir. Taviani qeyd edir ki, Barba öz quruluşlarını aktyorun öz-özünə rejissorluğu
əsasında həyata keçirir. Barba nöqteyi-nəzərindən hər bir aktyorun tamaşanın məğzinə
qarşılıq öz fikirlərini irəli sürməsi təbii hesab edilir. fikirlərin
plurezasiyasını Barba postmodernist teatr mədəniyyətinin təbii təzahürü olaraq
dəyərləndirir. Barba qeyd edir ki, Şərq aktyorunun
oyun texnikasına bələd olmayanlar Odin teatrının məntiqini dərk etməyə qadir
deyil.
Niyaz Cəfərov
Niyaz Cəfərov
Teatrşünas