• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Tbilisi Brüsseldən üzrxahlıq tələb edir

20.05.17 09:00 1085
Tbilisi Brüsseldən üzrxahlıq tələb edir
Rəsmi Tbilisi Avropa İttifaqından Cenevrə danışıqları üzrə həmsədr Herbert Zalberin hərəkətlərinə aydınlıq gətirilməsini tələb edir. Gürcü tərəfi hətta istisna etmir ki, xüsusi nümayəndə persona non-qrata elan edilə bilər. Artıq Avropa İttifaqının Gürcüstan üzrə xüsusi nümayəndəsi Yanoş Herman Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, Herbert Zalber bu günlərdə Cənubi Osetiyada olub və tanınmamış qurumun rəhbərliyi ilə görüşüb. Belə baxanda əslində Cenevrə danışıqları üzrə həmsədr problemləri ilə məşğul olduğu mürəkkəb region barədə maksimal dərəcədə informasiyaya malik olmalıdır. Tbilisi də bu səfərlərə qarşı çıxmır. Özü də qonaqlar qanuna müvafiq şəkildə, gürcü hakimiyyət orqanlarının icazəsi ilə separatçı bölgəyə gedirlər. Lakin məsələ ondadır ki, gürcü hakimiyyət orqanlarının əlinə xüsusi nümayəndənin həmin səfərdən olan videosüjetləri keçib. Kadrlar yerli televiziya ilə də nümayiş edilib. Bəlli olur ki, Herbert Zalber Anatoli Bibilov ilə görüşdə onu "seçkilərdə” qələbəsi münasibətilə təbrik edir. Alman diplomat "prezident” sözünü dilinə gətirməsə də, "seçkilərlə” bağlı müəyyən fikirlər səsləndirib. Gürcülərin də əsas diqqəti Zalberin təbrikinə yönəlib.
Hakim "Gürcü Arzusu” Partiyasının bir sıra nümayəndələri qalmaqalın qızışmasına imkan verməməyə, onu sakitləşdirməyə çalışsalar da, müxalifətdə olan "Vahid Milli Hərəkat”ın qismində müxalifət isə həyəcan təbili çalır. "Georgia-online”a müsahibəsində keçmiş xarici işlər naziri Qriqol Vaşadze bildirib ki, hakimiyyət Zalberdən fikirlərini təkzib etməsini tələb etməlidir. "Onun fikirlərinin ziyanlı, zərərli olduğu, ən əsası, Brüssel və Berlinin Gürcüstanın ərazi bütövlüyünün qorunub saxlanılması ilə bağlı mövqeyini şübhə altına ala biləcəyini qeyd ediblər. Bütövlükdə bu fakt hakimiyyətin beşillik ziyanverici siyasətinin nəticəsidir. Hakimiyyət Gürcüstanın iki regionun Rusiyanın işğalı altında olması faktını elə də qabartmağa çalışmır. Hər vəchlə "Abaşidze-Karasin” formatına üstünlük verməyə çalışır”, - deyə Vaşadze bildirib. Başqa bir diplomat, sabiq xarici işlər naziri Salome Zurabişvili isə hesab edir ki, "Gürcüstan nəinki, Zalberin sözlərini təkzib etməsinə nail olmalı, onun "Cenevrə formatı”ndan çıxarılmasını tələb etməlidir. Belə ki, onun sözləri nəinki prinsipial cəhətdən qəbuledilməzdir, həm də problemdən xəbərsiz olduğunu göstərir. Diplomatiyanın öz qaydaları var. Hazırkı halda Herber Zalber Gürcüstanın suverenlik prinsiplərini pozub və onun maraqlarına zərbə vurub”. O, istisna etmir ki, Zalber persona non-qrata elan olunar və bu da başqaları üçün bir dərs olar. Gürcüstan Xarici İşlər Nazirliyi də alman diplomatın fikirlərinin yolverilməz olduğunu bəyan edib. Belə ki, Avropa İttifaqı Cənubi Osetiyada keçirilən qondarma seçkiləri tanımayıb. Xarici işlər nazirinin müavini David Dondua isə bəyan edib ki, baş verənlərlə bağlı Avropa İttifaqının Gürcüstan üzrə xüsusi nümayəndəsi Yanoş Hermanı nazirliyə dəvət ediblər. Herman Gürcüstan Xarici İşlər Nazirliyinə gəlməmişdən öncə ölkə rəhbərliyini təmsil etdiyi qurumun Gürcüstanın ərazi bütövlüyü prinsipinə sadiq qaldığına əmin edib. O, ümidvar olduğunu bildirib ki, Herber Zalber müvafiq bəyanatla çıxış edəcək və bununla da bütün suallara cavab tapılacaq.
Tanınmamış Cənubi Osetiyanın Rusiyadakı nümayəndəsi olmuş Dmitri Medoyev qalmaqalı stəkanda fırtınaya bənzədib. "Cənubi Qafqazda təhlükəsizlik üzrə Cenevrə danışıqları həmsədrlərinin Cənubi Osetiyaya səfərindən sonra baş verənləri məhz bu cür qiymətləndirə bilərəm. Onun bu görüşlərdən sonra Bibilovu təbrik etməsi - adi elementar məsələdir. Bu, avropalı diplomatın yüksək peşəkarlığından, mədəniyyətindən xəbər verir. Bu günlərdə biz Tbilisidə Moskvanın keçmiş meri Yuri Lujkovla bağlı qalmaqalın şahidi olduq. Lakin məsələni dərinləşdirmək istəmirəm. Meşənin içinə doğru nə qədər çox getsən, qorxu da bir o qədər artır”, - deyə o bildirib. Diplomat bildirib ki, Cənubi Osetiya tələsmədən öz qondarma müstəqilliyinin beynəlxalq praktikada təsdiq olunmasına çalışacaq”.
Anonimliyinin qorunub saxlanılmasını dəstəkləyən Tbilisidən olan şərhçi bildirib ki, gürcü tərəfinin atdığı addımlar əsaslandırılıb. Persona non-qrata məsələsi isə ciddidir.
Azər
banner

Oxşar Xəbərlər