• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

Tbilisi-Ankara münasibətlərinə kölgə salan kimlərdir?

30.09.16 13:27 1115
Tbilisi-Ankara münasibətlərinə kölgə salan kimlərdir?
Gürcüstanda millətçi "Gürcü qüvvəsi” (Kartuli dzala) təşkilatının 10-a yaxın üzvü həbs edilib. Ötən gün onlar "Yaşasın millət, düşmənlərə ölüm” şüarı ilə paytaxtın mərkəzi meydanlarından biri ilə hərəkət edərək yaxınlıqdakı türklərə məxsus kafe və restoranları daş-qalaq ediblər. Aksiyaya polis müdaxilə edib və onların qarşısını alıb. Qruplaşmanın həbs olunan üzvlərinə qarşı "odlu silah və digər vasitələrdən istifadə etməklə zərər vurma” maddəsi üzrə cinayət işi qaldırılıb. Həmin maddə onlara dörd ildən yeddi ilə kimi cəza verilməsini nəzərdə tutur. Millətçi qaraguruh dəstənin yürüşü icazəsiz olub. "Gürcü qüvvəsi”nin üzvləri bildiriblər ki, onların aksiyası Suxuminin 1993-cü il sentyabrın 27-də - gürcü-abxaz müharibəsi zamanı süqutunun ildönümünə həsr olunub.
Gürcü politoloqları baş verən insidentə mənfi münasibət açıqlayıblar. Əksəriyyət hesab edir ki, parlament seçkiləri qabağı belə bir insident ölkədə vəziyyətin gərginləşməsinə xidmət edir. Politoloq Vaxtanq Maisaya da bu qənaətdədir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilk növbədə bu millətçi gənclərin aksiyalarının arxasında hansı qüvvənin durduğunu araşdırmalıdır. Məlumat üçün bildirək ki, məhz bu qüvvələr vaxtilə Azərbaycan futbol komandalarından birinin gürcülərlə oyununda da təxribatçı şüarlar səsləndirmişdilər. Onlar dəfələrlə Tbilisidə millətçi aksiyalar keçirib, fakelli yürüşlər reallaşdırıblar. Politoloq təəssüf hissi ilə hökumət və əhalinin bu qruplara diqqət yetirməməsindən, onların azsaylı və heç bir təhlükə törətməməsini bildirmələrindən şikayətlənib. Türk kafe və restoranlarına qarşı xuliqan hərəkətlər ilk deyil. Buna bənzər hadisə bir müddət əvvəl Batumidə - gürcü məktəbinin açılışı zamanı baş verib. Maraqlıdır ki, parlamentdə də bu qüvvələrə dəstək verənlər var. Bir sıra deputatlar türk kapitalının az qala bütün Gürcüstanı əhatə etdiyini iddia etməyə, eləcə də, ölkədə islamlaşma əlamətlərinin güclənməsindən ehtiyat etməyə başlayıblar. Politoloqun qənaətincə, ultramillətçi qüvvələrin arxasında ölkə daxilində və xaricində olan güclər dura bilər. O bildirib ki, gürcü xüsusi xidmət orqanları bu günlərdə "Vahid Milli Hərəkat”ın liderlərinin telefon danışıqlarını ələ keçiriblər. Burada parlament seçkiləri günü, yəni oktyabrın 8-də dövlət çevrilişi həyata keçirilməsindən söhbət gedir. Artıq faktla bağlı cinayət işi başlanıb. Hətta çevriliş baş verən günü "Rustavi 2” kanalında müvafiq siqnal veriləcəyi barədə də məlumat əldə edilib. Kafe və iaşə obyektləri ilə bağlı insidentin də bunun tərkib hissəsi ola biləcəyi istisna edilməyib. Politoloqun gəldiyi qənaət budur ki, baş verən insident Gürcüstanın turizm imicinə ağır zərbə endirmiş olub.
Məsələ ilə bağlı fərqli mövqelər də var. Məsələn, iddia edilir ki, türklərə məxsus obyektlərin hədəf kimi seçilməsinin səbəbi permanent olub. İddialara görə, son günlər gürcü-türk sərhədində millətçi əhval-ruhiyyəli insanların aksiyaları keçirilib. Gürcü nəşrlərinin yaydığı xəbərlərə görə, həmin aksiyalarda türklərin millətçi "boz qurdlar” təşkilatı Acarıstanın bir sıra yaşayış məskənlərinin Türkiyəyə məxsus olduğu barədə şüarlar səsləndiriblər. Gürcü nəşrləri iddia edirlər ki, acar məsələsi çoxdan bəridir ki, gündəmdədir. Muxtar Respublikada Türkiyənin nüfuzu kifayət qədərdir. Batumu, Kobuleti və Qara dənizin sahilyanı qəsəbələrində türk biznesi sadəcə gözə girir. Bu günlərdə isə maraqlı bir hal yaşanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gürcü hökumətini ölkə ərazisindəki bütün kazinoları bağlamağa çağırıb. Məlumat üçün bildirək ki, Türkiyə ərazisində kazinolar qanunla qadağan edilib. Buna səbəb kimi türklərin külli miqdarda pullarını həmin kazinolara sərf etməsi göstərilib. Turizm sahəsinə milyonlarla vəsait sərf edən Gürcüstan üçün isə bu addım ölümcül ola bilər. Eyni vaxtda Gürcüstanın qeyri-formal rəhbəri Bidzina İvanişvili müsahibələrinin birində bildirib ki, Türkiyənin təsiri getdikcə təhlükəli hal alır.
Beləliklə, şübhəsiz ki, bu baş verən insident kiçik bir hadisədir və burada müəyyən qüvvələrin marağı var. İki ölkə arasında münasibətlər pik həddədir. Türkiyə ilk gündən Gürcüstanın yanında olub və bəyan edib ki, bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən də ölkələr arasında hansısa bir gərginliyin baş verəcəyini gözləmək sadəlövhlük olardı.
Azər
banner

Oxşar Xəbərlər