• çərşənbə, 17 Aprel, 02:27
  • Baku Bakı 14°C

"Tarladan süfrəyədək” - Qida Təhlükəsizliyi Agentliyi

15.02.17 11:30 3326
"Tarladan süfrəyədək” - Qida Təhlükəsizliyi Agentliyi
Bu günlərdə Azərbaycan prezidentiİlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Qeyd edək ki, Qida Təhlükəsizliyi Komissiyasının sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovtəyin edilib. Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.
Bəs görəsən agentliyin fəaliyyəti hansı istiqamətlərə yönələcək və hansı məsələləri tənzimləyəcək? Belə bir qurumun fəaliyyətindən dünya təcrübəsində istifadə edilirmi?
"Qida təhlükəsizliyinin təmin edilməsi yaxın on il ərzində əhalinin orta ömründə artıma səbəb ola bilər”
"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında belə bir qurumun yaradılmasının faydalı olacağını bildirdi: "Hesab edirəm ki, bu, vaxtında atılan bir addımdır və bizim üçün ən vacib məsələlərdən biridir. Yeri gəlmişkən, qeyd edim ki, dörd il öncə beynəlxalq təşkilatlar qida təhlükəsizliyinə dair qanun layihəsini hökumətə təhvil vermişdilər. Həmin qanun layihəsində nəzərdə tutulan işçi qrupunun tərkibinə Azərbaycanda yeganə qeyri-hökumət təşkilatı olaraq "Azad İstehlakçılar” Birliyi də daxil edilmişdi. Bu gün bir çox biznes qurumları onlar üçün yaradılan şəraitdən sui-istifadə edir. Heç kim inkar etmir ki, ölkənin əmtəə bazarında təhlükəli qidalar var və bu tendensiya getdikcə artmaqdadır. Elə bu gün məşhur bir firmanın vaxtı keçmiş məhsullarının satılması barədə firmaya məlumat versəm də, onlar heç bir reaksiya bildirmədilər. Bu, sadəcə, bir nümunədir. Əmtəə bazarında təhlükəli qidalar daim satılır. Düşünürəm ki, bu qurum yaradılsa və effektiv fəaliyyət göstərsə, bu kimi məsələlər öz həllini tapa bilər”.
Eyyub Hüseynov bəzi vacib məqamlara da diqqət çəkdi: "Qurumun fəaliyyətinin uğurlu olacağını və bir sıra məsələləri tənzimləyəcəyini hesab edirəm. Qida təhlükəsizliyinin təmin edilməsi yaxın on il ərzində əhalinin orta ömründə artıma səbəb ola bilər. İkinci bir tərəfdən, bu tənzimlənmə insanların apteklərdə və klinikalarda olan növbəsinə son qoyacaq. Bütün bunlarla yanaşı, ən vacib məsələ isə qurumun fəaliyyəti Azərbaycanın qida sektorunu inkişaf etdirəcək və xarici bazarlara çıxışını təmin edəcək. Bütün bu fikirlərlə bağlı bu gün mən baş nazirin müavininə rəsmi məktub yazmışam. Agentliyin fəaliyyətinə gəldikdə isə deyə bilərəm ki, qurum yalnız qida sektorunun tənzimlənməsinə xidmət göstərəcək. Bununla da ölkədə təhlükəsiz qidanın istifadəsi, yəni "tarladan süfrəyə” sistemi tətbiq olunacaq”.
"Dünyanın bir çox ölkələrində belə bir təcrübə var”
Müsahibim dünya təcrübəsindən də nümunələr göstərdi: "Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar da bu məsələdən narahat idilər. Biz hələ 2011-ci ildə bununla bağlı ABŞ-a müraciət etdik və ölkədə təhlükəsiz qida istehsal edən müəssisələrin lobbisinin yaradılmasını xahiş etdik. Beləliklə, dünyada ilk dəfə olaraq "Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi” deyilən nişanı qeydiyyata aldırdıq. Qeyd edim ki, 2011-ci ildən bəri 6 müəssisəyə bu nişan şamil olunub. Beynəlxalq təşkilat olaraq dünyanın 120 ölkəsində Azərbaycanda istehsal olunan təhlükəsiz qidanın lobbiçilik işini aparmışıq. Dünyanın bir çox ölkələrində belə bir təcrübə var. Misal olaraq, Yeni Zelandiyada belə bir agentliyin fəaliyyət göstərdiyini deyə bilərəm. Sözügedən ölkədə bütün funksiyalar ictimai təşkilatın əlindədir. Həmçinin, Almaniyada və digər ölkələrdə də buna bənzər təcrübələr var. Bu mənada bizim fəaliyyətimiz də şübhəsiz ki, dünya təcrübəsinə əsaslanacaq. Biz də təşkilat olaraq hökumətin bu siyasətinin uğurla həyata keçirilməsinə öz dəstəyimizi verəcəyik”.
"Qida təhlükəsizliyi bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi hesab olunur”
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, sözügedən qurum sırf qida təhlükəsizliyi ilə bağlı bir struktur olacaq: " Dünyada qida və dərman təchizatına nəzarət edən qurum FDA (Food And Drug Adminstration) bir çox dünya ölkələrində rast gəlinir. Xüsusən ABŞ-da bu kimi məsələlərə çox ciddi nəzarət olunur. Bu, konkret olaraq, ərzaq növünün ölkə ərazisinə istifadəsinə icazə verən qurumdur. Ona görə də hesab edirəm ki, belə bir qurumun yaradılması çox vacibdir. Həmin qurumun iş mexanizmi ölkəyə ekoloji baxımdan təhlükəsiz, parametrləri yüksək olan qidaların daxil olmasına şərait yaradacaq. Hesab edirəm ki, istənilən dövlət qurumu yaradılan zaman dünya təcrübəsinə, analoqlara oxşar mexanizmlərə baxmaq mütləq lazımdır. Çünki bu, işlək mexanizmin necə təmin olunacağı bilmək baxımından çox vacibdir. Əgər agentliyin fəaliyyəti təcrübəyə əsaslanmasa, onun fəaliyyətinin heç bir faydası olmayacaq. Onu da qeyd edim ki, adıçəkilən qurumun fəaliyyəti sırf ərzaq təhlükəsizliyi məsələsini əhatə edəcək ki, bu da ən vacib məsələlərdən biridir. Qida təhlükəsizliyi bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi hesab olunur. Bu baxımdan, belə bir qurumun bizdə də yaradılması çox müsbət haldır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər