• cümə axşamı, 25 aprel, 06:18
  • Baku Bakı 14°C

Tarixinə sahib çıxan xalq məğlubedilməzdir

31.03.21 23:59 1017
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir
Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Hər zaman real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdıran Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə erməni yalanlarına son qoydu. Ermənilərin və erməni diasporunun illərdir beynəlxalq aləmdə yaratdıqları "yazıq, məzlum, əzilən, döyülən” millət obrazı tamamilə aradan götürüldü. Bu günədək beynəlxalq hüququ, ədaləti zamana və məkana görə tətbiq edən dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar bu meyarların tətbiqi üçün vahid mexanizmin vacibliyini dərk etdi, Azərbaycanın yaratdığı reallıqlarla barışdı. Ən əsası, sübut olundu ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Novruz bayramı münasibətilə Şuşada Zəfər tonqalını alovlandırarkən Cıdır düzündən xalqımıza müraciətində bəyan etdiyi kimi, Şuşa 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi, tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qorudu və bizi gözlədi. Biz də gəlməli idik və gəldik. Bunun üçün güc toplamalı idik və topladıq.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, 1918-ci ilin mart qırğınından bizləri ayıran 103 il tariximizin hər bir səhifəsini təkrar-təkrar vərəqləməyə, baş verənlərin əsl mahiyyətini dərindən təhlil etməyə geniş imkanlar yaradıb. Tarix təsdiqləyir ki, bu soyqırımı da əvvəlcədən düşünülmüş, planlı şəkildə hazırlanmış və qəddarlıqla həyata keçirilmişdir. Reallıq budur ki, etnik təmizləmə siyasətini açıq, gizli həyata keçirən, bir əsrdə günahsız azərbaycanlıların qətli ilə nəticələnən neçə-neçə soyqırımı törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin müəllifləridir. Bunu görməzdən gələn dünya dövlətləri unutdular ki, cinayətkara dəstək olmaqla özlərinə qarşı da inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququ arxa plana keçirirlər. Qonşu dövlətlərə qarşı himayədarlarının dəstəyi əsasında əsassız torpaq iddiası ilə çıxış edən və buna nail olan işğalçı Ermənistan nə zamansa həqiqətlərin qarşısında aciz duruma düşəcəyini, diz çökəcəyini çox yaxşı bilirdi və bu, 44 günlük Vətən müharibəsində baş verdi.
"Ötən yüzillikdə "böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub”, - söyləyən deputat vurğulayıb ki, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə rus imperiyasının havadarlığı ilə törədilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli idi. O bildirib: "Ermənipərəst Qorbaçovun yenidənqurma və aşkarlıq proseslərindən istifadə edən Ermənistanda əsl anti-Azərbaycan kampaniyası başladı. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını son nəfərinədək tərk etməsi ilə nəticələndi. Beləliklə, əsrlərboyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti 1988-ci ildə başa çatdırıldı. Tarixə qısa baxış fonunda bu reallıq təsdiqlənir ki, Cənubi Qafqaz müxtəlif etnik tərkiblərə malikdir. Bu bölgədə Ermənistan yeganə cəmiyyətdir ki, etnik dözümsüzlük zəminində yekcins, monodövlətə malikdir. İşğalçılığı, terrorçuluğu və soyqırımları dövlət səviyyəsinin əsas tərkib hissəsinə çevirən Ermənistan mənfur niyyətlərinə nail olmaq üçün ən alçaq əməllərə əl atmaqdan belə çəkinmir”.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması, son 17 ildə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə, həqiqətlərimizin təbliğinə, dünya dövlətlərinə beynəlxalq hüquq, ədalət məfhumlarının xatırladılmasına geniş imkanlar açıb.
"Mənfur düşmənin nə qədər qəddar olduğu Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi zamanı bu faciənin davamı kimi qəbul olunan Gəncə, Bərdə, Tərtər hadisələrində bir daha isbatlandı. Ermənilərin cinayətkar əməllərinə göz yuman dünya dövlətləri 44 günlük İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərlə ölkəmizin yüksək hərbi-texniki imkanlarını görməklə yanaşı, bu həqiqətin də təsdiqləndiyinin şahidi oldular ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas amillərdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Torpaqlar tarixi sahibinə mütləq qovuşacaqdı. Bu gün həmin torpaqlarda hər daş, hər qaya erməni vandalizminin şahidləri kimi dil açıb danışır. Ermənilər yenə də yalan təbliğatları ilə açıqlanan vandalizm aktlarından diqqəti yayındırmağa çalışsalar da, artıq "yalanın ayaq tutub yerimədiyinin” fərqindədirlər”, - deyə M.Həsənov fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər