Tarixin çətin dönəmlərində dəyişən incəsənət
Və ya bəşəri problemləri
özündə əks etdirən sənət lazımdır?
Tarixin ən çətin dönəmlərində - İkinci Dünya müharibəsindən, planetdə
yayılan pandemiyalardan sonra kinoda, dramaturgiyada yeni bir dalğa başlayıb.
Yaradıcı insanlar bu xüsusda bəşəri mövzuları özündə əks etdirən yaradıcı işlər
təqdim edərək yenilik etməyə cəhd ediblər. Qlobal problemləri özündə əks
etdirən filmlər isə tarixi film kimi kino yaddaşına çevrilməyi bacarıb. Bundan
başqa, tarixə nəzər salsaq, elə teatr aləmində də eyni proseslərin baş
verdiyini görmüş olarıq. Misal üçün, Azərbaycan Dövlət Pantomima və Yuğ Teatrı
Azərbaycan üçün ən çətin illərdə yaranıb. Hansı ki, bu gün o teatrlar dövlət
statusu alaraq Azərbaycanda ilklərdən biri olmağı bacardı. Bundan başqa,
hazırda sevərək izlədiyimiz o köhnə filmlər məhz həmin çətin dönəmlərdə lentə
alındı. İndi isə dünyanı öz cənginə alan və ən azı müharibədəki itkilər qədər
zərərin vurulduğu pandemiya dönəminin yaradıcı aləmdə də öz əksini tapması gözlənilirmi? Yeni bəşəri problemləri özündə əks etdirən
filmlərin və dram əsərlərin, tamaşaların yaranmasına ehtiyac varmı?
Teatr və kino
rejissoru Namiq Ağayev məsələyə
fərqli yanaşma tərzi sərgilədi: "Hələ XVI əsrdə Uilyam Şekspirin vaxtında o, "Hamlet”
əsərində deyirdi ki, zamanın ipləri qırılmışdır. Demək ki, bu iplər bəşəri
problemləri hər zaman özündə əks etdirib.
Konstantin Stanislavski teatrı eraların dəyişdiyi bir dönəmdə meydana
gəldi. Hansı ki, bu gün dünya teatrları onun sistemindən istifadə edir. Və ən
ekstremal hallarda, tarixin keşməkeşli anlarında sənətin əsas toxumlarının
qoyulduğunun şahidi oluruq. Məsələn, Azərbaycanda 90-cı ilin əvvəllərində
Pantomima və Yuğ Teatrları yarandı. Hansı ki, bu gün o teatrların öz spesifik
xüsusiyyətləri var. Şərt deyil ki,
müharibə olsun, tarixi hadisələr dövran etsin ki, yeni nələrsə yaransın. Amma
nədənsə, fakt budur və statistika bunu göstərir. Yaradıcı insan oturub
gözləməməlidir ki, nəsə baş versin, o da ilhamlanıb yeni nələrsə yaratsın. Əsil
yaradıcı insan oturub küçəyə baxanda belə, adi bir şeydən ilhamlanıb nələrsə
yarada bilər. Ekstremal hal olanda kinonun,
teatrın rolu daha şiddətlə özünü göstərməyə başlayır. Misal üçün, biz hazırda
müharibə şəraitində yaşayırıq, belə
məqamda şadlıq edib, şənlənsək, yüngüllük etsək, əyləncənin balansı şitləşməyə
doğru gedər”.
N.Ağayev qeyd edir ki, əslində
teatr, hadisələrin önündə getməlidir, ancaq nədənsə, hər zaman geridə qalır:
"Hollivud filmləri hər zaman ideya
baxımdan zamandan öndə gedir. Onlar araşdırmaçı qismində çıxış edirlər. Filmlərində hadisələri elmi cəhətdən düşünüb 30
il öncədən göstərirlər. Belə ki, dünyanı belə bir virus zəbt edə bilər, belə
bir təbii fəlakət ola bilər və sair. Alimlərlə birlikdə düşünüb, elmi kəşfləri
öncədən proqnozlaşdırırlar. Elə sirlər
açırlar ki, zaman gəlir, biz onların iştirakçısına çevrilirik. Müharibə isə
elədir ki, orada ekstremal şəraitdə vacib olan, öndə gedən sənət göstərilir.
Biz səngərdə çıxıb güllə atan əsgəri görəndə ona səviyyəsiz, trenddə olan
mahnıları həsr etməyəcəyik. Ekstremal hallarda
yaxşı sənətə daha çox ehtiyac duyulur ki, insanda ruh yüksəkliyi yarada bilsin.
Kimə ki, "duşovka” lazımdır o insanlar internetdə oturub, istədikləri səviyyəsiz
mahnılara, filmlərə baxa bilərlər.
Filmin elə böyük təsir qüvvəsi var ki... Adi bir filmlə insanlara ruh
yüksəkliyi aşılamaq mümkündür ki, o insan filmə baxdıqdan sonra qalxıb
müharibəyə getsin. Bir film insanların mənəvi halını dəyişmək gücünə malikdir.
Ona görə, belə tarixi anlarda beyinləri oyadan, insanları baş verənlərdən agah
edən, ruh yüksəkliyi yaradan filmlər çəkilir. Onlar da tarixə çevrilir. Bizdə
isə vəziyyət başqa cürdür. Artıq XXI əsrin ortasıdır, indi dərk edirik ki,
Azərbaycan kinosuna ssenari lazımdır. Bu qədər problemi, dərdi, 20 faiz torpağı
işğal altında olan bir ölkədə mövzu tapılmadı ki, biz ssenari axtarırıq? İndi
səfərbər olublar ki, vətənpərvərlikdən bəhs edən film çəksinlər. İndi duyublar ki, sən demə, bizim belə
filmlərə ehtiyacımız var imiş. Hollivud filmləri planetin qeyrətini çəkir, nəinki
ölkəsinin. Biz Qarabağla bağlı normal bir film çəkə bilmirik. Biz nəyin
qeyrətini çəkirik? Bu gün "bəh-bəh”lə təqdim etdiyimiz filmlərimizdə heç nə baş
vermir. Ağır-ağır görüntülərlə nəyisə göstərməyə çalışsaq da, bunu
bacarmırıq. Azərbaycan filmi görüntülüklə
məşğuldur. Bəzən isə rejissorluq sənətini operatorluqla səhv salırıq.
Filmlərimizdə görüntü zövqü itib. Rejissorlar kadr qurmaqla məşğuldurlar.
Hazırda rejissorlar dünya kinosuna çatmaq üçün kinoda lazım olan minlərlə parametrlərə
bir-bir sahiblənməyə çalışırlar. Kinoda
3 parametr daha çox önəm daşıyır ki, onlardan
görüntü, dramaturgiya, aktyor faktoru əsas amillərdəndir. Bizimkilər hələ
də görüntüdə ilişib qalıb. Operator sənəti ilə rejissor sənətini
birləşdiriblər. Doğru kastinq, doğru kino deməkdir. Bizdə isə XXI əsrdə hələ də qaynana-gəlin məsələləri ilə bağlı
filmlər çəkilir. Heç belə məqamda da virus yadımıza düşmür. Bundan sonra
da "ekstremal hal” deyib kino çəksək,
məişətdən o tərəfə çıxa bilməyəcəyik.
Misal üçün, ekstremal hallarda insanların sevgi hissi şiddətlənir. Çox hisslər
var ki, onlar məhz filmlərdə daha təsirli nəticə verir. Ancaq biz o hissi necə,
verə bilirikmi? Deyirik ki, indi koronovirus dünyanı cənginə alıb, həyat
sıfırlanır. Bu günlərdə həyatın mənasına,
məğzinə vardıq. İndi bilirik ki, həyatda insan üçün nə daha önəmlidir. Kinoda
da onun kimi, əgər bizə kino lazımdısa, insana vacib olanlar faktorlar çəkilməlidir.
Lazımsıza, onsuz da heç kim baxmayacaq”.
Ölkəmizə gəlincə isə rejissor
qeyd edir ki, bütün dövrlərdə Azərbaycanda
teatr və kino cəmiyyətdən çox geridə qalıb: "Halbuki teatr və kino ən gözəl
təbliğat vasitəsidir. Fövqəladə hadisələr baş verən zaman zəif teatrlar məhv
olur. Belə məqamlarda şou əsas plana keçir. Hətta yadımdadır ki, bir zamanlar
Ələkbər əmi ilə bizi ələ salırdılar "boş-boş işlərlə məşğulsunuz” deyirdilər.
Biz onda avanqard tamaşalar hazırlayırdıq. Demirlər ki, avanqard sözü öndə
deməkdir. Onunla ən kütləvi tamaşalar yaratmışdıq”.
Kinorejissor Tahir
Tahiroviç deyir ki, Birinci və İkinci Dünya müharibəsi dönəmində döyüşlərdə
iştirak edən dövlətlər var ki, onlar mütəmadi olaraq belə mövzulara müraciət
ediblər: "Məsələn, Serbiya kinosunun inkişafı məhz Yuqoslaviya hadisələrindən sonra
başladı. Təkcə müharibə deyil də, Xirosima hadisələri, vəba xəstəliyinin
yayılması və bu kimi xəstəliklərin dünyanı cənginə alması məsələləri filmlərdə
öz əksini tapır. Beqmanın vəba
xəstəliyindən baş verən hadisələri özündə əks etdirən "Yeddinci möhür” filmi
var. Əsasən də Amerika kinematoqrafçıları belə hadisələrə öz yaradıcılıqlarında
daha çox yer ayırırlar. Onların müraciət etdiyi bəşəri mövzularda təkcə müharibələr
deyil, eyni zamanda təbii fəlakətlər də öz əksini tapır. Belə ki, sunami, zəlzələ, qasırğa kimi təbiət
hadisələrinə müraciət edirlər. Azərbaycan kinosuna gəldikdə isə Qarabağ
hadisələri, milli Azadlıq hərəkatı, SSRİ-nin dağılması kimi ictimai-siyasi
hadisələr filmlərimizdə öz əksini tapmadı. 1918-1920-ci illərdə baş verən hadisələrin heç birinə kinoda doğru-dürüst
müraciət olunmayıb. Ona görə də, koronovirusun yayılması və canlar alması ilə
bağlı gələcəkdə nəsə bir film çəkiləcəyinə ümidim azdır”.
Əməkdar
artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev bildirir ki, müharibələrdən sonra, xüsusən də 60-70-ci
illərdəki intibah dövründə bu kimi hallarla daha çox rastlaşdıq: "Böyük
miqyaslı müharibələrdə, insanların daha çox tələf olduğu bəşəri hadisələrdə
yaradıcılıq sahəsində yeni filmlər, mövzular özünü göstərir. Hesab edirəm ki,
dünyanı zəbt edən və kifayət qədər insan tələfatına səbəb olan koronovirus kinomuzda,
tamaşalarımızda deyil, daha çox romanlarda, povestlərdə, şeirlərdə öz əksini
tapacaq. Pandemiya yeni yarandığı ərəfələrdə deyirdilər ki, koronovirus
bitəndən sonra dünyada yeni həyat başlanacaq. Həqiqətən də, hazırda dünya
sıfırlanır və yaşadığımız hadisələrdən sonra yeni əsərlərin yazılmasına, bu
ümumbəşəri problemə dair filmlərin çəkilməsinə ehtiyac yaranacaq. Yaranacaq
dedikdə isə elə indi də çəkmək və işə başlamaq mümkündür. Yetər ki, istək
olsun. Məlum məsələdir ki, teatrlar indi iş rejimində deyil. Ancaq indi çəkilən
serialların ssenarisində, yüngül də olsa bu məsələyə toxunmaq mümkündür.
Türkiyədə çəkilən bir neçə serialda tamaşaçıları maarifləndirmək üçün maskadan
istifadə edilir və bu, kifayət qədər ciddi bir hadisə kimi qeyd edilir. Bizdə
bunu etmək mümkün deyil? Hazırda gündəmdə olan mövzu ilə bağlı seriala əlavə bir qol salsalar, həmin
serialın tamaşaçıları üçün də bu, bir növ təbliğat vasitəsi rolunu oynayar. İnsanlar,
bəlkə sevdikləri seriallara baxarkən maariflənərlər. Bu serillardan çətin
dönəmdə təbliğat vasitəsi kimi də yararlanmaq olar. Daha sonra isə şedevr
əsərlər yaranacaq. Mən buna inanıram. Bu
gün bəşəri problem olan koronovirusa insanları inandırmaq çətindir. Bizim tamaşaçılar isə onu özləri yaşamasalar,
o dəhşəti görməsələr inanmırlar.
Sevdikləri, əzizləri bu virusa yoluxmayana qədər inanmayacaqlar da. Yazırlar ki, belə hadisələri yazaraq koronovirusu
reklam edirsiniz. Tanınmış adamları bizə göstərərək bildirirlər ki, niyə məşhur
simalarımızdan bu virusdan öləni yoxdur? İnsanlar deyir ki, tanınmışlar ölsün ki, biz də inanaq,
görməsələr inanmırlar. Buna görə də, bundan sonra yaradıcı məsələlərdə o qədər
həssas olmalısan ki, tamaşaçılar inansın. Bunun üçün tamaşanı nə qədər real
hadisələr əsnasında hazırlasaq da, mütləq ora ölüm salmalıyıq. İstəyirlər ki,
səhnədə həqiqətən, ölüm olsun. Ümumiyyətlə, nəinki teatrda, elə ədəbiyyatda da,
kinoda da yenilik olmalıdır. Bu gün
müraciət edilən əsərlərə baxanda, görürük ki, nəinki bəşəri problemlər özünü
göstərir, əksinə, getdikcə çılpaqlaşma gedir. Gənclər daha çox çılpaqlaşmağı
sevirlər, nəinki qapanmanı. Buna görə də, dünyəvi problemlərə diqqət edən
yoxdur”.
Xəyalə Rəis