• cümə, 19 Aprel, 07:24
  • Baku Bakı 13°C

Tariximizi düzgün qiymətləndirməliyik

17.06.16 12:48 1818
Tariximizi düzgün qiymətləndirməliyik
"Keçmiş sovet ölkələrinin tarix dərsliklərində çar Rusiyasına, bütövlükdə Rusiyaya qarşı münasibətdə o qədər xoş sözlərə rast glmək mümkün deyil”. Rusiya nəşrlərində yer alan bu fikirlər postsovet ölkələrində çıxan tarix dərsliklərinin şagirdlərdə Rusiyaya qarşı xoş bir münasibət formalaşdıracağına inanmırlar. Belə ki, dərsliklərdə uşaq və yeniyetmələrin ideoloji cəhətdən təlimatlandırılmasında daha çox "Mərkəz” "Moskva”, "Metropoliya” kimi ifadələr yer alır. Rusiya nəşri "qardaş” ölkələrdə məktəblilərin hansı hadisələri bilmələri ilə bağlı apardığı araşdırmalar postsovet ölkələrində dərsliklərdə mövzu ilə bağlı vəziyyəti üzə çıxarıb. Belə ki, Baltikyanı ölkələrdə vəziyyət hələ sovet dövründən bəllidir. Bu ölkələrdə çar Rusiyası işğalçı rejim kimi aşılanır. Belarusun rəsmi tarix kursunda da Rusiya imperiyası tənqid olunur. Sovet dövrü isə prezident Lukaşenkonun istəyi ilə daha çox sovet rəhbəri Stalinin təbliğ olunması ilə dərsliklərdə yer alıb. Ukraynaya gəldikdə isə əsas xətt 1659-cu ildə ölkənin müstəqilliyini itirməsi ilə bağlıdır. Dərslik müəllifləri sovet dövrü tezislərinə - "xalqlar həbsxanası”, "ruslaşdırma”, "imperiya xalqlarının mədəniyyətinin mənimsənilməsi” ifadələrinə daha çox yer veriblər. Dersliklərdə uzun müddətdir ki, "qolodomor” Ukrayna xalqının genosidi kimi qiymətləndirilir.
Moldovada neytral qiymətləndirilmələrə daha çox yer verilir. Məsələn, 1812-ci ildə Moldovanın Rusiyanın tərkininə daxil olması "işğal”, 1940-ci ildə isə SSRİ-nin tərkibinə daxil edilməsi isə "birləşmə” kimi qiymətləndirilir.
Mərkəzi Asiyayaya gəldikdə, məsələn, Qazaxıstan dərsliklərində çarizmin ölkəyə otlaq sahələri kimi baxması və müstəmləkəyə çevirməsi qabardılır.
Qırğızıstanda dərsliklərdə daha çox diqqət 1916-ci il üsyanına yönəldilib. Bu hadisə qırğızların çar Rusiyası tərəfindən kütləvi qırılması kimi təqdim olunub.
Özbəkistanda eyni vəziyyət olsa da, nəticə fərqlidir. Belə ki, çar Rusiyasının tənqidini nəzərdə tutan dərslik elmi şura tərəfindən məktəb proqramlarından çıxarılıb.
Azərbaycan dərsliklərində ənənəvi olaraq işlənən "işğalçı” Rusiya, "xammal bazası” kimi ifadələr yer almır. Maraqlıdır ki, Rusiya daha çox azərbaycanlıların orduya çağırılmamasına görə tənqid olunur və bu hal imperiya siyasətinin bir təzahürü kimi, sovet hakimiyyəti isə "kommunist” rejimi kimi qiymətləndirilir. Dərsliklərdə ziyalıların məhvi, milli dilin və mədəniyyətin izlənilməsi, hətta ənənəvi müraciət olan "bəy”, "xan”, "ağa” sözlərini işlətməyin qadağan olması qeyd edilib.
Gürcü dərsliklərində vəziyət daha maraqlıdır.
Həmən nəşrlərdə Rusiyanın ölkəni öz müdafiəsınə alması iddia edilsə də, sonradan çar Rusiyası Gürcüstanı özünün müstəmləkəsi kimi nəzərdən keçirir. Gürcü dərsliklərində İosif Stain təbliğ olunur. Hətta Qoridə "xalqlar atası”nın muzeyinin olduğu da vurğulanır. Dərslik müəllifləri çarizmin Qafqazdakı siyasətini tənqid etsələr də, Stalinə hörmətlə yanaşırlar. Rusiya nəşri qeyd edir ki, ölkələrinin həmin xalqların həyatındakı tarixi rolunu neytral qiymətləndirməsinə nadir hallarda rast gəlinir: "Bu isə o deməkdir ki, "qardaş” ölkələrdə Rusiyaya qarşı aqressiv bir nəsil formalaşır. Hələ məktəbdə ikən uşaqlarda "kimdir günahkar?” sualına cavab axtarılır”.
Bizim tarixçi alimlər isə Azərbaycanın tarix dərsliklərində Rusiya-Azərbaycan münasibətlərinin olduğu kimi təqdim edildiyini qeyd edirlər. O mənada ki, tarixi pozmaq, onu yalan formada təqdim etmək olmaz. Azərbaycanın tarix dərsliklərində Rusiya ilə bağlı məlumatların düzgün verilməməsi, bu ölkənin işğalçı ölkə kimi təqdim edilməsi ilə bağlı səslənən iradlara münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov mətbuata açıqlamasında Rusiya KİV-lərində Azərbaycanın tarix dərslikləri ilə bağlı belə məlumatların verilməsinin yenilik olmadığını bildirib. Belə ki, 2012-ci ildə Rusiya tarixçiləri tərəfindən keçmiş müttəfiq respublikaların tarix dərsliklərində bu ölkənin hansı formada təqdim edilməsi ilə bağlı hazırlanan məruzədə qeyd edilmişdi ki, Azərbaycan tarixinə dair dərsliklərdə Rusiyaya münasibətdə qərəzli şəkildə təqdim olunur və ya hadisələr təhrif olunmuş şəkildə verilir. Alimin sözlərinə görə, Azərbaycanın orta məktəblərində tədris olunan tarix dərslikləri dünyanın ən azı, 10 ölkəsindən, o cümlədən Rusiya Federasiyasının dövlət arxivlərindən gətirilən sənədlər əsasında yazılır. Bu baxımdan, qaldırılan iddiaların heç bir faktiki və elmi əsası yoxdur: "Çar Rusiyasının və sovet Rusiyasının Azərbaycan siyasəti tarix dərsliklərində mənbələr əsasında tədqiq olunur və həqiqət necə varsa, elə də təqdim edilib”. C.Bəhrmov bildirib ki, şagirdlərin tarixi məsələlərə düzgün yanaşmasını təmin etmək vacibdir: "Tarixdə dəyişkənlik qəbul olunmaldır. Sovet məktəbində Stalinlə, müharibə ilə bağlı faktlar başqa cür idi. Çünki bu faktlar sovet vətəndaşı üçün idi. İndi isə faktlar Azərbaycan vətəndaşı üçün təqdim edilir”.
Tarixçi alim Solmaz Tohidi hesab edir ki, ümumiyyətlə, bizim dərsliklərdə bu məsələyə birtərəfli münasibət var. Belə ki, istənilən tarixi dövrün Azərbaycan tarixi üçün həm müsbət, həm də mənfi cəhətləri olub: "Sovet dövləti mahiyyəti etibarilə işğalçı idi. Yəni Azərbaycanın milli müstəqilliyinə son qoyaraq ordu vasitəsilə Xalq Cümhuriyyətini devirmişdilər. Mahiyyət etibarilə burda sovet hakimiyyətinin qurulması işğalçı siyasət kimi də qiymətləndirilməlidir. Rusların bunu necə adlandırmasından asılı olmayaraq, Azərbaycan tarixşünaslığının bu baxımdan oturuşmuş bir konsepsiyası var. Yəni biz onların xoşuna gəlib-gəlmədiyinə baxmayaraq, öz tariximizi düzgün qiymətləndirməliyik”.
Sovet dövrünün Azərbaycanın ikinci respublika dövrü olduğunu bildirən tarixçi deyir ki, bu, sovet dövlətinin siyasətindən qaynaqlanan bir məqam idi: "Dərsliklərdə bu məqamlar mütləq yer almalı, hadisələrə obyektiv qiymət verilməlidir. Bu, həm orta, həm də ali məktəblər üçün vacibdir. O dövrün bütün tarixi işğalçılıq tarixidir. Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsi, müstəqillikdən sonra ikinci dəfə yenidən sovet dövlətinin tərkibində olması işğalçı rejimin siyasəti idi. Ancaq o işğalın mənfi və müsbət tərəflərinə baxmaqla obyektiv qiymət sonrakı tarixə də verilməlidir. Çünki işğal faktı nəticədə Azərbaycanın müstəqilliyini təmin elədi. Mahiyyət etibarilə işğaldır, sonrakı siyasətin nəticələri isə Azərbaycan üçün kifayət qədər ciddi nəticələrə gətirib çıxarıb. Həm də tək Azərbaycan üçün yox, SSRİ-nin digər xalqları üçün də. Biz SSRİ-nin tərkibində müəyyən bir inkişaf yolu getmişik. Bunları tamam danmaq olmaz. Yəni işğalın fonunda müsbət cəhətləri də göstərmək lazımdır”. Taarixçi alim bizim tarix elminin ümumilikdə xaricdə, həm də Rusiyada obyektiv qiymətləndirilmədiyinə təəssüfünü bildirir: "Tarix elmimizlə bağlı bəzi faktlar Rusiya tarixçiləri tərəfindən düzgün qitymətləndirilmir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər