• cümə axşamı, 28 mart, 14:40
  • Baku Bakı 16°C

Tarixi yazarkən dəqiq olmaq lazımdır

16.04.15 12:23 3777
Tarixi yazarkən dəqiq olmaq lazımdır
Məktəb-Lisey Kompleksinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova orta məktəblər üçün tarix fənni üzrə proqramların təşkili, həmçinin “Azərbaycan tarixi” dərsliyinin yazılmasında iştirak edib. E.Abbasova “Kaspi”nin layihəsi olan “Bir məktəbin tarixi”nə şagirdlərin tarix fənninə olan marağından danışır:
- Bu gün dərsliklərlə bağlı səslənən iradların demək olar ki, çoxu tarix dərsliyinə ünvanlanır. Bu fikirlə razısınızmı?

- Təbii ki, yerində işlənən iradlardır. Dərsliklərdə elə paraqraflar var ki, xüsusən də 8-ci sinif “Azərbaycan tarixi” dərsliyində, həcmi çox böyükdür. Hazırda həcmin azaldılması istiqamətində iş gedir. Yəni mövzu nisbətən asanlaşdırılsın, məğz saxlanılsın, həcm azaldılsın ki, şagirdlər dərsləri oxuyanda nisbətən asan olsun. Hazırda dərsliklərdən əlavə texniki vəsaitlər də var ki, şagirdlər onlara da müraciət edirlər. Bununla bərabər kitablar elə yazılmalıdır ki, şagird onu oxuyanda başa düşsün.
- Dərsliklərdə ən böyük səhvlər hansıdır?

- Bəzən elmi səhvlər də buraxılır. Təbii ki, biz iradlarımızı bildirmişik. Yəni belə səhvlərin buraxılmaması üçün kitab bir neçə dəfə korrektə olunmalıdır. Xüsusən ekspertlər tərəfindən redaktə və korrektə olunmalı, sonra çapa buraxılmalıdır. Elmi səhvləri buraxmamaq üçün ekspertlər özləri mütləq savadlı olmalıdırlar.
- Fikirlər səslənir ki, hər adam kitab yaza bilməz. Ancaq bizdə dərslik müəlliflərinin “əhatəsi” çox geniş deyilmi?

- Bu fikirlə o qədər də razı deyiləm. Əvvəllər belə hallar olurdu. Hazırda isə proses birbaşa təhsil nazirinin öz nəzarəti altında həyata keçirilir. Əgər bu iş bir neçə dəfə yoxlanılıbsa, artıq burada elmi səhvlərin buraxılması, səbatsız yazılma prosesi aradan götürülür. Hazırda dərsliklərə güclü nəzarət var.
- Hazırki “Azərbaycan tarixi” dərsliklərində hadisələr tam əhatə olunurmu?

- Tam əhatə oluna bilməz. Çünki tarix özü siyasi elmdir və faktlar bəzən siyasətə arxalanır. Müasir dövr, yəni ən yeni tarix siyasətə daha çox bağlıdır. Ona görə də tarixi yazarkən daha dəqiq olmaq lazımdır. Tarix dövrə uyğun yazılır. Ona görə də hərtərəfl yazılmalıdır ki, şagirdlər oxuduqca yanlış məlumat almasınlar. Tariximizi dəqiq bilmək çox vacibdir.
- Ümumiyyətlə, şagirdlərin tarix fənninə marağı nə qədərdir?

- Əvvəlki illərlə müqayisədə şagirdlər tarixi daha çox öyrənirlər. Çünki tarixdə daha maraqlı faktlar var. Uşaq eşitmədiyi faktı eşidəndə tarixə daha çox meyillənir.
- Xarici ölkələrdə öz ölkələrinin tarixini bilmək üçün şagirdlərə muzeylərdə dərslər keçirilir. Bizdə nə üçün belə praktika yoxdur?

- Başqa müəllimlərin əvəzinə danışa bilmərəm, ancaq mən tarix müəllimi kimi dəfələrlə dərslərimi şagirdlərə muzeylərdə keçmişəm. Əgər dərs qədim dövrə aiddirsə, Qobustan muzeyində, Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik işi ilə bağlıdırsa, mesenatın vaxtilə yaşadığı və tikdirdiyi muzeydə, mövzu Heydər Əliyev irsi ilə bağlıdırsa, Heydər Əliyev Mərkəzində keçirik. Muzeydə dərs mövzudan asılıdır. Əgər mövzu Qaraqoyunlu və Ağqoyunlu dövləti ilə bağlıdırsa, dərsimizi Milli Tarix Muzeyinin Orta əsrlər bölməsində keçirik. Dərsin necə keçilməsi müəllimdən asılıdır. O, işini düzgün qurursa, işinə yaradıcı yanaşırsa, ekskursiyanı təşkil edir və birbaşa o məkanda tədris edir.
- Tez-tez şikayətlər eşidilir ki, böyüyən nəsildə vətənpərvərlik hissi azdır. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi üçün tarix fənninin hansı rolu var?

- Ən böyük rol elə tarix fənninin üzərinə düşür. Öncə gərək müəllim özü o qədər vətənpərvər olsun ki, bunu uşağa aşılaya bilsin. Hər şey müəllimin danışıq qabiliyyətindən və hisslərindən asılıdır. Təkcə məktəbdə deyil, evdə də valideynlə uşaq arasında bu anlaşma qarşılıqlı olmalıdır. Təbii ki, onda uşaqlar daha çox vətənpərvər böyüyərlər. Valideyn-məktəb qarşılığı bu işdə böyük rol oynayır. Təkcə tarix dərsləri buna azlıq edir. Hər ikisi bir yerdə işləməli, məktəb-valideyn ünsiyyəti daha böyük rol almalıdır. Bizdə məktəb-valideyn assambleyası fəaliyyət göstərir. Aktiv valideynlər həmin assambleyanın üzvüdürlər və məktəb işini birbaşa onlarla qurur. Hətta dərsliklərə aid olan problemlərlə bağlı valideynlər də öz təkliflərini irəli sürürlər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər