Tarixi torpaqlarımıza sahib çıxmalıyıq ki…
Bu,
yenilənmək, inkişaf etmək, güclü olmaq və vətənsevərlikdir
Ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olmadığı,
bu regiona sonradan köçürüldükləri tarixi faktdır. Səfəvilər İmperiyasının
zəifləməsi, vahid Azərbaycanın xanlıqlara parçalanması, bu xanlıqların işğal
edilməsi uğrunda Rusiya və İran arasında davam edən müharibələrdən sonra
1813-cü ildə "Gülüstan”, 1828-ci ildə "Türkmənçay” sülh müqavilələri imzalanıb.
Həmin müqavilələrin tələbinə uyğun olaraq, Rusiya, İran, Türkiyə və sair
ölkələrdən ermənilər kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına köçürülüb.
XX əsrin 20-ci illərində isə qədim Göyçə mahalı, İrəvan şəhəri, ardınca
Zəngəzur mahalı ermənilərə güzəştə gedilib və tarixi Azərbaycan torpaqlarında
Ermənistan dövləti yaradılıb. Çar imperiyası, onun varisi sayılan bolşevik
Rusiyası bütün bu illərdə ermənilərə hərtərəfli dəstək verib. Hamilərinə
güvənən ermənilər sonrakı illərdə dövlət səviyyəsində azərbaycanlılara qarşı
soyqırımı və deportasiya siyasəti yürüdüblər. 1948-53, 1988-ci illərdə
Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, 1991-ci ildən Dağlıq
Qarabağda başladılan separatizm, 1994-cü ilə qədər davam edən müharibə,
Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, Xocalı soyqırımı və sair
qətliamlar buna əyani misaldır. 200 ildən artıq bir müddətdə işğala,
soyqırımına, haqsızlığa məruz qalan Azərbaycan xalqı yalnız 2020-ci ildə
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi
ədaləti bərpa etdi. 44 günlük Vətən Müharibəsində Silahlı Qüvvələrimiz düşmənin
belini qırdı, Ermənistan ordusunu məhv edərək torpaqlarımızı işğaldan azad
etdi, ərazi bütövlüyümüz təmin olundu. Beləliklə də, dövlət başçısı İlham
Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən xalqına verdiyi vədi
həyata keçirmiş oldu, Qalib Komandan kimi adını tarixə qızıl hərflərlə
yazdı.
"Niyə
biz İrəvana qayıtmayaq?”
Məlumat üçün qeyd edək ki, ölkə rəhbəri İlham
Əliyev 2003-cü ilin oktyabrında Prezident kimi səlahiyyətlərini icra etməyə başladığı
gündən indiyə qədər ötən vaxt ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin
olunmasını özünün başlıca vəzifəsi sayıb. Təsadüfi deyil ki, istər ölkə
daxilində, istərsə də xarici dövlətlərə səfərlərdə, beynəlxalq təşkilatlarda
ali kürsülərdən çıxış edən zaman o, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan
tərəfindən işğal edildiyini, azərbaycanlılara qarşı soyqırımı, deportasiya
siyasətinin həyata keçirildiyini, 1 milyondan artıq azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrildiyini dəfələrlə bəyan edib. Tarixi torpaqlarımızda
vaxtilə ermənilərə dövlət yaradıldığını xatırladan Prezident İlham Əliyev
Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına qətiyyən yol
verilməyəcəyini bəyan edib. Bu cür prinsipial mövqeyindən heç zaman geri çəkilməyən
Ali Baş Komandan Ermənistanın hazırkı ərazilərinin tarixi Azərbaycan torpaqları
olmasına dair faktları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmayıb. Cari il
aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış:
münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ölkə
başçısı bir daha bu məqama diqqət çəkib. O, ABŞ-ın Prinston Universitetinin
dosenti Maykl Reynoldzun sualını cavablandırarkən Zəngəzurun, Göyçənin
Ermənistana verilməsi məsələsini qabardıb. Deyib ki, sadəcə dünya ictimaiyyəti
deyil, yeni nəsillər də bu həqiqətləri bilməli və unutmamalıdırlar: "Biz bu
nəslin reallıqlardan bixəbər olmasını istəmirik. Mən deyəndə ki, Zəngəzur qədim
Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir
– 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Ermənilərin bu gün Sevan
adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir
həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız, Sevan deyil, Göyçəni
taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini
məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o
cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi
iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşidibsiniz, yoxsa
yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya
tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə
edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz
bunu da edəcəyik”.
Tarixi
gerçəklikləri əks etdirən nitq
Prezident İlham Əliyev bu çıxışı ilə
milli-dövlətçilik maraqlarına, tarixinə son dərəcə bağlı olduğunu nümayiş
etdirməklə yanaşı, azərbaycanlıların vaxtilə işğal olunmuş ərazilərə
qayıdışının eyni qaydada Zəngəzura, Göyçəyə, İrəvana - əcdadlarımızın yaşadığı
torpaqlara da baş tutacağının mesajını verib. Mövzu ilə bağlı fikirlərini
"Kaspi” qəzetinə bölüşən AMEA-nın
Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, millət
vəkili Musa Qasımlı deyib ki, Prezident İlham Əliyevin ADA Universitetində
keçirilən beynəlxalq konfransdakı nitqi tarixi gerçəklikləri əks etdirir. Onun
sözlərinə görə, bu regionda aborigen olmayan ermənilər bizim tarixi
torpaqlarımızda çarizm tərəfindən bəlli məqsədlər naminə yerləşdiriliblər,
təşkilatlanıblar, varlanıblar və ardınca da qondarma dövlətlərini qurublar:
"Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq belədir: Bakıda 1920-ci il
noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafqaz Bürosunun
üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) "Ermənistanda vəziyyət
haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edilib. İclasın sədri Q.Kaminski,
katibi isə Lozner olub. İclasda Nərimanov, Hüseynov, Yeqorov, Stalin,
Orconikdize, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak ediblər.
Məruzə ilə Leqran çıxış edib. Məxfi qərarlar qəbul olunub. Ermənistan ilə
Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana
verilməsinin əks olunmasına dair məsələ barədə Siyasi Büro üzvləri belə bir
fikir söyləyiblər ki, bu, siyasi və strateji baxımdan faydalı deyil, yalnız ən
çıxılmaz halda edilə bilər. Yəni Azərbaycana məxsus olan bir ərazini onun
iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilməyib.
Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Ona görə də müvafiq təklifin
Azərbaycandan gəlməsi daha uyğun görülüb. Siyasi Büronun Naxçıvan və Zəngəzur
haqqında fikrinin motivlərini tərtib etmək Nərimanova tapşırılıb”.
Stalinin
Leninə yolladığı şifrəli teleqram
Sırf Zəngəzurla bağlı məsələni şərh edən
tarixçi-alim bildirib ki, 1920-ci il noyabrın 16-da İ.V.Stalin Vladiqafqazdan
V.İ.Leninə şifrəli teleqram göndərib. Həmin teleqramda gözlənilən təhlükələrdən
söhbət açılıb: "Stalin teleqramında göstərirdi ki, Bakını üç tərəfdən təhlükə
təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli
və Rəşt şah hökumətinə verilsə - indi İranda yeganə real hakimiyyət
İngiltərədədir - belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq
buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də
şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaq.
Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və
Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə
Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə
ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən
istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və
Azərbaycanın arasını vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir,
yəni Antanta tərəfdən. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol
arasında ərazi, qərbdən olan hücumların qorunması üçün münasib deyil. Elə ilk
hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua
Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın
arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca, bu təhlükə bütün
təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də, biz Gürcüstana qarşı
daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün
Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək
lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa
cəbhəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.
Türkiyə
və Azərbaycan arasına vurulan erməni pazı
Millət vəkili vurğulayıb ki, Ermənistanda sovet
hakimiyyəti qurulduqdan bir gün sonra - noyabrın 30-da keçirilən Azərbaycan
K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair
məsələ müzakirə edilib. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu:
"Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud
deyildir; Zəngəzur...Ermənistana keçir...bu qətnaməni tərtib etmək Nərimanova
tapşırılır”. Tapşırığı yerinə yetirən N.Nərimanov Bakı Sovetinin 1920-ci il
dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində
Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda yazılırdı:
"Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın –
kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı
əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan
sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin
və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur...
qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun
hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının
qoşunları buradan çıxarılır”. Daşnakların "Aşxatavor” ("Zəhmətkeş”) qəzeti
bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Sovet mətbuat
bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra,
dekabrın 10-da G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat
göndərib. Qəzet yazırdı: "Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın
Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq”. "Aşxatavor” qəzeti daha sonra
yazırdı: "Zəngəzurdan imtina edən Azərbaycan gücsüz Ermənistana kömək etmək
istəyir. Azərbaycanın seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə
xidmət edir”. Ermənistan rəhbərləri N.Nərimanovun bu bəyanatından məmnun
qalmışdılar. Onlar daşnak iddialarını gerçəkləşdirdiklərinə sevinirdilər.
RK(b)P Qafqaz diyar komitəsinin katibi A.M.Nazaretyan 30 noyabr tarixindəki
telefon danışığında Orconikidzeyə demişdi ki, əhsən azərbaycanlılar, mən
sabahdan mətbuatda ucadan danışmağa başlayacağam. Beləliklə, tarixi torpağımız
olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Türkiyənin Azərbaycan və türk
dünyası ilə quru əlaqəsi kəsilib”.
Gələcəyimizlə bağlı
formul
Professor M.Qasımlı sadalananların tarixi fakt
olduğunu, ermənilərin bu faktlardan heç yana qaça bilməyəcəklərini diqqətə
çatdırıb. O, tarixi torpaqlarımıza qayıdışın, əcdadlarımızın yaşadıqları
ərazilərə sahiblənməyin yolunu da göstərib: "Bütün bunlar hamısı faktdır.
Zəngəzur Azərbaycan torpağıdır. Ermənilər bu söylənilənlərə əmin olmaq
istəyirlərsə, 1903-cü ildə Çarizm orqanlarının tərtib etdiyi xəritəyə baxsınlar.
O xəritədə Cənubi Qafqazda erməni dilində adlara rast gəlməzlər. Prezident
İlham Əliyevin beynəlxalq konfransda söylədiyi kimi,
hətta "Sevan gölü” ifadəsi də yoxdur. Həmin xəritədə Göyçə gölü ifadəsi var.
Ermənilər bu tarixi faktdan heç bir yerə qaça bilməzlər. O ki, qaldı
azərbaycanlıların tarixi torpaqlarımıza qayıtması məsələsinə, Bakıda Hərbi
Qənimətlər Parkının açılışında iştirak edən Prezident İlham Əliyev gələcəyimizlə
bağlı formulu bir daha diqqətə çatdırıb. Bu, yenilənmək, inkişaf etmək, güclü
olmaq və vətənsevərlikdir. Biz güclü olmalıyıq. Ermənistan heç bir zaman ayağa
qalxa bilməyəcək. Bu, mümkün deyil. Hər hansı dövlət də gəlib Ermənistana
təmənnasız, boş yerə xərclər qoymayacaq. Ermənistan gələcəyi olmayan bir
dövlətdir. Bu gün Ermənistanda demoqrafik göstərici - əhalinin təbii artımı
olduqca aşağı səviyyədədir. Üstəlik, əhali hər fürsətdə bu ölkəni tərk edir,
daimi yaşamaq üçün xaricə köçür. Bərbad idarəçilik, korrupsiya, cinayətkarlığın
hər il artması səbəbindən əhali Ermənistanda yaşamaq istəmir. Sual yaranır: Ermənistan
bu gün rəsmi olaraq ölkədə yaşayan 3 milyon - əsl reallıqda bundan çox azdır -
əhalidən nə qədər ordu yarada bilər? Azərbaycanda isə əhali hər il artır və
hazırda 10 milyonu ötüb. Silahlı Qüvvələrimiz inkişaf etdirilib, dünyanın ən
güclü 50 ordusu sırasında yer alıb, ölkə iqtisadi tərəqqi halını yaşayır. Hər
il yayılan statistik göstəricilərə görə, Azərbaycana daimi yaşamaq üçün
gələnlərin sayı köçüb gedənlərin sayını üstələyir. Azərbaycanda tarixi
gerçəklikləri əks etdirən, rəsmi sənədlərə istinad edilən yeni-yeni kitablar
nəşr olunur və tariximiz gələcək nəsillərə olduğu kimi çatdırılır. Düşünürəm
ki, bundan sonra da Ermənistanın Azərbaycan torpağı olması faktı geniş təbliğ
olunmalıdır”.
Rufik
İSMAYILOV