• çərşənbə axşamı, 19 mart, 07:53
  • Baku Bakı 8°C

Tarixi sevmək...

14.12.16 14:15 87231
Tarixi sevmək...
6 "c” sinfinin rus dili qrupunda ümumdünya tarixi keçirilsə də, müəllim şagirdlərin Azərbaycan tarixi ilə bağlı bilgilərini nümayiş etdirmək üçün təkrar dərsə üstünlük verir. Kurikulum təlim metoduna uyğun olaraq, şagirdlər qruplar şəklində müəllimənin suallarını cavablandırırlar. Müəllimənin "Tarixi öyrənmək nəyə lazımdır” sualına Gülçöhrə Əliyeva " Əgər biz öz tariximizi öyrənsək, özümüzün əsl vətəndaşlar olduğumuzu biləcəyik”cavabını verir. İsmayıl Məhərrəmzadə isə "Biz qədim dünya tarixini öyrənməklə, bizim eraya qədər insanların necə yaşadığını bilirik. Həmçinin öz tariximiz haqqında bilgilər əldə edirik” deyir. Fian Ələkbərlinin cavabı da maraq doğurur: "Biz tariximizi öyrənmədən kim olduğumuzu, hara getdiyimizi bilə bilmərik”.
Ayan Cəfərova isə sualı belə cavablandırır: "Biz tarixi həm də ona görə öyrənirik ki, keçmişdən bizə nəyin miras qaldığını öyrənək. Tarixi öyrənmək bizə ənənələri qorumaq üçün vacibdir”. Tarix müəllimi Gülirə Yoldaşovanın ümumdünya tarixindən tutmuş, müasir Azərbaycan tarixinə qədər hadisələr barədə suallarını şagirdlər həvəslə cavablandırır. Qruplar arasında bilgi yarışında hansı komandanın qalib olduğunu seçmək çətinləşir. Kurikulumun uşaqların təfəkkürlərini, düşünmək qabiliyyətlərini və yarışma həvəslərini artırması hiss olunur. Müəllimə həmçinin smart lövhədəki xəritə üzərində fikirlərini əsaslandırır, şagirdlər də maneəsiz lövhədə işləməyi bacarırlar.

G.Yoldaşova ilə söhbətimizdə 1975-ci ildən bu məktəbdə çalışdığını bildirdir: "O zaman bizdə rus bölməsi yox idi. Mən də Azərbaycan bölməsində dərs verirdim. Bu gün mənim şagirdlərim məktəbdə tarix müəllimi işləyirlər. Onlar mənim dərslərimi izləyərkən "siz elə 70-ci illərdə də dərsləri innovativ metodlarla qururdunuz” deyirlər. Yəni divara vurulan xəritədən başqa biz maraqlı məsələlərin müzakirəsini edirdik. Qiyabi olaraq özümüzü o dövrdə hiss edirdik. Mən öz vətənpərvərliyimi uşaqlara artıq 46 ildir ki, təqdim edirəm. 5-ci sinifdən bu fənnin tədrisinə başlayandan nəinki dərs zamanı, dərsdən kənar tədbirlər təşkil etməklə uşaqlara aşılanır ki, bizim çıxış yolumuz və gələcəyimiz yalnız vətənimizi sevməyimizdədir. Tarix müəllimi gərək uşaqlara tariximizi, vətənimizi sevməyi, vətən üçün yararlı olmağı aşılaya bilsin”.
Həmişə "Hansı işi görürsən gör, orada keyfiyyət öndə olmalıdır” sözlərini özü üçün şüara çevirən G.Yoldaşova deyir ki, keçdiyi dərsə şagirdlərdən adekvat cavab alanda özünü xoşbəxt hiss edir: "O zaman hiss edirəm ki, mənim onlar üçün etdiklərim ortada itməyib. Uşaqlarda ölkəmizə qarşı məhəbbət var”.
Tarix dərsini sevmələrindən ötrü istifadə olunan vasitələrdən danışan müəllimə açıq və nümunəvi dərslər keçdiyini, müxtəlif filmlərdən epizodlar təqdim etdiyini və mövzuları uşaqların müzakirəsinə verdiyini bildirir: "Uşaqlar bilirlər ki, nə üçün filmin həmin hissəsi onlara göstərilir. Sonda onlara esse yazdırıram. Qədim kitablardan materiallar gətirirəm. Hər dövrün xəritəsini internetdən axtarıb tapır və lövhədə nümayiş etdirirəm. Hər il 5-ci sinfi qəbul edərkən, payız fəslində bütün sinifləri ayrı-ayrı günlərdə Azərbaycan Tarixi Muzeyinə aparırıq. Həmçinin uşaqlar üçün Qobustan muzeyinə ziyarət təşkil edirik. Vətənpərvərlik mövzusunda layihələr, tarixi günlərlə bağlı tədbirlər həyata keçiririk”.

Şagirdlərin arasında tarixçi olmaq istəyənlərin də çox olduğunu bildirən müəllimə bu həvəsin həm də tariximizi və vətənimizi sevmələrindən irəli gəldiyini bildirir: "Tarixi sevmək vətənini sevmək deməkdir. Bu hiss uşaqlarda varsa, deməli, vətənpərvər uşaqlar tərbiyə edirik”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər