• cümə, 19 Aprel, 10:05
  • Baku Bakı 13°C

Tarixi saxtalaşdıran özbək “akademik”i Rustamjon Abdullayevə etiraz

24.01.17 13:30 1232
Tarixi saxtalaşdıran özbək “akademik”i Rustamjon Abdullayevə etiraz
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları 19 dekabr 2016-cı il tarixində Daşkənddə "Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş "Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqaləsinə öz etirazımızı bildiririk. Özünü akademik adlandıran bu şəxs adı çəkilən məqaləsində erməni terrorizmini ifşa edən, tanınmış özbək tədqiqatçısı Şuxrat Salamovun 2015-ci ildə Daşkəndin "Yangi asr avlodi” nəşriyyatında işıq üzü görmüş "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" (rus dilində) adlı kitabını tənqid edərək, türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə edib.
Şuxrat Salamovun qeyd etdiyimiz kitabında erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğu, arxiv sənədləri əsasında 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərinin bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırımı nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbəyin xüsusi amansızlıqla qətlə yetirildiyi, amansız işgəncələrə məruz qaldığı, kənd və şəhərlərin, dini tikililərin, tarixi abidələrin məhv edildiyi sübut edilib. Ş.Salamov həmçinin, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçi təşkilatlarının izini də müəyyən edib.
Ş.Salamov Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən bir tədqiqatçıdır. Onun qələmə aldığı "Qarabağ: ideyalar müharibəsi” (rus dilində) adlı digər kitabı isə 2016-cı ildə Tbilisi şəhərində "Universal” nəşriyyatında çap edilib.
Əvvəllər erməniləri tənqid edən özbək "akademik”i Rustamjon Abdullayev nədənsə birdən-birə mövqeyini dəyişərək, tarixi faktları kobudcasına saxtalaşdıraraq Azərbaycan və ümumtürk dünyasına qarşı dəhşətli soyqırımı həyata keçirən, XX əsrin sonlarında dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarını müdafiə edib. Onun tənqid etdiyi Ş.Salamovun əsərləri isə bir daha sübut edir ki, erməni cəlladlarının həyata keçirdiyi bu soyqırım cinayəti bütün türk xalqlarına qarşı yönəldilmiş məqsədyönlü, vahid bir mərkəzdən idarə edilən siyasət idi. Fərqanə hadisələrində ermənilər minlərlə insanı məhv edib, Daşnaksütyun Partiyası Azərbaycanda olduğu kimi Özbəkistanda da bu siyasəti həyata keçirib.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı sübut edən çoxsayda qiymətli sənədlər Azərbaycan Respublikasının arxivlərindən başqa, Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya arxivlərində də qorunub saxlanılır. Bu gün AMEA Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxsaylı sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımı sübut edən kitablar çap edilib.
Çoxsaylı sənədlər, təkzibedilməz faktlar əsasında yazılan bu kitablar birmənalı şəkildə sübut edir ki, 1914-1920 illərdə Şimali Azərbaycanın bir çox regionunda – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycan ərazisinin (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) türk-müsəlman əhalisinə qarşı erməni millətçiləri tərəfindən soyqırımı törədilib.
Biz müxtəlif arxivlərdən əldə etdiyimiz çoxsaylı sənədlər əsasında hazırladığımız kitabları özünü "akademik” adlandıran cənab Rustamjon (Rüstəmcan) Abdullayevin nəzərinə çatdırmaq istəyirik. Ona görə ki, cənab akademik ermənilərin dinc, əliyalın əhaliyə qarşı həyata keçirdiyini bu qanlı cinayətlərlə tanış olsun. Bəlkə onda, real tarixin nədən ibarət olduğundan, tarixdə əsl soyqırımın kimlər tərəfindən həyata keçirldiyindən xəbərdar olar.
Adını akademik qoyub, soyqırımı cəlladlarını müdafiə edən şəxsin bu yazısı bizi çox narahat edir. Bu, dəfələrlə erməni cəlladlarınının soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı təhqirdir. Biz buna öz kəskin etirazımızı bildiririk.
Güntəkin Nəcəfli
Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı
banner

Oxşar Xəbərlər