AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tarixi Nadir...

Tarixi Nadir...

02 Yanvar 2015, 10:50 1690
«Tarix yazmaq tarix yapmaq qədər mühümdür. Yazan yapana sadiq qalmazsa dəyişməyən həqiqət insanlığı çaşdıracaq bir mahiyyət olar»
M.K.Atatürk


Tarixi oxumaq da, yazmaq da; oxunanlara, yazılanlara baxmaq da insan təxəyyülü üçün zövqdür, təkrardır və keçmişə salamdır. Şəxsiyyətləri salamlamaq - Əmir Teymur, Ağa Məhəmməd şah Qacar, Nadir şah - son dərəcə fərəhləndiricidir. Məhz adlarını çəkdiyim nəhənglər bu gün Akademik Milli Dram Teatrının repertuarının ağır çəkili isimləridir.
Tarixi Nadir - oğuz türklərinin Əfşar qolundan olan Nadir şahın hökmranlıq etdiyi dövrü əhatə edir. Bu səbəbdəndir ki, Nadir şahın tarixi qələm əhli üçün hər zaman maraqlı olub. Və Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri Nəriman Nərimanovun “Nadir şah” faciəsi günümüzə qədər əlimizdə olan ən dəyərli nümunə sayılıb. Ailə faciəsi üzərində daha çox dayanan Nərimanovun “Nadir şah”ı qaçaq-quldur keçmişindən hökmdar-şah dövrünə qədər uzun bir yol gedən tarixi yaradır. "Nadir öldü, İran öldü"... Nərimanovun “Nadir şah”ı bu sözlərin kontekstində araşdırılır, özünün kütləyə təsir gücünü itirmir.

Azərbaycan tamaşaçısı müxtəlif illərində Nadir şaha Nərimanovun gözü ilə baxıb, o şəkildə də qavrayıb. Teatr “Nadir şah”ı ilk dəfə rus dilində 1906-cı il fevralın 8-də, 7 ay sonra - 1906-cı il sentyabr ayının 8-də əsər Azərbaycan dilində ilk dəfə tamaşaçılara göstərilib. Azərbaycan səhnəsinin görkəmli simalarından C.Zeynalov, H.Ərəblinski, A.M.Şərifzadə, S.Ruhulla, M.Mərdanov, M.Sənani, M.Əliyev və başqaları "Nadir şah" faciəsində müxtəlif rolları ifa ediblər. Hüseyn Ərəblinski 1907-ci ilin əvvəllərindən başlayaraq ömrünün sonuna qədər dəfələrlə Nadir şah rolunda böyük sənətkarlıqla çıxış edib. Faciəli ölümünə bir gün qalmış oynadığı son rolu da Nadir şah olub.
Nadir şahın tarixi ilə dekabrın 24-də Akademik Milli Dram Teatrında premyerası olan Yunus Oğuzun “Nadir şah” romanı əsasında hazırlanmış iki hissəli dramatik xronika vasitəsilə bir daha tanış oluruq. Yunus Oğuz N.Nərimanovun “Nadir şah” yanaşmasını nəinki heç bir nöqtədə təkrarlamayıb, daha da irəliyə gedərək, nəhəng-fateh Nadir şahı yaratmağa çalışıb. İxtiyari olaraq, müasir-fərqli Nadir şahı qəbul etmək o qədər də asan deyil. Bizim illərlə tanıdığımız quldurluqdan taxt-taca gələn Nadir, Yunus Oğuzun qələmində güclü xarakter sahibi, səmimi, qayğıkeş insan, mahir sərkərdə, hökmdar, diplomat və eyni zamanda ziddiyyətli tərəfləri olan Nadir şah kimi səciyyələndirilir.

Rejissor Gümrah Ömərin dramatik xronika kimi müəyyənləşdirdiyi “Nadir şah” tamaşasında qəhrəmanın keçmişi, yaşamı öz əksini tapsa da, Nadirin şahlıq dövrü əsas başlanğıc nöqtəsi kimi müəyyənləşir. Tamaşanın rejissoru Gümrah Ömər bir qədər tarixi-xronoloji, bir qədər də psixosof poetikasından çıxış edərək obrazların daxili psixologizmini və ovqatını təsvir etməyə çalışır. Rejissor Nadir şahın nəhəngliyi ilə eyni müstəvidə onun əxlaqi dəyərlərini, səmimiyyətini də yaddan çıxartmır və aktyorların ifasında məhz buna nail olmağa cəhd edir.
Səhnədə qurulmuş konstruksiya (quruluşçu rəssam İlham Elxanoğlu) bir neçə funksiya yerinə yetirir. Bu həm zirvəyə-taxta gedən yoldur, həm xəyalla reallıq arasında körpüdür. Səhnənin önündə qurulmuş iki taxt bizdə Nadirdən sonra parçalanacaq imperiya təsəvvürünü yaradır. Arxa səhnədə isə biz saray divarlarını görürük. Hadisələr məhz bu məkanda davam edir...

Xalq artisti Ramiz Novruzun Nadir şahı təmkinli, soyuqqanlı görsənməyə çalışsa da, daxilən fırtınalarla çarpışan, hakimiyyət yükünün ağırlığını hiss edən nadir şahdır. Aktyorun ifasında biz yalandan deyil, həqiqətən taxta çıxmağa məcbur edilmiş və taxt-tacın təsiri ilə dəyişməyə məcbur olmuş bir şahı görürük. O, iztirablar içindədir. Oğlu Rzaqulunun və hətta sui-qəsdçinin gözlərini çıxartdırarkən biz aktyorun gözlərindəki iztirabı aydın şəkildə görürük. Ramiz Novruzun aktyor portretində heç bir zaman gizlənə bilməyən çılğın səmimiyyəti onu Nadir şahın kütlədən olan sadəliyinə daha da yaxınlaşdırır. Məhz R.Novruzun Nadir şahı xalq içindən çıxmış – sadəliyi heç bir zaman taleyindən silməyən Qəhrəmandır.
Əməkdar artist Məmməd Səfanın Nadir şahı isə nəhəng, qəddar, hiyləgər, siyasi ağlı sayəsində əldə etdiyi hakimiyyəti itirməmək üçün hər şeyi etməyə hazır olan bir şahdır. Ənənəvi qaltanlı səsi və fərqli oyun üslubu ilə M.Səfa obrazın daxili gərginliyini, hakimiyyət hərisliyini qabarıq şəkildə verə bilir. M.Səfanın Nadir şahı soyuqqanlıdır. Hətta oğlu Rzaqulunun gözlərini çıxartmaq əmri verərkən belə soyuqqanlılığını itirmir. Nadir şah təhlükəli kombinasiyalarla rəqibini çaş-baş qoyan şahmatçıdır. O, məharətlə əsas rəqibi, təhlükə mənbəyi olan Rusiyanı nəzarətdə saxlayır, Osmanlılarla münasibətlərini tənzimləyir. M.Səfanın Nadir şahı həm də təkəbbürlü, lovğa biridir. Və o, sonda məhz bu lovğalığın, mənəm-mənəmliyin qurbanı olur. M.Səfanın aktyor partiturasından irəli gələn cizgilər onu köləlikdən gələn Nadir deyil, şəcərə etibarilə hökmdar soyundan gələn Nadir şah kimi təsvir edir.

Rejissorun aktyor heyətindəki rol bölgüsünün nizamına əsasən bir aktyor bir neçə rolda çıxış edirdi. Əlbəttə ki, tarixi-xronoliji tamaşalarda bu qayda ənənəvidir. Lakin bəzi aktyorların müxtəlif rollarda eyni səs tonu ilə danışmaları, hətta eyni oyun tərzi ilə oynamaları mükəmməl dəyişmə texnikasına imkan vermirdi. Dəyişən qəhrəman-personajlar deyil, sadəcə qrim və geyimin olduğu açıq-aydın görünürdü.
Əməkdar artist Vidadi Həsənov - tamaşada I Mahmud, Moğol şahı Məhəmməd Şahın vəziri Səadət xan, Əmir Teymur və Əbül Feyz rollarında çıxış edir. Aktyorun ifa etdiyi Əbül Feyz və Sultan Mahmud bizə “Şah və şair” tamaşasındakı Hüseyn bəy Lələni, Səadət xan bizə “Şah Qacar” tamaşasındakı Şeyx Cəfər Tonkobunini xatırladırsa və Əmir Teymur obrazında isə biz “Məqam” tamaşasında İrakli Arkadieviçi görürük. Lakin bütün bu tarixi rolları, daha doğrusu qəhrəmanları V.Həsənov özünəməxsus aktyor texnikası ilə güclü personajlara çevirib, özünkiləşdirə bilir.

“Nadir şah” tamaşasında hakim atalıq, münəccim, Leyli Əbdül Əfəndi və Rusiya elçisi Qolitsin rollarını ifa edən Əməkdar artist İlham Hüseynov üzərinə çox böyük iş götürsə də, hər zaman olduğu kimi bu dəfə də stabil oyun tərzini qoruyub, saxlaya bilir. Lakin elə İ.Hüseynovun oyununda da-onun hakim atalığı ilə Əbdül Əfəndi obrazı arasında tək fərq onun geyimində və saqqalındadır. Anadolu qazisi xarici görünüşcə 70-80 yaşlı qoca olsa da, oyun tərzi və səs tembri baxımından 30-35 yaşlı cavanı xatırladır. Aktyorun Münəccimi əməlli başlı şarlatandır. Biz aktyorun ifasında bütün varlığını cinlərə, ifritlərə bağlamış birini görürük.
Tamaşada bir neçə rol (Nizamül-mülk, Təhmasib xan Cəlayir və Qızlar ağa) ifa edən əməkdar artist Elşən Rüstəmovun Təhmasib xanı soyuqqanlı birisidir. Biz aktyorun ifasında Nadirin sağ əli, hətta əlindəki kəsərli qılınc olan Təhmasibi görürük. Tamaşanın sonunda da ilk ölümcül zərbə elə bu qılıncdan gəlir. Nizamül-mülk rolunda isə aktyor savaşın qarşısını almaq üçün böyük səylə çalışan, öz ağıl və bacarığını sülh, əmin-amanlıq yolunda istifadə etməyə çalışan bir qəhrəmandır.

Məşhur Moğol hökmdarı Məhəmməd şah - Oqtay Mehdiyev... Oqtayın Məhəmməd şahı əhli-kef biridir. Hətta Nadirin Hindistana hücumu məsələsini müzakirə edərkən belə o, öz əyləncəsindən qalmır. Məhəmməd şah öz fikri, qənaəti olmayan, vəzirlərinin sözüylə oturub-duran və sonucda peşiman olan bir hökmdardır. Aktyorun ifasında biz şah-hökmdar deyil, daha çox marionet kukla görürük.
Nadir şahın oğlu Rzaqulunu isə Hikmət Rəhimov canlandırır. Aktyorun oyun üslubunda Rzaqulu hiyləgər, soyuqqanlı, ovunu tələyə salmaq üçün məqam gözləyən diplomatik bir ovçunu görürük. Atasının ölüm xəbərini alarkən o, cəllada vəzirlərin boynunu vurmaq əmri versə də, daxilən onun fərəh, sevinc keçirtdiyi aydın duyulur. Hakimiyyət üçün arvadı Fatimən Soltan bəyimi (Könül Cəfərzadə), onun qardaşı Təhmasibi və uşaqlarını öldürən Rzaqulu atasına-Nadir şaha da sui-qəsddən çəkinmir. Lakin sui-qəsdçinin ələ keçməsi və tanınması nəticəsində Rzaqulu ifşa olunur və gözləri çıxarılır.

Tamaşada gənclər-Şamil İbrahimov (Nəsurullah), Elgün Həmidov (Dauran xan), Vüqar Hacıyev (Məhəmmədxan Türkman, Miyanqala sərkərdəsi), Könül Cəfərzadə (Fatimə Soltan bəyim) maraqlı oyun tərzləri ilə diqqəti cəlb edə bilirlər.
Yunus Oğuz və Gümrah Ömərin “Nadir şah”ı sonucda əbədiləşmiş qəhrəmana çevrilir. Öz ismini nəhənglər cərgəsinə daxil edən Nadir şah türkçülüyün (sonda qurdun ulaması), mərdliyin (Nadir şahın sonda qılınc ilə abidələşməsi) və xalqın sərkərdəsinə çevrilən rəhbərin tarixi imzasını ata bilir.

Niyaz Cəfərov
teatrşünas