• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

"Tarixi missiyası" döyüşmək olmayanların səngərə girməsinin məqsədi

04.09.20 18:40 1088
"Tarixi missiyası" döyüşmək olmayanların səngərə girməsinin məqsədi
Ekspertlərin fikrincə, Akopyanın Qarabağda əlində silah nümayiş etdirməsi onu sübut etdi ki, "sülh çağırışı” saxtadır, riyakarlıqdır

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində erməni təxribatının qarşısı alındıqdan sonra rəsmi İrəvanın Azərbaycana qarşı təhdidedici bəyanatlarının sayı artmaqda davam etdi. Cəbhənin və sərhədin müxtəlif istiqamətlərində təxribatlar olsa da, Azərbaycan Ordusu bunun qarşısı aldı və hətta erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürüldü. Ermənilər məkrli niyyətlərini cəbhədə həyata keçirə bilməsələr də, informasiya məkanında təxribatlarına ara vermirlər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 15 nəfər rəfiqəsi ilə işğal altında olan Qarabağda bir həftəlik hərbi təlimlərə qatılıb. Dünənə qədər "Qadınlar sülh uğrunda” adı ilə erməni analarına qoşulub ağlayan, müharibənin əleyhinə olduğunu bəyan edən Ermənistanın birinci xanımı bu addımı ilə həqiqətdə kim olduğunu açıb göstərdi. Sən demə, Akopyanın göz yaşları heç də "timsahın göz yaşları”ndan fərqli deyilmiş. Tarix boyu erməni xislətinin, riyakarlığının bariz nümunəsi Akopyanın timsalında dünya ictimaiyyətinə bəlli oldu.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, erməninin keşişi də, qadını da, siyasətçisi də saxtakarlıqla, riyakarlıqla məşğuldur: "Ermənistanın baş naziri Paşinyanın həyat yoldaşı Anna Akopyan əlinə silah almaqla özü öz maskasını yırtdı. O, əsl sifətini göstərdi ki, ermənilər heç vaxt sülhpərvər olmayıblar. Onlar hər zaman terrorçu, cinayətkar və qatil olublar. Eşitdiklərimdən yox, həyatda gördüklərimdən misal gətirmək istəyirəm. Hər zaman Qarabağın varlı, imkanlı, qoçaq oğlanlarının pulu ilə özünə gün ağlayan erməni qızları hadisələr başlayanda hamısı əlinə silah götürdü və bizə qarşı işğalçılıq müharibəsinə qoşuldular. Anna Akopyan da onlardan biridir. O, indi silahı bizə tərəf tuşlayıb, amma vaxt gələcək bu riyakar əməllərinə qurban gedəcəklər, məğlubiyyətə məhkum olacaqlar”.
E.Məmmədov bildirdi ki, Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan artıq siyasi təlxəkliyə başlayıblar: "Onların atdıqları addımlar bunu deməyə əsas verir. Öz hakimiyyətlərini qorumaq və guya vətənpərvərlik nümayiş etdirmək üçün ərli-arvadlı müxtəlif oyunlardan çıxırlar. Məhz Anna Akopyanın Qarabağda təlimlərə qatılması da növbəti oyunudur və o, bu hərəkəti ilə sözün həqiqi mənasında, bütün dünya ictimaiyyəti qarşısında erməni qadınının kim olduğunu nümayiş etdirdi ki, bunlar işğalçıdır, cinayətkardır, terrorçudur. Bu, sübuta ehtiyacı olmayan faktdır. Akopyanın bir az əvvəl sülh çağırışı etməsinin ardınca Qarabağda əlində silah nümayiş etdirməsi onu sübut etdi ki, onun "sülh çağırışı” saxtadır, riyakarlıqdır. Sözün əsl mənasında Akopyan budur və əlində "Kalaşnikov” avtomatı, əynində hərbi mundir və Qarabağda təlim keçir. Eləcə də, erməni qadınlarını Azərbaycana qarşı yeni cinayətlər törətməyə səsləyir”.
Milli Məclisin deputatı Sevil Mikayılova bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşkilatının müəllifi Anna Akopyanın təşəbbüsü ilə erməni qadınlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi təlim keçmələri müharibəyə açıq çağırışdır: "Əslində tətiyin kimə tərəf tuşlandığı aydındır və illərdir Azərbaycana qarşı hərbi təxribatlar törədən Ermənistanın müharibə iştahasının gündən-günə artmasının səbəbləri də bəllidir. Bundan əvvəl sülh çağırışları edən və öz cinayətkar əməllərinə qurban gedən insanlar üçün göz yaşı axıtmaqdan belə utanmayan Anna Akopyanın qadınları hərbi təlimlərə cəlb etməsi növbəti təxribat əməlidir. Qadınları qan tökülməsinin və müharibənin qarşısına sipər çəkməyə səsləmək əvəzinə, hərbi əhval-ruhiyyəyə yükləməsı Paşinyan ailəsinin mahiyyətini ortaya qoyur”.
S.Mikayılova əlavə etdi ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından öz ordularını çıxarmaq əvəzinə qadınları da hərbiləşdirmək planları Ermənistanın işğalı möhkəmləndirməkdə israrlı olduğunu bir daha göstərir: "Adı siqaret qaçaqmalçılığında hallanan Anna Akopyanın Dağlıq Qarabağda "vətənpərvər” çıxışlar etməsi son günlər özü və qardaşı haqqında yayılan xəbərlərdən ictimai diqqəti yayındırmaq məqsədi güdür.
Nikol Paşinyan hakimiyyəti altında ölkənin məqsədli silahlanması və hərbi bloklara cəlb edilməsi həm də Ermənistanı gələcəkdə məkrli geosiyasi planların iştirakçısına çevirmək arzusundan doğur. Ölkədaxili vəziyyətin gərgin olması, siyasi həbslər, hakim ailənin üzvlərinin qaçaqmalçılıq və digər qeyri-qanuni əməllərdə adının hallanması və bütün bunların fonunda Paşinyanın sürətlə düşən reytinqi, sözsüz ki, ölkənin siyasi elitasını milli maraqları kənara qoyaraq, şəxsi maraqlardan çıxış etməyə vadar edir. Anna Akopyanın sülhə zərbə vuran belə hərəkətləri hiddət doğurur və sülh əvəzinə hərb toxumları səpmək niyyətini sərgiləyir”.
Millət vəkili Bəhruz Məhərrəmov bildirdi ki, Ermənistan baş nazirinin arvadı Anna Akopyan işğal altındakı Azərbaycan torpaqlarında hərbi hazırlıq üzrə "bir həftəlik" kurs keçib və bu, nə qədər ermənilər adına qürurlu görünsə də, əslində prosesin çox ciddi sosial və siyasi səbəbləri var: "Xatırlayırsınızsa, bir neçə gün öncə Ermənistan hakimiyyəti "Müdafiə haqqında" qanuna dəyişiklik etmək üçün layihəni ictimai müzakirəyə çıxarmışdı. Dəyişikliyin mahiyyəti də ondan ibarət idi ki, yaşından və cinsindən asılı olmayaraq könüllü xalq ordusu formalaşdırılsın. Bunun da bir səbəbi var, Ermənistanda demoqrafik böhran yaşanır, bu ölkənin rəsmiləri 3 milyon olduqlarını iddia etsələr də, hazırda ölkədə cəmi 1,6 milyon insan yaşayır. Əhalinin də böyük əksəriyyətinin qadın, uşaq və qoca olması səbəbindən artıq gənc çağırışçılar hesabına ordu qurulması mümkün deyil. Nəticə olaraq, dövlətin yeganə ümidi yeni qanuna, daha dəqiq desək, qadınların, yaşlıların və muzdluların orduya cəlb edilməsinə qalıb. Akopyanın da "təlim" adı altında fotolarla tirajlanan 1 həftəlik istirahəti məhz qadınların orduya təşviqinə hesablanıb”.
B.Məhərrəmovun sözlərinə görə, prosesin Qarabağda baş tutmasına gəlincə, son dövrlər beynəlxalq hüquqa zidd olaraq əraziyə başqa ölkələrdən ermənilərin köçürülməsinə diqqət ayırmaq lazımdır: "Akopyanın bu təşviqatı gətirilən ermənilərin çox ucuz muzdlu kimi orduya cəlb olunmasına hesablanıb. Ortada qəhrəmanlıq, təntənə axtarmağa, ucuz şou düzəltməyə və bu şounun iştirakçısı olmağa dəyməz.
Sonda heç bir təhqirə yol vermədən deyim ki, son iki əsrdə erməni qadının missiyası barədə çox yazılıb, çox danışılıb, xanım Akopyan da, Paşinyan da yaxşı bilir ki, erməni qadınının "tarixi missiyası" heç vaxt səngərdə döyüşmək olmayıb. Bunu biz demirik, böyük yazıçılar, tarixçilər yazır ki, erməni kişisi öz məqsəd və maraqları üçün qadınını hər cür çirkin əmələ sövq edib, onların tarixdə rolu bu olub.
Dərindən yanaşanda, prinsipcə bu gün də tarixin təkrarlandığını, eyni proseslərin getdiyini görürük - erməni "kişisi" yenə qadını önə buraxıb. Ona görə azərbaycanlıları səngərdəki yox, evlərinə, şəxsi həyatlarına istər erməni, istər başqa millət adı ilə yol tapa biləcək "harsınlar" narahat etməlidir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Nikol Paşinyan hakimiyyətə gələndə bir açıqlama verdi və onu müəyyən müddət təkrarladı: "Bu açıqlaması ilə Paşinyan qeyd edirdi ki, münaqişənin həlli "Dağlıq Qarabağ” erməniləri, Ermənistan və Azərbaycanın maraqlarına uyğun olmalıdır. O, bu sadalamaya "Azərbaycan” sözünü artırmaqla göstərirdi ki, guya güzəştə gedir, Koçaryan və Sarkisyandan fərqlənir. Bunu bir neçə dəfə bizə minnət kimi təkrarladı ki, guya o hansısa yeniliyə imza atıb. Amma nə dəyişirdi ki, yenə də Qarabağa, Şuşaya gəlirdi. Eləcə də mərhələli həll planını qəbul etmədi. Bunun heç biri də güzəşt sayılan bilməz”.
E.Şahinoğlu vurğuladı ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan da vaxtı ilə "sülhpərvər” açıqlamalar verirdi: "Hətta Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da müraciəti olmuşdu. Amma indi əlinə silah alıb işğal edilmiş Azərbaycan torpaqlarında keçirilən hərbi təlimlərə qoşulub. Demək, bunlar düşünürlər ki, heç bir addım atmadan nə isə yumşaldıcı açıqlamalar verəndə, guya Azərbaycanın mövqeyi dəyişəcək. Lakin mövqeyimiz dəyişməyib və əsas məqsədimiz odur ki, münaqişənin həlli ilə bağlı mərhələli həll planı işə düşməlidir. Məhz onların aldadıcı fikirləri ilə mövqeyimizin dəyişmədiyini gördükləri üçün həm baş nazir, həm də Anna Akopyan əsl simalarını ortaya qoydu.
Onu da qeyd edim ki, Akopyanın əynində hərbi geyim və əlində silah olmasının heç bir mahiyyəti yoxdur və hansısa mesajdan söhbət gedə bilməz. Uzaqbaşı, demək istəyirlər ki, guya ermənilər savaşa hazırdır və heç nədən çəkinmirlər. Amma fakt ondan ibarətdir ki, müharibədən son dərəcə ehtiyat edirlər. Paşinyan anlayır ki, savaş başlasa, hansısa coğrafi mövqeləri itirsə, əsgər itkilərinin sayı çoxalsa, onun hakimiyyətinin sonun da yaxınlaşacaq”.
BƏXTİYAR



banner

Oxşar Xəbərlər