• şənbə, 20 Aprel, 11:54
  • Baku Bakı 14°C

Tarixi mənəviyyatımıza qayıdış

31.05.17 19:19 1778
Tarixi mənəviyyatımıza qayıdış
"Filologiya üzrə fəlsəfə doktoru, musiqiçi və ifaçı Fəxrəddin Salimin təqdim etdiyi konsert proqramı ümumbəşəri dəyərlərə söykənən irfan və təsəvvüf ideyasının öz milli çalarlarımızla meydana çıxmasına xidmət etməkdədir”. Milli Konservatoriyanın akt zalında keçirilən Azərbaycan sufi musiqisindən ibarət konsert qonaqlara yaşatdığı gözəl duyğular və təəssüratlarla yadda qaldı. Klassik Azərbaycan, eləcə də digər Şərq şairlərinin əsərlərindən, eyni zamanda, Fəxrəddin Salimin öz şeirlərindən istifadə olunan konsertdə səslənən musiqilərin elə müəllifin öz əsərləri olduğu bildirildi.
F.Salim konsertin iki aylıq məşq prosesində ərsəyə gəldiyini bildirdi: "Dörd əsrdən artıqdır ki, Azərbaycan musiqilərində bu tərz musiqi janrı mövcud deyil. Bütün Yaxın və Orta Şərq, keçmiş SSRİ-də yaşayan müsəlman türk xalqları istisna olmaqla, islam və qeyri-islam xalqlarının hamısında belə bir müsiqi janrı mövcuddur: təsəvvüf musiqisi, sufi musiqisi. Ancaq bu, dini musiqi deyil. Dinlə təsəvvüf fərqli şeylərdir. Hərçənd, Tanrıdan tutmuş, övliyalara qədər hamısının adı bu musiqilərdə çəkilir”. Qeyri-ənənəvi musiqi estetikası ilə çıxış edəcəklərini qeyd edən ifaçı musiqinin heç zaman ənənəvi olmadığını qeyd etdi: "Əgər musiqi ənənəvidirsə, o artıq musiqi deyil. Musiqi Günəşin şüası, fəsillərin dəyişməsi kimi hər an yenidir”.
Böyük türk ozanı Yunis Əmrənin sözlərinə bəstələnən iki ilahi ilə başlayan konsert F.Salimin rəhbərliyi, iranlı musiqiçilərin və konservatoriya tələbələrinin iştirakı ilə qeyri-ənənəvi tərzdə təqdim olundu.
Konsertdən sonra səhnəyə çıxan Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi Fəxrəddin Salimi araşdırmaçı alim və peşəkar musiqiçi kimi dəyərləndirdi: "Fəxrəddinin gözəl araşdırmaları var. Onun təşəbbüsü tələbələrimiz arasında böyük maraq oyadıb. Hesab edirəm ki, bundan sonra da ifaçı öz yaradıcılıq potensialını daha geniş şəkildə nümayiş etdirəcək”.
Xalq şairi Sabir Rüstəmxanlı "Azərbaycanın bütün köhnə musiqiləri həyata qaytarılmalı, onlara yenidən can verilməlidir” deyə bildirdi: "Mən hərdən Şah İsmayıl Xətaini oxuyuram. Bilirəm ki, o, döyüşə gedəndə ilhamla vuruşması üçün 30 sazçalan onu müşayiət edib. «Görəsən, o sazlar hansı havanı çalırdı» - deyə düşünürəm. Və ya Nəsimi şeirlərində "ənəlhəq” yazanda, hansı musiqiləri ürəyində fikirləşirdi? Çünki musiqisiz yaşayan insan yoxdur. Hər kəs yuxudan duranda mütləq içərisində bir musiqi ilə oyanır. Bu mənada Azərbaycan musiqi tarixində və ədəbiyyatında xüsusi rol oynamış irfan, təriqət, sufi ədəbiyyatı və musiqisi necədir? Bu musiqilər uzun illər yaşayıb və onların çox böyük nümayəndələri olub”. Xalq şairi xüsusən Bakıda sufi musiqisinin bərpasını təbii hesab etdi: "Sufi düşüncəsinin ən böyük filosoflarından biri Şirvanşahlar sarayında uyuyan Seyid Yəhya Bakuvidir. Bizim sufi şairlərimiz var. Nizami ən böyük sufi şairimizdir. Həmçinin Şirvanda çox böyük irfani düşüncə məktəbləri olub. Qazaxda, İncə dərəsində və Şirvanın başqa bölgələrində bu tip məktəblər fəaliyyət göstərib. Bu gün böyüyən nəsil həmin mədəniyyətdən xəbərdar olmalıdır”. Bu gün yüngül musiqilərin peşəkar, ciddi musiqilərimizi üstələdiyini təəssüflə qeyd edən S.Rüstəmxanlı muğamı, sazı və tarı yüksək qiymətləndirməyin vacibliyini dedi.
S.Rüstəmxanlı F.Salimin topladığı kollektivin sufi musiqisini dinləyənlərə sevinc bəxş etdiyini vurğuladı: «Azərbaycan xalqının qədim musiqi ənənəsi, öyrəndikcə bitməyən dəyərləri var. Biz klassik ənənələrimizin dəyərini o qədər bilmirik. Biz öz böyüklüyümüzü dəyərləndirməli, hansı millətin övladı olduğumuzu bilməliyik. Bu gün biz düşmənlə üz-üzəyik. Ona görə belə bir millətin gəncliyi daha yüksək bilgilərə sahib olmalıdır. Bu gün ermənilər musiqimizi, yeməklərimizi oğurlayırlar. Bu, təbiidir. Onlar içimizdə yaşayıblar və hər şeyi bizdən öyrəniblər. Süfrəmiz də genişdir. Hər xalq oradan bir şey götürə bilər. Ancaq biz orda dayanmamalı, daim inkişaf etməliyik”.
«Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva vaxtilə tələbəsi olan Fəxrəddin Salim haqqında ürək sözlərini dilə gətirdi: «Bəzən həyatımızda elə tələbələr olur ki, qısa müddətdə onları öyrədirik. Ancaq zaman keçir, biz onlardan öyrənirik. Fəxrəddin də belə tələbələrimdən olub”. F.Salimin "musiqi ənənəvi deyil” fikrini dəstəkləyən S.Vəliyeva "əgər musiqi ənənəvi olsaydı, bizdən başqa, yəni dini inancı olanlardan başqa heç kim onu bilməzdi. Ona görə ənənəvi deyil ki, bu, eşqdir, Tanrıya olan eşq məsələsidir. Bu, təsəvvüfdür, sufi ədəbiyyatıdır” deyə qeyd etdi. S.Vəliyeva vaxtiləNaxçıvandaən böyük təsəvvüf təriqətlərindən olan Hürufiliyinintişar tapdığını dedi: "Ən böyük sufi Naxçıvanda olub. Əmir Teymur ora "hürufilər ocağı” deyirdi. Fəxrəddin də hürufi yadigarıdır».
Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova Fəxrəddin Salimin musiqisini sevdirmək və tələbələri arxasınca aparmaq bacarığını yüksək dəyərləndirdi: «Bu keyfiyyət hər musiqiçidə yoxdur. Qan yaddaşı burda rol oynayır. Bu musiqilərə qulaq asanda «bu təkcə musiqi deyil, həyat tərzidir, həyat fəlsəfəsidir» - deyə düşünürsən. Biz bu musiqilərlə keçmişimizə qayıdırıq və fikirləşirik ki, çox möhkəm təməlimiz var. Musiqiləri dinlədikcə, şaman ənənələri yada düşür. Fəxrəddin müəllim bizi dərin qatlara aparır, bizi keşmişimizə qaytarır. Bu, gözəl ənənədir, Milli Konservatoriya bu ənənəni davam etdirməlidir”. Prorektor F.Salimə sufi musiqisi ilə bağlı elmi tədqiqatlarını davam etdirməyi arzuladı: "Sufi musiqisi ilə bağlı araşdırmaları siz apara bilərsiniz. Çünki siz bu işin içərisindəsiniz».
Konsert ümumilikdə Azərbaycan mənəviyyatının musiqi vasitəsilə vəhdəti kimi dəyərləndirildi: "Bu, təkcə musiqinin sintezi deyil, bizim tarixi mənəviyyatımıza qayıdışdır».

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər