AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Tarixi filmlər çəkməyə hazır deyilik”

“Tarixi filmlər çəkməyə hazır deyilik”

Mədəniyyət
12 Noyabr 2012, 17:05 1921
“Nə qədər ki torpaqlarımız işğal altındadır, mübarizəmiz davam edəcək! Hər kəs ölkəmizin ərazi bütövlüyünü qorumağa çalışmalıdır! Hər bir azərbaycanlı şəhidliyə hazır olmalıdır!” Bu fikirləri yeni ekranlaşdırılan “Mən evə qayıdıram” filminin leytmotivi adlandırmaq olar.
Ekran əsəri “Azərbaycanfilm”in “Salnamə” kinostudiyasında istehsal edilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsərinin montaj prosesi başa çatıb. Filmin rejissoru Samir Kərimoğlu “Azadinform”a açıqlamasında tamamlama işlərinin Almaniyada həyata keçirildiyini bildirib: “Post-prodakşın işləri, yəni rənglərin tənzimlənməsi və filmin kinolentinə köçürülməsi işini Almaniyada görürük. Çünki filmin yüksək keyfiyyətlə ərsəyə gəlməsini istəyirik. Ekran əsərinə 2013-cü ilin ilk aylarında ilk baxış keçirmək nəzərdə tutulub”. Film hərbi-vətənpərvərlik mövzusuna həsr olunub.
S.Kərimoğlu Qarabağ mövzusunda yeni filmlərin çəkilməsini qanunauyğun hal sayır: “Bu filmlə tamaşaçılara demək istəyirik ki, Vətən daim öndə olmalıdır. Nəyin bahasına olsur-olsun, Vətəni qorumaq lazımdır, bu məqsədə görə insan hər şeydən vaz keçməlidir”.
“Mən evə qayıdıram” filminin süjet xətti Qarabağ müharibəsi dövründə rus (sovet) ordusunda xidmət edən, sonra Vətənə qayıdıb ölkənin ərazi bütövlüyü uğrunda savaşa qoşulan hərbi təyyarəçimizin qəhrəmanlıq hekayəsindən bəhs edir. Ekran əsərində hadisələr aviasiya hissələrindən birində cərəyan edir. Rejissor filmdəki əhvalatların 1992-ci ildə baş vermiş real hadisələr üzərində qurulduğunu açıqlayıb. Ekran əsərində Tərlan Seyidzadə adlı zabitin qəhrəmanlığı ön plana çəkilib. Tərlan başda olmaqla 3 azərbaycanlı zabit Azərbaycan ərazisini bombardman etmək istəyən ermənilərin qarşısını alır.
Azərbaycanlı və rusiyalı aktyorların rol aldığı filmdə Xalq artistləri – Yaşar Nuri, Fuad Poladov, aktyorlar Emil Bədəlov, Murad Abdullayev, Kamran Ağabalayev, Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fyodorova, Anna Kostenko kimi tanınmış simalar yer alıb. “Mən evə qayıdıram” filminin direktoru Mahir İbrahimov, ssenari müəllifi İsmayıl Səfərəliyev, quruluşçu operatoru Almaniyada yaşayan Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Nazim Hüseynovdur. Rejissor deyir: “Müştərək işimizin bir səbəbi də yaradıcı qrupun əcnəbi üzvlərinə Azərbaycanda kino sənətinin inkişafını göstərmək, həmkarlarımızla dostluq körpüləri qurmaqdır. 5 ildən sonra artıq biz heç bir xarici ölkə mütəxəssislərinə müraciət etmədən öz filmlərimizi çəkəcəyik”.
Filmin çəkilişlərinə ötən ilin əvvəlindən başlanılıb. İki ay müddətində Quba, Xızı, Sitalçay və Kürdəmirdə çəkilişlər aparılıb. Müdafiə Nazirliyinin yardımı ilə ərsəyə gələn filmdə yeni texnologiyalar və maraqlı kompüter effektlərindən istifadə edilib.
S.Kərimoğlu Azərbaycanda tarixi və hərbi vətənpərvərlik mövzusunda film lentə almağın çətinliklərindən də danışıb: “Tarixi film çəkməyə hələ hazır deyilik. 1992-ci il yaxın keçmiş olsa da, insanların geyimi, davranışı çox dəyişib”. “Mən evə qayıdıram” filmində canlı səsyazma sistemindən istifadə olunub. Rejissor deyir ki, dünyanın inkişaf etmiş kino ölkələrində istifadə olunan bu sistem indiyədək Azərbaycanda çox az tətbiq edilib: “Çəkiliş zamanı canlı səsyazma həm çətin, həm də bahalı işdir. Bu, çəkilişin müddətini ikiqat uzadır. Filmdə əcnəbi aktyorlar da rol aldığından bu sistemdən istifadə qaçılmaz idi. Seçimlərdə filmə uyğun səs tembri olan aktyorlara üstünlük vermişik. Aktyorlar səsyazma studiyasında filmi yenidən səsləndirməyəcəklər, hər şey təbii olacaq”.