• cümə axşamı, 28 mart, 19:12
  • Baku Bakı 13°C

Tarixdən ibrət götürmək, dərs almaq gərəkdir

05.06.20 14:10 6285
Tarixdən ibrət götürmək, dərs almaq gərəkdir
Millət vəkili Sahib Alıyev: "Tarix səhvlərindən düzgün nəticə çıxarmayanları çox amansız şəkildə cəzalandırır”
Prezident İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşərkən Azərbaycanın tarixi torpaqlarının zaman-zaman Ermənistana verilməsi, Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğal edilməsi faktına diqqət çəkib. Bildirib ki, bu tarixi faktları unutmaq və bağışlamaq qeyri-mümkündür. Prezident qeyd edib ki, indiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Onun sözlərinə görə, XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələr də göstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürüldüyünü dilə gətirən Prezident İlham Əliyev 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidənin ucaldıldığını xatırladıb. İrəvanın qədim Azərbaycan şəhəri olduğunu qeyd edən dövlət başçısı bildirib ki, əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası (ADR) İrəvanın Ermənistana verilməsi, bağışlanması barədə qərar qəbul etməzdi: "...Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimizin Ermənistana verilməsi düzgün addım olub? ...Bunu unutmaq və bağışlamaq da olmaz. Guya bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! ...Azərbaycanın qədim diyarı Zəngəzur da Ermənistana verildi və bununla da böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi”.


Cümhuriyyət qurucularının ən böyük arzusu reallaşıb

Əsrin əvvəllərində ADR hakimiyyəti tərəfindən bağışlanmaz güzəştlərin edilməsi mövzusu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili Sahib Alıyevbildirib ki, indiki Ermənistan dövlətinin bütün ərazisi, o cümlədən paytaxt İrəvan qədim, tarixi Azərbaycan torpaqlarıdır. Onun fikrincə, İrəvanın Ermənistana güzəştə gedilməsi tarixi faktdır və bunu kimsə inkar edə bilməz: "Demokratik Cümhuriyyət dövründə İrəvanın Ermənistana verilməsi məsələsini cənab Prezident dilə gətirəndə mahiyyətcə antimilli şura olan təşkilatda toplaşanlar iddia edirlər ki, guya ölkə başçısı bununla Azərbaycan xalq cümhuriyyəti qurucularını aşağılayır. Əsla belə deyil. Azərbaycan xalq cümhuriyyəti qurucularını aşağılamaq istəyən lider o tarixlə qürur duyduğunu dilə gətirməz. Azərbaycan xalq cümhuriyyəti qurucuların aşağılamaq istəyən lider onların ən böyük amalı olan Azərbaycanın dövlət quruculuğunda, müstəqilliyində bu dərəcədə mühüm rol oynamaz. Bu gün Azərbaycan regionun lider dövlətdir. Müasir Azərbaycan müstəqillik baxımından postsovet ölkələrinin əksəriyyətindən ən güclü siyasət yeridən dövlətdir. Bu, Cümhuriyyət qurucularının ən böyük arzusu, amalı və hətta yuxularına girməyən reallıq deyildirmi? O arzunu kim reallaşdırdı? Birmənalı olaraq ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev. Cümhuriyyətin layiqli varisi olmaq, əsil varislik bu deyilmi? İndi bəziləri varis kimi özlərini ortaya atmağa çalışırdılar. Onlar varis deyillər. Məhəmməd Əmin Rəsulzadə Hitler Almaniyası Azərbaycan müstəqilliyini təhdid etdiyinə görə onlarla əməkdaşlığa getmədi. Amma özlərini Məhəmməd Əmin Rəsulzadə, Cümhuriyyət qurucularının davamçısı kimi təqdim edən antimilli şuradakılar bunun əksini ortaya qoyur, "beşinci kolon”un təsisçiləri qismində çıxış edirlər. Başqa dövlətlərin bəlli strukturu altında öz ölkəsinə qarşı fəaliyyət göstərən, öz dövlətlərinin marağını istənilən an satmağa hazır olan adamlardır həmin antimilli şuradakılar. Bunlar haradan cümhuriyyət qurucularının varisləri ola bilərlər?”.


Azılərbaycan işğal faktı ilə barışmayacaq

S.Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin cümhuriyyət tariximizlə bağlı bəzi məqamları dilə gətirməsinin başlıca məqsədi tarixdən ibrət götürmək, dərs almaqdır: "Çünki tarix onun səhvlərindən düzgün nəticə çıxarmayanları çox amansız şəkildə cəzalandırır. Necə ki, bizi xalq olaraq bir neçə dəfə cəzalandırıb. Əksinə, nəticə çıxaranlar mükafatlandırılır, uğur qazanırlar. O dövrdə İrəvanın verilməsinə şərait yaradan hərəkətlərə yol vermək olmazdı. Elə edildi ki, bir də zəif, başı pozuq, dağınıq olaq, yenə də kimlərsə bizim torpaqlar hesabına öz maraqlarını reallaşdıra bilsin. Cənab prezident belə bir mövqe ortaya qoymaqla açıq şəkildə göstərir ki, o, torpaq məsələsində heç vaxt, heç bir gücə güzəştə getməyəcək. Heç bir beynəlxalq təhdidlərə, heç bir güclü dövlətin təsirinə düşməyəcək. Bu o deməkdir ki, o, Azərbaycan torpağının işğal altında qalması ilə barışmayacaq. Cənab prezidentin İrəvan, Zəngəzur və Göyçə ilə bağlı səsləndirdiyi fikirlər var. Bunlar o deməkdir ki, Prezident İlham Əliyev azərbaycanlıların sadəcə Ermənistan işğalı altındakı Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması məsələsini hədəfləmir. Cənab Prezident, Ali Baş Komandan eyni zamanda, azərbaycanlıların Ermənistan adlandırılan doğma yurd yerlərinə qaytarılması məsələsi yönündə də bütün gücü ilə çalışır. Əminəm ki, bu səylər öz nəticəsini verəcək”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər