• cümə, 29 Mart, 00:06
  • Baku Bakı 7°C

Tarix yazan qüdrətli şəxsiyyət

12.12.17 10:00 6193
Tarix yazan qüdrətli şəxsiyyət
Tarixi həmişə şəxsiyyətlər idarə etmişlər. Şəxsiyyətlərsiz tarix yoxdur. Bəşər tarixinə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafında, bütün sivilizasiyaların meydana gəlməsində şəxsiyyətlər böyük rol oynayır. Əsrlərin təcrübəsi göstərir ki, ayrı-ayrı ölkələrin, bölgələrin tərəqqisinə xidmət etmiş şəxsiyyətlər, nəticə etibarilə, bütün dünyanın inkişafına töhfə vermiş olurlar.
Dünyanın indiyədək yetirdiyi tarixi şəxsiyyətlərin böyük bir qismi mənsub olduqları xalqların taleyində həlledici rola malik olduqlarına, kritik məqamlarda bütöv millətlərin xilaskarı kimi çıxış etdiklərinə görə, xüsusilə seçilirlər və həyata keçirdikləri tarixi missiya həmişəlik yaddaşlarda qalır.
Hegel o adamları dünya miqyaslı tarixi şəxsiyyət adlandırır ki, onların ideyaları, məqsədləri ən ümumilik, ictimai zərurilik məziyyətinə malik olsun. Heydər Əliyevi fərqləndirən cəhətlərdən biri də məhz, bir ideya generatoru olaraq, xüsusi halları ümumi ideyaların məcrasına yönəltmək istedadıdır. O, öz fəaliyyətində həmişə ictimai-tarixi zərurətdən çıxış etmişdir. Onun ideyaları bir tərəfdən ictimai-tarixi reallığı özündə əks etdirir, digər tərəfdən də bu reallığın sonrakı gedişatını öz təsir dairəsinə salır, ideya ilə reallıq arasında müntəzəm bir əks-əlaqə yaratmış olur.
Bu mənada, Heydər Əliyev dövrünün ən qüdrətli tarixi şəxsiyyətidir. O, ağıllı, təcrübəli, siyasi situasiyalardan baş çıxaran bir şəxsiyyətdir. Heydər Əliyev həmişə hadisələri öz nəzarətində saxlayan, ona istiqamət verən şəxsiyyətlərdəndir. Dünya ölkələrinin rəhbərləri də bunu çox gözəl bildikləri üçün həmişə Heydər Əliyevə böyük hörmətlə yanaşmış və ona qarşı diqqətli olmuşlar.
Allah tarixi şəxsiyyətləri dünyaya böyük işlər görmək üçün göndərir. Onların qarşısında olan vəzifələr nə qədər çətin, mürəkkəb olsa da, həmin işlərin öhdəsindən şərəflə gəlirlər. Heydər Əliyevin dünyaya gəlişini də yaradanın Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyət kimi qəbul etmək olar. Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salarkən, aydın görünür ki, onun tarixi bir şəxsiyyət kimi yetişməsində milli-mənəvi dəyərlərin, soykökə bağlılığın rolu böyükdür.
Daxilində vətən, xalq sevgisi çağlayan bu insan, bütün əmək fəaliyyəti boyu milli dəyərlərə sayğı ilə yanaşmış, mövcud reallıqlara baxmayaraq, həmişə müstəqilliyimizi düşünmüşdür. O, uzun illər ərzində Azərbaycanın dünya dövlətləri arasında öz yerini tapması uğrunda fəal mübarizə aparmış, bu yolda əziyyətlər çəkmiş, lakin məramından dönməmişdir.
Yenilməz, tədbirli sərkərdə, dünyanı parlaq zəkası ilə heyrətə salan dahi şəxsiyyət Heydər Əliyev öz xüsusiyyətlərinə görə, tarixdə xüsusi bir iz qoymuşdur. Azərbaycan tarixinin 35 ili - 1969-cu ildən 2004-cü ilədək ölkəmizin ictimai, siyasi-iqtisadi, ictimai-mənəvi həyatında baş verən inkişaf məhz onun adı ilə bağlıdır.
Heydər Əliyev nə edirdisə xalqın, ölkənin gələcəyi üçün edirdi. Bu tarixi şəxsiyyət, uzun illər yorulmadan, usanmadan, səhhətini düşünmədən bütün fiziki və əqli gücünü Azərbaycanın inkişafına həsr etdi və bu yolda atdığı hər bir addım onu müqəddəslik zirvəsinə qovuşdurdu.
Tarixi faktlara əsaslanaraq demək olar ki, Azərbaycan xalqının gələcəyi naminə ölkənin düşdüyü çox mürəkkəb, lakin şərəfli tarixi bir vəzifənin öhdəsindən yalnız və yalnız beynəlxalq aləmdə tanınmış, qüdrətli zəka sahibi, görkəmli dövlət xadimi kimi formalaşmış, əqidəcə sağlam, geniş və hərtərəfli dünyagörüşə malik, təcrübəli siyasətçi Heydər Əliyev gələ bilərdi.
Danılmaz həqiqətdir ki, Heydər Əliyevin, milyonlarla insanın ümid çırağı, millətin tərbiyəçisi, müəllimi və rəhbəri kimi nadir keyfiyyətlərə malik zaman yaddaşında əbədilik hüququ qazanması, tükənməz istedadı, zəngin təcrübəsini azad, müstəqil, dünya sivilizasiyasına qovuşmuş bir dövlət qurmağa sərf etməsi və xalqının xilaskarı olması tarixi faktlarla sübuta yetirilir.
Faktdır ki, ümummilli liderimizin fenomenal yaddaşa, qeyri-adi istedada və biliyə malik olması, dəfələrlə ən çətin problemlərin həlli zamanı mənəvi qələbəni xalqımıza qazandırıb, müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməsi məhz onun böyük tarixi xidmətlərindəndir.
İnandırıcı faktlarla təsdiq edilir ki, Heydər Əliyev diplomatik çəkişmələrdə ən uğurlu variantlardan məharətlə istifadə edərək, siyasəti özünün istədiyi məcraya yönəltməyi bacarmış və bununla da ümumdünya siyasətində pozulmuş tarazlıq bərqərar edilmişdir.
Əgər Heydər Əliyev 1969-1982-ci illərdə bir respublikaya - Azərbaycana rəhbərlik edirdisə, 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ali vəzifə kürsüsünə qalxdıqdan sonra 15 nəhəng respublikanın son dərəcə genişmiqyaslı, çoxşahəli sahələrinə nəzarət və rəhbərlik etmiş, Siyasi Büroda Orta Şərq və İslam dünyası üzrə müşavirlik vəzifəsini böyük məsuliyyətlə yerinə yetirmişdir. Liviya, Pakistan, İordaniya, Misir, İraq kimi ölkələrdə dəfələrlə rəsmi səfərlərdə olarkən, o, müsəlman qardaşların vəziyyətləri ilə şəxsən maraqlanmış, məlumat toplamış və həmin ölkələrdə bir neçə dövlət çevrilişinin qarşısını almışdı.
Heydər Əliyev yazırdı: "Bu xarici səfərlər və bu sahədə gördüyüm işlər məni İslam dünyasına tanıtdı. İslam dinamizmi Orta Şərqin qarışıq, az qala hər gün dəyişən qeyri-sabit siyasi fəaliyyətindən sıyırıb, gələcək üçün böyük işlər vəd edirdi”.
Antik yunan qəhrəmanlarından biri - Antey gücünü torpaqdan alırdı. Nə qədər ki, ayaqları yerdədir, o, yenilməzdir, məğlubedilməzdir. Heydər Əliyev şəxsiyyətinin sirrini də onun xalqla bağlılığında axtarmaq, bunda görmək lazımdır.
1994-cü ilin oktyabr ayında Heydər Əliyevin xalqa müraciətini xatırlayaq. O hüznlü, kədərli, ancaq qətiyyətli və məğrur səsin ehtizazı hələ də qulaqlarda cingildəyir. Birbaşa xaricdən yönəldilən mürtəce qüvvələr zor işlədərək, silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərirdilər. Kiçik bir qığılcım bəs idi ki, "yanğın” ölkənin hər yerinə yayılsın. Azərbaycan dövləti təhlükə altında idi. Belə ağır bir məqamda Prezident xalqa müraciət edirdi: "Əziz həmvətənlər, bacılar, qardaşlar! Sevimli Azərbaycan xalqı... Atalardan qalmış müdrik məsəl var: El gücü, sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır!” Sözlər ən adi sözlər idi, ancaq bu sözlərdəki həyəcan, bu sözlərdəki sadəlik və dəmir məntiq qəlblərə işləyirdi. Çətin günlər üçün doğulan və çətin günlər üçün yaşayan insanlar ağır sınaq dəqiqələrində daha mətin, daha cəsur və daha uzaqgörən olurlar. Prezidentin o axşamkı çıxışının gücü, təsiri sadəliyində, həqiqiliyində və xalqa inamında idi.
Dünyanın ən ağıllı adamları belə hesab edirlər ki, idarəetmədə işi bacarıqla təşkil etmək lazımdır. İ.Pavlovun dediyi kimi, hər bir işdə ardıcıllıq, təvazökarlıq və ehtiras olmalıdır. "Qəzəb, kin gücsüzlüyün silahıdır”, "Təbiət zəhəri sürünənlərə vermişdir. Güclülərin ona ehtiyacı yoxdur” - deyə A.Mitskeviç yazırdı.
Alman yazıçısı İ.Haur yazırdı: "Hirsli olanda heç bir işə başlamaq olmaz. Fırtına zamanı gəmiyə minənlər axmaqdırlar. Özündən çıxan, ayaqlarını yerə döyən, insanlıq simasını itirənlər yaxşı adam deyil” (1990-1992-ci illərin parlament iclaslarını yadınıza salın).
Deyirlər Napaleon Yaffa adasını mühasirəyə alanda, öz general vicdanına and içmişdi ki, yaffalılar təslim olsalar, onları öldürməyəcəkdir. Yaffalılar Bonaparta inanmışdılar. Napoleon üç gün əsirlərə əl vurmamış, üç gündən sonra isə aylı bir gecədə onların hamısını (on beş min nəfərini də) dəniz sahilində güllələmişdi.
Tarixçilərin yazdığına görə, Şərq fatehi Teymurləng 30 ildə bir dəfə də olsun gülümsəməmişdi. Teymurləng piramida düzəltməyi çox sevirdi. Amma fironların qullarının ucaltdığı daş piramidalardan yox, insan kəlləsindən.
Müqayisə üçün təkcə bir faktı xatırlamaq yerinə düşər. Şərqdə ölüm hökmünün ilk dəfə məhz bizim ölkədə ləğv edilməsi Heydər Əliyevin tarixi xidmətlərindəndir. Bu fakt ulu öndərimizin böyük humanist siyasətindən, insan hüquqlarına sadiqliyindən soraq verir.
Bütün bunlara görə, Heydər Əliyevi Azərbaycan xalqının, bütövlükdə dünyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tam haqlıdırlar. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm yaddaşa malik olan bu böyük insanın bütün fəaliyyəti doğma xalqına sədaqətlə xidmətin parlaq nümunəsidir.
Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana tanıdan Heydər Əliyev, böyük insan və nüfuz sahibi kimi dünyanın bir çox ölkələrinə səfərləri, uzaqgörən taktika və strateji siyasi gedişləri, proqram xarakterli dərin məzmunlu nitqləri ilə hər bir azərbaycanlının qəlbində qürur hissi xatırlanır.
Zirvədə dayanıb uzağı görmək, müdriklik, təmkinlik, dəyanət Heydər Əliyevin başlıca xüsusiyyətidir. Qədim Çin alimi Sui Tazinin qiymətli kəlamı var: "Hər şeyi götür-qoy etmədən döyüşə atılan adamın qalib gəlmək ehtimalı cüzidir”. Hadisələri qabaqlamaq, onun önündə getmək sayəsində bu böyük insan, dünyanın ən nüfuzlu tarixi şəxsiyyətlərindən birinə çevrilmişdir.
Böyük vətəndaşlıq duyğuları ilə milli liderimiz tərəfindən əsası qoyulan düzgün daxili və xarici siyasət sayəsində, bu gün Azərbaycan tərəqqi yolu ilə gedir.
Etiraf etmək lazımdır ki, Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdursa, onun layiqli davamçısı İlham Əliyev bu təməlin üzərində möhtəşəm bir bina ucaldır. Bunu deməyə əsas odur ki, İlham Əliyev həm Heydər Əliyev məktəbinin ən layiqli məzunu, həm də bu gün dünyanın yeni nəsil siyasətçiləri sırasında ən güclü şəxsiyyətlərdən hesab olunur.
Xalqımız illər ötdükcə Heydər Əliyevin xeyirxah fəaliyyətinin bir daha şahidi olur, sözün həqiqi mənasında onun tarix yaradan qüdrətli şəxsiyyət olduğunu aşıq-aşkar başa düşməklə, öz xoşbəxt gələcəyinə inanır və sabaha doğru inamla irəliləyir.
FİZULİ İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə HallarNazirliyinin Akademiyasının Humanitar fənlərkafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər