• cümə, 29 Mart, 11:38
  • Baku Bakı 5°C

TAP Azərbaycan üçün strateji layihədir

02.07.13 09:29 2032
TAP Azərbaycan üçün strateji layihədir
Məlum olduğu kimi, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Şahdəniz” konsorsiumunun son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirdiyini və TAP (Trans Adriatic Pipeline) üzərində dayandığını bəyan etdi. Rəsmi Bakı da “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını açıqladı. Sözügedən hadisənin Azərbaycan üçün əhəmiyyəti, Avropanın qaz təchizatında TAP-ın rolu, Rusiya-Azərbaycan münasibətlərinə TAP-ın təsiri, Türkmənistan qazının da bu boruya vurulması ehtimlı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırır.
- Vüqar müəllim, ilk öncə sözügedən hadisə barədə təəssüratınızı bilmək maraqlı olardı.
- TAP layihəsinin seçilməsi ilə bağlı iyunun 28-də rəsmi mərasim oldu. “Şahdəniz” konsorsiumu TAP layihəsinin seçilməsi barədə məlumat verdi. Bəlli oldu ki, yaxın gələcəkdə Azərbaycanın mavi qazı Avropa bazarına NABUCCO-WEST deyil, TAP layihəsi vasitəsilə çıxarılacaq. Buna qədər isə konsorsium əsasən iki layihəni - NABUCCO-WEST və TAP-ı qiymətləndirirdi. Birinci layihə BP tərəfindən irəli sürülmüş ideya idi. Bu, NABUCCO-ya alternativ, bir növ adıçəkilən layihənin qısaldılmış forması kimi təqdim olunurdu. NABUCCO-nun imkanlarının, ötürmə qabiliyyətinin yüksək olacağı, eyni zamanda daha böyük xərc tələb edəcəyi proqnozlaşdırılırdı. BP və konsorsiuma üzv olan digər şirkətlər bu səbəbdən NABUCCO-WEST layihəsini təklif edirdilər. Belə bir vaxtda Norveçin, İsveçin və Almaniyanın şirkətləri birlikdə TAP konsorsiumu yaradaraq, eyniadlı layihəni təklif etdilər. NABUCCO-WEST və TAP-ın fərqinə gəldikdə, hər iki layihə Azərbaycan qazının Avropaya çıxarılmasını özündə ehtiva edir. Sadəcə, NABUCCO-WEST daha çox Mərkəzi Şərqi Avropanın mavi yanacağa olan tələbatının ödənməsinə hesablanmışdı. Türkiyə vasitəsilə mavi yanacaq Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa və son olaraq Avstriyaya ötürüləcəkdi. Lakin TAP layihəsi Türkiyə, Yunanıstan, Albaniya və İtaliya vasitəsilə Azərbaycan qazını Avropaya çıxaracaq. Eyni zamanda daxili şəbəkə vasitəsilə hələlik Bolqarıstana, sonradan Macarıstana ötürülməsi də TAP layihəsinin əsas elementlərindən biridir. Bu qərarın verilməsində Azərbaycan tərəfinin mövqeyi mühüm idi. Çünki “Şahdəniz” konsorsiumunda Azərbaycan Dövlət Neft Şirkəti aparıcı qurumlardan biridir.
- Azərbaycan üçün TAP-ın iqtisadi və siyasi əhəmiyyəti nədən ibarətdir?
- NABUCCO-WEST-lə müqayisədə TAP boru kəməri 450 kilometr qısadır. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir. Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, TAP layihəsi vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb. Bu da Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, birmənalı şəkildə bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də Bosniya və Hersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır. Halbuki, əvvəllər bir bazardan asılılıq ölkəmizə mavi yanacağın qiyməti ilə bağlı öz şərtlərini diqtə etməsinə imkan vermirdi. İndi isə Azərbaycan qazını istədiyi qiymətə bazara çıxara biləcək. Xatırladım ki, Prezident İlham Əliyev də ölkəmizin mavi yanacaq strategiyasında yalnız Azərbaycanın maraqlarına uyğun olan qiymətlə qazın xarici bazarlara çıxarılmasına üstünlük veriləcəyini bəyan etmişdi. Bu baxımdan, Azərbaycan TAP layihəsinə qoşulmaqla, praktiki olaraq bu hədəfə çata bildi. Ən nəhayət, TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bu, Avropa bazarına ilk daxilolma sayılacaq. TAP-ın siyasi üstünlüklərinə gəlincə, Azərbaycan bu layihə vasitəsilə Avropa Birliyinin enerji siyasətinə dəstək verəcək. Artıq oktyabr ayında TAP layihəsi ilə bağlı imzalanma mərasimi olacaq. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək.
- Bəs, Avropa üçün TAP nə dərəcədə əhəmiyyətlidir?
- Əvvəla, bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Asiyada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək.
- Hazırda Avropaya ən böyük qazı Rusiya ixrac edir. TAP layihəsinin reallaşması nəticəsində Azərbaycan da bu bazara mavi yanacaq çıxaran ölkəyə çevriləcək. Sizcə, belə vəziyyət qaz siyasəti ilə Avropanı özündən asılı saxlayan Rusiyanı qıcıqlandırmayacaqmı? TAP layihəsinin seçilməsi Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcəkmi?
- TAP layihəsinin seçilməsi Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə səbəb olmayacaq. Çünki TAP Rusiyanın qıcıqlandıracaq layihə deyil. TAP daha çox İtaliya bazarına hədəflənib. Düzdür, Rusiya da İtaliya bazarına çıxmağı planlaşdıran bir ölkə idi. Azərbaycanın bu bazara çıxışı Rusiyanın istəyini arxa plana saldı. Amma gələcəkdə bu layihə Rusiyanı məcbur edəcək ki, növbəti mərhələdə Cənub Axını layihəsini təxirə salsın, bu istiqamətdə müzakirəni dayandırsın. Yaranmış vəziyyət imkan verəcək ki, Rusiya Mərkəzi Şərqi Avropa ölkələrinə, bu bazara çıxsın. Bu imkanın olması Rusiyanı TAP-a qarşı qıcıqlandırıcı mövqe sərgiləməkdən çəkindirir. Bir sözlə, rəsmi Moskva TAP-ın reallaşmasını arzulamasa da, onun reallaşmasına qarşı əmək də sərf etmirdi. Avropa Birliyi isə TAP layihəsinin seçilməsində maraqlı tərəf idi. Çünki bu, bayaq qeyd etdiyim kimi, Avropanın enerji siyasətinə, enerji təhlükəsizliyinə xidmət edəcəkdir. Paralel olaraq, TAP layihəsinin reallaşmasından Türkiyə və Gürcüstan kimi ölkələr də gəlir əldə edəcəklər. Bununla yanaşı, TAP vasitəsilə ixrac olunan qazın müəyyən hissəsi həmin ölkələrin daxili istehlakı üçün istifadə olunacaq. Həmçinin, TAP boru xəttinin çəkilməsi onun keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni iş yerinin açılması gözlənilir. Şirkətlər səviyyəsində isə TAP layihəsi imkan verəcək ki, SOCAR Avropa Birliyi ölkələrinin bazarlarına çıxsın, investisiya yatıra bilsin. Bütün bunları nəzərə alaraq demək olar ki, TAP Azərbaycan üçün strateji layihədir. Bu layihə üzərində dayanmaqla, rəsmi Bakı siyasi-diplomatik addım atdı. Həm bölgədə aparıcı qüvvələrlə, o cümlədən Rusiya və Avropa Birliyi ilə münasibətlərini əvvəlki səviyyədə saxladı, hətta yaxşılaşdırdı, həm də iqtisadi gəlir əldə etmə imkanını genişləndirdi.
- Azərbaycan TAP-ı deyil, NABUCCO-WEST-i seçsəydi, şimal qonşumuz bundan narazı qalardımı?
- Təbii ki, Azərbaycan NABUCCO-WEST-i seçsəydi, Rusiya bundan olduqca narazı qalacaqdı. Rəsmi Moskva birmənalı şəkildə bu layihəyə qarşı idi. Hətta bu layihənin reallaşmaması üçün bütün imkanlarını səfərbər edirdi. Çünki NABUCCO-WEST Rusiyanın Mərkəzi Şərqi Avropadakı maraqlarına müəyyən qədər zərbə vurmuş olurdu. Ona görə də hər vasitə ilə buna mane olurdu. Rusiyadan fərqli olaraq, Azərbaycan üçün NABUCCO-WEST və ya TAP-ın ciddi fərqi yox idi. Azərbaycan birmənalı olaraq Avropa bazarına çıxış əldə etmək istəyirdi. Bu baxımdan rəsmi Bakı iqtisadi baxımdan daha rentabelli TAP üzərində dayandı. Kifayət qədər strateji və diplomatik addım atıldı. Nəticədə həm Rusiya narazı salınmadı, həm də Azərbaycan Avropa bazarına çıxış imkanı qazandı.
- Bütün baş verənlərdən sonra NABUKKO və ya NABUCCO-WEST layihəsinin artıq öz aktuallığını itirdiyini söyləmək olarmı?
- Əslində NABUCCO-WEST-in gündəmə gəlməsi NABUCCO-nu gündəmdən çıxarmışdı. TAP layihəsinin seçilməsi isə birmənalı şəkildə ondan xəbər verdi ki, əvvəlki iki layihə aktuallığını itirdi.
- Gələcəkdə Türkmənistan qazının da TAP-la Avropaya nəqli mümkündürmü?
- Əlbəttə mümkündür. Nəzərə alınmalıdır ki, TAP-ın ötürmə qabiliyyəti gələcəkdə 60 milyard kubmetrə qədər yüksələcək. “Şahdəniz”in ikinci fazası, eləcə də “Abşeron” yatağı istismara veriləndən sonra Azərbaycan digər bazarlara da çıxış imkanı əldə etmək istəyəcək. Bununla yanaşı, Rusiya bazarına çıxışı, Azərbaycanın daxili tələbatını da nəzərə alsaq, TAP boru kəmərinin tam istifadəyə verilməsi üçün Türkmənistan və İraq qazının bu kəmərə qoşulması mümkündür, arzulanandır. Ona görə də güman ki, növbəti mərhələlərdə Türkmənistan qazı da TAP vasitəsilə Avropa bazarına çıxarılsın.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər