• cümə axşamı, 18 aprel, 17:28
  • Baku Bakı 22°C

Tanrıların kasıblamış vətəni

09.06.16 11:57 2098
Tanrıların kasıblamış vətəni
Avropanın tarixi mərkəzinə - Yunanıstana səfərimlə bağlı ölkənin Azərbaycandakı səfirliyindən Şengen vizası alarkən kiçik bir problem yaşadım. Xarici pasportumda Şimali Kipr Türk Cümhuriyyətinin sərhəd-keçid məntəqəsinin möhürü olduğundan səfirlik pasporta viza vurmaqdan imtina etdi: «Biz bu möhürün olduğu pasportlara viza vermirik. Ancaq sizə viza verilərsə, ayrıca kağız üzərində veriləcək”. Vizanı ayrıca kağız üzərində aldıqdan sonra Kiyev Hava Limanından Afinaya transfer uçuş öncəsi, həmçinin Afina Hava Limanının sərhəd-keçid məntəqələrində «Yunanıstana getməkdə məqsədiniz nədir?», «Niyə məhz Afina?», «Nə üçün viza ayrıca kağız üzərindədir?» və s. tipli xeyli sorğu-suala tutuldum. Nəhayət, səfərin məqsədini anlayıb, ölkəyə turist kimi daxil olmaqdan başqa bir niyyətimin olmadığını başa düşüncə girişimə izn verildi.

2006-cı ildən başlayan böhran

Venizelos Beynəlxalq Hava Limanı paytaxtdan təxminən 40 dəqiqəlik məsafədə yerləşir.

Yeni və müasir hava limanının 2000-ci ildə başa çatan tikintisinə almanlar kömək ediblər. Köhnə hava limanı şəhərin mərkəzindən 10-15 dəqiqəlik məsafədə yerləşir. «Afinada maraqlı çox şey var. Yetər ki, onları görməyə, tapmağa həvəsin və imkanın olsun”- deyə "Renti Tur”un əməkdaşı İoannis Barzalis bildirir.
Şəhərin tarixi mərkəzinə çatana qədər paytaxtın ilk baxışdan darıxdırıcı görünən kənar həyatı ilə tanış oluram. Zavod və fabrik binaları, sənaye tikililəri məni qədim tarixin səhifələrində əbədi yer alan şəhərə dogru aparır. Yunanıstanın tarixi isə Afinanın mərkəzindən başlayır. Müdriklərin, dahilərin, tanrıların vətənini ziyarət etmək üçün hər il milyonlarla insan bu ölkəyə qədəm qoyur.

Hər daşı tarix olan Afinanın əzəməti ilk baxışdan hiss olunur. Şəhərin mərkəzində yerləşən hoteldə qeydiyyata düşdükdən sonra vaxt itirmədən Yunanıstanı dünyaya tanıdan Akropol meydanını gəzintiyə çıxıram. Şəhərdə 35 dərəcə istilik var. Deyilənə görə, son 5-6 ildə may ayından başlayaraq havanın temperaturu 35 dərəcədən artıq olur, avqustda 45 dərəcəyə çatır: «Bu ölkəyə gələnlər özləri ilə çətir, həsir şlyapa və idman ayaqqabısı götürürlər. Dolu su şüşəsi də yanlarında olmalıdır”.

Şəhərdəki əksər binalar eyni layihə üzrə tikiliblər. 4-5 mərtəbədən hündür binaya rast gəlməzsən. Yunanlar tarixi mərkəzlərini qoruyurlar. Yeni tikililər və ya tikinti işləri gözə dəymir. İoannis deyir ki, bütün binaların bünövrəsi dəmir-betondandır və tanınmış memarlar tərəfindən layihələndirilib: "Yunanıstan zəlzələyə həssas bölgə olduğu üçün binaların təməli möhkəm qurulur. Dənizdə tez-tez zəlzələlər baş verir. Ölkədə böhran baş verdiyindən demək olar ki, yeni binalar tikilmir. Böhran bizdə 2006-cı ildən başlayıb. 2001-ci ildən isə biz Avropa İttifaqının üzvüyük. 2010-cu ildən bəri böhran daha da dərinləşib. Ona görə də bu gün çox nadir hallarda tikintilər gedir. Bahalıq və vergi faizləri bu cür yeniliklər etməyə imkan vermir”.

İnsanlar çətin yaşayır

Şəhərdəki hotellərdə, dükanlarda əsasən yaşlı insanlar işləyir. Suvenir dükanlarının isə əsas satıcıları qocalardır. Mehriban qocalardan biri: «Bizim pulumuz olmadığı üçün səyahət edə bilmirik», - deyə gileyləndi. Yaşlı yunanlar pozuq ingilis dilində ölkələrinin tarixi və mədəniyyəti ilə fəxr etdiklərini deməklə bərabər iqtisadi böhranın gətirdiyi problemlərdən də şikayətlənirlər.

"İqtisadi böhran Yunanıstanın həyatını dəyişib”, –deyə İoannis mənimlə söhbətində deyir. Belə ki, son illər Yunanıstanda iqtisadi böhran bütün sahələrdə hiss olunur və get-gedə dərinləşir. İoannisin dediyinə görə, küçələrdəki turistlərin çoxluğu heç də iqtisadi böhranın aradan qalxmasında rol oynamır. Ölkədə vergilər çox yüksəkdir: «Ölkə gəlirinin 60 faizi turizmin hesabınadır. Vergilər isə çox yüksəkdir. 25 faiz vergi tutulur. Artıq vergi 1 faiz də artdı. Turizm gündən-günə inkişaf edir, ancaq bu inkişaf özünü göstərmir. Belə şəraitdə işləmək çox çətindir”. Yunanıstanda 12 milyon əhalinin olduğunu deyən İoannis onlardan yalnız 500 mininin çox əla yaşadığını bildirir. Belə ki, böhran onlara heç bir təsir göstərməyib: «Allah bilir ki, onların gəlirləri hardandır. Heç kim onların zənginliyini, qazanclarının haradan gəldiyini mühakimə etmir. Onlar bahalı rayonlarda yaşayırlar”.

Bu ölkədə insanlar 2-3 yerdə işləməyə məcbur olurlar. Qocalar təqaüdə çıxandan sonra da işləyirlər. Çünki aldıqları 500 avro təqaüd onlara bəs etmir. İoannisin bildirdiyinə görə, ölkədə ən aşağı əməkhaqqı 340 avrodur. Ən yüksək əməkhaqqını isə həkimlər, hüquqşünaslar və müəllimlər alır. Bank sektorunda çalışanların əmək haqları 700-800 avro təşkil edir. Bir mənzilin kirayəsi ən sadə rayonda 220-240 avrodur: "Bu, Avropada yaşamaq üçün çox aşağı məbləğdir. İnsanlar çox çətin yaşayırlar”.

Miqrant axını

Avropanın miqrant problemi Yunanıstandan da yan keçməyib. Böhrana baxmayaraq, Suriya qaçqınları bu ölkəyə də gəlirlər: «Hazırda 50 mindən çox qaçqın bura üz tutub. Ancaq onların qarşısını tamamilə kəsmək də olmaz. Çünki insanlar dənizdə batırlar. Nə qədər insanlar, xüsusən uşaqlar məhv olublar. Bu, insanlığa sığmır. İndi Suriyadan gələnlər üçün isə müsbət heç bir şey yoxdur. Çünki onlar burada iş tapa bilməyəcəklər. Düzdür, Almaniya və başqa ölkələr bu məsələdə Yunanıstana kömək etməyə çalışırlar. Ancaq bu, problemin tam həlli deyil. Həmçinin Türkiyə də miqrantlar üçün yollar axtarır. Onlar şəhərin kənarında qurulan düşərgələrdə yaşayırlar. Biz Avropa İttifaqının üzvü olduğumuz üçün dövlət bununla bağlı müraciət edərək: «Siz təkcə bizə yox, həm də bu insanlara kömək etməlisiniz», - deyib. Qurum rəsmiləri isə: «Bu, sizin probleminizdir, onlar sizə gəliblər, özünüz də həll edin»,- deyə cavab veriblər. Yunanıstan onlardan bu insanların yemək-içməyi və saxlanması üçün müəyyən məbləğ istəyir, qurum isə: «Bu, sizin probleminizdir»,- deyir”.
İoannisın bildirdiyinə görə, Yunanıstana həmçinin Özbəkistan, Azərbaycan, Rusiya və Afrika ölkələrindən gələnlər var. Yunanıstana nisbətən öz ölkələrindəki vəziyyəti daha pis hesab edənlər buralara üz tuturlar: "Bizim üçün də çətindir, çünki böhran yaşayırıq. Yunanıstanda iş tapmaq mümkün deyil”.

Azərbaycanlılara gəlincə, burada yaşayan soydaşlarımız çox illər əvvəl Yunanıstana gələnlərdir. Onlar müxtəlif sahələrdə işləyirlər. Vətəndaşlıq alanları da var. İoannis deyir ki, orta və ali məktəbi qurtaranlar Yunanıstanda iş tapmaqda çətinliklərin olduğunu bilirlər: «Artıq məktəbi qurtarmaq haqqında attestat və ya diplom heç kimə kömək etmir. "Ən yaxşı halda İngiltərə, Kanada və ya Amerikaya gedib özümüzə nəsə tapar, orada yaxşı əmək haqqı, təzminat və digər üstünlüklər əldə edə bilərik”,-deyə gənclər düşünürlər. Gedənlər də, gedib oralarda nəyisə xoşlamayıb qayıdanlar da çoxdur. Vəziyyət müxtəlifdir”.

Hazırda Yunanıstanda sənayenin inkişafı hədsiz geriləyir. Zavod və fabriklər az sayda fəaliyyət göstərir. Onların çoxu fəaliyyətini dayandırıb. İoannisin dediyinə görə, kənd təsərrüfatı gəlirləri iqtisadiyyatın 35 faizini təşkil edir: "Bizdə ildə məhsulu iki dəfə yığırlar. Meyvə-tərəvəzimiz həyat üçün çox faydalıdır. Nə vaxtsa Yunanıstanın şimalında ayaqqabı, paltar, pambıq istehsal edən zavod və fabriklər vardı. İndi bunlar tədricən bağlanır. Böhran böyük müəssisələri iflasa uğradıb. Kim öz şəxsi biznesini qurmaq istəyirsə, 2-3 qat artıq vergi ödəyir. Ən yaxşısı biznes qurmamaqdır. 2-3 yerdə işləyib əmək haqqı almaq və sadə, birotaqlı bir evdə evdə yaşayıb az vergi ödəmək hamısından yaxşıdır. Kommunal xidmətlər də çox bahadır”.

Ölkəyə turist axınında ruslar üstünlük təşkil edir. Rusiyanın Türkiyə ilə münasibəti korlanandan sonra ruslar daha çox Yunanıstana üz tuturlar. Təkcə paytaxtın və ümumən ölkənin tarixi və mədəniyyəti deyil, həm də Aralıq dənizinin təmiz suları və materikin parlaq günəşi onları cəlb edir: "Həmçinin bizim dinimiz də birdir. Digər tərəfdən, bu ölkənin qədim tarixi var”. Keçən il Yunanıstana 1,2 milyon rus gəlibsə, bu il daha çox turistin gələcəyi gözlənilir: «Bizdə olan məlumata görə, yay mövsümü üçün turagentliklər Yunanıstana keçən ilkinə nisbətən iki dəfə çox turpaket satıblar. Yunanıstanda olan adalar dünyanın heç bir yerində yoxdur. 3000-dən artıq adanın 600-də insanlar yaşayır. Hər adanın öz tarixi, öz gözəlliyi var. Adalarda dincəlmək Yunanıstanın bu və ya digər şəhərləri ilə tanış olmaqdan daha bahadır. Təbii ki, orada da insanların cibinə uyğun hotellər, kotteclər və evlər var”. İoannisin bildirdiyinə görə, Avropa ölkələrindən Yunanıstana gəlib daşınmaz əmlak alanlar da çoxdur. Adalarda isə dünyanın sənət və idman ulduzları mülklərə sahibdirlər: "Evlərin qiyməti yerləşdiyi əraziyə, tarixinə, dənizə yaxın olub-olmamasına görə dəyişir. Ən ucuz və sadə rayonlarda 90-150 min avro arası evlər və mənzillər almaq mümkündür. Dövlət öz ərazisində ev alan əcnəbi vətəndaşlara 5 il yaşamaq hüququ verir”.

Yunanlar gec-tez ölkəni bürüyən böhrandan çıxacaqlarına ümid edirlər. Ən böyük təsəlliləri isə hansısa yunan müdrikinin dediyi: "Kənardan yunanların kasıb yaşadığını düşünən ola bilər. Yunanlar kasıb deyil. Çünki burda dəniz və məhsul var. Bunlar varsa, insan heç vaxt ölə bilməz” - sözləridir. Yunanlar həm də "Tanrıların vətəni darda qala bilməz "- sözlərinə çox inanırlar.








Təranə Məhərrəmova
Afina

banner

Oxşar Xəbərlər