• çərşənbə axşamı, 19 mart, 07:29
  • Baku Bakı 8°C

Tanrı “oxucudur”

13.11.17 12:12 15877
Tanrı “oxucudur”
Müsahibimiz bu günlərdə Azərbaycanda qonaq olmuş tanınmış İran yazıçısı Mustafa Məsturdur. M.Məsturun bu günlərdə "Mən sərçə deyiləm” romanı Azərbaycan dilində işıq üzü görüb. Ədiblə görüşüb, yaradıcılığı haqqında söhbət etdik.
- "Mən sərçə deyiləm” əsəri İranda ard-arda 18 dəfə çap olunub. Əsərə bu dərəcədə diqqət gözlənilən idi?
- Bu, ilk deyil, mənim əsərlərim bir neçə dəfə belə yüksək tirajla çap olunub. "Tanrının ay üzündən öp” əsəri təxminən 70, "Cüzamlı əllər və donuz sümüyü” isə 30 dəfədən çox nəşr olunub. Bu kitabın mövzusu nisbətən çətindir, fəlsəfidir. Ona görə də, yəqin oxucular bu əsəri bir qədər çətin qavrayırlar.
- Digər əsərlərinizlə nisbətdə, bu əsərinizin fəlsəfi ağırlığı daha çoxdur. Əsərdə fəlsəfiliyə bu qədər önəm verməyiniz nə ilə bağlıdır?
- Bu kitabı yazmamışdan əvvəl xüsusi bir planım yox idi, amma ağlımda bir neçə obraz vardı. Bu obrazların bir çoxu əvvəl yazdığım əsərlərdən gəlirdi. Daniyal obrazı "Cüzamlı əllər və donuz sümüyü” əsərindən gəlmə idi.
- Bununla bağlı da bir sual vermək istərdim ki, dünya ədəbiyyatında çox yaralanılan bu məlum-məşhur metoddan istifadə etməyinizə, ümumiyyətlə, Daniyal Nazi obrazına qayıtmağınıza səbəb nə idi?
- Bəzən bir əsəri bitirirsiniz, lakin görürsünüz ki, bu obrazın hələ deməyə sözü qalıb. Başqa əsər yazanda yeni obrazlar yaradırsan ki, onlar müstəqil obraza çevrilsinlər. "Qaranlıq minalar sahəsində qaçmaq” adlı pyesim "Mən sərçə deyiləm” əsərindən üç il əvvəl çap olunub. Burada Əmir Mahan obrazı var idi. Həmin o Əmir Mahan obrazı "Şin”siz, "qaf”sız, "nöqtə”siz eşqin hekayəti” əsərimdə də var. Mən düşündüm ki, bu obrazlar hələ danışmalıdırlar. Ona görə də "Mən sərçə deyiləm” əsərində həmin obrazları yenidən qaytardım. Bu əsərin klassik bir planı yox idi. Sadəcə, burada bir neçə fəlsəfi obraz var idi. Mən həmin obrazların hamısını ruhi əsəb dispanserində cəmləşdirdim. Əsər hər hansı macəra və ya hadisə əsasında yazılmamışdır. Şəxsiyyətlər əsasında qələmə alınmışdır. Buna görə də əsər getdikcə dərinləşir və nisbətən ağır gedir. Məsələn, "Tanrının ay üzündən öp” romanında detektiv xətt var idi və bu onu həyəcanlı edirdi. Lakin burada sadəcə, şəxsiyyətlərin, obrazların hekayələrindən bəhs olunur. Buna görə də bu əsər ağır oxunur. Bu səbəbə görə, ola bilsin ki, onun fəlsəfi ağırlığı çoxdur.
- "Mən sərçə deyiləm” romanındakı Daniyal Nazini müharibədə əziyyət çəkmiş insanların ümumiləşdirilmiş obrazı kimi qəbul etmək olarmı?
- Xeyr. Çünki mən orada qeyd etmişəm ki, onun başında çapıqlar var, lakin mütləq şəkildə bildirməmişəm ki, bu, müharibədə olub. Çünki biz həyatda da belə hadisələrlə qarşılaşa bilərik. Bu gün yuxudan ayılırıq və bilmirik ki, başımıza nə iş gələcək və ya hansı hadisə baş verəcək. Bu hadisələr sanki həyatımızda basdırılmış bir minadır. Məsələn, bir səhər oyanıb görürsən ki, anan xərçəngə tutulub, qardaşın boşanıb, kimsə qəzaya uğrayıb. Bunlar bizim iradəmizdən kənardırlar, ona görə də hər hansı plan qurmaq mümkün deyil. Bu kimi hadisələr hər an ayağınızın altında qəfil partlaya bilən minalardır. Bu, Daniyal Nazinin də əsərdə haqqında danışdığı şeydir. İranda müharibə mövzusunda müsabiqə keçirilirdi. "Qaranlıq minalar sahəsində qaçmaq” kitabımı da müsabiqəyə daxil etmişdilər. Mən məktub yazıb, bildirdim ki, əsəri siyahıdan çıxarsınlar. Çünki bu əsər müharibə mövzusunda deyil. Həyat haqqındadır.
- Axı müharibə də həyatın bir hissəsidir...
- Bəli, elədir. Həyatın özü müharibə meydanıdır. Lakin bu əsər birbaşa olaraq müharibə mövzusunda deyil. Yəni, açıq şəkildə qeyd olunmur ki, bu obraz müharibədə yaralanıb. Əsər daha çox həyat müharibəsindən əziyyət çəkmiş insanlara həsr edilib. Həyat özü də minalanmış qara sahəyə bənzəyir...
- "Mən sərçə deyiləm” romanınızda film səhnələrinə oxşar məqamlar var. Əsəri oxuduqca hadisələr film səhnəsi kimi insanın gözündə canlanır. Maraqlıdır ki, niyə əsərlərinizə film çəkilmir, gələcəkdə belə bir plan gözləniləndimi?
- "Cüzamlı əllər və donuz sümüyü” əsəri filmə daha çox uyğundur. Bu əsər əsasında film çəkmək üçün mənə çox müraciət olunub. Bir mərhələdə bu müraciəti qəbul etmişəm. Rejissor tərəfindən ssenari də yazılmışdı. Bu ssenari heç xoşuma gəlmədi. İstəmirdim ki, bu ssenariyə film çəkilsin. Lakin mənə dedilər ki, əsərdəki bəzi səhnələr senzuraya görə çıxarılmalıdır. Süsənlə bağlı hissələr və cavanların şənlik səhnəsi. Bu, mənim üçün yaxşı bəhanə idi ki, filmin çəkilməsinə razılaşmayım. Ondan sonra heç vaxt icazə vermədim ki, əsərlərimə film çəksinlər. Hətta pyesimi də səhnələşdirmələrinə razılaşmadım.
- Mənə maraqlıdır ki, İranda bu səhnələrə görə, yəni cavanların əyləncədə içki içməsi, eləcə də bir fahişə obrazının qabardılmasına görə, hər hansı basqılara məruz qalıbsınızmı?
- Mən qadağan olunmuş məsələlər barədə əsər yazmamışam. Bunlar sadəcə, mənim əsərimdə olan epizodik səhnələrdir. Romanlarımda bu tip şeylər elə də çox deyil. İranda əsasən, üç mövzuya qadağa var: Dini təhqir etmək, erotik mövzuda yazmaq və siyasi məsələlər. Bu üç mövzunun heç birində əsər yazmamışam. Belə mövzularda yazmağa maraqlı deyiləm. Buna görə də az hallarda problemlə üzləşirəm. Eyni zamanda hər hansı bir mövzuda yazanda da özüm üçün senzura qoymuram.
- Əsərlərinizdə bir məqam xüsusi diqqətimi çəkdi: Bu "Cüzamlı əllər və donuz sümüyü” əsərində də var idi. "Mən sərçə deyiləm” romanında da. Balinaların sahilə atılaraq özlərini öldürməsi səhnəsini tez-tez canlandırırsınız. Bunun Daniyalın intiharı ilə əlaqəsi varmı, yəni, bu detalı qəhrəmanın əsərin sonunda intihar edəcəyinə bir işarə kimi qəbul etmək olarmı?
- Mən buna konkret cavab verə bilmərəm. Bunun cavabını oxucunun öhdəsinə buraxıram. Yazıçının zehnində bir çox şey ola bilər. Yazan zaman yazıçı bunu fikirləşmir. Sadəcə, çalışırsan ki, nəsə yaradasan, lakin o yaradılanın nəyə oxşadığını bilmirəm. Elmi cəhətdən biz bilmirik ki, balinalar niyə özlərini sahilə ataraq öldürürlər. Bu məqamı insanlara da aid etmək olar. Biz bilmirik ki, insanlar niyə özlərini öldürürlər. İnsanların özünü öldürməsinə səbəb kimi çoxlu mülahizələr səslənir: Eşqdə bəxti gətirməmək, kasıb olmaq. Lakin bu, əsaslı sübut deyil. Çünki çoxları məhəbbətdə uğur qazana bilmirlər, eləcə də çoxları ağır həyat şəraitində yaşayırlar. Buna görə də biz heç vaxt həqiqi səbəbi başa düşə bilmərik. Daniyal Nazinin kitabın əvvəlində bir sözü var: "Oyunun qaydalarını dəyişə bilmirsənsə, ağzını yum və oyuna davam et”. Daniyal özü bu sözə əməl etmir və oyunun qaydalarını dəyişmək istəyir. Onu narahat edən sualların cavabını tapmaq istəyir. O suallara ki, onların əslində, heç cavabı yoxdur. Buna görə də özünü öldürür. Üzdə olan səbəb budur.
- Əsərlərinizin belə bir təkrarlanan məqamı var: hadisələr eyni məkanda baş verir. Ya "Xavəran” binasında, ya da ruhi əsəb dispanserində. Sanki Tanrı kimi insanları eyni zamanda müşahidə etməyə maraqlısınız...
- Bəli, mən insanları izləmək istəyirəm, lakin Tanrı kimi yox, insan kimi. Biz insanlar bir-birimiz barədə heç nə bilmirik. Mənim sizin haqqınızda bildiyim tək şey rəftarınız və danışdığınız sözlərdir. Əslində, nə fikirləşdiyinizi bilmirəm. Təbii ki, həyatda hamımız beləyik. İnsanlar belə yaşayırlar. Biz qonşumuz haqqında heç nə bilmirik. "Cüzamlı əllər və donuz sümüyü” əsərində də belədir. Orada insanların həyatları yanaşı cərəyan edir. Lakin onlar bir-birlərindən xəbərsizdirlər. Bütün bu olanlardan sadəcə oxucu xəbərdardır. Demək ki, ortada bir Tanrı varsa, o da "oxucudur”. Çünki oxucu bilir o insanların ürəyindən nələr keçir. Məsələn, eyni liftdə gedən Süsənlə qatil bir-birlərindən xəbərsizdirlər. Süsən bilmir ki, yanındakı insan qatildir. Və qatil də bilmir ki, Süsən fahişədir. Amma oxucu bilir. Ona görə də Tanrı "oxucudur”.
- "Mən sərçə deyiləm” əsərini oxuyarkən, tez-tez Devid Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” əsərinin baş qəhrəmanı Holden Koldfildi xatırlayırdım. Sonradan öyrəndim ki, Selincer sizin sevimli yazıçınızdır.
- Selincer ruhuma çox yaxın hiss etdiyim yazıçıdır. Əgər bunu bədii şəkildə ifadə etsək, deyə bilərəm ki, mən ədəbiyyat adlı qatarda idim və Selincer dayanacağında həmişəlik düşdüm. Başqa dayanacaqlara da getmək fikrim yoxdur. Bura mənim üçün məna ilə zəngin bir dayanacaqdır. Başqa mənalara ehtiyacım yoxdur. Burada olmaqdan çox ləzzət alıram. Mən onun kitablarını dəfələrlə oxumuşam. Buna görə də düşünürəm ki, bizim ruhi bağlantımız var. Bildiyiniz kimi mən İranda Raymond Karverin əsərlərini farscaya çevirib çap etdirmişəm. Amma mənim ən sevdiyim yazıçı Selincerdir.
- Ədəbiyyat üzrə "Nobel” mükafatını İrana qazandırmaq istəyərsinizmi?
- Yazıçı keçmişinə baxmamalıdır. Öz əsərlərini hardasa tərif etməməlidir. Mən hər hansı əsəri yazıb bitirdikdən sonra bir də heç vaxt onu oxumuram. Ümumiyyətlə, mən keçmişə çox baxmıram, gələcək barədə düşünmürəm. Mən hər hansı hadisə, mövzu barəsində yazmıram ki, mükafat alım. Mən yalnız indiki zaman barədə düşünürəm və indini yaşayıram. İndiki halda hansı əsəri yazıramsa, onunla yaşayıram. Bu yaxınlarda bir əsəri tamamlamışam, amma bu barədə heç İranda da məlumat verməmişəm. Burada deyə bilərəm ki, yazıçı Tanrı kimidir. Yəni, yazıçı yaratdığı obrazların həyatına qarışmamalıdır. Onlara qayıtmamalıdır. Söhrab Sipehri bir şeirində "arxada külək əsmir” yazır. Əsl yaradıcı insan indiki zamanda yaşamalıdır və düşünməməlidir ki, mən yazdığım hər hansı əsərə görə mükafat alacağam. Yazıçı üçün ən yaxşı və qiymətli mükafat oxucunun sevgisidir. Ədəbiyyat mükafat qazanmaq üçün ünvan deyil.
- Əsərlərinizdə qadın obrazlarına qarşı xüsusi həssaslığınız da diqqət çəkir...
- Məncə, hər hansı qadın şər qüvvə ola bilməz. Həyatda da qadınların doğru yerdə olmadığını görəndə, düşünürəm ki, o qadını həmin pis yola kişi vadar edib.
Söhbətləşdi: Cahan Seyidzadə
Müsahibəni fars dilindən tərcümə edən: Ariz Tarverdiyev
banner

Oxşar Xəbərlər