• cümə axşamı, 18 aprel, 15:18
  • Baku Bakı 22°C

TANAP Azərbaycanın regiondakı strateji mövqeyini möhkəmləndirmək baxımından vacib layihədir

25.06.20 12:30 652
TANAP Azərbaycanın regiondakı strateji mövqeyini möhkəmləndirmək baxımından vacib layihədir
Artıq Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunmuş Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə "Şahdəniz” qazının kommersiya məqsədi ilə Türkiyəyə nəqlinin ikinci ili tamamlanmaq üzrədir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində TANAP ilə Türkiyəyə 1,6 mlrd kubmetr qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd kubmetr qaz ötürülüb. TANAP-ın baş direktorunun bu ayın ortasında verdiyi məlumata görə, iyunun 30-da TANAP-la nəql olunmuş qazın həcmi 6 mlrd kubmetrə çatdırılacaq.
TANAP-ın Azərbaycan və Türkiyə üçün əhəmiyyətini dəyərləndirən millət vəkili Vüqar Bayramov Trend-ə bildirib ki, TANAP Cənub Qaz Dəhlizi layihəsinin vacib elementlərindən biridir: "Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın "mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürüləcək. Türkiyəyə ildə 6 mlrd kubmetr, Avropaya birinci mərhələdə 10 mlrd kubmetr, ikinci mərhələdə 20 mlrd kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 mlrd kubmetrə çatdırılacaq”.
O vurğulayıb ki, həm TANAP, həm də bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycan üçün strateji layihədir: "Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı müəyyən tərəddüdlər var idi. Çünki xərcləri kifayət qədər böyük idi. Amma Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə bu layihə reallaşdı. Bu layihənin ilkin xərcləri 45 mlrd ABŞ dolları məbləğində hesablanırdı, sonra bu məbləğ 38 mlrd ABŞ dollarına qədər azaldı. TANAP və TAP bizim üçün strateji tərəfdaş olan Türkiyə və strateji əməkdaşlıq etdiyimiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verəcək”.
Millət vəkili diqqətə çatdırıb ki, TANAP Türkiyə üçün "mavi yanacaq” idxalının diversifikasiyası baxımından vacibdir. Onun sözlərinə görə, TANAP Azərbaycanın strateji müttəfiqi olan Türkiyəyə alternativ mənbədən təbii qaz nəql etməklə qaz asılılığını xeyli dərəcədə azaltmağa imkan verir.

ƏTRAFLI
Red Bull
V.Bayramov TANAP-ın Azərbaycan üçün isə regiondakı strateji mövqeyini möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb: "TANAP kifayət qədər ciddi və strateji əhəmiyyətli layihədir. Digər tərəfdən, TANAP ölkəyə daxil olan gəlirlərin artırılmasına xidmət edir. Bütövlükdə mövcud qiymətlərlə Cənub Qaz Dəhlizi Azərbaycana 100 mlrd ABŞ dollarından artıq gəlir vəd edir. Cənub Qaz Dəhlizinin elementi olan TANAP da Azərbaycana valyuta daxilolmalarını artıracaq. Bu, təbii ki, ölkənin enerji satışından əldə edilən gəlirlərinin diversifikasiyasına imkan verəcək. "Mavi yanacağ"ın strateji əhəmiyyət daşıdığını nəzərə alsaq,TANAP bu istiqamətdə sabit valyutanın daxil olmasına şərait yaradacaq”.
Millət vəkili əlavə edib ki, TANAP iqtisadi, strateji əhəmiyyəti ilə yanaşı, Azərbaycan Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması anlamına gəlir. O qeyd edib ki, Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 mlrd ABŞ dollarından artıq investisiya qoyuluşu həyata keçirib və TANAP-ın reallaşması həm də bu strateji əməkdaşlığa Azərbaycanın töhfəsi idi: "TANAP Türkiyənin enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərir. Düşünürəm ki, bu layihə Türkiyə Azərbaycan münasibətləri baxımından strateji əhəmiyyət daşıyır. TANAP uzunmüddətli dövr üçün bu strateji münasibətləri qorumaq üçün bir təməl yaradır”.
banner

Oxşar Xəbərlər