“Tamaşaçılarımızı karikatura ilə bərabər, oxumağa da alışdırırıq”
08.04.20 15:46
3569
Fərid
Hüseynli: "Karikatura cəmiyyəti özünə güldürmək üçün istifadə olunan ən
gözəl silahdır"
Nədənsə hər dəfə karikatura deyiləndə,
"Molla Nəsrəddin” jurnalını xatırlayıram. Azərbaycan xalqının ictimai və mədəni
şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı Cəlil Məmmədquluzadənin
dediyi kimi, həyatın özü yaratmışdı. Bu gün də karikaturaçı rəssamlarımızı zəmanə,
mühitin özü yetişdirir. Onlar barmaqla sayılası qədər olsalar da, indi nə o
jurnallar qalıb, nə də qəzetlərdə karikaturalar. Bu günün karikaturaçıları jurnal
və qəzet qoxusundan uzaqdır. Səbəbləri gənc karikaturaçı Fərid Hüseynli ilə
müzakirələrdə aydınlaşdıracağıq.
"Kaspi"nin qonağı olan gənc
karikaturaçıdan, ilk növbədə karantin günlərini necə keçirdiyini soruşduq.
- Karantin günlərini təyinatına uyğun
keçirməyə çalışıram. Məcbur olmadıqca çölə çıxmıram. Sosial öhdəçiliyimi yerinə
yetirərək öz izləyicilərimə də bu mövzuda istiqamət verirəm. Karikaturalarımın
altında mətnlərdə bu yöndə çağırışlar edirəm. Polislərimizə və həkimlərimizə dəstək
olmaq məqsədi ilə izləyicilərimi evdə qalmağa, məcbur olmadıqca çölə çıxmamağa
çağırıram. Bu mövzuda karikaturalarımı gündəmə uyğun olduğu üçün deyil, belə çətin
gündə vətəndaşlarımızın qayğısına qalan insanlar üçün çəkməyə çalışıram. Bizim
üçün fəaliyyətini davam etdirməyə məcbur olan həkimlərimiz, polislərimiz,
market və aptek işçilərimiz çətin və təhlükəli
dönəmdən keçirlər. Karikaturlarımla onlara bir qədər dəstək olmağa, bacarıq və
imkanlarım çərçivəsində bu mövzuda karikaturalar çəkməyə çalışıram. Müəyyən bir
təbəqə başqa vaxt giley edirdi ki, kaş, bütün günü evdə qalaydıq, yatıb-dincələ
biləydik. Hazırda əllərinə elə bir şans düşsə də, tərslikləri tutub, çölə
çıxmaq həvəsi yaranıb.
- İndi
sosial şəbəkədə sizin karikaturlarınız gündəmi zəbt edib.
- Deyəsən koronavirusdan xeyir qazanan
mənəm (gülürük).
- Karantin
günlərində nə edirsiniz?
- Yaxın günlərdə qızım dünyaya gəlib,
onunla başımı qatıram. Boş zamanlarımda karikatura çəkirəm və mütaliə edirəm.
- Əvvəllər
qəzet və jurnallarımızı karikaturalar bəzəyirdi. Bu gün qəzetlərimizdən
karikaturlar yoxa çıxıb. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Hər dövrün öz tələbi var. Bu günün tələbi
isə sosial şəbəkə və saytlardır. Səhər yuxudan oyanıb, köşkə gedib qəzet
almaqdansa, elə yerindəcə telefonla istədiyin sayta daxil olub, informasiyanı
ordan əldə etmək imkanı var. Bunun nəticəsində də qəzet və jurnallara olan tələbat
azalır. Nəticə etibarilə karikaturaçılara tələbat da azalmağa başlayır. Karikaturaçılara
müraciət edənlər onlara əməyinin müqabilində çox az qiymətlər təklif edirlər.
Bu iş yetərincə zaman aldığı üçün o cüzi məbləğlə razılaşmaq da mümkün olmur.
Çox istərdim ki, bugünkü qəzetlərdə karikatura bölümləri olsun.
- Karikatura
insanların özlərini özlərinə güldürməsi üçün istifadə edilən sənət olduğu üçün
bəlkə də bu gün o qədər də reytinqli deyil.
- Karikatura cəmiyyəti özünə güldürmək üçün
istifadə olunan ən gözəl silahdır. Düzdür, bir o qədər də müraciət edilən sahə
olmasa da, indi də istifadə edilir. Yeni nəslin nümayəndələrinə karikatura
maraqlı gəlir. Əvvəlki nəsillər "Molla Nəsrəddin"in köhnə külliyatına
baxıblar və karikaturadan xəbərdardırlar. Yeni nəsil isə bundan xəbərsizdir.
İndi sosial şəbəkə vasitəsi ilə görürlər
və bu onlara yeni gəlir. İndiki dövrdə karikatura az müraciət olunan sahə olsa da,
öz kütləsini tutandan sonra daimi izləyicilər qazanır.
- Sosial
şəbəkədə kifayət qədər izləyiciləriniz var. Elə bunun özü marağın çox olduğunun
göstəricisi deyilmi?
- İnstagram səhifəmdə hardasa həftəlik
1 milyona yaxın insan aktivliyi görünür. Əslində, bu, yaxşı nəticədir. Sosial şəbəkələrin
üstünlüyü odur ki, daha böyük kütlə tərəfindən izlənilirsən. Çatdırmaq istədiyin
mesaj daha çox insana çatmış olur. Beləliklə, ucqar bölgələrdə yaşayan
insanlara qədər gedib çıxmaq imkanına sahib olursan. Ancaq yenə də dərgi mənim
diqqətimi daha çox çəkir.
- İzləyiciləriniz
daha çox hansı nəslin nümayəndələridir?
- Statistikaya baxanda görürəm ki, sosial
şəbəkədə daha çox gənclər tərəfindən izlənilirəm. Ancaq cəmiyyət içinə çıxanda,
yaşlı insanlar mənə yaxınlaşır və çəkdiyim karikaturalar haqqında fikirlər
bildirirlər. Məncə, karikaturalarımı onlar daha aydın başa düşürlər. Yaşlıların
geridönüşü daha real alınır.
- Bu
gün karikaturadan gəlir əldə etmək mümkündürmü?
- Təbii ki, mümkündür. Müxtəlif xəbər
saytları, jurnallarla, bunlarla paralel olaraq şirkətlərlə əməkdaşlıq edirəm. Bəlkə
də bu sahədə işləyən az olduğu üçün daha çox təklif alıram. Amma məni qane edəcək
səviyyədə gəlir əldə edə bilirəm.
- Sizcə,
niyə indi karikaturaya maraq göstərənlərin sayı azdır?
- Mən başlayanda, bu sahədə bir neçə
karikaturaçı vardı. Onların da işi az-çox kütləyə çıxırdı. Mən isə işlədikcə, əl
işlərimi instagram üzərindən paylaşmağa başladım. Bu da məni daha çox tanıtdı.
Təəssüf ki, bu gün karikatura sənətini öyrənmək istəyənlər yoxdur. Mən özüm
xarici mütəxəssislərin videolarına baxaraq öyrənmişəm. Bunun təhsili olmadığı
üçün bu sahə boş qalıb.
- Bir
karikaturanı hazırlamaq üçün nə qədər zaman sərf edirsiniz?
- Baxır karikaturaya. Elə karikatura
olur ki, ideya olaraq tam mənə səmimi, yaxın gəldiyi üçün onun kölgələrini,
işığını, içindəki informasiyanı daha detallı işləyirəm. Elə karikatura da olur
ki, gündəmdə olduğu üçün çəkirəm. Tez-bazar yola verdiklərim də olur. Buna görə
də zaman dəyişkən olur. Bəzən 1 saata, bəzən də 1 günə çəkirəm.
- Personajları
gündəmə uyğun olaraq seçirsiniz? Seçdiyiniz personajlara görə sizdən inciyənlər
olubmu?
- Bu günə qədər təsadüfi personalara
üstünlük vermişəm. Hadisəni şərh etmək üçün onlara müraciət etmişəm. İndi isə
çalışıram ki, cəmiyyətdə tez-tez qarşılaşdığım milli personajlara üstünlük
verim. Misal üçün, ictimai nəqliyyatdan istifadə etdikdə, gördüyüm insanların
simalarını karikaturalaşdırmağa çalışıram.
- Niyə
məhz o insanların?
- Çünki onların timsalında insanlar sanki
özlərini görmüş olurlar. Belə olduğu halda, müsbət reaksiyalar verirlər.
- Hər
hansı jurnal və qəzetə bir guşə yaratmaq üçün müraciətləriniz olubmu?
- Jurnal təsis edən insanların
karikaturaya marağı yoxdur. Bəzən görürsən, elə mənasız şeylərə maliyyə ayırırlar
ki, insan bir anlıq düşünür ki, bu sahəyə də maliyyə ayırıb, daha çox oxucu cəlb
etmək olardı. Mən öz yaşantımı dərgidən formalaşdırsaydım, daha yaxşı
karikaturaya zaman ayırardım. İndi daha çox reklam xarakterli karikaturalar çəkirəm,
bu da mənim yaradıcı tərəfimi bir növ tənbəlləşdirir. İdeya gələndə, eyni həvəslə
çəkmək olmur. Bir növ kölgədə qalır.
- Karikatura
animasiyaya çox yaxın bir sahədir. Animasiya ilə məşğul olursunuzmu?
- Son 2 ildir ki, animasiya üzərində
işləyirəm. Bu iş üçün geniş maliyyə, zaman və möhtəşəm texnikalar lazım olsa da, bunların hamısını
öz imkanlarım daxilində etməyə çalışıram. Texnikamın gücü çatdığı səviyyədə əlimdən
gələni etməyə çalışıram. Animasiyaya, "Youtube" üzərindəki fəaliyyətimi genişləndirmək üçün
başlamışdım, amma bir müddətdən sonra dayandırmağa məcbur oldum.
- Nə
üçün dayandırdınız?
- Çünki bu çox zaman tələb edirdi və
maddi olaraq geridönüşü olmurdu. İzləyici istədiyim qədər deyildi. Bəlkə də çox
izlənilsəydi, həvəslənərdim. Bir neçə dəfə televiziyalara müraciət etsəm də,
onlardan müsbət cavab almadım. Mənə maraqlıdır, nə üçün uşaqlarımız xarici
animasiya filmlərinə baxmalıdır? Öz animasiya filmlərimiz var ikən niyə məhz
xaricilərə müraciət etməliyik?
- Sizcə,
bu laqeydlik animasiya filmlərimizin sonunu gətirirmi?
- Əlbəttə. Bu, insanlarımızın sənətə
olan biganəliyinin nəticəsidir. Efirlərimiz toy verilişləri ilə doludur, insanları
maarifləndirmək əvəzinə toy verilişlərinə meyilləndirirlər. Artıq tamaşaçıların
beyni toylara və bu kimi verilişlərə formatlanıb. Maarifləndirici verilişlər
onlara maraqlı deyil və belə olduğu halda, bu verilişlər reytinqsiz qalır.
Sonra da deyirlər reytinq vermədiyi üçün bağladıq.
-
Necə düşünürsünüz, bu gün sosial şəbəkələr televiziyaları üstələyə bilibmi?
- Ayrı-ayrı kontentlərdə bu fikrə gəlmək
olar ki, sosial şəbəkələr televiziyanı üstələyib. Bu gün "Youtube"un
özündə də hər gün efir, fərqli proqramlar izləmək mümkündür. Deyərdim ki, hər
birinin öz izləyicisi var.
- Bu günün
tamaşaçısı görüntüyə üstünlük verir. Nədənsə uzun mətnləri oxumaq istəmirlər.
Siz karikaturalarınızda buna nə qədər önəm verirsiniz?
- Bu günün tamaşaçısı informasiyanı
rahatlıqla almağa çalışır. Diqqət etmişəm ki, karikaturalarda söz çox olanda,
az like gəlir və görürəm ki, ilkin reaksiya az olur. İlkin reaksiya çox olduqda,
o karikatura daha çox insana çatmış olur. 6 ildir instagram üzərindən müəyyən
testlərlə yoxlayıram. Tam sözsüz karikaturalar daha çox izlənilir. Misal üçün,
bir neçə gün əvvəl koronavirusla zoğal mürəbbəsini paylaşmışam. Dialoq olaraq
da "This is Azərbaycan" yazmışdım. Bir gecədə o karikaturanı 2000-dən
çox insan bəyənmişdi. Artıq bir ildən çoxdur dostum Seymur Orucla karikaturaları
mətn formasında şərh edirik. Fikir verirəm ki, artıq mətnləri oxuyan insanların
sayı artıb. Tamaşaçılarımızı karikatura ilə bərabər, oxumağa da alışdırırıq.
Çox adam yazır ki, oxumayan adamı oxutdurdunuz. Bunun özü yaxşı nəticədir.
Karikaturadan çox mətnə də rəy yazırlar.
- Sərt
rəylər yazan olurmu?
- Yetərincə olur. Əvvəllər daha
aqressiv rəylər yazırdılar. Onlara bəzən cavab yazırdım, bəzən də bloka atırdım. İndi görürəm ki, hər cür insan
mövcuddur və onlar heç zaman məmnun qalmayacaq, buna görə də artıq reaksiya
vermirəm.