• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

“Tamaşa hazırlayarkən heç kimin zövqünü nəzərə almıram” – Şou-biznes

07.04.14 11:20 2391
“Tamaşa hazırlayarkən heç kimin zövqünü nəzərə almıram” – Şou-biznes
Teatr elə bir prosesdir ki, ona aludə olan bir daha həmin prosesin daxilinə varmaq, həmin aləmdə özünü unutmaq istəyir. Təəssüflər olsun ki, bu gün həmin sehrli aləmə-teatra maraq lazımi səviyyədə deyil. Teatr rəhbərləri də tamaşalarda gənclərin ruhunun hiss olunması üçün bir sıra teatrlara istedadlı gənc rejissorlar təyin ediblər.
Beləliklə “Gənclik qəzeti”nin budəfəki qonağı da məhz istedadlı teatr rejissorlarındandır. Müsahibim Tural Vaqif oğlu Mustafayev 3 ildir ki, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışır. Tural Lənkəran teatrından öncə Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor vəzifəsində işləyib. “YUĞ” teatrının rejissoru olub. O, bir sıra Beynəlxalq festivallarda iştirak edib. Azərbaycan səhnəsində Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini”, “Şah”, A.Puşkinin “Qızıl xoruz”, M.F.Axundovun “Lənkəran xanın vəziri”, Xanımın “Yeni il nağılı”, E.Voyniçin “Ovod”, A.Nikolayın “Qızıl qəfəs” və başqa tamaşalara quruluş verib.
Rejissor bizimlə söhbətində gənclərin teatra marağından danışaraq, onları teatra cəlb etməyin yollarını göstərdi.
Bizə vaxt lazımdır
- 3 ildir ki, Lənkəran Teatrında çalışırsınız, bu müddət ərzində teatrın rejissurasında hansı dəyişikliklər baş verib?
- Mən Lənkəran teatrına gələndə teatrın keçmiş direktoru İslam Həsənov çalışırdı. O, burada kollektivi yığmışdı deyə mənim üçün işləmək haradasa asan oldu. Bu müddət ərzində çalışdıq ki, repertuar poetikasını dəyişdirək və daha çox Azərbaycan teatrında oynanılmayan pyesləri hazırlayıb, repertuara daxil edək. Biz də bu prosesləri həyata keçirmək üçün çalışdıq. Çalışdım 3 il ərzində o düşüncəni, stereotipləri sındırım.
- Sındıra bildinizmi o köhnə düşüncələri?
- Bu, çox individual məsələdir. Haradasa cüzi də olsa, dəyişiklik baş verirsə bu artıq qələbədir. Çünki bir çox insanlar nəyisə dəyişdirməyə hazır olmurlar. Təsəvvür edin ki, 30-40 illik bir sistemdə işləyirsiniz və həmin kollektivə öyrəşmisiniz, bir- birinizi başa düşürsünüz, elə bir zamanda kimsə gəlib, həmin sistemi dəyişdirir. Buna öyrəşmək də asan məsələ deyil. Bu proses insanlardan böyük zaman tələb edir.
- Lənkəran Teatrına gəlməmişdən öncə sizi aktyor kimi səhnədə görmüşük. Bəs indi necə, özünüzü səhnədə görə bilirsinizmi?
- Mən Lənkəran Teatrına aktyor kimi dəvət olunmamışam. Amma istərdim ki, nə vaxtsa buna cəhd edim. Əvvəllər aktyor kimi işləmişəm. O zamanlar da hiss edirdim ki, məni rejissura daha çox cəlb edir. Aktyorla rejissor peşəsi bir-birinə bağlıdır. Hər şey istedaddan və onlara verilən vergidən asılıdır. İstedadın varsa, onu bir yol tapıb realizə edə bilərsən. Mən hələ ki, bunu etmirəm(gülür).
- Gənc rejissor kimi teatrdakı qrup sizi necə qəbul etdi?
- Məni çox normal şəkildə qəbul etdilər. Biz yavaş-yavaş bir-birimizə isindik, bir-birimizi yavaş-yavaş tanımağa başladıq. Onlarla heç bir problem yaşamadım. Hər yerdə yaxşı və pis insan var. Biz insanıq, bir-birimizi anlamağa çalışırıq. Xüsusilə teatr məkanında bir ideya ətrafında toplaşırıq. Əgər biz hamımız yaxşı mənada eyni zəhərlə zəhərlənmişiksə, demək ki, biz hamımız bir-birimizə bağlıyıq. Sadəcə olaraq, burada insan münasibətləri normal şəkildə qurulmalıdır. Bunun üçün də bizə vaxt lazımdır.
Gəncləri teatra cəlb etmək istəyirik

- İndi rejissorlar klassik əsəri götürüb, ona başqa don geyindirib müasirləşdirirlər. Sizə elə gəlmirmi ki, bu yanaşma əsərləri klassikadan çıxarır?
- Rejissor sənətində ümumiləşmə deyə bir şey yoxdur. Hər rejissorun əsərə bir cür yanaşması var. Rejissor əsəri bu şəkildə görürsə, ona müasir don geyindirməklə, dəyişiklik etmək istəyirsə, bu mümkün olan bir şeydir. Bilirsinizmi, biz gərək indiki zəmanə ilə uyğunlaşaq və zəmanənin tələbinə uyğun şəkildə tamaşa hazırlayaq. Bizdə teatrla bağlı, bərkidilmiş düşüncə mövcuddur. Bizim problemimiz odur ki, teatrı yalnız bir ampluada görə bilirik. Düşünürük ki, tamaşa yalnız bu cür ola bilər və başqa cür olması mümkün deyil. Əgər sən başqa bir formanı, strukturu teatra gətirirsənsə, o zaman da daxili qarşıdurma yaranır. Bu rejissorla kollektivin arasında olan daxili qarşıdurmaya çevrilir. Belə olan halda həmin tamaşadan ya rejissor imtina edir, ya da aktyor.
- Olubmu ki, siz öz müasir yanaşmanızla tamaşaya yön verməyə çalışmısınız, yaşlı nəslin aktyorları sizin fikrinizlə razılaşmayıblar?
- Lənkəran Teatrında ilk tamaşamı yaşlı nəsil aktyorları ilə hazırladım. Əvvəl bir-birimizi anlamırdıq, sonrada ümumi dil tapdıq. Düşünürəm ki, rejissor peşəsində ilk növbədə “peşə güzəşti” olmalıdır. Həmişə fikirləşirik ki, filan şeyi etmək istəyirəm ancaq şərait elə gətirir ki, artıq sən təsəvvüründə canlandırdığından imtina etmək məcburiyyətində qalırsan ki, heç olmasa öz düşüncəni başqa şəkildə realizə edəsən. O zaman da başqa bir formalar, sistemlər axtarmağa çalışırsan. Ancaq burada vəziyyət yaxşıdır. Lənkəran Teatrında maraqlı iş prosesi gedir. Çalışıram ki, maksimal dərəcədə aktyorlara inanım. Onlara azadlıq verirəm, onlar da bundan bəhrələnib təklif etdiyim fikirləri teatr formasına çevirmək üçün əlindən gələni etməyə çalışırlar.
- Tamaşalara quruluş verərkən aktyor heyətində gənclərlə işləməyə üstünlük verirsinizmi?
- Gənclər teatra gəlirlər, amma orada çox qalmırlar. O, da sosial durumdan irəli gəlir. Oğlanlar teatrdan 2-3 dəfə çox pul verilən iş tapan kimi teatrı tərk edirlər. Qızlar da ki, ailə həyatı qurandan sonra teatrdan kənar düşürlər. Həyat yoldaşları sonradan onlara icazə vermirlər ki, qızlar teatrda işləsinlər. Bu sırf Azərbaycana məxsus olan bir prosesdir. İş prosesində çalışıram ki, bütün gəncləri teatra cəlb edim. Nəyi bilirəmsə çalışıram ki, onu gənclərlə bölüşüm. İstəyirəm ki, gənclər daha çox teatra gəlsin, ancaq əfsuslar olsun ki, hələ ki, bu mümkün olmur. Teatra gələn gəncləri teatra saxlamağa çalışırıq ki, gələcəkdə teatrın sütunlarına çevrilsinlər.
Reklama ehtiyac var

- Sizcə, müasir teatr nə deməkdir?
- İndi əvvəlki kimi tamaşaçı zalda oturub səhnəyə baxmır. O, tamaşaya baxaraq bir növ iştirakçıya çevrilir. İndi teatr daha çox möhkəm olan strukturlardan çıxıb, ruhumuza ritualla qayıtmalıdır. Tamaşanı izləyərkən daha çox onun dərinliyinə varmaq, orda o dəyərləri çıxarıb bölüşmək lazımdır. Müasir teatr odur ki, yaradıcı insanların ətrafında birləşib, özünü daha yaxşı tanıtsın. Özündə enerjini tapıb insanlara ötürsün. Məncə, müasir teatr bu gün budur.
- Məhz gənclər üçün hazırladığınız tamaşa varmı?
- Ümumiyyətlə, tamaşa hazırlayarkən heç kimin zövqünü nəzərə almıram. Bəlkə də bu mənim mənfi cəhətimdir. Hansı mövzu məni narahat edirsə, ona müraciət edib, məsələnin dərinliyinə varıb, onu açmağa çalışıram. İstəyirəm ki, aktyorlarla birləşib problemi tamaşaçılara göstərək. Demək istəyirik ki, biz bu barədə düşünürük, əgər sizə maraqlıdırsa, gəlin baxın, maraqlı deyilsə də, baxmaya da bilərsiniz. Sizə onu deyə bilərəm ki, mənim istifadə etdiyim üslublar biz cavanlara çox yaxındır.
- Sizcə, gəncləri teatra necə cəlb etmək olar?
- Hər şey sistemli şəkildə həll olunur. Teatrın bir struktur kimi ən zəif yeri menecment və marketinqdir. Əgər teatrın bu sahələri inkişaf edə bilsə, əgər dövlət onun televiziyada reklamına pulsuz şərait yaratsa, şirkətlərin teatra köməyini, yəni teatra maliyyə sistemi daha dolğun olsa, teatr da inkişaf edər. Maliyyə sırf biletdən deyil, başqa yerlərdən tapılsa, o zaman da menecment-marketinq inkişaf edəcək. Televiziyadan da çox şey asılıdır. Elə reklam etmək olar ki, teatra axının qarşısını almaq mümkün olmaz. Belə olan halda gənclər də gəlib tamaşalara baxar. Bizim kolleqalarımız Rafael və Coşqun 10 gün dalbadal bilet satıb oynaya bilirlərsə, teatr da bunu edə bilər. Bunun üçün böyük reklama ehtiyac var. Bu sistemli şəkildə öz həllini tapmalıdır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər