• cümə, 26 Aprel, 02:37
  • Baku Bakı 16°C

Tamaşa cəmiyyyəti

27.02.15 07:44 1936
Tamaşa cəmiyyyəti
Teatr mövzusu təhlilə gələrkən bu günün müasir qərb filosofları, ədəbiyyatşünasları, sənətşünasları, teatrşünasları, sosioloqları arasında sosial həyatının teatrallığı ilə əlaqədar mifoloqema geniş yayılıb. Teatrın sosial gündəm ilə səsləşməsi məsələnin problematik çözümü olaraq hal-hazırda ən aktual məsələdir. Biz isə bu məsələni “teatr və şəxsiyyət” prizmasından təhlil etmək niyyətindəyik.

Bütün bu araşdırmaların məntiqi sonucu olaraq məsələn, Q.Almer “Tətbiqi qrammatologiya” kitabında (1985) iddia edir ki, bizim zamanəmizdə “siyasətdən poetikaya qədər demək olar ki, hər şey teatrallaşıb”. Bundan daha öncə 1967-ci ildə Qi Debor müasir cəmiyyəti tamaşa cəmiyyəti adlandırmışdı. Əslində alimin yanaşması təkcə onun dövrünün panoraması deyil, bütün dövrlər üçün aktual olan tezis kimi qəbul oluna bilər. Zatən ədəbiyyat və mədəniyyətin əlifbası kimi qəbul edilən “Dünya bir səhnədir, biz də onun aktyorları...” cəmiyyətin teatral faktını ta o zamandan açıq elan etmişdir. Bu üzdən də teatrların sosial gündəm ilə səsləşməsi yeni fikir olmamalıdır. Bu ki, danılmaz olan qanundur, yazılmamış qanun...
1973-cü ildə R. Bart belə bir nəticəyə gəlmişdi ki, bütün diskursiv sistemlər teatral anlamda bir şou, arqumentlərin nümayişi və öz təbiətində mimodramadır (sözsüz tamaşa). 80-ci illərin ikinci yarısından başlayaraq avanqard Qərb nəzəriyyəçiləri arasında ictimai həyatın maskarad, karnaval xüsusiyyətləri ilə bağlı fikirlər geniş yayılmağa başladı. Nəticədə yeni teatr nəzəriyyəsinin yaranması, yeni ictimai nəzəriyyənin yaranmasına bərabər səviyyəyə çatdı. Müasir teatr nəzəriyyəçiləri yeni performans nəzəriyyəsini “seyrin təbiəti haqqında elm” səviyyəsində inkişaf etdirməyə çalışırlar. Teatrşünas və dramaturq İohannes Birrinqer özünün “Teatr, nəzəriyyə, postmodernizm” araşdırmasında yazır ki, müasir cəmiyyətdə “bədən və onun yaradıcı məhsulu şəhər iqtisadiyyatından, texnologiyadan, informasiyadan, mədəni fantaziyadan ayrı deyil”. Birrinqer isə teatrı sosiokultur institut kimi araşdırır: “teatr bizə reallığın sərhədləri çərçivəsində görməyə hazır olduğumuzu və ya təsəvvür etdiyimizi necə gördüyümüzü göstərir”.
Sonucda bütün fərziyyələr gətirib postmodernə çıxarır ki, postmodern teatr nəzəriyyəsinin xüsusiyyəti prinsip olaraq avanqard nəzəriyyə kimi, hər şeydən əvvəl yeni eksperimentlərin elmi əsaslandırılmasına, başqa sözlə müasir teatral praktikanın nəzəri izahının tapılmasına əsaslanır. Ejen İonesko qeyd edir ki, məqsəd gec-tez başqalarının da irəliləcəyi bir yol açmaqdır. Postmodern nəzəriyyəsinin aktual problemlərindən biri tamaşanın siyasi mahiyyəti problemidir. Bir ideologiyanın qarşıdurması, digər bir ideologiyanın yaranmasına gətirib çıxarır. Bir dəyərlər sisteminin inkar olunması faktı, digər dəyərlər sisteminə orientasiya olunması ilə nəticələnir. Problem avanqard incəsənətin ideoloji və sosioloji funksiyalarının dərk edilməsinə əsaslanır.
Və bütün sosiallaşmış teatrın əsasında insan, şəxsiyyət faktoru dayanır ki, məşhur teatr rejissoru Q.Tovstonoqov iddia edir: “Gələcəy rəssama kompozisiyanın əsaslarını öyrətmək olar, lakin insanı sənətkar olmağı öyrətmək olmaz”.
Əgər bu fikirlə biz sənətkar olmaq üçün xüsusi istedad lazım olduğu qənaətinə gəliriksə bununla mübahisə etmək olmaz. Yaradıcı şəxsiyyətin inkişafı problemlərilə əlaqədar E. Şpranqerin (1882-1963) “Həyatın forması” kitabındakı (1922) “estetik insan” bəhsi diqqəti cəlb edir. Estetik insan-dünyanı dərk edən və onu özünü ifadə vasitəsilə dərk etməyə çalışan insandır. Estetik insan ətrafda mövcud olanları harmonik və ya qeyri harmonik nəsnə olaraq qəbul edir. əgər insan dünyanı harmonik şəkildə qəbul edirsə, özünü yaxşı hiss edir; əgər insan dünyanı qeyri-harmonik qəbul edirsə, diskomfort duyğusu yaranır, insan əzab çəkir. Estetik tip formaya, rəngə, həyatın ritminə uyğunlaşmaqla, bir sözlə həyatla bir vəhdət, harmoniya təşkil etməklə özünüifadəyə can atır.
Sosioloqlar və psixoloqlar insanın şəxsiyyət kimi doğulmadığını, sadəcə şəxsiyyət kimi formalaşdığını qeyd edirlər. Psixolinqvistlər dili, nitq mədəniyyətini şəxsiyyətin ayrılmaz komponenti hesab edirlər. Nitq mədəniyyəti yoxdursa demək şəxsiyyət də mövcud deyil. Şəxsiyyətin formalaşması nitq mədəniyyətinin formalaşmasını əsaslandırır.
Əgər hər insandan sənətkar yetişdirmək mümkün deyilsə, bəlkə insanda yaradıcı şəxsiyyəti tərbiyə etmək mümkündür? Bu suala əksər alimlər müsbət cavab verirlər. Fransız rəssam Deren əsl sənətkarı savadsız insan hesab edir. Rus rəssamı A.N.Benua onun fikrinə yaxın olaraq belə bir fikir irəli sürür: “...əgər istifadə etməyi öyrənsən hər şey zərərdir!”
Yaradıcılıq psixologiyası yaradıcılığın ən böyük düşməninin qorxu olduğunu qeyd edir. Qorxu aydın havada suyu bulandıran külək kimidir. İnsan küləkli havada suya baxdıqda öz əksini parçalanmış şəkildə görür. Eləcə də qorxu insan şüurunu bulandırır, onu düşünməyə, anlamağa qoymur. Yaradıcı insan öz qorxusundan azad olmağı, qurtulmağı bacarmalıdır. Qorxu hissini, müsbət emosiyalar, özünə inam hissi əvəz etməlidir.
Yardıcılığın digər bir düşməni həddən ziyadə özünütənqiddir. Belçikalı rəssam Ceyms Ensor gənc sənətrkarları öz səhvlərindən qorxmamağa çağırırdı. O qeyd edirdi ki, çatışmazlıqlar əslində ən böyük nailiyyət hesab olunmalıdır. Çünki onlar həyatın özüdür.
Yaradıcılığın üçüncü əsas düşməni, tənbəllikdir. Bu düşmənə qarşı ən güclü silah insanda öz işinə qarşı maraq oyatmaq, tapşırıqlarla onların şüurunu daim məşğul etməkdir. Tapşırıqları hər dəfə çətinləşdirmək və onları mexaniki şəkildə təkrarlamamağa diqqət etmək lazımdır.
Yaradıcı şəxsiyyət kimi formalaşmaq üçün əlverişli şərait yaratmaq, öz yaradıcı imkanlarını inkişaf etdirmək üçün məşq etmək gərəkdir. Özünü tərbiyənin mərkəzində yaradıcı-estetik “mən”in formalaşması məsələsi durur. Bu hər hansı bir qrupun, cəmiyyətin, kütlənin “mən”idir. İnsan öz daxili aləmi–öz “mən”i ilə ətrafında, cəmiyyətdə baş verənlərə münasibət bildirir və aldığı təəsurratlar onun “mən”inin formalaşmasına yardımcı olur. İnsan özünü tanıdığı və dərk etdiyi səviyyədə həyatı dərk edir. Məşhur fransız filosofu Rene Dekartın qeyd etdiyi kimi: düşünürəm, demək varam.
Şəxsiyyət kimi formalaşmağa can atan və yaradıcı şəxsiyyətini formalaşdırmağa can atan insan hər şeydən əvvəl özünə qarşı tələbkarlıq hissi aşılamağı bacarmalıdır. Qalanı isə ya tanrıdan ya təbiətəndir.
XXI əsrin əsas hərəkətverici qüvvəsi insan şəxsiyyətidir. Şəxsiyyət insanlıq tarixində bütün kütləvi proseslərin dominant faktoru kimi çıxış edir.
Bu gün teatr insan şəxsiyyətinin individuallığını, bənzərsizliyini, vahidliyini, səhnədə olmasından və tamaşaçı zalında seyr etməsindən asılı olmayaraq göstərməyə qadirdir. Teatr bəlkə də, insanın “mən kiməm?”, “nəyə lazımam?” və s. suallarına cavab tapmaqda kömək edəcək qüvvətli vasitələrdəndir. Rejissor, dramaturq, aktyorlar səhnədən tamaşaçılara deyirlər: bax, biz belə düşünürük, belə hiss edirik. Bizə qoşul və həyatı bizimlə birlikdə anla, həqiqətdə kim olduğunu dərk et.
Belə olan surətdə teatrı ümumbəşəri mədəniyyətə, öz xalqının adət-ənənələrinə doğru gedən yol kimi qəbul etmək olar. Əsas odur ki, teatr Məndən, Səndən danışsın. Qeyrisi maraqlı deyil...
Niyaz Cəfərov
teatrşünas
banner

Oxşar Xəbərlər