• cümə axşamı, 25 aprel, 14:08
  • Baku Bakı 23°C

Talassemiyalı xəstələrə sağlam uşaq verən tibbi metod - Araşdırma

13.03.20 12:00 3703
Talassemiyalı xəstələrə sağlam uşaq verən tibbi metod - Araşdırma
Və ya süni mayalanma ilə bağlı bilməli olduqlarımız
Braun ailəsi 9 il övlad həsrəti çəkiblər. Çünki Lesley Braunda uşaqlıq borusunun bağlanması problemi var idi. Robert Edvards və Patrik Steptoe adlı iki elm adamının araşdırmaları sayəsində onların həsrəti sona çatır. Belə ki, hər iki valideyndən sperma və yumurta nümunələri götürülüb laboratoriya şəraitində dölləndirildikdən sonra qadının yumurtalığına yerləşdirilir və ekstrakorporal mayalanma (süni mayalanma) ilə ilk uşaq – Luiza Braun 1978-ci ildə dünyaya gəlir.

Hazırda 41 yaşında olan Luizanın müsahibələrində sualların daha çox onun sağlamlığı, fərqliliyi ilə bağlı olduğunu görürsən. "Həyatın necə keçir, bir fərqlilik yaşadınmı” sualına cavabı belə olub: "Əslində hər kəsin həyatına bənzər idi, sadəcə olaraq mətbuatın diqqət mərkəzindəydim. Dostlarımla bərabər böyüdüm. Məktəbə getməmişdən öncə valideynlərim mənə bir az fərqli doğulduğumu izah etdilər və yaşadığım fərqlilik bu qədər idi”.


Luizanın doğumundan sonra valideynləri təhdid dolu məktublar alırlar, çünki bunu Allahın işinə qarışmaq kimi qəbul edənlər olur. Ancaq əksinə, uşaq həsrəti çəkən ailələrdən bu addımı dəstəkləyən məktublar da gəlir. Beləcə, tibbin bu kəşfi zamanla dünyaya yayılır. 2004-cü ildən Azərbaycanda da süni mayalanma reallaşdırılır.
Tarix olaraq bəlkə də böyük görünə bilər, amma insanlarda bununla bağlı tərəddüd dolu suallar çoxdur. Müsahibimiz Nigar Əhmədova məhz belə suallardan dolayı süni mayalanmaya müraciət edə bilmədiklərini deyir: "6 ildir evliyik, amma övladımız yoxdur. Problem yoldaşımla bağlıdır. Dəfələrlə müalicə etdirdik, xeyri olmadı. Həkimlər süni mayalanmanın tək çarə olduğunu deyirlər. Ancaq buna getməyə risk edə bilmirik. Biri deyir ki, o uşaqların çoxu xəstə olur, biri deyir ki, çox yaşamırlar. Qadında xərçəng yaratdığı, hamiləlik dövründə qadının sağlamlığında problemlərə səbəb olduğu ilə bağlı da bəzi məlumatlara rast gəlmişdim. Əslində, övlad sahibi olmaq üçün bunları gözə alaram, amma yoldaşım ehtiyat edir. Səbəbi "o, öz uşağın olmur” tipli kimi fikirləri eşitməsidir”.

İnsanları tərəddüdə salan bu suallar nə dərəcədə həqiqəti əks etdirir? Uşağı olmayan hər kəs süni mayalanma etdirə bilərmi? Nə qədər pul çıxacaq? Bunun üçün istənilən yaşda müraciət etmək olar? Azərbaycanda, yoxsa ölkə xaricində etdirək? Neçə faiz alınma ehtimalı var?

Qiymətlər

İlk olaraq qiymətlərdən danışaq. Qiymətləri öyrənmək üçün müştəri qismində fərqli mərkəzlərlə əlaqə saxladıq.

Mərkəzi Klinikadan bildirdilər ki, klinikada bu sahə üzrə bir neçə mütəxəssis var. Qiyməti müəyyənləşdirmək üçün həkimin qəbulunda olmaq, müayinədən keçmək lazımdır. Yaxud telefon vasitəsilə həkimlə əlaqə saxlayıb detallı məlumat əldə etmək olar.

Türkiyənin Memorial Süni Mayalanma Mərkəzinin Azərbaycan nümayəndəliyində isə qiymət 2475 avrodur. Müayinə ödənişsiz olsa da, ilkin analiz ödənişləri və iynə-dərman xərcləri bu məbləğə daxil deyil. İlkin analiz xərci qadınlar üçün 3 565 TL (986.792 AZN), kişilər üçün isə 1 390 TL (384.752 AZN) civarındadır.

Bahçeci Bakı Süni Mayalanma Mərkəzi isə ödəniş 2250 manatdır. İstifadə ediləcək iynə-dərmanların xərci bu qiymətə daxil deyil. İynə-dərmanları ya klinikadan, ya da kənardan ala bilərsiniz. Əgər kənardan alacaqsınızsa, klinikaya ödənişiniz 2250 manat olur. Əgər klinikadan alası olsanız, dərmanlarla birlikdə 3750 manat ödəməlisiniz.

Baku Medical Plaza Süni MayalanmaMərkəzində isə ödənişiniz 3550 manat olacaq.Həkim qəbulu ödənişsizdir. Bu qiymətə analiz və dərman xərcləri də daxildir.


Hansı halda buna gedilməlidir?

Mərkəzi Klinikanın ginekoloqu Dr.Ramin Salahov deyir ki, övladı olmadığı üçün müraciət edən hər pasientə ekstrakorporal mayalanma tətbiq etmək düzgün deyil: "Müraciət edən cütlükləri müayinə edirik, problemin səbəbini müəyyənləşdirməyə çalışırıq. Əgər oğlanın hərəkətli spermalarının sayı 10 milyonun üzərindədirsə, xanımda uşaqlıq boruları açıqdırsa, yumurtaları normal böyüyürsə, ilk olaraq təbii yolla müalicələrə başlayırıq. 6 kurs belə müalicə edə bilərik. Alınmırsa, o zaman aşılama dediyimiz inseminasiyaya keçə bilərik. Bu, spermanın kişidən alınması, təmizlənməsi, sonra təmiz, güclü spermaların qadının uşaqlığının daxilinə vurulmasıdır. Bunda hamilə qalmaq faizi 20-25-dir. Bunu 3 dəfə edə bilərik. Bu da alınmasa, ailədə hər şey normaldırsa, biz buna səbəbsiz sonsuzluq deyirik. Onda ekstrakorporal mayalanmaya müraciət edə bilərik”.

Müayinə zamanı xanımın hər iki borusunun bağlı olduğunu görürüksə, laparoskopiya ilə də bunu aça bilmiriksə, bu zaman o xəstə qrupu birdəfəlik ekstrakorporal mayalanmaya gedir. Yaxud da ki normal dozada dərmanlar veririk, amma yumurtalar böyümür. Yaxud polikistoz yumurtalardır. Və ya kişidə hərəkətli sperma sayı milyon yarımdan azdırsa, bu qrup da birdəfəlik ekstrakorporal mayalanmaya gedə bilər. Göstərişlər fərqli ola bilir”.

Problemli uşaqlar?

Ekstrakorporal mayalanma ilə dünyaya gələn uşaqların sağlamlığı ilə bağlı problemlər olduğu da bildirilir. Bu, nə dərəcədə həqiqəti əks etdirir? Həkim-genetik Fuad İsmayılov deyir ki, burda yanaşma fərqlidir: "Birincisi, baxmaq lazımdır ki, süni mayalanma nəyə görə aparılır? Problem kişidə, yoxsa qadındadır? Əgər sonsuzluğun səbəbi valideynlərdən hər hansı birində olan genetik xəstəliklə əlaqədardırsa, süni mayalanma zamanı həmin patogen hüceyrələrdən istifadə olunubsa, təbii ki bu zaman doğulan uşaq xəstə olacaq. Əgər kişinin təbii mayalanma üçün spermatozoidlərinin sayı kifayət qədər deyilsə və bu səbəbdən süni mayalanma aparılırsa, niyə də sağlam döl yaranmasın?”.

Ramin Salahov isə ekstrakorporal mayalanmanın genetik problemi olan ailələrdə sağlam uşaq dünyaya gəlməsinə imkan yaratdığını deyir: "Normalda təbii yolla hamilə qalanların dünyaya gətirdikləri uşaqların 3 faizində problem olur. Ekstra korporal mayalanmada isə, bu rəqəm 4-5 faizdir. Amma burda bir nüans var. Hazırda ekstrokorporal mayalanma ilə biz genetik embrionları araşdıra bilirik. Fərqi üsullarla yoxlama aparıb sağlam embrionları götürürük. Genetik sağlam embrionu seçdiyimiz üçün qeyd etdiyim faiz normal hamiləlikdəki qədər olur, hətta ondan da yaxşı nəticə əldə edə bilirik. Eyni zamanda xəstə uşaqları olan cütlüklər müraciət edirlər ki, sağlam embrion seçək və uşaq sağlam doğulsun. Valideynlər talassemiya xəstəliyi daşıyıcısı olanda da, bu metod çox effektlidir. Ata-ana daşıyıcıdırsa, biz tam sağlam embrionu seçib yerləşdirə bilirik”.

Qadının yaşı 40-dan çoxdursa...

Hindistanda 70 yaşlı bir qadın ekstrakorporal mayalanma ilə ana olmuşdu. Ötən il ölkəmizdə 64 yaşlı qadınla 70 yaşlı kişinin bu üsulla əkiz övladı dünyaya gəlmişdi. Ekstrakorporal mayalanmanın tətbiqi üçün yaşın fərqi olmasa da, R.Salahovbildirdi ki, qadının yaşı 40-dan çoxdursa, bu zaman problemli uşaq doğulması ehtimalı böyük olur: "Bu işdə yaşın ciddi rolu var. Bəzi ədəbiyyatçılar deyirlər ki, 35 yaşdan sonra qadının yumurtalarında ciddi keyfiyyət pozğunluğu ortaya çıxa bilir. 37 yaşdan sonra hamilə qalma şansı da azalır. 40 yaşdan sonra ekstrokorporal mayalanma ilə uşaq dünyaya gətirmək faizi 15-dən aşağı olur. Qadın 40 yaşdan sonra hamilə qalarsa, genetik araşdırma olmayıbsa, o hamiləlik ya düşüklə nəticələnir, ya da uşaqda genetik xəstəlik olur. Əli, ayağı olmaya, ciddi ürək qüsuru ola bilir. Ona görə xanımlara məsləhət görərdim ki, 35 yaşa qədər hamiləliklərini planlasınlar. 40 yaşdan sonra biz genetik araşdırma edib sağlam embrion seçib götürə bilirik. Ancaq bu yaşlarda sağlam embrion sayı az olur”.


Dəfələrlə uğursuz olmasının səbəbi nədir?

Səbinə 6 dəfə ekstrokorporal mayalanma etdirib, amma hər dəfə də uğursuz alınıb: "Hər dəfə biz bunu böyük ümidlə edirik. Hamilə qalıram, hər dəfə ümidlənirik, nəticə olmur. Həkimi dəyişirik, ölkə xaricində də etdirmişik, alınmayıb”

Bir qisimdə birinci dəfədən uğurlu alınırsa, başqa birində dəfələrlə edilən cəhdlərin nəticəsiz qalmasının səbəbi nədir?

Ramin Salahov bildirir ki, bu sualların ümumiləşdirilmiş bir cavabı yoxdur: "Konkret səbəbini biz də bilmirik. Embriona, spermaya, anaya, uşaqlığın içərisindəki patologiyaya, implantasiya, immunoloji və s. problemlərdən dolayı belə hallar yaşana bilər”.

Genetik Fuad İsmayılov bildirdi ki, ekstrokorporal mayalanmanın alınıb-alınmamasının səbəbləri çoxdur: "Məsələn, mayalanma aparıldıqdan sonra onun genetik cəhətdən sağlam olub-olmamasını yoxlamaq lazımdır. Burda PGD müayinəsi (Preimplantasion Genetik Diaqnoztika) aparmaq lazımdır. Sonra embrioloq sağlam embrionları düzgün olaraq seçməlidir. Yerdə qalanlar qadınla əlaqədar məsələlərdir”.

R.Salahov işin uğurlu alınmasının bir səbəbinin isə inam olduğunu deyir: "İnam bu işin yarısı deməkdir. Çünki insanın psixoloji vəziyyəti, pozitiv aurası, inam, ümid də təsirini göstərir. Ona görə bu işin uğurlu alınmasında psixoterapiyanın da rolu böyükdür. Təəssüf ki bizdə o psixoterapiyanı edən həkimlər azdır. O yük də bəzən biz ginekoloqların üzərinə düşür. Bu işə əhəmiyyət verən 20-25 faiz ginekoloq var”.


Xərçəng yaradırmı?

Deyirlər ki, digər hamiləliklərlə müqayisədə qadının sağlamlığı daha çox təhlükə altına düşür. Hətta süni mayalanmanın qadınlarda beyin və uşaqlıq boynu xərçənginə səbəb olması ilə bağlı fikirlər də səsləndirilir.Baş onkoloq Azad Kərimli deyir ki, deyilənlər o zaman doğru olar ki, elmi əsası olsun: "Mənim əlimdə bununla bağlı elmi əsası olan hər hansı fikir yoxdur”

Ramin Salahov bildirir ki, bu fikirlərdə həqiqət payı çox cüzidir: "Bu fikirlərdə həqiqət var. Ümumdünya Səhiyyə Təşkilatı, müxtəlif tibbi mərkəzlər bunun üzərində ciddi araşdırma ediblər. Bəli, verdiyimiz dərmanlar, hormonal tərkiblidir. İstər-istəməz yumurtalıq və döş şiş xəstəlikləri riskini artırmış olur. Ancaq tam tərsinə, uşaq dünyaya gətirməyən qadınlarda da döş xərçəngi yaranır. O qadın uşaq dünyaya gətirib 2 il onu əmizdirdiyi zaman döş xərçəngi riskini azaltmış olur. Mən bizə müraciət edən pasientləri xərçənglə bağlı da müayinə edirəm. Yaxınlarında döş xərçəngi olub-olmadığını soruşuram. Bu zaman bu işi buraxmaq məcburiyyətində qalarıq. Ancaq ana olmaq, uşaq dünyaya gətirmək, süd vermək qadının sağlamlığına müsbət təsir edir”.


Qadının sağlamlığına təsiri

Cərrah mama-ginekoloqXəyalə Muradova deyir ki, ekstrakorporal mayalanma zamanı istifadə edilən iynə-dərmanlar yumurtalığı simulyasiya edə bilir. Ona görə burda bəlli həddi gözləməkdə fayda var: "O limiti keçəndə, qadın orqanizminə mənfi təsir edə, yumurtalıqda bəzi problemlərə səbəb ola bilər. Amma üç-beş dəfə təkrarlamaq problem yaratmır. Müəyyən müddətdən sonra hormonal dərmanlar sovrulub gedir. Bizdə ekstrakorporal mayalanma qiymətləri bahadır, ona görə, 4-5 dəfədən çox buna gedənlər də olmur. Ekstrakorporal mayalanmanın sığorta ilə qarşılandığı ölkələrdə 10 dəfədən də çox cəhd edənlər olur. Ancaq onu da deyim ki, elmdə ekstrakorporal mayalanmanı 10-15 dəfə etdirəndə, sağlamlıqda problem yaratması ilə bağlı hər hansı fikir yoxdur”.

Qadın, yoxsa kişi?

Əvvəllər ailədə uşaq olmurdusa, ekstrakorporal mayalanma getməyə məcbur qalınırdısa, bunu daha çox qadın faktoruna bağlayırdılar. R.Salahov deyir ki, müasir qruplaşma fərqlidir: "Əvvəllər daha çox qadın faktorundan dolayı ekstrokorporal mayalanmaya müraciət edilirdisə, indi kişi faktoru onun önünə keçib. Müasir qruplaşma belədir. 30-35 faiz qadınlar, 30-35 faiz kişilər, 30-35 faiz isə hər ikisində problem olanlardır”.


Niyə "ölkədə mütəxəssis yoxdur” deyirlər?

Bir qisim insan esktrakorporal mayalanma üçün ölkə xaricinə - daha çox Türkiyəyə üz tutur. Səbəbini soruşanda, "ölkədə mütəxəssis yoxdur” kimi cavab işlədirlər. Tibbi ekspert Adil Qeybulla bu yanaşma ilə razılaşmır: "Ölkəmizdə müxtəlif mərkəzlərdə mütəxəssislər fəaliyyət göstərirlər. Bu fikirlə razılaşmıram. Ancaq belə fikirlərin yaranmasının səbəbi var. Ekstrakorporal mayalanmada heç kim yüz faizli zəmanət vermir. Dünyanın hansı ölkəsində etdirirsən, etdir”.

Hər kəs övlad sahibi ola bilir?

Müasir tibb problemlə üzləşən bütün cütlüklərə övlad sahibi olmaq imkanı verirmi? R.Salahov bildirdi ki, burda 80 faiz nəticə almaq mümkündür: "Təbii müalicə, aşılama, ekstrokorporal mayalanma və s. bütün bunlardan istifadə edərək 80 faiz problemi olanlarda müsbət nəticə əldə edə bilirik”.

Başqasının uşağı?

Ekstrokorporal mayalanma ilə uşaq dünyaya gətirməyə risk etməyənlərin bir qismi düşünür ki, o sənin öz uşağın olmur, həkim səni aldada bilər. R.Salahov deyir ki, atanın sperması sıfırdırsa, TESE əməliyyatı edib onun xayasından sperma götürülüb mayalanır.

Günel bu üsulla bir müddət öncə uşaq dünyaya gətirib. O, bu kimi fikirdən dolayı tərəddüd edənlərə səsləndi: "Hamiləliyim çox yaxşı keçdi. Təbii hamiləlikdən fərqi olmadı. Sağlam övladımız var. Çox adam düşünür ki, həkim sizi aldadır, uşağın atası başqası olur və s. Bu uşaq oyuncağı deyil, həkim məsuliyyət daşıyır. Həm də ki uşaq göz qabağındadır, nəinki atasının, həm də babasının eynisidir”.


Cütlüklərin psixoloji narahatlığı

Məsələnin bir də psixoloji tərəfi var. Psixoloq Pərvin Süleymanova deyir ki, ekstrakorporal mayalanmaya müraciət edən cütlüklərin psixoloji dəstək alması önəmlidir: "Psixoloji dəstək uğursuz nəticədən sonra yox, prosedura başlayanda və davam etdiyi müddətdə getsə, yaxşı olar. Çünki bu prosesin cütlüklərin psixologiyasına təsiri böyük ola bilir. Bir neçə cəhd uğursuz olanda isə, burda cütlük psixoloji olaraq altı mərhələ keçir. Birincisi, şoka düşürlər, təəccüblənirlər. İkincisi, cavabı qəbul etmirlər, təkrar analizlər verirlər. Üçüncü mərhələ qəzəblənməkdir. Özlərinə, bir-birlərinə, valideynlərinə, cəmiyyətə və hər şeyə. Dördüncü, özlərini ətrafdan təcrid etməkdir. İnsanlarla görüşmürlər, uşaqlı ailələrdən uzaq dururlar, çünki başqalarının "necə oldu” sualına cavab vermək istəmirlər. Beşinci, özlərini günahlandırmağa başlayırlar. Axırda isə depressiv əlamətlər özünü göstərməyə başlaya bilir”.

Beləliklə, süni mayalanma tibbin bir kəşfidir, müsbət tərəfləri olduğu kimi, mənfi yönləri də olur. Seçim isə artıq hər kəsin özünə qalır.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər