Taksi xidmətinin səviyyəsi sertifikatla yüksələ bilməz
Azərbaycanda
turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni
tələblər tətbiq ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu,
yeni hazırlanan "Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.Layihəyə
görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin
bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin
sertifikatı əldə etmədən daşıyıcı turist və ekskursantların daşınması ilə
məşğul ola bilməz.
Turist
avtonəqliyyatı vasitələrinin sürücüləri ümüvafiq icra hakimiyyəti orqanı
tərəfindən peşə fəaliyyəti və davranışına dair təsdiq olunmuş xüsusi proqram
üzrə hazırlıq keçməlidirlər. Onlar həm də avtomobil nəqliyyatı ilə turistlərin
və ekskursantların daşımalarını tənzimləyən normativ aktlar barədə zəruri
biliklərə malik olmalıdırlar. Layihəyə görə, turistlərin və ekskursantların
daşınması üçün daşıyıcılar müvafiq icra hakimiyyəti orqanlarının birgə müəyyən
etdiyi qaydada akkreditasiyadan keçməli və akkreditasiya kartları ilə təmin
olunmalıdırlar. Avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərən şəxs buna
görə lisenziya aldıqdan sonra turistləri və ekskursantları daşıma sahəsində
xidmət göstərmək üçün nəzarət orqanının nümayəndələrinin iştirakı ilə
akkreditasiyadan keçməlidir.
Əlbəttə,
bütün bunlar qeyri-qanuni fəaliyyət göstərən, xariciləri görən kimi onlara
fantsatik qiymətlər oxuyan taksi sürücülərinin ortadan yığışdırılması üçün çox
vacibdir. Lakin məsələnin başqa bir tərəfi də var. Turist nə bilsin ki, bu
sürücünün sertifikatı var, yoxsa yox? Tutaq ki, turist sertifikatı olmayan
taksiyə minibsə, burada sürücünü cərimələmək nə qədər doğrudur? Bu kimi
detallar qanunla necə tənzimlənəcək?
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Nuridə Allahyarova deyir ki, hələlik bu haqda danışmaq üçün çox
tezdir: "Bununla bağlı hər hansısa bir tələbnamə hələlik hazır deyil.
Sertifikatlaşdırma nişanının sürücünün, yoxsa maşının üzərində həkk olunacağı
da məlum deyil. Hazırda qeyri-leqal fəaliyyət göstərən taksi sürücülərinə qarşı
fərqlənmə nişanının verilməsi prosesi başlayıb. Çünki sürücülər nəinki xarici,
hətta yerli sərnişinlərin daşınmasını belə, qeyri-leqal şəkildə həyata keçirirlər.
Agentlik tərəfindən bu problemi aradan qaldırılmağa çalışırıq”.
Qurum rəsmisinin
sözlərinə görə, taksi fəaliyyətinin sertifikatlaşdırılması məsələsi haqqındakı
detallar qanun öz təsdiqini tapdıqdan sonra, icra prosesi zamanı məlum olacaq:
"Fərqləndirici nişan, yaxud sənədlə bağlı olaraq sürücünün cərimələnməsi məsələsi
də qanunda qeyd ediləcək. Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri üçün 40
manatdan 100 manata qədər cərimə nəzərdə tutulub. Əgər hansısa qanundankənar
fakt qeyd alınarsa, agentlik olaraq aidiyyəti qurumlara müraciət edəcəyik”.
Sosial Strateji
Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynliqeyd
etdi ki, bununla bağlı Azərbyacanda müxtəlif problemlər var: "Bir sıra ölkələrdə ən çox gəlir gətirən fəaliyyət növlərindən biri turizmdir. Ölkəyə
gələn turistlərin ilk ünsiyyətdə olduğu şəxslər isə onları hava limanından gedəcəyi
yerə aparan taksi sürücüləridir. Təəssüflər olsun ki, Azərbaycanda bu sahə yetərincə
inkişaf etməyib. Taksi sürücülərinin istər dil bilikləri, istərsə də xidmət səviyyəsindən
tutmuş, ən xırda detallara qədər bir çox məsələlər üzərində ciddi işlər aparılmalıdır
ki, onlar lazım olan standartlara cavab versinlər. Bu cür halların özüm də dəfələrlə
şahidi olmuşam. Bir dəfə Azərbaycana dəvət etdiyim xarici ekspert hava limanında
taksi sürücüləri tərəfindən qiymət baxımından aldadılıb. Hava limanından paytaxtdakı
otellərə daşıma xərci təxminən 15-20 manat civarında olsa da, sürücülər turistlərdən
50 dollara qədər pul alırlar. Sürücülər həm də taksometrlərdən istifadə etmirlər.
İstifadə etdikdə isə, orada məbləğ qeyd olunmur. Təbii ki, bu kimi faktlar ölkə
haqqında xoşagəlməz fikir formalaşdırır”.
Ekspertin fikrincə, belə faktların qarşısını
almaq üçün sürücülər kurslara cəlb olunmalı, onlara xüsusi təlimlər keçirilməlidir:
"Burada istər dil bilgisi, istərsə də turistlə rəftar kimi məslələrə də yer
verilməlidir. Belə bir qanunun olması təşəbbüsü təqdirəlayiqdir. Lakin yaxşı
olardı ki, qanun qəbul edilərkən onun icrasına da ciddi nəzarət olsun. Başqa
sözlə, qanun formallıqdan reallığa çevrilsin. Təkcə "quru” sertifikatla heç nə
həll olunası deyil. Düşünürəm ki, sertifikatlaşdırma prosesinə cəlb olunan və
sertifikatlaşdırılan sürücülərə icazə verilməlidir ki, onlar xüsusilə hava
limanında xidmət göstərsinlər. İkinci bir tərəfdən, onlar üçün şəhərdə xüsusi
park yerləri yaradılmalıdır və həmin taksilər xüsusi kod və ya nişanla gəlib burada
müştəri gözləsinlər. Turistlərə isə bu barədə internet vasitəsi ilə məlumat verilməlidir
ki, bu xidmət şəbəkəsi həmin kodla fəaliyyət göstərən taksilər sürücülər üçün nəzərdə
tutulub. Belə fərqlənmə metodları ilə bu işi təşkil etmək mümkündür. Amma bu
xidmətlə bağlı xüsusi dayanacaqlar olmalıdır. İstər otellərdə, istərsə də digər
iaşə obyektlərində ingilis, rus və Azərbaycan dillərində afişalar asılmalıdır
ki, bu nişanla fəaliyyət göstərən şirkət məxsusi olaraq turistlər üçün nəzərdə
tutulub”.
İ.Hüseynli deyir ki, ümumi götürdükdə, bu problem
sertifikatlaşdırma deyil, maarifləndirmə yolu ilə də öz həllini tapa bilər: "Əslində
Avropada, dünyanın bir çox inkişaf etmiş ölkələrində belə bir şey yoxdur.
Özümün də olduğum bir neçə Avropa ölkəsində heç vaxt taksilərin fərqləndirildiyini
görməmişəm. Sivil xidmət üsullarını aşılamaqla çalışmalıyıq ki, bu problemi
kökündən həl edək. Hər hansı bir şəxsi cərimə etməklə, fikrimcə, problem öz həllini
tapmayacaq. Əgər sürücünün lisenziyası
varsa, onun üçün hər hansı bir cərimə tətbiq etmək tamamilə yanlışdır. Turistin
özünün hüququ var ki, istənilən taksiyə minsin. Ona heç bir dəxli yoxdur ki, sürücünün
sertifikatı var, ya yox. Həmçinin sürücünün də hüququdur ki, istənilən turisti
istədiyi məkana aparsın. Burada hər hansı bir cərimənin tətbiq olunmasının hüquqi
mexanizmini görmürəm”.
Şəbnəm Mehdizadə