Takayasu damar xəstəliyindən əziyyət çəkən qadın ana olub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə
Klinikasında ağır hamiləlik uğurla başa çatıb. Takayasu damar xəstəliyindən əziyyət
çəkən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Vüsale Cəbrayılova analıq
sevincini yaşayıb.
Klinikanın 2-ci Mama-ginekologiya şöbəsinin müdiri
Uzman Dr. Turab Canbaxışovun sözlərinə görə, xəstə uzun illər ana olmaq həsrətində
idi. Lakin xəstəliyi ilə əlaqədar buna nail ola bilmirdi. Azərbaycanda və
Moskvada bir çox mütəxəssislərə müraciət etsə və bir sıra müalicələr alsa da, həkimlər
bunun çox riskli hamiləlik olacağından ehtiyat ediblər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən
qadın bu arzusunu reallaşdırıb. Xəstənin müalicə həkimi 2-ci Mama-Ginekologiya
şöbəsinin müdiri Turab Canbaxışovun bildirdiyinə görə, bu xəstəlik dünyada bir
milyon insandan bir-ikisində rast gəlinsə də, Asiya ölkələrində yüz min
insandan iki-üçündə olur: "Qan təzyiqini artıran bu xəstəlik, aorta deyilən ana
damar və bütün daxili orqanlarına gedən damarların daxili divarını zədələyərək,
daralmasına və hətta tutulmasına gətirə bilər. Həmin xanımın bu problemlə əlaqəli
olaraq bir böyrəyini qidalandıran damarın bağlanma təhlükəsinın olduğu üçün bir
neçə il əvvəl stend də yerləşdirilib. Uzun müddət müalicələrdən sonra xanım
hamilə qalıb. Takayasu endoarteriit xəstəliyi ilə hamilə qalan xanımların 53%-də
fəsadlar görülür. Bunlardan təzyiqin daha da artmasıdır, preeklampsiya xəstəliyin
inkişafıdır, erkən aylarda düşüklərin olmasıdır, ana bətnində dölün inkişaf ləngiməsi
və hətta tələf olması kimi riskləri daşımaqdadır”.
Həkimin sözlərinə görə, xəstə üzərində aparılan müalicələrə
baxmayaraq, preeklampsiya (müalicəyə tabe olmayan yüksək təzyiq) inkişaf edib və
34-cü həftəsini doldurub: "Bu səbəbdən də hamiləliyi kesar üsulu ilə
sonlandırmaq məcburiyyətində qaldıq. Sağlam doğulan və 2160 qram çəkiyə malik
olan körpə yenidoğulmuşların reanimasiyasına yatırılmışdı”.
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın
sözlərinə görə, körpə 6 gün reanimasiyada qalıb və vaxtından əvvəl dünyaya göz
açdığı üçün müəyyən problemləri olub. Buna baxmayaraq, müasir tibbi müdaxilələrlə
bütün problemlər aradan qaldırılıb və ailəsinə sağlam bir şəkildə təhvil verilib.