• cümə, 29 Mart, 01:52
  • Baku Bakı 7°C

Tahir Mirkişili: Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac yaranıb

03.05.20 21:15 682
Tahir Mirkişili: Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac yaranıb
Hesablama Palatasının 2019-cu il üzrə hesabatı həm məzmunca, həm də formaca innovativdir. Təqdim edilən məlumatlar və illustrasiyalar palatanın təkcə nə etdiyini deyil, həm də bunu necə etdiyini göstərir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili hesab edir ki, bu, mühüm yenilikdir, çünki dövlət maliyyə nəzarəti orqanının fəaliyyətindəki ictimailik vətəndaşın dövlətə inamını artıran əsas amillərdəndir: "Hesabat Hesablama Palatası haqqında Qanunla müəyyən edilmiş fəaliyyət istiqamətlərini və vəzifələrin siyahısını tam əhatə edir. Dövlət vəsaitinin formalaşması və istifadəsi ilə bağlı mövcud olan problemlər ümumi şəkildə, yol verilən maliyyə və prosedür xarakterli pozuntular isə ətraflı və sistemləşdirilmiş şəkildə verilib. Dövlət maliyyə idarəetməsi sisteminin təkmilləşdirilməsi və dövlət maliyyəsinin qənaətli istifadəsi üzrə şəffaflığın və maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində müntəzəm təkliflərin hazırlanması və bu təkliflərin bir çoxunun reallaşmasını müsbət hal hesab edirik. Daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi, auditin müxtəlif alətlərinin tədqiq edilməsinivpalatanın elmi potensialının güclənməsi baxımından mühüm nailiyyət hesab edirik. Yeri gəlmişkən, bu günlərdə beynəlxalq təşkilatlar tərəfindən palatanın fəaliyyətinin Açıq Büdcə İndeksi üzrə 100 baldan 89 balla qiymətləndirməsi böyük uğurdur! Bu uğura görə Palatanın əməkdaşlarını təbrik edirəm!
Qeyd etmək istərdim ki, bu beynəlxalq göstərici üzrə Milli Məclis Palata ilə birlikdə son 1 il ərzində 5 pillə irəliləyərək 68 bal toplayıb. 2019-cu ildə ilk dəfə olaraq təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi, audit fəaliyyətində səmərəliliyin tətbiq edilməyə başlaması İcmal büdcənin ümumi effektivliyini artırmaqla yanaşı, dövlət nəzarətinin milli inkişafla uzlaşmasını təmin edilməsi yolunda mühüm addımdır. Komitə ümumilikdə Hesabata müsbət rəy verib. Bütün bunlarla yanaşı, bizi narahat edən bəzi məqamları da diqqətinizə çatdırmaq istərdim. Nəzərə almaq lazımdır ki, hesabat həm də gələcəkdə görüləcək işlərin planlaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi və hədəflərin düzgün seçilməsi baxımından da mühüm təhlil materialıdır. Bu baxımdan, 2019-cu ildə audit fəaliyyətinin əhatə dairəsinin azalması, xüsusilə də 1 audit tədbiri ilə əhatə olunmuş maliyyə vəsaitlərinin həcminin azalması bizi narahat etməkdədir.
Rəqəmsal auditin tətbiq dairəsinin məhdud olması, yoxlanan təşkilatların informasiya sistemlərinə çıxışın az olması və beləliklə də əhatə dairəsinin xeyli artırılmasına imkan verə bilən rəqəmsal alətlərdən yetərincə istifadə edilməməsi qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yarada biləcək amillərdəndir. Müasir dövlət auditinin əsas kriteriyaları rəqəmsal, riskə yönəlmiş və dövlət maliyyə idarəetməsinin təkmilləşməsi hesabına məqsədlərə nail olmaqdır. Uğurlu fəaliyyətin əsas kriteriyası cəza vermək, büdcəyə vəsait bərpa etmək deyil, profilaktika hesabına nöqsanların azalmasına nail olmaqdır.
Auditor rolundan strateji partnyor roluna keçidin təmin olunması effektivliyin artırılmasına ciddi təkan verəcək Bütövlükdə hesab edirik ki, dövlət maliyyə nəzarətinin hədəfləri ilə dövlətin makroiqtisadi inkişaf hədəfləri uzlaşmalıdır. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyi nəzərə alınaraq sosial hədəflərə nail olunmağın audit edilməsinin gələcək fəaliyyətdə üstünlük təşkil etməsi fikrimizcə, daha məqsədəuyğun olardı. Resursların artırılması baxımından gələcəyin auditorlarını hazırlamaq – yəni böyük həcmdə məlumatları emal edə bilən, süni intellekti, qabaqcıl keyfiyyət metodlarını tətbiq etməyi, strateji partnyor olmağı bacaran, unikal təcrübəyə malik, innovasiyalara sahib olan auditorlar yetişdirmək qarşımızda duran əsas hədəflərdən olmalıdır. Sonda qeyd etmək istərdim ki, hesabat həm də bizim İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar yaradır.
Belə ki, aşkar edilmiş nöqsanların əsasən büdcə qanunvericiliyi tələbləri və dövlət satınalmaları tələbləri ilə bağlı olması hər iki sahədə qanunvericiliyin təkmilləşməsini zəruri etməkdədir. İlkin təhlillər göstərir ki, əvvəlki illərdə qəbul edilmiş, bu günün tələblərinə cavab verməyən qanun və normativlər əksər hallarda icra orqanlarına maliyyə pozuntuları yaratmasına imkan yaradır. Xüsusilə də tezliklə Büdcə Məcəlləsinin qəbul edilməsinə, satınalmalar haqqında qanunun təkmilləşdirilməsinə zəruri ehtiyac yaranıb".
Qeyd edək ki, Milli Məclis mayın 1-də keçirilən plenar iclasında Hesablama Palatasının hesabatını qəbul edib.

banner

Oxşar Xəbərlər