AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tahir Əmiraslanov: “Restoranlarımız gözəldir, mətbəxləri isə bərbad”

Tahir Əmiraslanov: “Restoranlarımız gözəldir, mətbəxləri isə bərbad”

Cəmiyyət
08 Oktyabr 2013, 16:31 2072
Azərbaycan milli mətbəxi daha bir festivalda təmsil olunub. Bu haqda dünən keçirilən mətbuat konfransında çıxış edən Milli Kulinariya Assosiasiyasının direktoru Tahir Əmiraslanov nümayəndələrimizin Fransanın Oloron şəhərində keçirilən Beynəlxalq Kulinariya Şəkilləri adlı müsabiqədə iştirak etdiklərini və orada 2-ci yertutduqlarını söylədi.

Tahir Əmiraslanov çıxışı zamanı Azərbaycanın belə bir tədbirdə ilk dəfə iştirak etdiyini və nümayəndəmizin 4 ay bunun üçün işlədiyini dedi: “Azərbaycanda kulinariya foto incəsənəti inkişaf etməyib. Ona görə də bu bizim üçün bir ilk idi. Nəzərinizə çatdırım ki, festivalda 18 ölkə - Fransa, Azərbaycan, Yaponiya, Almaniya, Yunanıstan, Koreya, Rusiya, Ukrayna, Avstriya, Polşa, Portuqaliya, BƏƏ, İsveç, Makedoniya, Bosniya və Herseqovina, İtaliya, Norveç və Macarıstan iştirak edirdi. Yüksək modaya həsr olunmuş, daha çox kulinariya incəsənəti dizaynı ilə bağlı olan bu yarışmada Azərbaycan aşpazı II yerə layiq görüldü. I yeri Yaponiya, III yeri isə Fransa qazandı. Yarışlar zamanı keçirilən usta siniflərdə də Ağa Aşurov II yerə layiq görüldü. Hesab edirəm ki, bu tipli yarışmada ilk dəfə iştirak edən ölkəmiz üçün bu nəticə müsbət qiymətləndirilə bilər”.
Tahir Əmiraslanov bildirdi ki, Azərbaycanda kulinariyanın foto incəsənəti inkişaf etdirilməlidir. Onun sözlərinə görə, təkcə yemək növü deyil, bu işi incəsənət növü kimi də ortaya qoymaq ən vacib məsələlərdən biri hesab olunmalıdır: “Bu sahə üzrə bir fotoqrafımız və gənc aşpazlarımız artıq yetişiblər. Qeyd edim ki, incəsənət qrupunda bir xanımı da heyətimizə əlavə etmişik. O da Yekaterinburqda 3-cü yeri tutub. Baxmayaraq ki mütəxəssis deyil, amma zamanla öyrənəcək”.

Festivalda iştirak edən Ağa Aşurov festivalın beynəlxalq səviyyəli yarış olduğunu və mədəniyyətimizi modernləşdirib dünyaya çatdırmağın o qədər də asan olmadığını söylədi: “Müsabiqədə təqdim etdiyimiz iş vətənimizin, xalqımızın adına sayılır. Əvvəllər bizdə milli mətbəximizin modern forması o qədər də inkişaf etməmişdi. Azərbaycan Milli Kulinariya Mərkəzi fəaliyyətə başlayandan sonra, Tahir müəllimin sayəsində bu sahədə bir çox irəliləyişlər oldu. Hər zaman yarışlarda iştirak etdikcə milli mətbəximizi tanıtmağa çalışırdıq. Ustad dərsləri keçən zaman biz öz mətbəximizi digər xalqların nümayəndələrinə aşılamağa çalışırıq. Ustad dərslərində iştirak edən aşpazların hər biri dünya səviyyəsində tanınan simalardır. Onlarla yarışmaq mənə çox çətin gəlirdi. Ancaq bizim Avropada aldığımız təhsil öz sözünü dedi”.

Tədbirdə Tahir Əmiraslanov oktyabrın 20-sinin Beynəlxalq milli kulinariya günü olduğunu və həmin günə qədər medallarımızın vətənə gətiriləcəyini də qeyd etdi. Azərbaycanda bu cür festivalların nə üçün keçirilməməyinə gəlincə, Tahir Əmiraslanov bir çox səbəbləri açıqladı: “Azərbaycanda kulinariya ilə bağlı respublika səviyyəli bir çox tədbirlər keçirilir. Beynəlxalq tədbir olaraq 2009-cu ildə I İslam mətbəxi konfransı keçirildi. 4 ildən sonra, yəni bu ilin oktyabr ayında ikincisi baş tutmalı idi. Amma seçkilərə görə məsləhət görüldü ki, gələn ilin 22-25 aprel tarixlərinə keçirilsin. Bizim dolayısı yolla aldığımız məlumatlara görə, ötən il Ermənistanda Kulinariya təşkilatına 820 min avro vəsait ayrılıb. Azərbaycanda isə bu il 156 min avro pul ayrılıb. Əslində isə bu sualla Maliyyə Nazirliyinə müraciət edilməlidir. Beynəlxalq festivalların keçirilməsi böyük məsuliyyət tələb edir. Bizim mərkəzin 5-10 nəfər hazırlamağı ilə iş olmaz. Bizdə kulinariya üzrə peşə məktəblərində dəmirlərin yanında yemək hazırlayırlar. İxtisaslaşdırılmış və xüsusiləşdirilmiş Kulinariya məktəbimiz yoxdur. Bu olsun ki, dünya səviyyəli mütəxəssislər hazırlaya bilək. Dünyanın heç bir ölkəsinin restoranında təhsil almayan aşpaz çalışmır. Bu yalnız bizdədir. Bizdə restoranda və ya haradasa yemək bişirəni aşpaz kimi təqdim edirlər. Belə bir hal sürdüyü müddətcə Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nə dərəcədə düzgündür? Biz savadsızlığımızı, bacarıqsızlığımızı dünyaya nümayiş etdirməli olacağıq. Təkcə yarışda təqdim etdiklərimiz gözəl ola bilər. Bu gözəldir. Amma hansısa xarici nümayəndə küçədə istədiyi restorana yemək üçün gedəcək. Bizim restoranların çoxunda isə dəqiq müəyyən edə bilmirlər ki, dovğa şorbadır, yoxsa içki növü. Azərbaycanda kulinariya sahəsində elmi tədqiqat institutu yoxdur. Kulinariya muzeyimiz hələ yaranmayıb. Amma qonşu ölkələrin hamısında bunlar yaranıb. Türkiyədən bir qonağım gəlmişdi. Rayona gedəndə yolda dayanıb yemək yeməyimizi istədi. Restoranlardan birində oturduq. Yemək gətirdilər. Yanına çəngəl də qoymuşdular. Qonağım dedi ki, bəs bıçaq da gətirsinlər. Ofisiant bir də gördüm əlində çörək doğrayan bıçaq gətirib. Qnaqlara bunlarımı göstərək? Üzümüzə demirlər, özümüz öz eyiblərimizi görürük. 2009-da mən xariciləri Azərbaycana qonaq kimi dəvət edəndə stress keçirirdim. Təcili yardım dərmanla təzyiqimi aşağı salırdı. Bir çox restoranlarımızda yemək yemək mümkün deyil. Oranın aşpazları mütəxəssis deyil. Yeməyin içində nə desən var. Texnoloji qaydalara əməl olunmur. Çox gözəl zallarımız var, amma mətbəxə giriləsi deyil. Əvvəlcə kulinariyanın təhsil sistemində dəyişiklik olmalıdır. Peşə məktəblərinin kulinariya ixtisasında təhsil alan tələbələri bir məktəbdə birləşdirsinlər. Biz onları yetişdirək. Dövlətin kulinariya üçün ayırdığı puldan artıq heç nə istəmirik. Təhsil, Ədliyyə nazirlikləri, Nazirlər Kabineti bu haqda qərar verməlidir. Nə vaxt şərait yaratsalar, əlimizdən gələni edəcəyik”.

Xəyalə Rəis