AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Taekvondomuzun parlaq gələcəyi - Portret

Taekvondomuzun parlaq gələcəyi - Portret

Gənclik qəzeti
06 Avqust 2014, 09:49 5786
Son illərdə bəzi idman növlərinə olan maraq artmaqdadır. Onların içərisində taekvondo xüsusi yer tutur. Olimpiya idman növü olması həm də yarışma baxımından böyük əhəmiyyət kəsb etdiyindən diqqətlərin artmasını təbii qəbul etməliyik. Azərbaycan taekvondosu gün keçdikcə öz ənənələrini formalaşdırmaqdadır və kişi idmançılarla yanaşı, qızlarımız da yüksək nəticələrə qazanaraq bizləri sevindirə bilirlər. Fəridə Əzizova isə idman səmamızda parlayan ən böyük ulduzlardan biridir. Cəmi 19 yaşı olmasına baxmayaraq dünya və Avropa çempionluğu olan taekvondoçumuzun qarşıdakı ən azı üç Olimpiadada Azərbaycanı layiqincə təmsil etmək şansı var. Ancaq bu, hələ gələcəyin məsələsidir. Arxada qalan illərdə qazanılan uğurlar isə böyük əziyyətlər hesabına başa gəlib. Fəridənin həyat hekayəsinə nəzər salmaq maraqlı olardı.

Dəcəl qız
6 iyun 1995-ci ildə Qusarda anadan olan Fəridə Əzizova uşaqlıqda yaman dəcəl olub. Atası Şıxməmməd kişi qızının belə nadincliyindən çıxışı yolunu idmanda tapıb. “Bəsdir, məhəllədəki oğlanları döydün, get bir az da əsl döyüşü gör” deyən valideyn 8 yaşlı Fəridəni taekvondoya gətirir. O vaxtlar bu idman növü Qusara yeni gəlmişdi və böyük marağa səbəb olmuşdu. 2003-cü il oktyabrın 5-i, səhər saat 9-un yarısında ilk məşqinə gələn bu qızcığaz gələcəyin dünya və Avropa çempionu olacağını ağlına belə gətirməzdi. Nə özü, nə atası, nə də digər yaxınları və dostları. Ancaq çalışqanlıq və birdən-birə çoxalan taekvondo sevgisi öz işini gördü. Cəmi 3 ay sonra Fəridə yeniyetmələr arasında Azərbaycan çempionatının bürünc medalçısı idi. Halbuki, məşqçisi onu ora sadəcə təcrübə toplamaq üçün aparmışdı….

Yolun başlanğıcı
Əzizovanın yüksəlişi çox sürətli alındı. İlk uğurundan cəmi bir il sonra nəticəsini təkrarlayan Fəridə, növbəti il artıq ölkə çempionu adı ilə evə qayıtmışdı. Bu qələbə ilə milli komandaya da dəvət alan qəhrəmanımız, tezliklə, bütün rəqiblərindən bir baş üstün olduğunu göstərdi. Cəmi 12 yaşında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında bürünc medal qazanması böyük sensasiya idi. Bir il sonra İzmirdə artıq gənclər arasında dünya birinciliyində qüvvəsini sınayan Fəridə, 3-cü yeri tutaraq inanılmazı gerçəkləşdirdi. Bununla da kifayətlənmədi. 2009-cu ildə Trelleborqda gənclər arasında Avropa üçüncüsü, Zaqrebdə isə cəmi 14 yaşında yeniyetmələrdə Avropa birinciliyinin qalibi adını qazanan həmyerlimiz zirvənin yolunu tutmuşdu. Onun istedadı şübhə doğurmurdu. Yaşının azlığına baxmayaraq, tatamidəki düzgün davranışı, təmkini, məşqçisinin verdiyi tapşırıqları tam yerinə yetirməsi onu uğura daşıyırdı. Nağıllardakı kimi “günlə, ayla yox, saatla böyüyən” Fəridə rəqiblərini rahat yenməklə hamımızı sevindirirdi. Amma…

Özündən 10 yaş böyükləri “döyən” qızcığaz
Hazırda ikinci dan qara kəmər ustası olan gənc idmançı ilk beynəlxalq çempionluğundan sonra uğursuzluq zolağına düşdü. Əvvəlcə, 2010-cu il gənclər, sonra isə 2011-ci il böyüklər arasında dünya çempionatı ilə 1/16 finalda vidalaşan Fəridə, yalnız Bakıda Olimpiya təsnifat turnirində özünə gəldi. O bilirdi ki, ən böyük arzusu olan Olimpiya Oyunlarına yol doğma divarlar arasındakı bu yarışdan keçir. Bütün əzmini bir yerə toplayan 16 yaşlı qızımız, özündən dörd, beş, hətta 10 yaş böyük idmançıları yenərək finala qədər irəlilədi (burada yalnız özündən 8 yaş böyük olan koreyalı idmançıya bir xal fərqlə uduzdu) və Londona lisenziyanı təmin etdi.

Dünya çempionu olan Fəridə…
Ardınca, Çelyabinskdə “Russia Open” və Zaqrebdə “Croatia Open”də qızıl, Las-Veqasda “US Open”də gümüş medal qazanmaq ona çətin olmadı. Və növbə gəlib çatdı hələ ki, karyerasının ən böyük uğuruna. Misirin Şərm-Əl-Şeyx şəhərində keçirilən gənclər arasında dünya çempionatına formasının zirvəsində qatılan Fəridə, heç kimə gücünə şübhə etməyə yer qoymadı. Sıra ilə Slovakiyadan Violeta Babiç, Sloveniyadan Dunya Lemajiç, Tailanddan Kanyana Sukivas, finalda isə Hollandiya təmsilçisi Aylin Akdenizi yenən taekvondoçu öz çəkisində planetin ən güclüsü adını qazandı.

…Londondakı uğursuzluğu unuda bilir
Olimpiadaya bu qədər hazır qatılan və böyük ümidlər bəslənilən Fəridə Əzizovanın ilk döyüşdəcə yenilərək mübarizədən kənarda qalması gözlənilməz alındı. Fiziki və döyüş hazırlığına şübhə yox idi. O, həm məşqlərdə, həm də Londonaqədərki bütün əsas yarışlarda ən azı bürünc medal götürməyə real namizədlərdən olduğunu təsdiqləmişdi. Ancaq psixoloji hazırlıq… Bir qızın 17 yaşında Olimpiadada tatami üzərinə çıxıb yaşca özündən çox böyükləri yenməsi asan məsələ deyildi. Çox təəssüf ki, işlər belə alındı və çempionumuz evə əliboş döndü. Döndü, ancaq ruhdan düşmədi. Yaşına uyğun olmayan möhkəmlik və iradə nümayiş etdirən Fəridə tezliklə, “tataminin kraliçası” olduğunu təsdiqləyir. 2013-cü ilin əvvəlində İsgəndəriyyədə böyüklər arasında açıq turnirdə qızıl, Hamburqdakı eyni səviyyəli yarışda bürünc medal qazanması onu yenidən böyük uğura kökləyir. Moldovanın paytaxtı Kişinyovda gənclərin Avropa çempionatına qatılan Fəridə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Ardınca isə Meksikanın Puebla şəhərində böyüklər arasında dünya çempionatının bürünc medalı gəlir. 2014-cü ildə “Luxor Open”də qızıl, “Bəhreyn Open”də gümüş, Çinin Sujou şəhərindəki Qran-Pri və Bakıda böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı olan Əzizova yenə də böyük zirvələri fəth etməyə hazır olduğunu göstərir. Fəridənin statistikası möhtəşəmdir: 19 yaşındakı bu idmançı dünya və ikiqat Avropa çempionu, bu turnirlərin beşqat bürünc mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dəfələrlə Azərbaycan çempionudur. Beynəlxalq yarışlarda keçirdiyi 60 yarışın 44-də tatamini qalib kimi tərk edib və 67 kq çəki dərəcəsində dünyanın ilk beşliyində yer alır. O, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1 iyun - Uşaqları Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar təşkil etdiyi tədbirdə “Azərbaycanın gələcəyi” diplomu və mükafatına, “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis edilən “Humay” Müstəqil Milli-İctimai Mükafatına (“İlin müvəffəqiyyəti”) layiq görülüb və onun ən gənc sahiblərindən biridir. Fəridə taekvondo üzrə qadınlar arasında dünya çempionatında medal götürən ilk idmançımızdır.

Tərbiyəli idmançı
Uşaqlıqdakı dəcəlliyi hələ də döyüşlər zamanı onunladır. Fəridənin tatamidəki davranışı çox maraqlıdır. O, çox nadir hallarda müdafiə olunur, qələbəni yalnız hücum etmək, dayanmadan hərəkət edərək zərbə üçün müxtəlif yollar axtarmaqla əldə edir. Gənc olması ona itirdiyi enerji tez bərpa etmək imkanı verdiyindən, döyüşlərin çoxunda əsas zərbələrin sonda gəldiyinə də şahidlik edirik. Fəridə dayanmadan hücum edərək ona dəyən zərbələrin əvəzini artıqlaması ilə çıxır. Uduzmaqla barışmır, dəcəl uşaq kimi rəqibindən onu yenməyənə qədər əl çəkmir. Bununla yanaşı, Əzizovanın yüksək idmançı tərbiyəsi də var. Dəcəllik öz yerində, ancaq hakimlərə, məşqçilərinə, azarkeşlərə münasibətdə davranışları hər kəsə nümunə göstəriləcək səviyyədədir. O, hakimin hətta ona qarşı qərəzli olan qərarlarına da etiraz etmir, baş əyərək döyüşünü davam etdirir. Bilir ki, əsl idmançı özünü həm rəqibi, həm də hakimi məğlub edəndən sonra qalib saya bilər.

Portreti
Bəlkə bu işi onun öz öhdəsinə buraxaq? Xobbisi, ağır məşqlərin yorğunluğunu çıxartdığı ən sevimli məşğuliyyəti məhz rəsm çəkmək olan və məhz portretləri çox sevən Fəridəyə bir tapşırıq verək: gülərüz, baxışları harasa yuxarı yönələn qısacaç, hələ həyat yolunun başlanğıcında olan gözəl bir qız çəksin bizim üçün. Özünün sevdiyi ağ-qara tərzdə. Bu da olsun avtoportret.

Kənan MəstəliyevPortret"> Portret"> Portret"> Portret"> Portret">