• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

Sözünü mahnısı ilə deməyə üstünlük verən bəstəkar - Fotolar

02.02.17 10:30 3922
Sözünü mahnısı ilə deməyə üstünlük verən bəstəkar - Fotolar
2017-ci ilin ilk ayını başa vurduq. Yeni ilin ilk ayında bir neçə mahnılar ifa olundu ki, yenə də onların içərisindən bəstəkar Pərviz Mahmudovun mahnıları seçildi və qısa zamanda sevildi. Onlardan Leyla Ramazanlının "Çox özəl”, Günay İbrahimlinin "Sürgün”, Elgün Hüseynovun "Gizli söz”, Röya Ayxanın "Mirasuel” kimi mahnılarını misal gətirmək olar.

Ümumiyyətlə, 12 ildir ki, sənətdə olan Pərviz Mahmudovun araya-ərsəyə gətirdiyi mahnılar tez bir zamanda hitə çevrilir. Onun mahnıları digər ölkələrin ifaçılarının da diqqətini cəlb edir. Necə deyərlər, musiqinin sərhədi olmur.
Biz də gənc bəstəkarımızla söhbət edib, uğurunun sirrini öyrənməyə çalışdıq.
- Pərviz bəy, illər ötdükcə insanlar dəyişir. Ancaq dəyişən tək insanlar deyil, onların musiqi duyumu, zövqü də formalaşır. Hazırda ölkəmizdə hansı mahnılara daha çox üstünlük verilir?
- Uşaq yaşlarımdan insanların zövqünü musiqi ilə bəlli edirdim. Musiqi zövqü gözəl olan insanın zövqünə şübhə yoxdur. Özüm də bilmədən hər zaman yaxşı və keyfiyyətli musiqiləri dinləməyə üstünlük vermişəm. Bunu indi daha yaxşı anlayıram. Hesab edirəm ki, insanın zövqü sonradan formalaşmır. O insanın daxilindən gəlməlidir. Düzü, mən heç zaman belə şeyləri qınamıram. Hər bir musiqinin bir sahibi var. Bu gün əksər gənclərin dinlədiyi bir çox musiqilər mənim ürəyimcə deyil. Ancaq onların arasında zövqlü dinləyicilər də az deyil.Müasir dövrdə pop janrına daha çox üstünlük verilir. Bu, bütün dünyada belədir.
- Bəstəkarı olduğunuz mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir. Mahnının bu qədər seviləcəyini öncədən müəyyən etmək olurmu?
- Bu sənətə başlayarkən yazdığım ilk mahnı da çox sevildi. Beləliklə, ilk uğurumun da ardı gəlməyə başladı. Bəstəkar kimi heç zaman mahnılarım arasında fərq qoymamışam ki, yazdığım mahnı sevilib hitə çevriləcək və ya əksinə. Onların hamısı mənim üçün əzizdir. Hesab edirəm ki, mahnılarımın bu qədər sevilməsinin səbəbi orada səmimi hisslərin və ürəyin də iştirakı ilə bağlı olan məsələdir. Şükürlər olsun ki, yazdığım bütün əsərlər sevilib. Bir bəstəkar üçün bundan gözəl heç nə ola bilməz. Hansı ki, həmin bəstələr onu ifa edən ifaçılara çox böyük uğurlar gətirib. Əlbəttə ki, hər zaman fikrim, amalım bu olub. Sadəcə, hazırlanan mahnını kimin ifa edəcəyini düzgün seçmək lazımdır. Bu, çox önəmlidir. O zaman müəyyən etmək mümkün olur ki, hazırlanan mahnı filan müğənnin ifasında daha çox dinlənilə və sevilə bilər. Ehtimallar da çox zaman özünü doğruldur.
- Nə üçün o mahnıları özünüz ifa etmirsiniz, axı sizin gözəl səsiniz var.
- Artıq 12 ildir ki, sənətdəyəm. Hər zaman da belə suallar eşidirəm. Hazırladığım bəstələrimin ilk ifaçısı mən oluram. İfaçılar da mahnı seçərkən həmin mahnıları məhz mənim ifamda dinləyib, sevirlər. Məhsulun olan mahnını başqa bir ifaçı ilə işləməyin özünün də ayrı marağı var. Sənətə yeni gələn təzə simalarla çalışmaq, onlarla öz əsərinin üzərində işləmək, mahnıları onların ifasında təqdim etmək, onların məhz sənin əsərinlə tanınmaları çox gözəldir. Bu, insana böyük bir stimul verir.
- Sizin mahnılarınızı ifa edən müğənnilər daha tez məşhurlaşırlar. Ancaq siz bəstəkar kimi arxa planda olursunuz, adınız sadəcə, kağız üzərində qalır. Sizcə, bu ədalətsizlik deyil?
- Bu sualla heç də razılaşmıram. Mənə görə mahnı ifa olunarkən daha çox bəstəkarın adı qalır. Mahnını bir neçə ifaçı səsləndirə bilər, ancaq onun bəstəkarının adı isə dəyişmir. Əlbəttə, mən həm də ifaçı olduğuma görə bu sualı çox eşidirəm. Bildiyiniz kimi, mən mahnıların müəllifi, bir bəstəkar kimi də televiziyalardan, radiolardan çox dəvətlər alıram. Əslində dəyər verib dəvət etdikləri üçün hamısına minnətdarlığımı bildirirəm, amma mən belə şeyləri sevmirəm. Bu, əsla hörmətsizlik də deyil, sadəcə, mən belə şeyləri çox da xoşlamıram. Hər zaman adıma görə işləmişəm. Bunun nəticəsi də gözəl olub və mahnılarım da sevilib.

- Sima görünmədikcə, insanlar unudulur axı...
- Bəzən efirə baxanda çox gülməli halların şahidi oluram. Hərdən görürəm ki, 2 bəstəsi olan "bəstəkar”lar efirlərdə illərin peşəkar sənətkarı kimi danışmağa çalışır. Efirə marağı olan bəstəkarlarımız var ki, yalnız onların siması tanınır. Halbuki onun yaddaşlara həkk olunan, hitə çevrilən elə bir mahnısı da yoxdur. Özüm efirlərdə, radiolarda olmasam da, orada mənim mahnılarım səslənir və adım hallanır. Mən bununla kifayətlənirəm. Buna görə də özümü çox xoşbəxt və şanslı bəstəkar hesab edirəm. Bunu uğur kimi qiymətləndirirəm. Bu sənətə gələn yeni simalar da ilk olaraq mənə müraciət edirlər. Demək ki, simanın tanınması ilə də bu iş olmur. İşləmək və öz sözümü mahnımla deməyə daha çox üstünlük verirəm.
- Mahnılar üçün ifaçı seçərkən onun səsinə, yoxsa məşhurluğuna önəm verirsiniz?
- Mən mahnılarımı səsini dinlədiyim, ifalarına bələd olduğum ifaçılara həvalə edirəm. Səsinə bələd olmadığım ifaçılara mahnılarımı həvalə edə bilmirəm. Mənim üçün ilk növbədə ifaçını səsidir. İlk dəfə bu sənətə başlayanda, ətrafımda sözünü demiş ifaçılar var idi. Belə bir arenada ilk mahnımı ifaçılığa yeni başlayan Sevda Yəhyayevaya verdim. Çünki bir bəstəkar kimi özümü təqdim etməliydim. Əgər mahnımı hər hansı tanınan müğənniyə versəydim, sonra deyəcəkdilər ki, məhz onun sayəsində məşhurlaşdı. Bu da mənim xasiyyətimə zidd olan bir şey idi. Ad çəkmək istəmirəm, o mahnını başqa bir müğənni oxuyacaqdı, ancaq mən mahnını ona verməkdən imtina etdim. Nəticədə isə həmin mahnını Sevda oxudu və bu mahnı onun ifasında çox sevildi.
- Sizcə, bu sənətə yeni başlayan hər hansı müğənni hit mahnı oxumaqla dinləyicilər tərəfindən dərhal qəbul oluna bilərmi? Tanınmaq üçün mahnı və səs nə dərəcədə önəmlidir?
- Bu sənətə yeni gələn gənclər məhz bu səbəbdən daha çox mənə müraciət edirlər. Elə Sevda Yəhyayevanın özü buna bariz nümunədir. Mənim bəstələdiyim mahnını ifa etməklə tez bir zamanda məşhurlaşdı. Sonra Gunay İbrahimli "Səndən öncə, səndən sonra”, Zarina "Sevmə ürək” mahnıları ilə tanınmağa başladılar. Günay ilk dəfə yanıma gələndə əlində bir çox bəstələr vardı. Onun 10 hazır mahnısı vardı, ancaq heç birini təqdim etməmişdi. Dedi ki, elə bir mahnı yaz ki, məni məhz bu mahnı ilə tanısınlar. Ondan başqa, Elgün Hüseynova "Gizli söz” bəstəm çox uğur gətirdi. Yəni deməyim odur ki, seçim düzgün olanda insanlar əvvəlcə onun mahnısını, daha sonra özünü sevir.

- Pərviz bəy, danılmaz faktdır ki, bu gün bayağı mahnılarımız xarici klublarda daha çox dinlənilir. Sizcə bu nədən qaynaqlanır?
- Çünki onlar bizim dilimizi anlamırlar. Xaricilər eşitdikləri ritmə uyğun olaraq rəqs edirlər. Bundan əlavə, klublarda sağlam musiqi zövqü olan insanların mövcudluğuna da şübhə edirəm. Onları oynadan ritmdir. Şəxsən mən o tipdə olan məkanları sevmirəm.

- Ancaq bu gün mahnının göstəricisi sosial şəbəkələr və "Youtube” portalıdır. Həmin bayağı mahnılar orada da çox baxış sayı əldə edir. Bəzən həmin mahnılar keyfiyyətli mahnılardan da çox dinlənilir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu, hər zaman, hər dövrdə belə olub. Hər mövzuda zövqlü insanlar zövqsüzlərdən az olur. Bu da onlardan biridir. Mən bu məsələdə heç kimi qınamıram. Musiqi zövq işidir. Bu mövzu ilə bağlı heç kimə müdaxilə etmək olmaz. Çünki onların dünyası budur və bu dünyaya müdaxilə etməyə heç kimə icazə verilmir. Mən heç kəsi məcbur edə bilmərəm ki, gəl daha zövqlü mahnıları dinlə.

- Sizcə, efirdə tez-tez görünmək çox fəaliyyət göstərməyin nəticəsidir? Bəzən görürük ki, ifaçını efirə oxumağa deyil, ona yad olan bir mövzu üçün söhbət etməyə dəvət edirlər.
- Mən televiziyalardan dəvət alsam da, imtina edirəm. Efirdə görünmədən daha çox işləyən musiqiçiyəm. O ki, qaldı ifaçıların efirə söhbət üçün dəvət olunmasına, müğənniyə efir lazımdır. Xüsusən də, əgər yeni bir səsdirsə. Ancaq tanınmış, bu sənətdə sözünü demiş bir ifaçının efirlərdə həddindən artıq görünməsinin də əleyhinəyəm. Efiri izləyərkən eyni ifaçının hər gün müxtəlif kanallarda göründüyünün şahidi oluruq. Belə olan halda müğənni maraqsızlaşır. Mən sənətçinin hər gün görünməyinin tərəfdarı deyiləm. Mənə görə sənət adamları arzulanan insanlar olmalıdırlar. Maraqlarını itirməməlidirlər. Açığı, mən buna görə efirlərdə daha çox görünmürəm. Hesab edirəm ki, müğənninin efirdə etdiyi söhbət heç kəsə maraqlı deyil. Müğənni və ya bəstəkar efirə çıxıbsa, o yalnız öz sahəsindən danışa bilər. O da yeni gördüyü işlərdən. Hər hansı bir mövzunu müzakirəyə çıxarırlarsa, bu sahədə ixtisaslaşmış, təhsil almış elmlər doktorlarımız, professorlarımız, ziyalılarımız var ki, onların danışacaqları sahə üzrə təcrübələri daha çoxdur. Çünki ixtisaslı kadrların danışdıqlarından tamaşaçılar daha çox şey öyrənəcəklər. İnanmıram ki, müğənninin danışacağı hər hansı mövzu ilə bağlı nəsə öyrənmiş olsunlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər