• cümə, 29 Mart, 00:14
  • Baku Bakı 7°C

“Sözlərinə aşiq olmasam, mahnını ifa etmərəm” - Fotolar

07.03.17 09:30 1566
“Sözlərinə aşiq olmasam, mahnını ifa etmərəm” - Fotolar
Martın 3-də Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadına fəxri adların verilməsi haqqında sərəncam imzaladı. Onların içərisində dəyərli müğənni, çoxlarının sevimlisi Xumar Qədimova da var. Beləliklə, məlahətli səsi, qlamur görünüşü, xanım-xatın davranışları ilə hər kəsin qəlbində taxt quran ifaçının adının əvvəlinə "Azərbaycanın əməkdar artisti” statusu əlavə olundu.Bu fəxri ad gözlənilən və insanların ürəyindən xəbər verən bir qərar idi. Çünki Xumar Qədimova xalqın sevimli sənətkarıdır. Uşaqdan-böyüyə hər kəs onun mahnılarının vurğunudur. İllər öncə oxuduğu mahnıları belə, bu gün aktualdır, dinlənilir, sevilir. Onun ifa etdiyi mahnıların sözləri birbaşa olaraq insanların qəlbinə süzülür.İfaçının son dönəmlər ifa etdiyi "Əl-ələ tut gedək”, "Bir də gəlməyəcək mənim tək qadın”, "Ürəyim” kimi mahnıları isə bu günün ən hit musiqilərindəndir. Əslində Xumar xanımın yaradıcılığı haqqında çox yazmaq, çox danışmaq olar. Biz isə yenicə fəxri ad alan əməkdar artistimizi təbrik etmək qərarına gəldik.Fəxri ad alması münasibəti ilə səbəbkarla əlaqə saxlayıb, onun təəssüratlarını öyrəndik və eyni zamanda qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə əməkdar artistimizi təbrik etdik. Şahidi olduq ki, Xumar xanımın hər kəsdən gizlətdiyi o daxili dünyasında bayram bayrama qarışıb.
- Xumar xanım, fəxri ad almağınız münasibəti ilə sizi təbrik edir və uğurlarınızın davamlı olmasını diləyirik. İlk olaraq təəssüratlarınızı öyrənmək istərdik.
- Təşəkkür edirəm, diqqətinizə görə minnətdaram. Cənab prezidentin sərəncamı mənim üçün bir sürpriz və unudulmaz 8 mart hədiyyəsi oldu. Müxtəlif sahələri təmsil edən qadınlarımızın içərisində tək sənətçi olaraq mənim "əməkdar artist” fəxri adıyla təltif olunmağım məni duyğulandırdı. Mənə və təltif olunan bütün qadınlarımıza bu gözəl sevinci bəxş etdiyinə görə ölkə başçısına təşəkkürümü bildirirəm.Bu təltif Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğində bundan sonra daha çox enerjiylə çalışmağıma bir stimuldu. Bir daha cənab prezidentə minnətdarlığımı bildirir və məni sevən, təbrik edən bütün insanlara təşəkkürümü çatdırıram.

- Təbrik edənlər çoxdur?
- Əlbəttə. 3 gündür ki, edilən zənglərin ardı-arası kəsilmir. Məni təbrik edənlərin sayı-hesabı yoxdur. Mesajlar yazırlar, zənglər edirlər. Çox sevindim. Həm də bu təbriklərdən çox ruhlandım. Siz bilirsiniz ki, bizim kimi xanımlar, sənət adamları bir qədər ruha bağlıdırlar. Mən də bundan ruhlanaraq gözəl nəğmələr yaratmaq istəyirəm. İnşallah, qarşıda dəyərli yazarımız Sona Vəliyevanın gözəl qələmindən çıxan şeirləri nəğməyə çevirmək istəyirəm. Sona xanımla daha gözəl layihələrimiz olacaq.
- Sabah 8 mart - Beynəlxalq Qadınlar günüdür. Bu günü necə keçirəcəksiniz?
- Həmin gün bir neçə tədbirlərə dəvət almışam. İnşallah, həmin gün dəvət olunduğum tədbirlərdə iştirak etmək niyyətindəyəm.
- Bu bayram günündə Azərbaycan xanımlarına nələr arzu edirsiniz?
- Beynəlxalq qadınlar günü münasibəti ilə bütün Azərbaycan xanımlarını təbrik edirəm. Onlara qadın xoşbəxtliyini arzulayıram. Qoy xanımlarımız dünyanın ən bəxtəvər insanları olsunlar. İstəyirəm ki, hər bir xanım öz sahəsinin peşəkarı olsun və könülləri xoş olsun. O zaman insan özünü çox xoşbəxt hiss edir. Həmin an insan düşünür ki, doğrudan da bu həyatda yaşamağa dəyər. Mən bütün xanımlara şəxsi və iş həyatında uğurlar arzu edirəm. Əslində qadınlarımıza deyəcək çox sözüm var. Onun üçün ayrıca bir zaman lazımdır.
- Xumar xanım, iç dünyanız sizi digər xanımlardan çox fərqləndirir. Bilirik ki, Xumar xanımın tamam başqa bir dünyası var. İstərdik ki, bizə bir az o dünyadan danışasınız.
- O dünyadan heç Xumarın özünün xəbəri yoxdur (gülür). Hərdən öz-özümə danışıram, deyirəm ki, "ay Xumar, sən məni çox incidirsən axı”. Bu yaxınlarda sözləri Nəriman Həsənzadəyə məxsus olan "Ürəyim” adlı bir nəğmə ifa etdim. Mahnının bir misrasında deyilir ki, "Ey mənim əlimdən ölən ürəyim”. Bəzən o mahnıda özümü görürəm. O qədər həssas, hər şeyi ürəyinə salan bir insanam ki... Sizə Xumarın dünyasından xəbər verə bilməyəcəm. Çünki bunun izahı yoxdur. Özüm üçün də izah edə bilmirəm ki, bu Xumar Qədimova kimdir...
- Yaxşı, bəs fərqli qadın olmaq necə hissdir?
- Özüm üçün əziyyətlidir. Amma insanlardan gördüyüm münasibətlərə görə maraqlıdır.
Hamı kimi olmaq maraqsızdır, fərqli olmaq gözəldir. Mən onun əziyyətini çəkirəm. Başa düşən insanlar üçün gözəldir. Fərqlilik bir az da qıcıqlandıran bir şeydir, onu da qəbul edirəm. Amma insanları həqiqətən də bu çox maraqlandırır.
- Eşitdiyimə görə, siz mahnını ifa etməmişdən öncə onun sözlərində bir qədər düzəlişlər edirsiniz. Bu doğrudurmu?
- (Təəccüblənir) Ay maşallah, siz onu necə hiss etmisiniz? Gəlin, buna düzəliş deməyək. Özümdən nələrisə əlavə edirəm. Bu mənim içimdən gələn bir şeydir. Ancaq bu o demək deyil ki, ifa edəcəyim hər hansı şairin şeirini dəyərləndirmirəm və yaxud da ki, bəyənməyib sözlərində dəyişiklik edirəm. Əgər mən o şeiri bəyənməsəm, ona aşiq olmasam, heç vaxt həmin mahnını ifa etmərəm. Bu mənim xasiyyətimdə belə yoxdur. Əgər içimdən gəlirsə, mütləq ona əlavələr edirəm.
- Bəlkə elə məhz bu düzəlişlərdən sonra mahnılarınız insanların qəlbinə asan şəkildə yol tapır?
- Əslində bu işin sirri səmimiyyətdir. Mahnılarım da səmimi olduğuna görə, siz dediyiniz kimi, insanların qəlbinə asanlıqla yol tapır. Səmimiyyət gözəldir. Səmimi olanda insanların qəlbinə yol tapmaq asan olur.
- İfa etdiyiniz mahnıların çox böyük mənəvi yükü olur. Mahnı seçərkən ən çox nəyə diqqət edirsiniz?
- Əlbəttə ki, sözə. Mənim üçün mahnı ifa edərkən ilk sırada söz gəlir... Görkəmli şairimiz Mikayıl Müşfiq "Duyğu yarpaqları” şeirində deyib:
Ey bizim dünyanın söz deyənləri,
Ruhun dodağına tutun meyləri,
Bir nəğmə söyləyin heyrətdə qalsın,
Bütün dövrlərin müğənniləri.
Bu o deməkdir ki, elə bir söz yazın, o sözün özü bir nəğmə olsun. Söz mənim üçün hər şeydən önəmlidir. Ümumiyyətlə, nəğməni yaradan gözəl sözdür.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər