• çərşənbə axşamı, 23 aprel, 23:27
  • Baku Bakı 20°C

Sözlə oynayan adam – Modern peşə

30.09.16 13:01 4826
Sözlə oynayan adam – Modern peşə
Yol gedərkən, istirahət edərkən, işdə, toyda, dostlarıyla bir yerdə olarkən beyni reklam tərəfə işləyir. Hətta xaricdə səfərdə olanda da ilk olaraq reklam lövhələrini nəzərdən keçirir. Yuxuda belə düşünür. Kopirayterlik "xəstəliyi” imkan vermir ki, insanlarla normal ünsiyyətə girsin. Çünki hər şeydə bir məna axtarır, yaxud hər sözə bir söz qoşur. Bu da, dediyinə görə, insanları bir növ bezdirir. Müsahibimiz sözlə oynamağı, sözün nazını çəkməyi sevən kopirayter Xətai Əlidir.

- Necə oldu ki, kopirayter olmaq qərarına gəldiniz?

- Azərbaycanda Tvitterdən təzə-təzə istifadə edilməyə başlayanda ilk 20-30 istifadəçidən biri idim. Qısa yazmağı xoşladığımdan bu sosial şəbəkə əsl mənim yerim idi. DJ Fateh də Tvitterdə idi. Statuslarımı görüb bəyənmişdi və məni Media FM-ə dəvət etdi. Radioda prodüser, redaktor kimi işləməyə başladım. Burada işləyə-işləyə ətrafım genişləndi. Bir dəfə DJ Fateh məni Tural Sevdimalı ilə tanış etdi və biz Turalın işindən, reklamdan danışmağa başladıq. Təzə reklam kampaniyasına ideya axtardıqlarını dedi. Mən də bir ideya dedim. Üstündən bir ay keçəndən sonra biz yenidən görüşdük və Tural mənə zərfdə qonorar verdi. Baxdım ki, maaşımdan iki dəfə çoxdur. İdeyamı satdıqlarını və bunun haqqım olduğunu bildirdi. Həmin vaxt fikirləşdim ki, mənim üçün asan olan bir işi görüb maaşımdan iki dəfə çox qonorar ala bilirəm. Düzü, bu işin qazanc tərəfi məni cəlb etdi və bu sənətə gəlməyimə təkan verdi. Sonra "Maxmedia” reklam agentliyindən Zaur Məmmədov məndə bu keyfiyyətləri görüb işə dəvət etdi. Hərbi xidmətə gedib qayıdandan sonra sözügedən şirkətdə kopirayter kimi işə başladım.

- Kopirayter olmaq üçün bir insanda nələr cəm olmalıdır?

- Birinci yerdə istedad, ikinci yerdə mütaliə durur. Fərqi yoxdur nə oxuyursan, kitab, qəzet, sayt. Eyni zamanda, çoxlu filmlərə baxmaq, mahnılar dinləmək, Azərbaycanın rayonlarını gəzmək, yeməklərinin dadını bilmək, ümumiyyətlə, Azərbaycanı tanımaq vacibdir. Böyük çıxsa da, deyim ki, kopirayter hər şeydən hali olan insandır. Meyxanaçılardan da yaxşı kopirayter çıxar. Ümumiyyətlə isə müəlliməsinə şeir yazan uşaq, yaxud atasına istədiyini aldırmağı bacaran, yəni atasını inandırıb, məsələn, velosiped aldıran uşaq gələcəyin potensial kopirayteridir. Mən də uşaq vaxtı şeir yazır, evdəkilərə istədiyimi aldırırdım. Əslində bunların hamısı kopirayterin işartıları imiş.

- Yəqin ki, yol gedərkən, istirahət edərkən, işdə, toyda, dostlarınızla bir yerdə olarkən beyininiz reklam tərəfə işləyir. Daim işləmək çətin deyil ki?
- Bu, nəinki siz sadaladığınız hallarda, hətta xaricdə olarkən də belədir. Başqa ölkədə təyyarədən düşən kimi ilk olaraq reklamlara baxırsan ki, görüm bunu necə ediblər. Bir növ reklamlarla həm də ölkənin səviyyəsini ölçürsən.
Mən hətta yuxuda belə düşünürəm. Etiraf edim, elə tapşırıqlar olub ki, onların həllini yuxuda tapmışam. Düşünə-düşünə yatırsan, yuxuda ağlına bir ideya gəlir və o saat durub qeyd edirsən. Buna görə yatanda həmişə yanımda dəftər-qələm olur. Hətta o qədər çox fikirləşirəm ki, işlə bağlı olan bütün məsələlər yuxuma girir. Adətən elə yuxuda da həllini tapıram.
Çətin tərəfi də odur ki, dostlarla, doğmalarla bir yerdə olanda hər şeyi bu məsələyə bağlamağa çalışırsan. Hər şeydə bir məna axtarmağa başlayır, yaxud sözə bir söz qoşursan. Sənin kopirayterlik "xəstəliyin” imkan vermir ki, normal ünsiyyətə girəsən. Hər sözü zarafata çevirirsən və bu da insanları səndən bir növ bezdirir. Çünki sən bununla yaşayırsan, amma baxırsan ki, dostlarına, tanışlarına əslində bu, o qədər də maraqlı deyil. Beyin fəaliyyətdə olur, sən isə özünü saxlaya bilmirsən.

- Reklamlarımızda adətən atalar sözləri, məsəllərdən istifadə olunur. Bu, nə ilə bağlıdır?
- Azərbaycan reklamında belədir. Bizim ilk kopirayterlərimiz yazarlar, jurnalistlər olduğuna görə reklama bədiilik gətiriblər. Bu, bizim Molla Nəsrəddinə, Cəlil Məmmədquluzadəyə gedib çıxır. Biz də gözümüzü açandan görmüşük ki, kopirayterlik budur. Əslində dünyada reklamın vizual hissəsi maraqlı olur, amma sloqan üçün baş ağrıtmırlar, çox sadə sloqana üstünlük verirlər. Bizdə sloqan sadə olanda reklamverən deyir ki, bunu mən də yaza bilərdim. Nəticədə avtomatik olaraq atalar sözü, məsəllərə yönəlirik. Ümumiyyətlə, xalq olaraq atalar sözü, məsəllərimizə çox inanırıq. Buna görə də reklamda atalar sözlərindən istifadə edirik ki, inandırıcı olsun. Yaxud reklamlarda dialekt sözlərdən ona görə istifadə edirik ki, bizdə hər bir bölgə özünü çox sevir, deyir, bizdən yoxdur. Buna görə də kopirayterlər camaatın dilində danışmaqla onların "damarını tutur”. Əgər camaatın dilində danışırsansa, avtomatik olaraq doğmalaşırsan. Bir az ara sözlərindən, bir az daha çox işlənən ibarələrdən istifadə edərək reklamın mətnini, sloqanını hazırlayırıq. Bütün bu sadaladıqlarıma görə Azərbaycanda kopirayter olmaq üçün azərbaycandilli ailədən çıxmalısan. Rusdilli kopirayterlərin işləri Azərbaycanda uğurlu ola bilməz. Ən azından orta statistik Azərbaycan ailəsində böyümək kifayətdir ki, yuxarıda dediklərimdən hali olasan. Əgər bir insanın böyüdüyü evdə nənə, baba varsa, o, potensial kopirayterdir. Mən də nənə-baba olan evdə böyümüşəm.

- Reklamın mətnini, sloqanı tapanda hansı hissləri keçirirsiniz?

- Bu, işin səviyyəsindən, ağırlığından asılıdır. Məsələn, mən hər tapdığım şeyə sevinirəm, hətta bir az da fəxr edirəm. Həmin an ağıllı, fərqli olduğumu düşünür, özümlə qürur duyuram. Üzərində baş sındırmadığın sıradan bir iş olanda, sadəcə, ideyanı tapıb həll edirsən, bəyəndirirsən, satırsan, keçib gedir. Əslində onda da xoş hisslər olur, amma yüngül formada. Belə hallarda işini tez etdiyinə görə sevinirsən. Məncə, özü tapdığı işə sevinməyən kopirayter kopirayter deyil. Kimsə desə ki, bu, onun üçün adi haldır, o, artıq kopirayter deyil. Çünki sən hər an işindən zövq almalısan. Əgər zövq almırsansa, deməli, uğurlu iş deyil.

- Kopirayter müxtəlif qrup adamlarla işləməyi, onların dilində danışmağı bacarmalıdır. Sizə yad, uzaq olan təbəqələrin dilində danışmaq çətin deyil? Məsələn, pula pul deməyən adamların ala biləcəyi bahalı maşın üçün reklam mətni hazırlamalısınız. Yaxud hansısa yuyucu toz üçün sloqan tapmalısınız, amma ömründə paltar yumadığınızdan qadınları başa düşməyiniz elə də asan deyil…
- Bu, ilk növbədə mütaliədən, filmləri izləməkdən, ətrafındakıları müşahidə etmək qabiliyyətinin yaxşı olmasından asılıdır. Belə olan halda artıq sənə yad olan qrupların dilini öyrənirsən. Məsələn, filmə baxanda, bədii kitab oxuyanda artıq bilirsən ki, aylıq gəliri 30 min manat olan adam necə olur və nə istəyir. Ümumiyyətlə isə sənə yad olan qrup üçün məhsul reklam edirsənsə, mütləq həmin təbəqəni təmsil edən adamla söhbətləşmək lazımdır. Məsələn, hamının qonşuluğunda, yaxud qohumlar arasında pula pul deməyən insan var. Kopirayter çəkinməməli, onunla söhbət etməli, nə istədiyini, nəyə üstünlük verdiyini aydınlaşdırmalıdır. Həmin adam nə edə biləcəyinlə bağlı sənə açar sözlər verir. Yaxud həmin məhsulu özün də istifadə etməlisən. Tutaq ki, maşını sürürsən ki, sənə hansı hisslər yaşatdığını biləsən. Eyni zamanda, maşının özəlliyini, bundan əvvəlki modeldən və bütün maşınlardan fərqli cəhətini öyrənirsən. Onu tapandan sonra artıq sən bilirsən ki, bunun hansı tərəfini qabardıb hədəf qrupunun qəlbini fəth edə bilərsən. Yuyucu tozu da eyni taktika ilə.

- Xanımlar, yoxsa kişilər reklamın təsiri altına daha tez düşürlər?
- Əgər reklamda üç şey – uşaq, qadın və açıq-saçıqlıq varsa, artıq bunlar gözü cəlb edir. Əslində hər iki cinsi "bişirmək” asandır. Amma kişiləri daha tez yoldan çıxarmaq olur.

- Çoxları düşünür ki, kopirayter yalnız reklam mətni yazır…
- Kopirayter işi çoxşaxəlidir. Sənə deyə bilərlər, filan şeyə ad fikirləş. Yaxud hazır adı olan bir məhsula sloqan tapmalı olarsan, ya da məhsulun reklamı üçün ssenari yazmaq sifarişi alarsan. Böyük bir kataloq verib deyə bilərlər ki, bunun mətnini yazmaq lazımdır. Yaxud da yeni məhsul üçün press-reliz hazırlamaq tapşırığı alarsan. Bu siyahını artırmaq da olar.

- Bir məhsula sloqan hazırlamaq üçün kopirayterə nə qədər vaxt lazımdır?
- Düşünürəm ki, 5 gündən çox olmayaraq tapmaq mümkündür.

- Proses necə gedir?
- Məhsulu tam araşdırıb öyrənirsən. İstifadə etmək mümkündürsə, istifadə edirsən. Bir kopirayterin işi məhsula yanaşmadan, məhsulun özəlliyini qabartmaqdan, hədəf kütləsini bilməkdən başlayır. Bir sloqanı tapmaq əslində hədəf kütləsini tapmaq deməkdir. Hədəf kütləsini tapırsansa, artıq sloqanı tapmış olursan.

- Ən yaxşı ideyalar kopirayterlərin beyninə günün hansı vaxtında gəlir?
- Səhər tezdən. Heç bir sosial şəbəkəyə baxmadan, problemlərlə üzləşmədən, təmiz beyinlə bu, çox yaxşıdır. Yuxudan tez durursan və günə tez başlayırsan. Mənə gəlincə, bütün ideyalar axşam saat 6-dan sonra yaranıb. İş vaxtı daha çox sosial şəbəkələrdə oluram.

- Bir ideyanı fikirləşmək üçün sakit bir otaqda oturursunuz, ya necə olur?
- Adətən biz bunu sakit bir yerdə yemək yeməklə edirik. Amma ümumilikdə götürdükdə, müştəri ilə görüş zamanı, tapşırığı eşitdiyim anda, maşında getdiyim yerdə də mənə ideya gələ bilər. Mən ideyanı fikirləşmək üçün, sadəcə, oturub düşünmürəm, onunla xüsusi məşğul olmuram, ideya özü gəlir. O, məndə daim şüuraltında olur və günün istənilən saatında və istənilən yerdə birdən ideya gəlir və yazıram.
Bir də var əməkdaşlarla oturub müzakirələr edirik. Kopirayter tək fikirləşməli deyil. O, oturub bütün komanda ilə fikirləşib yekun nəticə, yekun zərbəni vuran şəxsdir. İki-üç nəfərlə oturub müzakirələr aparırıq, fikirlər səslənir. Bu, yarım saat da, 4-5 saat da çəkə bilər. Hamı nəsə deyir və birdən baxırsan ki, sən də yekun olaraq lazım olanı dedin.

- Kopirayter olmaq necə bir hissdir? Məsələn, görəndə ki, küçədə kimsə sloqanını hazırladığınız reklam lövhəsinə baxır, hansı hissləri keçirirsiniz?
- Bu, çox romantik ola bilər, sənin reklamın barədə danışılırsa, "bunu mən etmişəm” kimi hiss yaranır. Uşaq kimi çığırmaq istəyirsən ki, "bax, bunu mən etmişəm”. Kopirayter olmaq elə bir şeydir ki, sənin hər şeyin var, amma əslində heç nəyin yoxdur. Məsələn, sənin kitabın var, amma kitab sənin deyil, sadəcə, adını sən qoymusan. Hər əməyin keçən reklama baxdıqda özünü görürsən. Reklam sənin övladın kimidir. Bu mənadakopirayter olmaq çox maraqlı və zövqvericidir. Əslində sənin hər şeyin var - özün yazmadığın kitabın, özün qurmadığın şirkətin, istehsal etmədiyin maşının, bəlkə də heç vaxt içməyəcəyin suyun var.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər