"Sözə heç vaxt xəyanət etməmişik" - Fotolar
Dünən Modern.az saytının 7 yaşı tamam oldu. Fəaliyyətə
başladığı ilk gündən etibarən məşhurlaşmağı bacaran Modern.az hər zaman
oxucunun etimadını doğruldaraq internet mediasında özünəməxsus yer tutmağı
bacarıb. Biz də həmkarlarımız üçün əziz olan bir gündə saytın baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad
Eyvazlı ilə söhbətləşdik.
- Elşad bəy, ilk olaraq rəhbərlik etdiyiniz Modern.az saytının 7 yaşının
tamam olması münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi «Kaspi» qəzeti
adından təbrik edir, hər birinizə yeni yaradıcılıq uğurları arzulayırıq. İnternet mediasının sürətlə inkişaf etdiyi bir
dövrdə saytınızın ölkə mediasındakı rolunu necə qiymətləndirirsiniz?
- Bu haqda
nə isə demək, yəqin ki, bizə düşməz. Əgər desəm ki, yaxşı qiymətləndirirəm, bu, bir qədər düz olmaz. Həmçinin
pis də deyə bilmərəm. Yəqin ki, bunu oxucularımız daha yaxşı bilər. Hər halda
oxucuların etibarını qazana bilmişiksə, bu, bizim uğurlu olduğumuzdan xəbər
verir. Təbii ki, qalan məsələlərlə bağlı suallara oxucular cavab versə, daha
yaxşı olar.
- Bir qədər keçmişə qayıdaq. Necə oldu ki, Modern.az
yarandı?
- 2009-cu
ilin sentyabrın 1-dən fəaliyyətə başlamışıq. O vaxt bu, rəhbəri olduğum
Parlament Jurnalistləri Birliyinin bir layihəsi idi. Belə deyək ki, o vaxt Modern.az
parlamentin işinin oxucuya çatdırılması məqsədilə yaradılmışdı. Hətta biz
düşünmüşdük ki, Modern.az media evi
olacaq. Biz öz hədəfimizə çatdıq. Bu gün Azərbaycanda parlamentin işinin işıqlandırılmasında ən çevik sayt Modern.az
saytıdır. Bir qədər özümüzü tərifləmək istərdim. Digər bir tərəfdən isə biz
artıq jurnalistlərin evini yarada bildik. Jurnalist istədiyi yazını bizə yaza
bilər. İndiyə kimi saytımızda heç bir
jurnalistə hər hansı bir problemin işıqlandırılmasında qadağa qoyulmayıb. Hətta
bununla bağlı saytımızda xeyli ilkərə imza atılıb. Jurnalistin hər hansı
problemi olduğu zaman biz bunu ictimailəşdirə bilirik. Bir ilin tamamında
gördük ki, bütün sahələrdə fəaliyyət göstərə bilirik. Elə o gündən bəri bütün sahələrdən yazmağa başladıq. Bu gün fəaliyyətimizin
nəticəsi ortadadır.
- Modern.az
digər internet media qurumlarından nə ilə seçilir?
- İlk
olaraq onu deyim ki, bu günə qədər heç kim deyə bilməz ki, saytımızda hər hansı
bir sifarişli yazı, yalan, səhv məlumat
gedib. Bundan başqa, saytımızda heç kimin şərəf və ləyaqətinə toxunulmayıb. Arxayın
şəkildə deyə bilərəm ki, biz bu kimi məsələlərdən tamamilə uzağıq. Hesab edirəm
ki, bizi digərlərindən fərqləndirən əsas cəhətlərimiz də məhz bunlardır. Təəssüflər
olsun ki, bugünkü internet məkanında qeyd etdiyim parametrlər üstünlük təşkil
edir. Eyni zamanda, unudulan məsələlər hər zaman diqqət mərkəzimizdə olub. Elə
gün olmayıb ki, saytımızda Qarabağla bağlı, unudulan adət-ənənələr, milli-mənəvi
dəyərlərimizlə bağlı yazı getməsin. Lakin bunları mən bir özəllik kimi hesab
etmirəm. Çünki bu, bizim borcumuzdur. Bundan sonra da öz fəaliyyətimizi eyni şəkildə
davam etdirməliyik.
- Fəaliyyət göstərdiyiniz 7 il ərzində nələr
sizləri motivasiya edərək gələcəyə köklədi?
- Həyatımın əvvəlki
illəri ilə müqayisədə bu 7 il mənim üçün ən əzablı illər olub. Çünki hər ayın
sonu gəldiyi zaman əməkdaşların maaşları necə veriləcək, kimə çatacaq, kimə
çatmayacaq kimi məsələlər daima məni düşünməyə vadar edib. Motivasiya mənbəyimiz
isə çox olub. Bizə gələn zənglər, oxucularımızın etimadı bizim ən böyük
motivasiyamız olub. Bu, əlbəttə ki, bizi hər zaman həvəsləndirib. Məncə, ən yaxşı
motivasiya da elə bu olmalıdır. Bu illər
ərzində çox çətinliklər çəksək də, şərəfli bir işə imza atmışıq. İndiyə qədər
sözə heç vaxt xəyanət etməmişik. Bu, bizim ən böyük işimiz, uğurumuzdur. Oxucu
etimadı bizim doğru yolda olduğumuzun göstəricisidir. Əgər sözə xəyanət etmirsənsə,
demək ki, jurnalistikada sənə yer var.
- Son zamanlar bəzi problemlər internet mediadan
da yan keçməyib. Siz bu problemlərin öhdəsindən necə gəldiniz?
- Cəmi iki
il bundan öncə bizdə 25 əməkdaş fəaliyyət göstərirdi. Bu gün isə bu rəqəm
6-dır. Yəqin ki, bu kiçik rəqəm sizin sualınızın ən yaxşı cavabıdır.
- Mediada nələri dəyişmək, o cümlədən hansı
yeniliklərin olmasını istərdiniz?
- İnternet
mediasının üstünlüyü ondan ibarətdir ki, dünyanın o biri ucunda baş verən hadisəni
bir saniyə içərisində "bura gətirə” bilirsən. Lakin internet mediası bu gün jurnalistikada ciddi «xəstəliklər»
formalaşdırıb. Bu "xəstəliklər” sırasında jurnalistin imzasının itməsi, yazıya
istinad verilməməsi, yanlış məlumatların media müstəvisində geniş yayılmasının
adını çəkə bilərəm. Təbii ki, bu siyahını bir qədər də uzatmaq olar. Belə
olduğu təqdirdə internet mediasında peşəkarlıq bir kənarda qalır. Bu, hətta
oxucuların da zövqünü dəyişdirib. Klassik yazılı mediadan tələb olunanlar
burada lazım deyil. Əvvəllər oxucu böyük araşdırma yazıları istəyirdi. İnternet
medianın istifadəçiləri daha çox gənclər olduğuna görə medianın bu qanadında daha çox əyləncəyə yer verilir. Ona görə də
internet resursları hər vəchlə çalışırlar ki,
İP xətrinə oxucuları əyləndirsinlər. Bəzən bunun üçün şoudan istifadə etməkdən də çəkinmirlər. Mən bütün
bunların əleyhinəyəm. Bu günlərdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov da öz çıxışında qeyd etdi ki, Azərbaycanda saytlar media hesab
olunmur. Mən çox istərdim ki, bu, qanunvericiliklə qəbul olunsun. Ümumiyyətlə, məndən olsa, klassik media hansı
qanunlarla idarə olunursa, internet mediasında da bu qanunların tətbiq
olunmasını istərdim. Çünki jurnalistikada əsas məsələ peşəkarlıqdır. İstərdim
ki, mediada insanların şərəf və ləyaqətinə toxunulmasın, hansısa maddi marağa
görə yazılar yazılmasın. Bu kimi məsələlər öz həllini tapsa, yaxşı olar.
- İndiyədək Modern.az-da xeyli sayda qələm
sahibləri fəaliyyət göstəriblər. Sizin üçün bu illər ərzində sayta rəhbərlik
etmək çətin olmayıb ki?
- Bayaq da
qeyd etdiyim kimi, biz çalışdıq ki, Modern.az jurnalistlərin evi olsun. Bizə üz
tutan bütün jurnalistlərə qapılarımız hər
zaman açıq olub. Heç kimin gəlib-getməsinə mane olmamışıq. Kifayət qədər sayda
tanınmış qələm sahibləri saytımızda fəaliyyət göstərib. Bundan sonra da qapılarımız
saytımıza gəlmək istəyən jurnalistlərə açıqdır. Çalışmışıq ki, gənclərə də dəstək olaq. Hesab edirəm ki, gənclər
də bizdəki fəaliyyətlərindən məmnun qalıb və qalacaqlar.
- Sizdən həm də xeyli sayda jurnalist başqa
KİV-lərə gedib. Bu Sizi narahat etmir ki? Yaxud hansısa qısqanclıq hissi
oyatmır ki?
- Mən burada
bir məsələni qeyd etmək istərdim ki, mühüm olan idarəetmədir. İdarəetmənin isə müxtəlif
formaları var. Bilməyinizi istərdim ki, indiyədək heç kim buranı bizim iradəmizdən
kənar tərk etməyib. O cümlədən də bizə gələnlər barəsində eyni şeyi deyə bilərəm.
Bu, bir qədər yuxarıda qeyd etdiyim kimi, idarəetmə məsələlərindən asılıdır.
Belə deyim ki, mən istəməsəm, çalışdığımız əməkdaşlar buradan gedə bilməz. Təbii
ki, bu o demək deyil ki, burada diktatura rejimi var. Sadəcə, əmək haqqı və digər
məsələlər var ki, onları həll etməklə çalışaram ki, istədiyim jurnalist heç yerə
getməsin. Əgər gedirsə, deməli, o, mütləq getməlidir.
- 6 nəfərlə çalışdığınızı qeyd etdiniz. Bunun
hansı çətin tərəfləri var?
- Əlbəttə,
az əməkdaşla işləməyin bir çox çətinlikləri var. İndi bir nəfər 3-4 nəfərin
işini görmək məcburiyyətindədir. Mövcud iqtisadi problemlər təkcə
jurnalistikada deyil, bütün sahələrdə çətinliklər yaradıb. Biz çalışırıq ki, 6
nəfərlə 20 nəfərin işini görək. Əgər bacaracağıqsa, bu cameədə qalacağıq. Əgər
bacarmasaq, gedəcəyik.
- Sonda gələcək planlarınız barədə də bilmək
istərdik. Sirr deyilsə, yeni mövsümdə Modern.az oxucularını hansı yeniliklər
gözləyir?
- Yeniliklər
çoxdur. Artıq yeni layihələrimiz olacaq. Lakin qeyd etmək istərdim ki, əlahiddə
bir dəyişiklik olmayacaq. Çünki mövcud iqtisadi imkanlar buna yetir. Açıq desəm,
əldə olanı saxlamağın özü də bir bacarıq tələb edir.
Şəbnəm
Mehdizadə