• çərşənbə axşamı, 19 mart, 06:10
  • Baku Bakı 8°C

Söz sərraflarına təmənnasız verilən yüksək dəyər

22.07.17 10:30 1901
Söz sərraflarına təmənnasız verilən yüksək dəyər
Bir neçə gün öncə Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirildi.

Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Bina 9 birotaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzildən ibarətdir. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Mənzil sahibi olanlar içərisində şair-publisist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı da var. O, "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, ev alanların hamısının adından sevindiyini söyləsə, bəlkə də bu, fərəhi, məmnunluğu ifadə etmək üçün çox zəif bir cümlə olar: "Sadəcə, ürəyimin necə həyəcanla döyündüyünü birtəhər ört-basdır edib, istanbullu rəfiqəmə sarıldım və dövlət başçımızın bilavasitə dəstəyi ilə media işçiləri üçün tikilən və xidməti olan jurnalistlərə, söz sərraflarına təmənnasız verilən 255 mənzillik binanın bir pəncərəsində mənim də işığımın yanacağını dedim. O buna təəccübləndi və "dövlət adama ev verir” - deyə sual etdi. Mən də ona bunun mümkünlüyünü izah etdim. Sonra uzun-uzadı rəfiqəmə Prezidentimizin fəaliyyətindən danışdım. Azərbaycanımızın Qarabağla bağlı üzləşdiyi problemləri, onların həlli yollarında Ali Baş Komandanımızın yorulmadan apardığı mübarizəni anlatdım. Bu titanik işlərin arasında çörəyi qələmdən çıxan insanlara qayğı və diqqət göstərdiyini söylədim. Rəfiqəm "vallah bəxtəvərsiniz, mən ilk dəfədir belə bir şey duyuram, ilin-günün bu vaxtında belə bir xeyirxahlıq və şəfqət mümkündürmü?” - deyə fikirlərini bildirdi. Ona Prezidentimin namümkünü mümkün etməyə qadir şəxsiyyət olduğunu dedim. Prezidentim 255 mənzilə köçəcək jurnalistlərin, onların övladlarının, nəvələrinin, nəticələrinin duasını və alqışını qazandı. Bu, sayca ikinci ev idi və 3-cü evin də təməli qoyuldu”.

T.Pənahqızı ölkə rəhbərinə, hər zaman dəstəyini və qayğısını mətbuat nümayəndələrindən əsirgəməyən Prezident İlham Əliyevə, o cümlədən bu işdə əməyi keçən hər kəsə minnətdarlığını bildirdi: "Ev alanların hamısına, özüm qarışıq, "mənzilimiz mübarək olsun, gülə-gülə oturaq” - deyirəm”.

Publika.az saytının müxbiri Asif Nərimanlı qeyd etdi ki, Prezident İlham Əliyevin 255 jurnalistə ev hədiyyə etməsi və yüzlərlə ailəni ən böyük sosial qayğıdan qurtarması sözlə ifadə edilməyəcək qədər böyük addımdır: "Bu humanist addıma milli mətbuatımıza və jurnalist şəxsiyyətinə verilən qiymət kimi yanaşıram. Bu addımın Azərbaycan mətbuatının inkişafına töhfəsi böyükdür. Çünki mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi məntiqi olaraq iş keyfiyyətinin yaxşılaşmasına, yüksək səviyyəli fəaliyyətin ortaya çıxmasına səbəb olur. Dövlət tərəfindən jurnalistlərə verilən mənzillər həm də onların müxtəlif mənbələrdən asılılığını aradan qaldırır. Bilirik ki, bir çox hallarda hansısa siyasi dairələr – bu həm daxildə, həm də xaricdə ola bilər – jurnalistlərin yaradıcılıq enerjisini öz məqsədlərinə yönəldir. Adətən xarici dairələr müxtəlif qrant layihələri ilə mediaya sızır və birbaşa Azərbaycan dövlətinə qarşı azərbaycanlı jurnalistlərin əli ilə fəaliyyət göstərir. Dövlətin mətbuata qayğısı, jurnalistlərin mənzil məsələsi kimi ciddi problemini həll etməsi bu cür təhlükəli tendensiyaların aradan qaldırılması deməkdir.Məsələnin ən yaxşı tərəfi həm də odur ki, dövlət jurnalistlərə göstərdiyi dəstəyin qarşılığında onlardan, ümumilikdə mətbuatdan nəsə istəmir, hansısa siyasi məqsəd güdmür. Əksinə, məqsəd jurnalistlərin sosial yüklərdən azad olaraq, daha obyektiv, daha azad şəkildə yaradıcılıq fəaliyyəti göstərməsidir”.

A.Nərimanlı qeyd etdi ki, burada jurnalist şəxsiyyətinə göstərilən diqqət də xüsusi vurğulanmalıdır: "Hesab edirəm ki, sosial problemi olmayan, yaxud daha az olan jurnalist həm fərd, həm də bir yaradıcı şəxs kimi daha azad olur və bu, ifadə azadlığının qorunmasına təsir edir. Digər tərəfdən, cənab Prezident biz jurnalistlərə təkcə ev vermədi, təkcə sosial yükdən azad etmədi. Burada işin mənəvi tərəfi də unudulmamalıdır. 255 jurnalistə verilən mənzil onların fərd olaraq daha yaxşı gələcək qura bilməsi, arzularının, ümidlərinin ardınca getməsi deməkdir. Bizlər bundan sonra ailələrimizi daha yaxşı həyatla təmin edə, övladlarımıza daha yaxşı gələcəyin vədini verə biləcəyik. Buna görə də jurnalist cameəsi olaraq Prezident İlham Əliyevə bir daha təşəkkür edirik”.

"Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva bildirdi ki, müstəqillik qazandıqdan sonra dövlətimizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də müstəqil mətbuatın, azad medianın inkişafıdır: "Cənab Prezident Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində ulu öndərin başladığı işi bu gün uğurla davam etdirir. Bu yöndə ölkə başçısının gördüyü mütərəqqi işlərdən biri də jurnalistlərin sosial problemlərinin həlli, onların maddi-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi fərman və sərəncamlardır.KİV nümayəndələri dövlət dəstəyini hər zaman hiss ediblər, davamlı olaraq dövlət başçısı tərəfindən qayğı ilə əhatə olunublar. Medianın inkişafı məqsədilə yaradılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən mükafatların verilməsi, ölkə başçısı tərəfindən birdəfəlik yardımların ayrılması, KİV nümayəndələrinin müxtəlif fəxri adlara layiq görülməsi kimi tədbirlər bunun bariz nümunəsidir. Dövlət başçısının tapşırığı ilə KİV nümayəndələrinin mənzillə təmin olunması isə mediada çalışan hər bir jurnalist tərəfindən sözün həqiqi mənasında böyük alqışlarla qarşılanır. Uzun illər kirayədə yaşayan, o cümlədən vəfat etmiş jurnalistlərin ailələrinin mənzillə təmin edilməsi seçimin obyektiv olmasının təzahürüdür”.

N.Abdillayevanın sözlərinə görə, ölkə başçısının iştirakı ilə artıq üçüncü binanın təməli qoyuldu ki, bu da növbəti dəfə mənzil alacaq hər bir evsiz jurnalistin ümid işığıdır: "Jurnalist kimi dövlətimizin qayğısını hər zaman hiss etmişəm. Bir neçə il öncə ölkə başçısı tərəfindən "Tərəqqi” medalına layiq görülmüşəm. Hazırda isə ev alan jurnalistlərin sırasında mənim də adım var. Jurnalistin hər hansı probleminin həlli onun daha yaxşı çalışması üçün stimul verir. Bu problemin həllində dəstək olan, diqqətini əsirgəməyən cənab Prezidentə öz təşəkkürümü bildirirəm”.
Müstəqil jurnalist Lalə Mehralı qeyd etdi ki, uzun illərdir kirayədə yaşayırdı: "Ailə qurduqdan sonra kirayədə yaşamaq daha çətin olur, üstəlik, uşaqlar da varsa, ikiqat çətindir. Ailəmizin iki üzvü jurnalistdir, bu peşə nə qədər məsuliyyətli və ağırdırsa, bir o qədər də məhdud gəlirli işdir. Kirayədə jurnalist maaşı ilə yaşamaq bizə çox çətinliklər yaşadırdı.Biz 13 il əvvəl ailə qurmuşuq, amma dünən evləndik. İndi həyatımızın ən əhəmiyyətli tarixi 20 iyuldur. Həmin gün cənab Prezidentimizin jurnalistlər üçün inşa etdirdiyi 2-ci binadan evlərin paylanması mərasimində bizim ailə də o xoşbəxt anları yaşadı, ailəmiz 3 otaqlı mənzillə təmin olundu.Bir jurnalist ailəsi olaraq, vicdanla, heç bir təmənna güdmədən işləmişik, fəaliyyətimizlə milli dövlətçiliyimizə, xalqımızın maariflənməsinə öz töhfəmizi verməyə çalışmışıq. Bunun dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirilməsi təkcə bizə yox, yüzlərlə həmkarıma da dövlətimizin, Prezidentimizin diqqət və qayğısının hansı səviyyədə olduğunu aydın ifadə edir. Prezidentimizə və bu prosesi obyektiv və ədalətli şəkildə aparanlara haqqı və ehtiyacı daha çox olanların düzgün seçiməsinə görə "çox sağ olun” deyirəm”.

Lent.az saytının redaktoru Kəmalə Quliyeva bildirdi ki, illərlə ev gözləməyin sevincini paylaşaraq çoxaltmaq onlara da nəsib oldu: "Bu xəbəri göz yaşları ilə qarşılamaq, 22 illik əməyin qiymətini almaq, nəhayət, uzun illərdən sonra EV sahibi olmaq... Bu sevinci ifadə edəcək kəlmələri tapmaq mümkün deyil. Sadəcə, illərlə gözlədikləri evə sahib olan jurnalistlərin gözlərinə baxmaq kifayət idi.Çox sevindiricidir ki, mənzil sahibi olan 255 həmkarımın arasında 20 jurnalist ailəsi də var və artıq həm də qonşu oldular. Mən və həyat yoldaşımın 22 illik əməyinə verilən yüksək qiymət üçün əməyi keçən hər kəsə təşəkkür edirəm”.

K.Quliyeva əlavə etdi ki, açılış mərasimində ölkə prezidentinin verdiyi mesajlardan biri də barış mesajı idi: "Təsadüfi deyil ki, bu dəfəki bölgüdə siyasi baxışlarından asılı olmayaraq, mətbuatın bütün təbəqələrindən haqqı çatan jurnalistlərə önəm verildi. Bu barış mesajı bütün jurnalistləri bir çətir altında birləşdirməyə xidmət edir. Açılış mərasimində illərlə mətbuatda çalışan dostlarımı həm də qonşu kimi görmək ikiqat sevinc idi. Biz zəhmətimizin bəhrəsini gördük, haqqı çatan digər dostlarımızın da görməsini arzulayıram”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər