• cümə axşamı, 25 aprel, 08:54
  • Baku Bakı 14°C

Söz ömrü arzuladığım müəllim

28.10.17 13:00 8276
Söz ömrü arzuladığım müəllim
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi yazırdı: "Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır, o zaman iftixarla belə deyərdim: Müəllimlik!” Əlbəttə ömrünü-gününü şam kimi bu yolda əridən müəllimlər dünya da ən şərəfli, ən uca adlara layiqdirlər. Təəssüf, çox təəssüf ki, bəzən layiq oldu-olmadı, çoxlarına bu şərəfli adla müraciət edilir və ya Üzeyir bəy demiş "bəzi qlasnılar” halal məvacibi ilə dolanan müəllimin nimdaş üst-başına irad tutaraq, kartof-soğan əkməyi məsləhət görür. Bu çətinliklərə baxmayaraq səsini deyil, sözünü yüksəldərək, dünyanın ən dahi insanlarını yetişdirən də müəllimdir. Zaman, məkan dəyişsə də, ömrünü-gününü şam kimi bu yolda əridən müəllimlərimizin amalı dəyişməz olaraq qalır; bildiklərini qarşısındakına öyrətmək! Oxucuma bu adı ləyaqətlə daşıyan, ömrünün 50 ilindən çoxunu bu şərəfli peşəyə həsr edən bir müəllimdən bəhs etmək istərdim.
Məmməd Haqverdi oğlu Yaqubov. Məmməd müəllimlə eyni təhsil ocağında işləməyimizə baxmayaraq, onunla yaxından tanış deyildim. Tanışlığımıza səbəb universitetimizin (BDU-nun) mühasibatlıq şöbəsinin əməkdaşı Tomris Həsənova oldu. Tomris xanımın sözə dəyər verən bir insan olduğunu bilirdim. Elə buna görə də yeni kitabımdan ona hədiyyə etmək üçün şöbəyə yollandım. Salam-kalamdan sonra Tomris xanım dedi: "Qərənfil xanım, Məmməd müəllim məqalələrinizlə bağlı sizinlə görüşmək istəyir. O, "Kaspi” qəzetinin daimi oxucusudur. Vaxtınız olsa, görüşün”.
Mühasibatlıqdan çıxaraq birbaşa Məmməd müəllimin rəhbərlik etdiyi kafedraya yollandım. O, 1996-cı ildən BDU-nun mexanika-riyaziyyat fakültəsində "İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasına rəhbərlik edir. İş gününün sonu olduğu üçün kafedrada bir neçə müəllim var idi. Məmməd müəllimi şəxsən tanımadığım üçün müəllimlərdən birinə yaxınlaşıb onu soruşarkən, yan otaqdan gur və zəhmli bir səs eşidildi: "Kimdir məni soruşan, gəlin içəri”.
Yan otağa keçdim. Məmməd müəllim masanın arxasında nə isə yazırdı. Hiss etdim ki, həm əsəbi, həm də fikirlidir. "Deyəsən mən vaxtında gəlməmişəm, Sizə mane oldum. Bir azdan gələrəm” deyərək, otağı tərk etmək istəyərkən Məmməd müəllim başını qaldıraraq "yox, xanım, buyurun, siz kimsiniz, sizə nə lazımdır”- deyə təkidlə oturmağımı işarə etdi. Əlimdəki kitabları yazı masasının üstünə qoyaraq "mühasibatlıqda Tomris xanım dedi ki, məqalələrimlə bağlı mənimlə görüşmək istəyirsiniz” dedim.
Elə bu an Məmməd müəllim gözlüyünü çıxarıb yana qoydu və qəribə bir sevinclə (üz-gözündə əvvəlik əsəbilikdən əsərə-əlamət qalmadı) dedi: "Kaspi” qəzeti, Qərənfil xanım? Bəli -deyə cavab verdim. Doğrusunu deyim ki, bu ilk tanışlığımızın neçə saat çəkdiyini deyə bilmirəm. Müsahibim sanki məni ovsunlanmışdım. Xaricən zəhmli, qara-qabaq görünən bu insan daxilən nə qədər zəngin, mehriban, sözü-sənəti dəyərləndirən, geniş mütaliəyə malik, zəngin dünya görüşü olan bir ziyalıdır. Məmməd müəllimlə danışarkən lap çaş-baş qaldım, qarşımda riyaziyyatçı yox, tarixçi, ədəbiyyatşünas bir alim əyləşmişdir. Klassiklərimizdən, onların ədəbi-bədii irsindən necə böyük zövqlə danışır, müasir ədəbi mühitimiz haqqında maraqlı fikir və mülahizələrini bildirirdi. Həsən bəy Zərdabinin maarifçilik görüşlərindən, Əhməd Cavadın, Cavid Əfəndinin, Əli bəyin türkçülük ideyalarından, Məhəmməd Əminin istiqlal mübarizəsindən, Xəlil Rza Ulutürkün azadlıq arzularından ürəklə danışırdı ...
Məmməd müəllim danışdıqca xəyal məni 1990-cı ilin soyuq bir payız gününə apardı. "Ədalət” qəzetində müxbir işləyirdim. Bir gün Respublikanın Baş Prokuroru İsmət Qayıbovdan müsahibə götürməli oldum. Təyin edilən vaxtdan bir saat tez qəbul otağına gəldim. Doğrusunu deyim ki, əvvəlcə müsahibəyə gəlməyimə peşman oldum. Fikirləşirdim ki, yenə də ən azından üç-dörd saat gözləməli olacağam, müsahibə də ya alına, ya alınmaz. Çünki, adi rayon prokurorlarının, polis rəislərinin qəbulunda nəinki saatlarla, hətta günlərlə gözləməli olurdum, sonra da əksər "qanun keşikçisi” əda ilə "vaxtım yoxdur” deyərək, müsahibədən imtina edərdi. Amma sən demə yanılmışam, özü də çox. İsmət müəllim məni təyin etdiyimiz vaxtda qəbul etdi. O, qədər səmimi və sadə idi ki, (hətta geyimi də - adətən bu peşənin adamları həmişə çox bahalı, şıx geyimləri və ədalı hərəkətləri ilə yaddaşımda qalırdılar) bütün bunlar məni çaşdırdı. Bunu hiss edən baş prokuror söhbətə də səmimiyyətlə özü başladı. Hüquqdan başlayan müsahibim ədəbiyyatdan, tarixdən, klassik musiqidən, milli dəyərlərimizdən elə şövqlə danışırdı ki, heyran olmaya bilmirdim. Böyük alman şairi və mütəfəkkiri Höte yazırdı: "Böyük insanlar dağa bənzəyir - yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir: yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır”. Baş prokurorla ilk görüşümüz uğurlu alındı. Sonra onunla bir necə dəfə görüşdüm və müsahibə götürdüm. Növbəti yazılarımın birini bu mövzuya həsr edəcəyəm. Ruhunuz şad olsun, İsmət müəllim. Siz təpədən-dırnağa vətənpərvər, millətsevər bir ziyalı idiniz.
... 1984-cü ildən müntəzəm olaraq dövrü mətbuatda çıxış edirəm. Etiraf edim ki, bu uzun illər ərzində belə savadlı, istedadlı, sadə, səmimi, yüksək insani keyfiyyətlərə malik müsahiblərlə az-az rastlaşıram. Amma hər dəfə də əmin oluram ki, belə insanlar öz zəhməti, savadı, əxlaqı gücünə həyatda uğur qazananlardır. Ona görə də vəzifəsindən, ad-sanından asılı olmayaraq, heç bir qüvvə onları nə dəyişə, nə də insanlıqdan çıxara bilir. Elə Məmməd müəllim də bu gün əldə etdiyi uğurlara öz zəhmətinin, istedadının sayəsində nail olub.
M.Yaqubov 1941-ci ildə Culfa rayonunun Milax kəndində Haqverdi kişinin ailəsində anadan olub. Halal zəhməti ilə ailəsini dolandıran Haqverdi kişinin bir istəyi, məqsədi var idi; övladlarına təhsil vermək, onları həyatda zəhmətə alışdırmaq, doğru yola istiqamətləndirmək. Belə də oldu. Ata 9 övladından altısına ali təhsil verdi. Onları zəhmətə alışdırdı, ədəb-ərkanlı böyütdü. Arıq, qarayanız Məmməd məktəbdə ilk gündən müəllimlərinin diqqətini özünə cəlb etdi. Xüsusən də dəqiq elmlərə olan marağı onu riyaziyyata meylləndirdi. 1957-ci ildə Naxçıvan şəhər 1 saylı məktəbini bitirib BDU-nun (o zaman ADU adlanırdı) mexanika-riyaziyyat fakültəsinə daxil olan bu gənc oğlan, 1962-65-ci illərdə universitetin aspiranturasında təhsilini davam etdirdi.
1966-cı ildə "Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında” mövzusunda namizədlik, 1992-ci ildə isə "Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bir sıra beynəlxalq seminarlarda, simpozium və konfranslarda fəal iştirak edən alim bu gün də axtarışlarını davam etdirməkdədir. Ömrünü riyaziyyat elminin təbliğinə, tədqiqinə həsr edən Məmməd müəllimin bu illər ərzində yüzdən çox elmi məqaləsi, orta və ali məktəblər üçün 20-dən çox dərs vəsaiti və monoqrafiyası çap edilib. Onun rəhbərliyi və qayğısı ilə on beş tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib. "Əməkdar müəllim” (1999) fəxri adını daşıyan Məmməd müəllim, həm də Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.
Aristofon yazırdı: "Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır”. Nə yaxşı ki, Tanrı o rahatlığı da Məmməd müəllimdən əsirgəməyib. Onu duyan, qayğısını çəkən, xoşbəxt ailəsi var. Qayğıkeş atadır, sədaqətli ömür yoldaşıdır, mehriban babadır, etibarlı dostdur. Qohum-əqrəba, dost-tanış arasında öz yeri, sözü hörməti olan ağsaqqal ziyalıdır. Bir-iki il bundan əvvəlin sözüdür. Məmməd müəllimin səhhətində problemlər yaranmışdı. Bacısı Bənövşə xanım sanki varından yox olmuşdu...
Məqaləmi bitirərkən, qeyri-ixtiyarı olaraq yazı masamın üstündəki təqvimə baxdım. Sabah müəllimlərin peşə bayramı günüdür. Hörmətli Məmməd müəllim! Siz sözə-sənətə dəyər verən, onu qiymətləndirən bir ziyalı olduğunuz üçün Sizi sözlə təbrik edirəm və Sizə söz ömrü arzulayıram!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər