• çərşənbə, 17 Aprel, 02:32
  • Baku Bakı 14°C

Söyüş söymə...

16.05.13 08:33 5902
Söyüş söymə...
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 14-də keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar tətbiq olunur. Belə ki, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sərhədləri aşanda
Qeyd edək ki, medianın internet profilinin genişləndiyi və böyük hüdudlar qazandığı ölkələr artıq oxşar addımları atmağa başlayıblar. Dünya praktikasının “Hədsiz sərbəstlik bir çox hallarda etik hədlərin pozulmasına gətirib çıxarır” fikirləri ayrı-ayrı ölkələrdə nümunə kimi götürülməyə başlanıb. O baxımdan ki, internet və KİV-də yayılan məlumatların böhtan xarakterli olması və şəxsiyyəti təhqir edən yazıların yer alması təkcə bizim yox, həm də qonşu Rusiya və Türkiyə də daxil olmaqla əksər dünya ölkələrinin problemidir. Hərçənd bizim ölkəmizdə KİV-də təhqiramiz ifadələrə, ədəbsiz sözlərə görə ciddi qaydaların tətbiqi ilə bağlı fikirlər çoxdan səslənir. Düzdür, bununla bağlı Cinayət Məcəlləsində müəyyən cəzalar nəzərdə tutulub, Mətbuat Şurasının davranış kodeksi var, ancaq, görünür, bunlar vəziyyətin tam nəzarətə götürülməsini və tənzimlənməsini tam həll edə bilmir.
Bəzi ekspertlər KİV-də və internet vasitələrində cəzaları artırmaq və ya cərimələri yüksəltməklə etik nəticə əldə etməyin mümkünsüzlüyünü hesab edir, bununla belə media aləmində və internet vasitələrində etik sərhədlərin müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirirlər. Ancaq məsələ KİV və internet mediası sərhədlərini aşıb bütünlüklə sosial şəbəkələrə şamil edilirsə, onda problemin daha dərin olduğu barədə düşünmək lazım gəlir.
Boşluq dolduruldu
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə də layihədəki dəyişikliyi bununla əlaqələndirir. Belə ki, respublikanın baş prokuroru tərəfindən İnzibati və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı MM-ə ünvanlanan təklif əsasında layihədə dəyişiklik edilib. Həmçinin İnzibati Məcəllədə çox sayda qanunlarda dəyişikliklər təklif edilib. Cinayət Məcəlləsinin isə 147 və 148-ci maddələrində böhtan və təhqirə görə, kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxslərin şərəf və ləyaqətinin alçaldılması, təhqir və ya böhtan atılması ilə bağlı əlavə və dəyişiklik edilməsini baş prokurorluq təklif edib: «Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsi tərəfindən əlavə və dəyişikliklərin haradan yaranması ilə bağlı əsaslandırma da Milli Məclisə təqdim olunmuşdu. Həmçinin bunun beynəlxalq təcrübəyə əsaslandığı da qeyd edilmişdi. Eyni zamanda, göstərilirdi ki, bu layihənin qəbulu kütləvi nümayiş etdirildiyi halda, informasiyaların internet informasiya vasitələrində yayımı zamanı təhqir və böhtan cinayətlərin daha səmərəli şəkildə qarşısının alınmasına yönələcək. Bu, həmçinin insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyanın müddəalarına uyğun hazırlanıb və layihə dövlətin maliyyə iqtisadi siyasətinə də uyğundur. Yəni burada cərimələr də nəzərdə tutulur».
Millət vəkili hesab edir ki, təklif olunan layihə olduqca normaldır və qəbul oluna bilər: «Komitənin mayın 14-də keçirilən iclasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə təklif olunan “kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında yayıldıqda” sözü əlavə etməklə, biz onun sanksiya hissəsinə toxunmadan bu boşluğu doldurduq». Millət vəkilinin sözlərinə görə, cərimələr sosial şəbəkələrə də şamil ediləcək: «Sosial şəbəkədə iki adamın yazışması başqa söhbətdir. Ancaq Facebook-da kiminsə barəsində təhqir və böhtan dolu məlumatlar yayılacaqsa və çoxlu sayda insanlar tərəfindən oxunacaqsa təbii ki, bu da maddənin təsiri altına düşəcək».
Ç.Qənizadə tətbiq olunan cərimələrin təsirinin olacağına şübhə etmir: «Hesab edirəm ki, insanlar qanuna hörmət etməli və qanundan çəkinməlidirlər. Ancaq qanuna hörmət olunmurdu, kim kimin haqqında nə istəyirdi yazırdı. Artıq belə nəzərdə tutulur ki, insanlar qanundan həm də çəkinməlidirlər. O cümlədən, bəzi adamlar boşluqdan sui-istifadə etməməlidir. Məsələn, deyirlər ki, mən filan informasiyanı Facebook-a qoymuşam, ola bilsin ki, 1000 adam oxuyub. Vəkil tuturlar və deyirlər ki, qanunda belə bir bənd yoxdur”. Millət vəkili hesab edir ki, CM-dəki boşluğun doldurulması təkcə ayrı-ayrı adamlara qarşı deyil, bu, həm məmurlar, həm də dövlət qurumları tərəfindən insanların şəxsi həyatına müdaxilənin qarşısını da alacaq. Belə ki, şəxslər haqqında məlumatların sosial şəbəkələrdə kütləvi şəkildə yayımına imkan verməyəcək. Həm də ayrı-ayrı vətəndaşlar, jurnalistlər, internetdən başı çıxan ayrı-ayrı insanlar başqaları haqqında istədiklərini yazmaqdan çəkinəcəklər: “Hesab edirəm ki, bununla qanundakı boşluq dolduruldu”.
Pis mənada sərbəstlik
Professor Cahangir Məmmədli Milli Məclisin məsələ ilə bağlı məcəlləyə dəyişiklik etmək təşəbbüsünü düzgün hesab edir: “Təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün internet dünyasında insanları təhqir etmək, böhtan atmaq cəhdləri çoxdur və belə faktlar da istənilən qədərdir. Mənə elə gəlir ki, əgər jurnalist təhqir etmək, böhtan atmaq fikrində deyilsə, onda o, narahat olmamalıdır. O adamlar narahat olmalıdır ki, onlar böhtanla, təhqirlə işləyir və bunu da bir qəhrəmanlıq hesab edirlər. Mən internetdə hər hansı bir qadağanın əleyhinəyəm. Ancaq hər kəs böhtana və təhqirə görə öz cəzasını almalıdır». C.Məmmədli hesab edir ki, internetdə böhtan və təhqirlərin yer alması jurnalistikanın qərəzlilik problemidir. Belə ki, bu cür insanların yaradıcılığında qərəzli jurnalistika özünü hiss etdirir: “Vətəndaş jurnalistikasında isə artıq son dərəcə pis mənada sərbəstlik var. Böhtana, təhqirə meyllilik özünü göstərir. Bilirlər ki, bu vasitələrlə daha çox oxunmaq olur. Ancaq onu da nəzərə almaq lazımdır ki, bir gün həmin böhtan və təhqir onu yazan adamın özünə də gəlib çatacaq. Ona görə də cəmiyyəti belə bir fəaliyyətdən qorumaq üçün bu cür dəyişikliyə ehtiyac var». C.Məmmədlinin fikrincə, əslində KİV haqqında qanunda böhtan atmaq və təhqirlə bağlı cəza növləri yer alıb: «Bununla belə, bəzi mətbuat və jurnalistlər yenə də öz qərəzli işlərini görməkdədir. Bu baxımdan ola bilməz ki, tətbiq olunacaq cəza növlərinin hər hansı təsiri olmasın».
Özünütənzimləmə mərhələsi
Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağaliyev hesab edir ki, hələlik müzakirə olunan dəyişikliklərlə bağlı hər hansı bir qərara gəlmək mümkün deyil. Belə ki, dəyişikliklərin sosial şəbəkələrə aid edilib-edilməyəcəyi sual altındadır: «Bunu yəqin ki, layihədəki dəyişikliyin işə düşməsi ilə əlaqədar məhkəmə təcrübəsi ortaya qoyacaq». Başqa ölkələrin təcrübəsindən misal gətirən X.Ağaliyev qeyd edib ki, Avropa Şurasına daxil olan ölkələrin əksəriyyətində bu, tətbiq olunmur:
«İnternetin o hissəsi tətbiq olunur ki, o daha çox media funksiyası yerinə yetirir. Yəni bir internet qəzetdə gedən böhtan və təhqirə görə məsuliyyətə cəlb olunur. Ancaq elə ölkələr var ki, orada Twitter və ya Facebook-da yayılan fikirlər belə məsuliyyətə cəlb olunur. Məsələn, Türkiyədə bununla bağlı yüzlərlə məhkəmə işləri var. Hətta, onlardan Avropa Məhkəməsinə də şikayət olunub. Türkiyə hökuməti də bununla bağlı islahatlar aparacağını bildirib. Elə bu yaxınlarda onların məşhur bir musiqiçisinə Twitterdə yazdığı statusa görə cinayət cəzası verdilər. Bu, Avropa Şurasına daxil olan ölkələrdə adekvat cəza kimi nəzərdə tutulmur”.
X.Ağaliyev hesab edir ki, ümumiyyətlə, böhtan və təhqirə görə məsuliyyət mülki formada olmalıdır. Avropa Şurasının yanaşması da bundan ibarətdir: “Bizim hökumətimiz də bununla bağlı müəyyən öhdəliklər götürüb. Hətta, bununla bağlı qanun layihəsi də hazırlanaraq Venesiya Komissiyası ilə müzakirə olunur». Ekspertin fikrincə, hər hansı bir qanunu qəbul etməklə ictimaiyyət üçün zərərli ola biləcək əməllərin aradan qalxacağına inanmaq sadəlövhlükdür. “İnkişaf etmiş ölkələrin təcrübəsinə görə onların internet mediasında və sosial şəbəkələrində böhtan və təhqirə bizimlə və ya Türkiyə ilə müqayisədə daha az yol verirlər. Onlarda bu vəziyyət özünütənzimləmə mərhələsinə gəlib çatıb. Onlar qanunvericilikdə nəzərdə tutulan cərimə cəzaları tətbiq edirlər. Böhtan və təhqir xarakterli status yazan bir şəxsi həbs etmirlər, ona yalnız cərimə cəzası verirlər”.
Ekspert deyir ki, sosial şəbəkədə olan istənilən şəxsə həbs cəzasındansa cərimə cəzası vermək onu daha məsuliyyətli edər: “Sosial şəbəkə hamıya açıq deyil. Siz ora kimisə dostluğa qəbul edə və ya çıxara bilirsiniz. Ancaq internetin digər qolu – media var. Siz bura insanların girişini qapada bilməzsiniz. Sosial şəbəkələri isə media qolu kimi qəbul etmək doğru deyil. İnkişaf etmiş ölkələrin məhkəmə təcrübəsi də bunu qəbul etmir”.
Cinayət Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minəndən sonra bütün sualların cavabının tapılacağı şəksizdir. Hələlik isə real mənzərənin necə olacağı maraq doğurur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər