AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Söyün Sadıqovun sifətinə baxanda onun dəllal olduğu dərhal oxunur

Söyün Sadıqovun sifətinə baxanda onun dəllal olduğu dərhal oxunur

Müsahibə
26 İyun 2013, 10:50 1866
Rusiyaya bağlı “Milyarderlər İttifaqı” üzvlərinin Azərbaycan əleyhinə açıqlamaları, Söyün Sadıqovun təxribatçı hərəkətləri, Milli Şura sədrinin vahid namizəd olma istəyi, xarici qüvvələrin ölkəmizə müdaxiləsi və digər məsələlərlə dair “Kaspi”nin suallarını politoloq Cümşüd Nuriyev cavablandırır.

- Cümşüd müəllim, Rusiyadakı “Milyarderlər İttifaqı”na üzv olan şəxslər tərəfindən Azərbaycanın daxili işləri ilə bağlı tez-tez bəyanatlar səsləndirilir. Sizcə, bu bəyanatların hədəfi və məqsədi nədən ibarətdir?

- Rusiyada bir qrup insanın yaratdığı təşkilata “Milyarderlər İttifaqı” adının qoyulmasının əleyhinəyəm. Buna anti Azərbaycan ittifaqı deyilsə, daha yaxşı olar. Düzdür, orada maliyyə imkanlarına görə bir neçə milyarder var. Ancaq onlardan bəzilərinin mövqeyi Azərbaycan əleyhinədir. Bu ittifaqın iki üzvü Azərbaycanın daxili işlərinə qarışmaqla bağlı bəyanat veriblər. Əvvəlcədən məlum idi ki, həm bu ittifaq, həm də onun üzvlərindən olan Söyün Sadıqov Rusiya təhlükəsizlik orqanlarının layihəsidir. O, Ramazan Abdullatibov, Rüstəm İbrahimbəyov istisna olmaqla digər üzvlər müəyyən mənada ehtiyatla danışırlar. Bu yaxınlarda Vahid Ələkbərov prezident İlham Əliyevi dəstəkləməklə bağlı bəyanat verdi. Araz Ağalarov da həmin mövqedədir. Keçmiş baş nazir Abbas Abbasovun da bu ittifaqda təmsil olunması faktı var. Amma o, Azərbaycan üçün təhlükəli fiqur deyil. Bütün hallarda Azərbaycanı sevən, xüsusilə Əliyevlərə hörməti olan adamdır. Bu səbəbdən onun adından saytlarda yerləşdirilən məlumatı təxribat sayıram. Bəzi qüvvələr istəyirdilər ki, müəyyən hadisələri Abbas Abbasovun əli ilə həyata keçirsinlər. İttifaq yaranandan Azərbaycana qarşı ən kəskin mövqedə dayananlar Söyün Sadıqov və Rüstəm İbrahimbəyov olub. Hadisələri təhlil edəndə görürsən ki, Söyün Sadıqovun ümumiyyətlə Azərbaycan haqqında fikir söyləməyə ixtiyarı yoxdur. Bu adam Azərbaycanda doğulmayıb, bura bağlılığı yoxdur, bizim ölkənin vətəndaşı deyil. Ona görə də onun gətirdiyi arqumentlər, söylədiyi fikirlər əsassızdır. Bu günlərdə onun mətbuata verdiyi müsahibəsini oxudum. Söyün Sadıqov orada da cəfəng, əsassız fikirlər bildirib. Əvvəla, onun Heydər Əliyev ailəsinə qiymət verməyə mənəvi haqqı yoxdur. Söyün Sadıqovun sifətinə baxanda onun dəllal olduğu dərhal oxunur. Bu adam Azərbaycandan nə istəyir, heç özü də bilmir. “Flaşkart” kimi onun yaddaşına nəyi yazırlarsa, o da çıxıb tutuquşu kimi təkrarlayır. Daha çox təxribat xarakterli açıqlamalar verir. Baxmayaraq ki, kinorejissor Rüstəm İbrahimbəyov Azərbaycanda doğulub, heç onun da bu ölkəyə köklü bağlılığı yoxdur. Onun Azərbaycandakı biznes maraqlarına toxunulması söylənilənləri bir daha təsdiq etdi. Rüstəm İbrahimbəyovun dərhal maskası yırtıldı.

- Sizcə, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun Azərbaycanda prezident seçkiləri ərəfəsində aktivləşməsi, ölkəmiz əleyhinə bəyanatlar səsləndirməsi təsadüfdürmü?

- Burada heç bir təsadüfdən söhbət gedə bilməz. Belə bir görüntü yaradırlar ki, guya, Azərbaycan iqtidarının vahid namizədi yoxdur, bunu formalaşdıra bilmirlər. Müxalifət də bu məqamdan istifadə edərək dərhal bəyan edib ki, guya, Azərbaycan iqtidarında çaşqınlıq var. Əslində bu adamlar psixi problemləri olan xəstələrdir. Normal düşüncəli adam öz arzularını, xəyallarını həqiqət kimi cəmiyyətə sırımaz. Bu kimi fobiyalar siyasətdən uzaq şəxslərə məxsusdur. O da görünür ki, müxalifətdə çox güclü İlhamafobiya formalaşıb. Bunlar bilirlər ki, İlham Əliyev hər zaman gündəmdədir, Azərbaycan xalqı onu sevir, seçir və arxasında dayanır. Bu səbəbdən yanlış görüntü yaratmağa cəhd edirlər. Müxalifət ortaq fikrə gələ bilmədiyindən vahid namizədini müəyyənləşdirə bilmir. Lakin Yeni Azərbaycan Partiyası öz namizədinin indiki prezident olacağını açıq şəkildə bəyan edib, bu barədə siyasi təşkilatın qurultayında qərar qəbul olunub. Söyün Sadıqov və onun yiyələrini də bu amil çox narahat edir. Ona görə də bütün hücumları prezident İlham Əliyevin üzərinə yönəldiblər. Çalışırlar ki, onun özünə, ailəsinə siyasi çirkablar atsınlar. Bu isə mümkün olan məsələ deyil. Belə işlər heç Söyün Sadıqov kimilərin bacarığı da deyil. Siyasi cəhətdən naşı adam belə “xörəkləri bişirə” bilməz. O, “siyasi aşpaz” olmadığı üçün bu tip “xörəklərdən” çox uzaqdadır. Söyün Sadıqov siyasətdə ancaq “qayğanaq bişirə” bilər. Bundan o tərəfə getməsi mümkün deyil. Onun anti Azərbaycan bəyanatlar səsləndirməsi daha çox ölkəmizi qarışdırmağa, müxalifətə “yem” verməyə hesablanıb. Bu adam Azərbaycanı, xalqımızı deyil, pulu sevir. Söyün Sadıqov ona verilən pul müqabilində, yeri gəlsə qohumlarını da satar.

- Söyün Sadıqovun son açıqlamasından sonra Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu nə dərəcədə ciddi fiqur, şanslı namizəd saymaq olar?

- Azərbaycan müxalifəti gör nə günə qalıb ki, onun başında Rüstəm İbrahimbəyov durur, Eldar Namazov da onun aparatının rəhbəridir. Yəni, vaxtı ilə Əbülfəz Elçibəyi lağa qoyan, onun ideyalarının əleyhinə gedən insanlar 6 il indiki iqtidarın içərisində olub, bu müxalifəti biabırçı vəziyyətə salan, o cümlədən Elçibəyi dəfələrlə təhqir edən Eldar Namazov indi Elçibəyin qəbrinin üzərinə gedir. Rüstəm İbrahimbəyovun ümumiyyətlə siyasətdə olması əvvəla müxalifətə, ikincisi Azərbaycan xalqına təhqirdir. Nə mənada? Belə bir görüntü yaradırlar ki, guya onun son ümidi Rüstəm İbrahimbəyovdur. YAP-dan Rüstəm İbrahimbəyovun qabağına azı 100 min adam çıxarmaq olar. O, siyasətdə naşıdır, həm də “kordur”. Bu adam elə fikirləşir ki, guya o, çox böyük, xüsusi personadır və Azərbaycana gələn kimi onu həbs edəcəklər. Halbuki bu, heç kəsə lazım deyil. Üçüncüsü, bu adamın qanunvericilikdən ümumiyyətlə xəbəri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin prezidentliyə namizədlərə aid tələblərində göstərilib ki, yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının prezidenti seçilə bilər. bu tələblərdən 3-ü Rüstəm İbrahimbəyova aid deyil. Müxalifət bu adamı hansı ağılla vahid namizəd kimi irəli sürməyə çalışır? Burada məqsəd ondan ibarətdir ki, bunun namizədliyini irəli sürsünlər, o qeydə alınmayandan sonra məcbur olacaqlar İsa Qəmbərin namizədliyini irəli sürsünlər. Amma bütün dünyaya bəyan edəcəklər ki, görürsünüz, bizdə demokratiya yoxdur və bunu irəli sürürük, qeydə almırlar. Ondan sonra beynəlxalq təşkilatların, işğalçı dövlətlərin əlində olan QHT-lərin adı ilə Azərbaycana yeni damğa yapışdırmaq istəyirlər. Onsuz da bunlar çox gözəl bilir ki, 1 deyil, 20 Rüstəm İbrahimbəyov da olsa, maksimum 3-5 faiz səs yığa bilərlər. Bu xalq gəlib yalnız İlham Əliyevə səs verəcək. Ona görə də çalışırlar ki, indidən seçkilərə kölgə salsınlar.

- Rusiyadan təlimat alan qüvvələr Azərbaycanda öz məqsədlərinə nail olmaq gücündədirlərmi? Xalqın onlara dəstəyi varmı?

- Xalqın onlara heç bir dəstəyi yoxdur, olması da mümkünsüzdür. Burada Rusiyada olan azərbaycanlılardan istifadə etməyə çalışırlar. Onlar da Azərbaycanda deyil, Rusiyada səsvermədə iştirak edirlər. Rüstəm İbrahimbəyov namizəd olarsa, elə 5 faiz onların hesabına səs toplaya biləcək. Yəni, onun topladığı səslər kənardan verilən səslərin hesabına formalaşacaq. Azərbaycan daxilində ona səs verilməsi mümkün deyil. Amma ermənilərin əli ilə hansısa təxribat törədilə bilər. Cənab prezident bu günə qədər yürütdüyü ağıllı siyasət nəticəsində Azərbaycanı bu bəlalardan qoruyub. Azərbaycan prezidenti MDB məkanında peşəkar diplomatdır. Beynəlxalq münasibətlər üzrə elmi dərəcə alıb. Bu adam dövlət işlərini gözəl bildiyinə görə, Azərbaycan dövlətinin milli maraqlarına uyğun olaraq hərəkət edir . Hər üç güclə – ABŞ, Rusiya və Avropa ilə bərabər səviyyədə münasibətlər qurur. Onlar da görürlər ki, İlham Əliyev onlar fikirləşdiklərindən də yaxşıdır və Azərbaycan dövlətinin milli maraqlarını hər şeydən üstün tutur. Çalışırlar ki, ona siyasi və ya digər təzyiqlər vasitəsi ilə öz dövlətlərinin maraqları üçün bir şeylər qoparsınlar. Təəssüf ki, bu zaman Rüstəm İbrahimbəyov, Söyün Sadıqov kimi “sapı özümüzdən olan baltalar” xüsusi “xidmət” göstərirlər. O cümlədən, Azərbaycanın əldəqayırma müxalifəti də bu işdə iştirak edir. Amma 10 il ərzində İlham Əliyevin Azərbaycanda göstərdiyi fəaliyyət, Azərbaycan üçün etdikləri xalqın yadından çıxmayıb və çıxmayacaq da. Nə qədər xalq prezidenti ilə birdir, o prezident yıxılan deyil. Dünyanın heç bir yerində xalqı yıxmağı, heç bir imperiya bacarmayıb. Ona görə xalq rəhbərin ətrafına toplanmalıdır. Medianın burada böyük rolu var, xüsusi ilə telekanalların. Artıq ağıllı şəkildə təbliğat qurulmalıdır. Aparılan siyasət birmənalı şəkildə Əliyevlərin Azərbaycana verdiyi töhfələrin ağıllı şəkildə göstərilməsinə xidmət etməlidir. Yoxsa, çıxıb məddahlıq, yaltaqlıq edirlər, sonra da deyirlər ki, hə, gördünüz biz cənab prezidentə necə dəstək verdik. Onsuz da İlham Əliyevə səs verənlər onun şəxsiyyətinə səs verir, onu tərifləyənlərə görə deyil. Bu səbəbdən təbliğatın texnologiyasını bir az dəyişmək lazımdır. Artıq 21-ci əsrin 13-cü ilidir. Azərbaycan yeni siyasi texnologiyalardan istifadə etməlidir. Onda biz Rusiyaya da tutarlı cavab verə, həmçinin Söyün Sadıqov kimi səviyyəsizləri, Rüstəm İbrahimbəyov kimi milli xəyanətkarları yerində oturda bilərik.

- Yaranmış durumda Azərbaycan hakimiyyəti hansı mövqedən çıxış etməlidir?

- İndiki siyasi durumda elə bir ciddi məsələ yoxdur ki, Azərbaycan iqtidarı hansısa bir mövqeyə keçsin. Bu iqtidar içərisində müəyyən insanlar var ki, camaatla onların narazılığı var. Bunu cənab prezident də bilir, özü də bəyan edib. Amma bir şey var ki, seçki öncəsi ola bilər az bir dəyişiklik olsun. Lakin ciddi bir dəyişikliyə ehtiyac görmürəm. Çünki hazırda komandada hər hansı ciddi dəyişiklik olsa, müxalifət ondan yararlanmağa çalışacaq. Eyni zamanda bildirəcək ki, Azərbaycan iqtidarı bacarmır və sair. Ona görə hazırkı tutulan mövqe daha düzgün mövqedir. Bölgələrə gedib əhali ilə işləməklə bərabər, yeni siyasi istiqamət götürülməlidir. O da iqtidarın gördüyü işləri məddahlıq səviyyəsində yox, arqumentlə, ağıl səviyyəsində açıqlamaq və gündəmə gətirməkdir. Bunu bacarmaq lazımdır. Fikrimcə, iqtidarın taktikasında təkcə bu dəyişiklik olmalıdır. Başqa dəyişikliyə ehtiyac yoxdur.

Rufik İSMAYILOV