AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Söyün Sadıqov xarici qüvvələrin maraqlarına xidmət edir»  müsahibə

«Söyün Sadıqov xarici qüvvələrin maraqlarına xidmət edir» müsahibə

Müsahibə
26 Fevral 2013, 10:28 1812
Bidzina İvanişvili hakimiyyətinin 100 günü, Gürcüstanda həyata keçirilən islahatlar, ötən müddətdə soydaşlarımızın problemlərinə hakimiyyətin münasibəti, milyarderlər ittifaqının üzvü Söyün Sadıqovun siyasi partiya yaratmaq cəhdi və sair hadisələrlə bağlı “Kaspi”nin suallarını Gürcüstan parlamentinin üzvü, azərbaycanlı deputat Mahir Dərziyev cavablandırır.

- Mahir müəllim, İvanaşvili hakimiyyətinin 100 günü tamam oldu. Və səhv etmirəmsə bununla bağlı hesabat xarakterli bir tədbir də keçirildi. Bilmək olarmı ötən 100 gündə Gürcüstanda nə dəyişib?
- Ötən 100 gündə bizim baş nazir hesabatında da qeyd etdi ki, seçki qabağı platformamızda xalqa vəd etdiyimiz böyük işlərin bir hissəsini artıq həyata keçirmişik. Yəni, maaşlar, pensiyalar artırıldı, pulsuz təhsilin tətbiqinə başlandı və sair. Kənd təsərrüfatı ilə bağlı kənd yaşayış məntəqələrində böyük tədbirlər planı həyata keçirildi. Konkret olaraq bu onunla əlamətdardır ki, bu islahatlar bizim bölgədən, Marneuli rayonundan başladı. Mal-material, təsərrüfat sahələri paylandı. Yaz təsərrüfat işləri üçün artıq kəndlərdə pulsuz əkin, şumlama və sairin tətbiqinə başlandı. Ən başlıcası isə bizim xalq qəti şəkildə öz azadlıq ruhunu ortaya qoydu. Mixeil Saakaşvili iqtidarının bu cəmiyyət və xalq qarşısında ən böyük qəbahəti ondan ibarət idi ki, hakimiyyət xalqın ruhunu öldürmək istəyirdi. Xalqı müti bir qrup insan tərəfindən idarə olunan iradəsiz kütləyə çevirmək istəyirdilər. Əslində, xeyli dərəcədə buna nail olmuşdular, xüsusən də bizim azərbaycanlılar yaşayan bölgədə. Lakin indi qətiyyətlə, əminliklə deyə bilərik ki, xalq öz taleyinə sahibdir. Dövlətin, cəmiyyətin idarəçiliyi də xalqın iradəsi altındadır. Düzdür, buna qədər, müxtəlif qarşıdurmalar, olaylar oldu. Amma yenə də sonda, xalq öz səsinə, öz idarəçiliyinə sahib çıxdı. Buna görə də ötən 100 günü yüksək qiymətləndirir, Gürcüstan müxalifətinin böyük iqtidar uğrunda apardığı mübarizənin yaxşı nəticəsi hesab edirəm. Yəni bu proses geriyə dönməzdir, xalq qəti olaraq öz ölkəsinin, öz taleyinin sahibi, memarı olmaq istəyir.

- Bəs, azərbaycanlıların yaşadıqları ərazilərdə yerli toponimlərin dəyişdirilməsi və sair kimi problemlərin həlli istiqamətində hansı işlər görülür?
- Bəli, bizim böyük problemlərimiz var. Biz bu toplumun bir hissəsiyik, bu dövlətin vətəndaşlarıyıq. Gürcülərin üzləşdiyi problemlərlə biz də üzləşirik. Amma bizim bir sıra spesifik çətinliklərimiz yaranır. Təbii ki, siz məhz onları nəzərdə tutursunuz. Obyektiv və subyektiv səbəblər üzündən azərbaycanlıların bu gün təhsil, torpaq, yer adlarının dəyişdirilməsi problemləri var. Mən bir daha vurğulamaq istəyirəm ki, bütün bunlar bizim ictimai-siyasi fəallığımızın zəif olmasından qaynaqlanır. Əgər, bütün Azərbaycan icması yetərincə fəal olsaydı, öz sözünü deyib, həm səsini müdafiə edə bilərdi, həm də layiqli namizədlərini irəli sürə bilərdi. İnanıram ki, o zaman bu gün üzləşdiyimiz bir çox problemlərimiz olmaya bilərdi. Hər şeydə xalqı ittiham etmək olmaz. Burada həm subyektiv, həm də obyektiv səbəblər var. Bu yaxınlarda baş nazir Bidzina İvanişvili keçirdiyi mətbuat konfransında azərbaycanlıları bu dövlətin ən layiqli vətəndaşları kimi səciyyələndirdi. Tarix boyu azərbaycanlıların Gürcüstan dövlətinə sədaqətli, zəhmətkeş insan olduqlarını vurğuladı. Eyni zamanda, qeyd etdi ki, ən yüksək səviyyədə belə, azərbaycanlılar dövlət orqanlarında təmsil olunmağa layiqdirlər və qadirdirlər. Söz verdi ki, hətta baş nazirin müavini, nazirlər səviyyəsində, yəni, bütün dövlət strukturlarında azərbaycanlılar təmsil olunacaqlar. Bu problemlərin birdən-birə həllini təsəvvür etmək yəqin ki, sadəlövhlük olardı. Bu, bir gündə, hətta bir ildə həll olunası problem deyil. Torpaq probleminin həlli olunması üçün isə hüquqi baza lazımdır. Ona görə də Gürcüstanda yeni torpaq məcəlləsi hazırlanır. Bu məcəllənin qəbulundan sonra, yəqin ki, azərbaycanlıların torpaqla bağlı problemləri də həllini tapacaq. İş yeri ilə bağlı problemlərə gəlincə, əminlik və qətiyyətlə deyirəm ki, bizim həyata keçirdiyimiz tədbirlər, Gürcüstana gələn investisiyalar, yeni layihələr yaxın vaxtlarda əhalinin böyük əksəriyyətinin yeni iş yerləri ilə təmin edilməsinə imkan verəcək. Qaldı ki, yer adlarının dəyişdirilməsi məsələsinə, mən yenə üzümü həmvətənlərimə, soydaşlarıma tuturam, əzizlərim, hər şey sizlərin özündən asılıdır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu seçkilərdə azərbaycanlılar layiqli insanlara səs versinlər. Yerli özünü idarəetmə orqanlarında təmsil olunacaq həmin o insanlar, azərbaycanlıların problemini həll edəcəkdir. Yəni bu nə parlament səviyyəsində həll olunası məsələdir, nə də yuxarı vəzifə tutan hansısa məmur səviyyəsində. Qanunda da, beynəlxalq praktikada da qeyd olunur ki, yer adlarının dəyişdirilməsi sırf yerli özünü idarə etmə orqanlarının səlahiyyətlərinə aid məsələdir.

-Soydaşlarımızın təhsil məsələsi, Azərbaycan məktəblərinin bağlanması ciddi bu problemlərdəndir. Bunların həlli istiqamətində hansı addımlar atılır?
- Fikrimcə, biz məsələnin qısa vaxtda düzəlməsini istəyiriksə, təkcə Gürcüstan dövlətinin səyləri yetərli olmayacaq. Gürcüstan azərbaycanlılarının təhsil probleminin həllində Azərbaycandan böyük kömək, dəstək gözləyirik. Xüsusilə yeni pedaqoji kadrların hazırlanmasında. Bilirsiniz ki, bizim məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti, hardasa 90 faizdən çoxu pensiya yaşında olan insanlardır. Bu insanları əvəz edəcək kadrları qısa müddətdə hazırlamaq üçün Azərbaycanın köməyi mütləq lazımdır. Böyük işlər görüldü, bir neçə məktəb təmir olundu, bir neçəsi yenidən tikildi. Amma, təəssüflər olsun ki, bu iş hələlik dayanıb. Bu sahədə də biz Azərbaycandan dəstək gözləyirik. Qalan məsələlərlə bağlı mən optimistəm. Bütün çətinlikləri gözə alaraq deyə bilərəm ki, yerli icmanın fəallığıyla bizim iqtidar bir neçə ilə əksər problemlərin həllinə nail olacaq. Yaxın bir neçə ilə yəqin ki, bu spesifik problemlərin həllində kökündən dönüş yaranacaq.

- Bidzina İvanişvilinin baş nazir seçilməsindən sonra həmvətənlərimizin yaşadığı regionda gərginlik gözə çarpdı. Buna misal olaraq soydaşlarımızın evlərinə basqınların olmasını göstərmək olar. Bu gərginliyin, cinayətlərin kimlər tərəfindən nə məqsədlə, kimlər tərəfindən törədildiyi araşdırıldımı?
- Bu sualla bağlı bir məqamı xüsusilə vurğulamaq istərdim. Hər kəsə bəllidir ki, cinayətkarın milləti olmur. Belə olan halda bəzi mətbuat orqanlarının, - “Gürcüstandakı həmvətənlərimizə qarşı gürcülər tərəfindən onuncu, yaxud on birinci cinayət törədildi” – kimi başlıqlar altında xəbərlər yayması peşəkarlıq baxımından düzgün deyil. Hətta oğru dünyasında da, doğru dünyasında da cinayətkarın milləti olmur. Ona görə də bütün media təmsilçilərini belə məsələlərdə bir qədər həssas olmağa çağırıram. Cinayətkarın xislətindən irəli gələrək hər hansı cinayət törədilir. Bu cinayətin açılması, cinayətkarın məsuliyyətə cəlb olunması dövlət tərəfindən, hüquq-mühafizə orqanları tərəfindən təmin edilir. Azərbaycanlılara qarşı törədilən cinayətlərin də böyük əksəriyyətinin üstü açılıb. Hətta bir hissəsi isti-isti izlərlə açılıb. Konkret olaraq Qardabani rayonunun kənd yaşayış məntəqəsində azərbaycanlı ailəyə olan basqın isti-isti izlərlə, cəmisi bir neçə saat ərzində açıldı. Axı, bunları görməməzlikdən gəlmək olmaz. Mən Azərbaycan bütün qələm əhlinə, Kütləvi İnformasiya Vasitələrinə Gürcüstanda yaşayan soydaşlarına göstərdikləri diqqət və qayğıdan dolayısı təşəkkür etmək istəyirəm. Biz həqiqətən də bir çox məqamlarda diqqət və qayğıya möhtacıq. Bizim problemlərimizin həmişə Azərbaycan mediasının diqqət mərkəzində saxlanmasını da təqdir edirik. Amma bir daha xahiş edirəm, bu məsələlərdə bir qədər həssas olsunlar. Hətta onu deyərdim ki, Bidzina İvanişvilinin məlum ilk bəyanatlarından sonra Azərbaycanda sağa-sola sapmalar, müəyyən kəskin, hətta məsələyə aidiyyatı olmayan reaksiyalar oldu. Bəzi Azərbaycan mediasında Gürcüstan iqtidarına qarşı bir qərəzli kampaniya da başlanıldı. Bunu heç cür başa düşə bilmirəm, izah etməkdə də çətinlik çəkirəm. Yəni, azərbaycanlılara qarşı törədilən o cinayət hadisələrini Azərbaycan mediasında, - “Soydaşlarımıza qarşı kütləvi zorakılıq halı” - kimi təqdim olunması, bir çox məqamlardan düzgün deyil. Ən azı ona görə ki, bizim ucqar dağ kəndlərində yaşayan azərbaycanlılar düzgün olmayan belə informasiyadan yanlış nəticə çıxarırlar. Məsələn, Dmanisi bölgəsində, Başkeçid kəndində yaşayan Məmmədhəsən babanın, Fatmanisə nənənin yeganə baxdığı, izlədiyi Azərbaycan televiziyasıdır. Bu adamlar bayaq qeyd etdiyim dezinformasiyaları eşidəndə onlarda bir qorxu, xof hissi yaranır. Onlar elə təsəvvür edirlər ki, 1990-cı illərin Zviad Qamsaxurdiya hakimiyyəti dövründə azərbaycanlılara olan münasibət yenidən qayıdır. Bu səbəbdən, belə hallara yol vermək olmaz. Yadınızdadırsa, seçki öncəsi Mixeil Saakaşvilinin tərəfdarları tərəfindən azərbaycanlılar yaşayan bölgələrdə aparılan təbliğat kampaniyaların əsasında da məhz bu cür bənzətmələr dayanırdı. Halbuki hakimiyyətdə olan istənilən iqtidar ölkədə sabitliyin hökm sürməsində maraqlıdır. Bu sabitliyi pozmaq istəyən hansı qüvvələrdir, bunu isə xırdalamağa ehtiyac yoxdur. Sizi əmin edirəm ki, Gürcüstanın hüquq mühafizə orqanları öz yerindədir, öz vəzifəsinin başındadır. Onlar böyük qətiyyətlə hər bir cinayət hadisəsinin qarşısını almağa qadirdirlər.

- Bu günlərdə Rusiyada yaradılan milyarderlər ittifaqı adlı qurumun üzvü Söyün Sadıqov tərəfindən yeni Borçalı Partiyasının yaradıldığı elan edilib. Bu partiyanın əsas hədəfi Gürcüstanda azərbaycanlılar yaşayan regionda muxtariyyətin əldə edilməsidir. Siz, eləcə də yerli sakinlər bu hadisəni nə cür qarşılayırsınız?
- Bu gün (red.dünən) 1921-ci ildə Gürcüstanın sovet Rusiyası, rus ordusu tərəfindən işğalı ilə əlaqədar tədbirlər keçirilir. Parlamentin köhnə binasında da baş nazirin, deputatların, geniş ictimaiyyətin iştirakı ilə anım mərasimi keçirilib. Saat 3-də isə Azərbaycan səfirliyində Xocalının anım mərasimi qeyd olunub. Bunu mən çox əlamətdar hesab edirəm. Azərbaycan və Gürcüstan eyni taleləri yaşayan ölkələrdir. Hər iki ölkə strateji müttəfiq, dost dövlətdirlər. Hər iki ölkənin ərazisi işğal olunub, hər ölkədə bir milyona yaxın qaçqını var. Borçalı Partiyasının yaradılmasını, muxtariyyət məsələsinin gündəmə gətirilməsini, oxşar taleləri yaşayan dost, qardaş ölkələrin arasına nifaq salmaq məqsədi daşıdığını düşünürəm. Gürcü ictimaiyyəti də yaxşı bilir ki, azərbaycanlılar tərəfindən Gürcüstan dövlətçiliyinin əleyhinə yönəlmiş heç bir separatçı addım atılmayıb. Biz tarix boyu hər zaman dövlətçiliyə sadiq olmuşuq. Minlərlə gürcüstanlı, Borçalı türkü Gürcüstanın ərazi bütövlüyü uğrunda öz canını fəda edib. Ona görə də bu gün, belə bir “ideyanı” ortaya atmaq, həm Azərbaycan, həm də Gürcüstan dövlətinə qarşı yönəlmiş bir addımdır, təxribatdır. Bu “ideadakı” hər hansı “mülahizə” Gürcüstan azərbaycanlılarının, Borçalıların mənafeyinə uyğun deyil. Söyün Sadıqovun atdığı bu addım yalnız Azərbaycanın və Gürcüstanın düşmənlərinin mənayefinə uyğundur və eyni zamanda müəyyən xarici qüvvələrin maraqlarına xidmət edir. Mən sizi əmin edirəm ki, bu adamın və yaratdığı partiyanın Gürcüstanda, Borçalıda heç bir bazası yoxdur. Hazırda Gürcüstanın Cavaxetiya bölgəsində müəyyən bölücülük meylləri var. Orada da muxtariyyətlə bağlı müəyyən şüarlar səsləndirilir. Bu barədə ictimai-siyasi dairələrə xəbərdarlıq olunub. Ancaq azərbaycanlılar tərəfindən belə bir təhlükə heç yerdə qeyd olunmur. Bizim bu ölkəyə, bu dövlətə sədaqətimizi gürcü cəmiyyəti də, gürcü xalqı da yaxşı bilir. Hətta gürcü ziyalıları ilə söhbətimdə də mən borçalılar haqqında çox yüksək, dəyərli sözlər eşidirəm. Bu, mənim üçün böyük bir iftixardır.

Rufik İSMAYILOV