• cümə, 29 Mart, 01:46
  • Baku Bakı 7°C

Süzün badələrə... Araşdırma

13.06.13 07:42 5584
Süzün badələrə... Araşdırma
Ötən il Bakıda keçirilən kənd təsərrüfatı və qida sənayesi sərgisində öz istehsalımız olan alkoqollu içkiləri görəndə xeyli sevinmişdim. Artıq Azərbaycan şərab istehsalından “qaz vurub qazan dolduracaq” deyə düşünmüşdüm. Lakin bu yazını yazarkən apardığım araşdırmalar, üzə çıxan rəqəmlər məni xeyli məyus etdi. Ölkəmizin bu sahədə xeyli potensialı olsa da, rəqəmlər heç də ürəkaçan deyilmiş.
Belə ki, rəsmi statistikaya əsasən, hər il 500 min dekalitrdən artıq, yəni istehsal olunan şərabın təxminən 70 faizi satılmamış qalır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə ölkədə istehsal olunan əmtəəlik şərab 693 min dekalitr təşkil edib. İstehlak edilən və ya xaricə göndərilən şərab məhsullarının həcmi isə bundan xeyli aşağı olub. Açıqlanan rəqəmlərə görə, Azərbaycanda yaşı 15-dən yuxarılar arasında adambaşına çaxır istehlakı ildə cəmi 0,03 litrə bərabərdir. Bu, ölkənin yaşı 15-dən yuxarı olan 7 milyon vətəndaşının toplam şərab istehlakı 21 min dekalitrdən artıq olmadığını sübut edir.
Azərbaycan şərab məhsullarını MDB-nin üç slavyan ölkəsində satır - 2011-ci ildə Rusiyaya təxminən 150 min dekalitr şərab və üzüm çaxırının distilləsindən alınan digər məhsullar göndərilib. Belarusa Azərbaycandan 4 min dekalitr, Ukraynaya isə 14 min dekalitrə qədər şərab və digər şərab məhsulları yola salınıb. Yəni istehlakla ixracat birlikdə 190 min dekalitri keçmir. Göründüyü kimi, şərab ixracı üzrə göstəricilərimiz də qənaətbəxş deyil.
Dünyada şərabın bahalaşması bir fürsətdirmi?
Beynəlxalq təşkilatların hesablamaları göstərir ki, dünyada şərab istehsalı azalmaqda, buna müvafiq olaraq şərab bahalaşmaqdadır. Açıqlanan rəqəmlərlə tanış olduqda Azərbaycanın qarşısında yaxşı fürsət açıldığını düşünmək olar. Lakin Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev dünya bazarında heç bir qıtlığın olmayacağını bildiririr: “Bunlar hamısı boş söhbətlərdir, əsas məqsəd əllərində yığılmış qalığı satmaqdır. İtaliya, İspaniya və Fransa hər il on milyonlarla dekalitr artıq şərab istehsal edir və satmağa yer tapmır. Onlar qalıq şərabı on il satsalar da bitməz. Yer axtarırlar şərab satmağa - Afrikadan belə bazarları öyrənirlər”.
Ekspertlər Azərbaycan üçün ən əlverşili bazar olaraq Rusiyanı görürlər. Lakin bu zaman SSRİ dövrünün rəqəmlərinə istinad edənlər unudurlar ki, hazırda Rusiyanın şərab bazarının ümumi həcmi 50 milyon dekalitrdən çox deyil. Bu, SSRİ dövrü ilə müqayisədə 2,4 dəfə azalma deməkdir. Üstəlik, Rusiya MDB-nin digər respublikalarından idxal edilən şərab məhsullarını da azaltmağa başlayıb. Bu ölkə 1997-ci ildə MDB respublikalarından 34,5 milyon dekalitr şərab idxal edibsə, 1999-cu ildə bu göstərici14,3 milyon dekalitrə, 2000-ci ildə isə 10,7 milyon dekalitrə düşüb. İndi Rusiya daxili bazarı əsasən öz şərab məhsulları ilə təmin etməyə çalışır və Azərbaycan bu bazarda 0,5%-dan da az paya malikdir.
S.Vəliyev isə Azərbaycan üçün daha perspektivli MDB bazarları kimi Belarus və Ukraynanın olduğunu deyir. Araşdırmalar da göstərir ki, hər iki ölkədə bazar tələbatı getdikcə artmaqdadır və Azərbaycanın şərab zavodları bundan yararlanaraq satış arealını genişləndirə bilər.
Dünyaya açılmalıyıq...
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın şərab məhsulları üzrə satış bazarı kimi yalnız MDB ölkələri ilə kifayətlənməsini doğru saymır: “Gürcüstanın yolu ilə gedə bilərlər, bir neçə il əvvəl Rusiya Gürcüstanın şərab istehsalçılarını öz bazarından çıxardı və onlar Avropa bazarlarına üz tutmalı oldular. Almaniyadan xüsusi mütəxəssislər gətirdilər və öz məhsullarını Avropa bazarlarının standartlarına uyğunlaşdırdılar. Bunu bizimkilər də etməlidir. Həmçinin üzümçülük və şərabçılıq üzrə təkcə mütəxəssislər deyil, ixtisaslı fəhlə kadrlarının da hazırlanması lazımdlr. Keyfiyyətli məhsul istehsal edən ölkələrdə bu problem yoxdur”.
Müəyyən olunmuş normativə görə hər il Azərbaycanda adambaşına 12 kiloqram üzüm istehlak edilməlidir. Buraya şərabdan tutmuş, üzüm şirəsinə, bəhməzə, kişmişə, mürəbbələrə qədər çox məhsul daxildir. Bu baxımdan fermerlərin diqqət yetirməli olduqları əsas istiqamətlərdən biri də daxili bazardır. Çünki hazırda istehsal edilən 120 min ton üzüm ancaq daxili bazar üçün yetərlidir.
Dövlət proqramı da var
Qeyd edək ki, 2011-ci ildə bu sahənin inkişafı üçün “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul edildi. Proqramda bu illər ərzində 50 min hektar yeni üzüm sahəsinin salınması, 2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyindən bildirilir ki, hazırda bir sıra rayonlarda üzümçülük təsərrüfatları yaradılır. Son illər ərzində Xanlar, Samux, Tovuz, Yevlax və başqa rayonların ərazisində üzüm plantasiyaları salınıb. Bir sıra ölkələrdən 70-dən artıq üzüm sortu gətirilib. Proqramda isə əsasən Şamaxı, Gəncə, Qazax, Xaçmaz, Dəvəçi, Siyəzən, Kürdəmir, Abşeron rayonlarında üzümçülüyün inkişaf etdirilməsi nəzərdə tutulur.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, ölkədəki hazırkı şərait üzümçülüyün inkişafı ilə bağlı bir sıra çətinliklər yaradır: “Əhalinin əlindəki pay torpaqlarının həcmi olduqca azdır. Məsələn, “2009-2013-cü illər üzrə Regionların inkişafına dair dövlət proqramı”nda hökumət ölkənin 10-dan artıq rayonunu üzümçülük üçün üstün ərazilər kimi fərqləndirir. Şamaxı istisna olmaqla həmin ərazilərin heç birində adambaşına xüsusi torpaqların sahəsi yarım hektardan çox deyil. Tovuzda həmin göstərici hətta 0,2 hektardan da azdır. İcarə əsaslı dövlət torpaqlarında uzun illik əkmələrin qanunvericiliklə qadağan olunduğunu nəzərə alsaq, kiçik ölçülü özəl torpaqların rəqabətə davamlı və səmərəli istehsalın təşkili üçün imkan yaradacağı mümkün deyil. Belə də kooperasiya əsasında hansısa nəticələr əldə etmək olar, bu mexanizm isə Azərbaycanda işləmir”.
R.Ağayevin fikrincə, indiki statistika üzümçülük və şərabçılıq sektorunun vəziyyətilə bağlı keyfiyyətli iqtisadi analiz aparmağa imkan vermir: “Bir tərəfdən bəyan edilir ki, 2005-2010-cu illərdə üzüm istehsalı 6 min ton artıb, başqa tərəfdən isə həmin dövrdə qurudulmuş üzüm idxalının 4, təzə üzüm idxalının isə 2 dəfə artdığı, üzümdən hazırlanan içki məhsullarının ixracının isə 2 dəfə azaldığı barədə məlumat verilir”.
Ekspert bildirir ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan da ölkədə rəqabətə davamlı üzümçülük və şərabçılıq sektoru formalaşdırmağı çətinləşdirir: “Ətrafımızda 3 ölkə - Moldova, Gürcüstan və Özbəkistanın hər birində 120-150 min hektar aralığında üzüm sahələri mövcuddur. Bu ölkələrdən ilk ikisi keyfiyyətli şərab brendlərlə Avropa bazarlarına rahatlıqla çıxsa da, Özbəkistan süfrə üzümü ilə əsasən Rusiya bazarına daxil olur. Hazırda Rusiyanın daxili istehsal hesabına özünün süfrə üzümünə olan tələbatını ən yaxşı halda 15%-ni ödədiyini nəzərə alsaq, şimal qonşumuz bizim üçün geniş bazar ola bilər. Lakin buna nail olmaq üçün sahənin inhisarçılardan təmizlənməsinə, bu sektora xarici sərmayənin gəlməsi üçün hökumətin səylərinə, daxili istehsalın subsidiyalaşdırılmasına ehtiyac var”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər