• cümə, 29 Mart, 13:57
  • Baku Bakı 14°C

“Suyu balkondan aşağı atanda havadaca donur” – Təhsil

06.08.14 08:38 2652
“Suyu balkondan aşağı atanda havadaca donur” – Təhsil
Müsahibimiz qışda 40 dərəcə şaxtanın olduğu Kandanın Toronto şəhərində təhsil alır. Deyir, balkonda qaynar suyu atanda, havadaca donur. Belə havaya adaptasiya olmaq onun üçün o qədər asan olmasa da, dəhşətli şaxtada bir gün də dərsdən qalmadım. Heç səhhətimdə də problem yaranmayıb. Müsahibimiz Cavid Hacıyev Kanadada Toronto Universitetində Mexanika mühəndisliyi ixtisası üzrə 3-cü kursda təhsil alır. Həm də universitetdə Azərbaycanlı Gənclər Assosiasiyasının vitse-prezidentidir.
- Cavid, necə oldu ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa qərar verdiniz?
- Anam işi ilə əlaqədar xaricə çox getmişdi və həmişə səfərlərindən danışardı. 9-cu sinifdə oxuyanda məndə də xaricə getməyə, orada təhsil almağa həvəs yarandı. Dostumun qardaşı dövlət xətti il Kanadada oxuyurdu. Onun məsləhətindən sonra ingilis dili kurslarına yazıldım. 11-ci sinfi bitirəndə Kanada və İngiltərədəki universitetdən qəbul məktubu aldım. Kanadada Toronto Universitetini seçdim. Təhsil haqqı 30 min dollar idi. Ailəmin üzərinə bu yükü qoya bilməzdim. Buna görə də dövlətin gənclər üçün yaratdığı gözəl fürsətdən istifadə etdim.
- İxtisas seçimini ailənin köməkliyi ilə etdin?
- Xeyr. Qarşıma müxtəlif ixtisasların yazıldığı siyahını qoydum. Həkimlik, hüquqşünaslıq və s. Marağım olmayanları sildim, sonda mühəndislikdə qərarlaşdım. Qeyd edim ki, insanların əksəriyyəti ixtisas seçimlərində səhvlərə yol verirlər və sonra bunun peşimançılığını çəkirlər. Amma mən düzgün seçim etdiyimi düşünürəm və buna görə çox xoşbəxtəm.
- Dərslərlə bağlı problem yaranmadı ki? Çünki təhsillərimiz arasında kifayət qədər fərq var.
- Bizdə 10-11-ci sinifdə keçilən riyaziyyatı orada 1-ci kursda tədris etdiklərindən riyaziyyatdan imtahanlara hazırlaşmamış girdim. Çünki bildiyim şeylər idi. Amma 3-cü kursda dərslərimiz ağır oldu. Bizim universitet, ümumiyyətlə, dərs yükünə görə çətin universitetlərdən sayılır. Tələbələri çox işlədirlər. Onu da deyim ki, azərbaycanlı uşaqlar digər ölkələrin tələbələrindən fərqli olaraq bu çətinliyə, təzyiqə daha dözümlü idilər. Səhər saat 7-də oyanırdıq, 9-da dərs başlayırdı, axşam 5-də bitirdi. Bir də gecə saat 1-2-də kitabxanadan qayıdırdıq. Əcnəbilərdə esse yazmaq qabiliyyəti çox yaxşı idi. Azərbaycanlı tələbələr üçün isə esseni yazmaq çox çətin idi. Onlar orta məktəbin aşağı siniflərinsən esse yazmağa öyrəşdiklərindən öz fikirlərini gözəl, bədii şəkildə ifadə edə bilirdilər. Biz isə çox çətinlik çəkirdik. Onların təhsil sistemində bir şey xoşuma gəldi ki, bizdən fərqli olaraq laboratoriya işləri daha çoxdur, təcrübəyə üstünlük verirlər. Universitet məşhur şirkətlərlə saziş bağlayır və tələbələr şirkətin layihələrində çalışıb təcrübə əldə edirlər.
- Kanadada ilk baxışdan diqqətinizi çəkən nə oldu?
- Oradakı çoxmillətlilik diqqətimi çəkdi. Çindən tutmuş, Afrikaya, Avropaya, Avstraliyaya qədər dünyanın hər yerindən adam var idi. Əksəriyyət 50-200 ildi orada yaşayanlar idi. Baxmayaraq ki, əsrlərdir orada yaşayırlar, insanların hamısında belə bir fikir var ki, hamımız qonaq kimi gəlmişik və qalmışıq. Buna görə də kanadalılar başqa ölkələrdən gələnlərə çox yaxşı münasibət göstərir, xaricdən yeni gələnlərə adaptasiya olunmaları üçün kömək edirlər.
- Səhv etmirəmsə, təhsil aldığınız ölkədə işçi çatışmazlığı var. Yəqin maraqlanmısınız, daha çox hansı sahədə işçilərə ehtiyac var?
- Kanada ərazisinə görə dünyanın ikinci ən böyük ölkəsidir. Əhalisi ərazisinə görə azdır, cəmi 36 milyon adam yaşayır. Məhz bu səbəbdən texniki olaraq insan əməyinə böyük ehtiyac ola bilər. Adambaşına düşən həkimlərin sayı az olduğundan Kanadada həkim qıtlığı var. Bir də müxtəlif sahələrdə ustalara, fəhlələrə və mühəndislərə ehtiyac böyükdür. Çünki Kanada inkişafda olan, tikintilərin getdiyi bir ölkədir.
- Orada azərbaycanlılar çoxdur?
- Bəli, çoxdur. Azərbaycan icması da var. Azərbaycanın Kanadadakı səfiri də çox pozitiv insandır, mütəmadi olaraq gəlib bizimlə görüşür, dəstək göstərir. Azərbaycanlı ailələrin çoxu kompakt şəkildə bir məhlədə yaşayırlar. Onlarn bir-birlərinə dəstək olması çox xoşuma gəldi. Orada bütün Azərbaycam bayramlarını qeyd edirik. Bir şeyi də deyim ki, bizim universitetdə Azərbaycanlı Tələbələr Assosisasiyası 2007-ci ildə, erməni tələbələrin assosiasiyası 1957-ci ildə qurulub. Orada 200-300 il əvəl köçüb yaşayan erməni tayfaları var. Cənubi Azərbaycandan 20-ci əsrin əvvəllərində, ortalarında köçən həmyerlilərimiz də çoxdur. Bir dəfə azərbaycanlı dostlarımızdan birinin dişi ağrıdı, şəhərin ucqar bir yerində həkimə apardıq. Həmyerlimiz hər dəfə diş həkimindən qayıdanda deyirdi ki, həkimin danışığı nəsə ona şirin gəlir, çox qəribə danışır. 4-cü dəfə gedəndə bilib ki, həkim azərbaycanlıdır. Sonra həkim bizi evinə qonaq dəvət etdi. Çox sevindik ki, 36 milyonluq Kanadada azərbaycanlı diş həkiminin yanına getmişik.
- Kanada həm də qışının sərt keçməsi ilə tanınır. Çətin olmadı ki, soyuq havaya adaptasiya olmaq?
- Toronto Kanadanın cənubunda yerləşən isti şəhrlərdən sayılır. Yayda 25-30 dərəcə isti olur. Qışda isə, bu il 40 dərəcə şaxta vardı. Azərbaycalı uşaqlarla balkona çıxıb qaynar suyu çölə atdıq. Su 40 dərəcə şaxtada havadaca dondu. Düzdür, adaptasiya o qədər də asan olmadı, amma dəhşətli şaxtaya baxmayaraq, bir gün də dərsdən qalmadım. Heç səhhətimdə də problem yaranmadı. Ola bilsin, orada Bakıdakı kimi külək olmadığından xəstələnmədim. Torontoda oktyabrdan aprelə qədər qar yağır. Qarın yağması isə Bakıdan fərqli olaraq şəhərin infrastrukturunda heç bir problem yaratmır. Qar yağan kimi duz daşıyan maşınlat küçələrə duz tökür, qar təmizləyən maşınlar isə qarı təmizləyirlər. Səhər saat 6-dan yolları təmizləmək üçün qar təmizləyən maşınlar işə başlayır ki, insanlar təbiət hadisəsindən əziyyət çəkməsinlər. Buna görə də orada ilin 8 ayı qarın yağması insanların həyatında hiss olunmur.
- Cavid, təhsilinizi başa vurub Azərbaycana qayıdandan sonra harada işləmək fikriniz var?
- Qayıdandan sonra neft şirkətlərində gerçəkləşdirilən yeni layihələrdə çalışmaq istərdim. Düşünürəm ki, yeni layihələrdə, yaxud yeni açılan zavodlarda işləmək və öyrənmək mənim üçün ən gözəl imkan olardı. Qeyd edim ki, yay aylarında Azərbaycana qayıdanda BP şirkətində və Səngəçal terminalında işlədim və nəzəriyyədə öyrəndiklərimi təcrübədə tətbiq etmək imkanı qazandım. Çox istərdim, Torontoda da oxuya-oxuya işləyib xaricdə təcrübə qazanım. Amma dediyim kimi, dərslər ağır olduğundan işləməyə fiziki cəhətdən zaman qalmır. Yerli tələbələr daha az dərs götürmək imkanına malik olduqlarından oxuya-oxuya işləyirlər. Onlar dərs yükünü az götürüb universiteti bizim kimi 4 ilə deyil, 5-6 ilə bitirirlər. Bununla da işləyərək ailələrini də əziyyətə salmır, özləri-özlərini dolandırırlar.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər