AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Suya yanaşmamız dəyişməlidir

Suya yanaşmamız dəyişməlidir

Cəmiyyət
28 İyul 2020, 18:47 349
Su təsərrüfatının vəziyyətinə həsr edilən müşavirədən dörd gün sonra Prezident İlham Əliyev orada qaldırılan problemlərin həlliylə bağlı Sərəncam imzalaladı ki, bunun da müsbət təsirini şəhərdə, yaxud kənddə yaşamasından asılı olmayaraq, hər kəs öz üzərində hiss edəcək.

Fikrimcə, bu Sərəncam bir növ ölkənin elektrik enerjisi təsərrüfatında aparılan islahatların, dəyişikliklər və quruculuq prosesinin su təsərrüfatında da tətbiqini nəzərdə tutur. Yəni burada da yeni mənbələr yaradılması yönündə addımlar atılacaq, eyni zamanda da əsas diqqət təssərrüfatsızlığın, itkilərin, qanunsuz qoşulmaların və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasına yönələcək.

Baxın, Azərbycanda son 15 ildə 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb ki, bunun da 800 meqavatı məhz elekrtik enerjisi itkilərinin aradan qaldırılması hesabınadır. Bunun 400 meqavatı isə sadəcə, Mingəçevir İstilik Elektrik Stansiyasının 5 blokunun əsaslı təmirindən sonra əldə edildi. Dövlət başçımızın özünün də vurğuladığı kimi bu 400 meqavat "məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə” itirilirdi.

Prezidentin keçirdiyi son müşavirə göstərdi ki, bu baxımdan su təsərrüfatında vəziyyət bir zamanlar elektrik təsərrüfatında olandan da pisdir. İlkin araşdırmalara görə, bizim istifadə etməli olduğumuz suyun yarıbayarısı itkilərə gedir. Hələ bu uyğun qurumların suçu üzündən baş verən itkilərdir.

Ancaq gəlin açıq etiraf edək ki, sözün hər iki anlamında su istifadəçiləri olaraq biz də onun həyat olmasını və bu həyata digərlərinin də ehtiyac duymasını unuduruq. Yəni istifadə edərkən suya "su qiymətinə” prinsipiylə yanaşır, aşırı israfçılıq edirik. Artıq anlamağın vaxtıdır ki, sudan qiymətli heç nə yoxdur! Və getdikcə onun qiymətliliyi sözün yaxşı anlamında qiymətsizliyə çevrilir.

Ona görə də suvarma zamanı da, digər məqsədlər üçün istifadə edəndə də, lap yuyunanda, dişimizi təmizləyəndə, təraş olanda da bunu yaddan çıxarmamalıyıq.

Anlamalıyıq ki, su israfçılığı, özünə lazım olduğundan dəfələrlə çox yemək bişirib artığını ona ehtiyac duyanlara verməyib də aparıb zibilliyə tullayanların hərəkətindən daha betərdir. Ən azından ona görə ki, o zibillikdəki yeməkdən sonra kimsə, necəsə istifadə edə bilər. Su isə bir daha geri qayıtmayacaq həyatın özü kimi axıb gedir.

Yeri gəlmişkən, bir statistika: dünya əhalisinin cəmi 20 faizi ABŞ və Avropada yaşadığı halda istehsal olunan ərzağın 60 faizinı oradakılar istifadə edirlər ki, onun da azı üçdən biri zibilliyə atılır. Deməli, dünyada hər il aclıqdan 40 milyon nəfər öldüyü halda, "sivil ölkələr”də yaşayanlar az qala 400 milyon adama bəs edəcək ərzağı zibilliyə atırlar.

Suya yanaşmada vəziyyət isə daha açınacaqlıdır. Dünyada 2,6 milyarddan çox adam su qıtlığından ciddi əziyyət çəkir. Azərbaycan da bu baxımından bəxti gətirən ölkərədən deyil. Güney Qafqazın şirin su ehtiyytlarının cəmisi 15 faizi bizim ölkənin payına düşür ki, onun da bir hissəsi işğal altındakı torpaqlarımızdadır. Ona görə də 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat cəmi 40 faiz səviyyəsində idi. Amma o zamandan görülən ardıcıl tədbirlər nəticəsində indi bu göstərici 70 faizdir. On altı il bundan öncə Bakıda əhalinin ancaq 29 faizi içməli suyu davamlı şəkildə alırdısa, indi belələrinin say nisbəti təxminən 82 faizə çatıbdır. Regionlarda əhalinin cəmi 9 faizinin içməli suya çıxışı vardı, indi 63 faizi bundan faydalanır.

Təbii ki, bütün bunlar dövlətimizin, cənab Prezidentin atdığı addımlar sayəsində baş verib. Amma keçirdiyi müşavirədə elə onun özünün də vurğuladığı kimi verilən tapşırıqlar, irəli sürülən layihələr düzgün, şəffaf, peşəkarlıqla yerinə yetirilsəydi, bu gün biz su çatışmazlığı problemini indiki kimi kəskin hiss etməzdik.

Başqa bir səbəb isə iqlim dəyişikliyi və bunun nəticəsində baş verən quraqlıqdır ki, o da su balansına təsirsiz ötüşməyib. Bizim əsas anbarların 20,5 milyard kubmetr tutumu olmasına baxmayaraq, hazırda onlarda cəmi 11,1 milyard kubmetr su var ki, onun da 8,6 milyardı "ölü həcm" sayılır, yəni istifadə edilə bilməz. Su anbarlarında azalmanın necə sürətlə getdiyini diqqətə çatdırmaq üçün qeyd edim ki, cəmisi 4 il bundan öncə bu göstərici 16,5 milyard kubmetr idi. Son bir neçə ildə ölkənin ən böyük sututarı olan Mingəçevir Su Anbarında suyun həcmi haradasa 50 faizə yaxın azalıb.

Yaxşı, aydındır ki, yaranmış vəziyyət iqlim dəyişikliyindən, eyni zamanda da uyğun strukturların və ayrı-ayrı məmurların gərəkən tədbirləri zamanında görməməklərindən qaynaqlanır. Bəs su çatışmazlığı şəraitində vətəndaş olaraq biz necə davranırıq? Məsələn, suyu 24 saat gələn 82 faiz bakılının neçə faizi şəhər sakinlərinin 18 faizinin onun çatışmazlığından əziyyət çəkdiklərini düşünərək buna uyğun hərək edir? Neçə faizimiz fərqindəyik ki, ona qənaətlə yanaşmaqla minlərlə soydaşımızın su çatışmazlığından çəkdikləri əziyyətə dövlətsiz-filansız elə biz özümüz son qoya bilərik? Deməyim odur ki, təkcə uyğun qurumların deyil, bizim də vətəndaş olaraq su itkisinə, israfçılığına yanaşmamızın dəyişməsinə böyük ehtiyac duyulur

Cənab Prezidentin Sərəncamına gəldkdə isə, həm bir vətəndaş, həm də su çatışmazlığından ən çox əziyyət çəkən rayonlardan birinin-Tərtərin deputatı olaraq burada məni sevindirən bir çox məqamlar var. Milli Məclisdəki çıxışlarımda(https://m.facebook.com/story.php?story_fbid=2063805380430249&id=100004024227710) da, uyğun sturukturların rəhbərləriylə görüşlərimdə də ən çox qaldırdığım məsələlərdən biri rayondakı su çatışmazlığına son qoymaq üçün yeraltı su balansının pozulması nəticəsində məhsuldarlıqları get-gedə azalan subartezian quyularının qazılmasından daha çox, alternativ layihəlrin reallaşdırılması olub ki, onlar da iki çay üzərində sututarların yaradılması və Yuxarı Qarabağ kanalından bir qolun da Tərtərə çəkilməsiydi. İkinci layihə Kürdə və təbii ki, Mingəçevir Su Anbarındakı vəziiyətlə bağlı elə də real görünmürdü. Amma dövlət başçısının Sərəncamında Mingəçevir Su Anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun, hidroqovşaq və kollektorların yenidən qurulması, nəzarətdənkənar istifadənin aradan qaldırılması məsələləri öz əksini tapıb ki, onların da yerinə yetirilməsi nəticəsində xeyli su potensialı formalaşır. Onun çox demirəm, 25 faizi Tərtərə yönləndirilərsə, bu, rayonun bir neçə kəndinin su təminatında çox mühüm rol oynayar.

Sututarlara gəldikdə, bəllidir ki, düşmən neçə illərdir Sərsəng su anbarından ekoloji terrorimz məqsədiylə faydalanır. Suya ən çox ehtiyac duyulan vaxtlarda onun qarşısını kəsir, payızda və qışda isə birdən böyük həcmdə açıb buraxmaqla daşqınlar yaradır.

Tərtər üzərində yeni bir sututarın inşası yayda rayonun suya duyduğu ehtiyacın təqribən beşdən birini ödəyərdi. Və burada onu da qeyd edim ki, düşmənin gələcəkdə edə biləcəyi daha böyük mərdiməzarlığının qarşısının alınması üçün indiyədək müəyyən tədbirlər görülmüşdü ki, yarımçıq qalıb, onların da davam etdirilməsinə ehtiyac var.

İncə çayı üzərində sututar yaradılarsa, ora da ildə təqribən 40 milyon kubmetr su yığalacaq ki, Tərtər, Goranboy və Yevlağın bir sıra kəndlərinin ehtiyaclarını ödəyə bilər. Relyefin əlverişliyi və bir çox başqa səbəblərdən Tərtər üzərindəkindən dəfələrlə az xərcə başa gələcəyindən İncə cayında sututarın şox tez bir zamanda inşasına başlamaq mümkündür.

Ümid edirəm ki, yuxarıda adlarını çəkdiyim layihələrin heç olmasa ikisinin reallaşdırlması, suvarılan torpaqlarda əkin strukturunun tam dəqiqləşdirilməsi, üç ay əvvəldən ona uyğun suvarma qrafiklərinin tərtibi, onların "Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiyası, suyun verilməsinin buna uğun, ədalətli şəkildə yerinə yetirilməsi, dəqiq uçotunun aparılması, kanallarının yenidən qurulması və innovasiyanın geniş tətbiqi nəticəsində Tərtərin neçə illərdir ki üzləşdiyi kəskin su çatışmazlığa problemi aradan qalxacaq.

Sonda onu deyim ki, vətəndaş olaraq mən sudan çox qənaətlə istifadə edənlərdənəm və doğmalarım, yaxınlarım da bu həssaslığımı yaxşı bilirlər. Onun nədən qaynaqlandığını gözəl izah edən bir plakat var ki, şəklini də görüblər. Almaniyada otellərdən birinin vanna otağından asılmış həmən plakatda damla çəkilib və altından da yazılıb ki, su həyatdır, həyatın hər anının qədrini bilin. Yəni "İşlətdiyiniz hər damla su qiymətlidir, ona qənatlə yanaşın”,- deməkdir bu. Bizim suya yanaşmamız məhz belə olmalıdır: Daha "su qiyməti"nə su yoxdur!
 
Sahib ALIYEV
Millət vəkili