• cümə axşamı, 25 aprel, 22:51
  • Baku Bakı 21°C

Şuşaya “İsgəndər-M” raketi atılması Ermənistan siyasi-hərbi rəhbərliyinin növbəti cinayət əməlidir

06.04.21 21:30 1103
Şuşaya “İsgəndər-M” raketi atılması Ermənistan siyasi-hərbi rəhbərliyinin növbəti cinayət əməlidir
Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar zamanı döyüş meydanında tarix yazaraq düşmənə ağır zərbə vurdu. Hərbi əməliyyatlar zamanı sarsıdıcı zərbələr alan Ermənistan ordusu, xüsusilə bu ölkənin hərbi-siyasi rəhbərliyi ağır məğlubiyyətin acığın çıxmaq üçün müharibə cinayətləri törətməklə məşğul idi. Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Tərtər və Xızı kimi döyüş bölgəsindən 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı, mülki əhalimizi hədəf alaraq raket zərbələrinin endirilməsi, nəticədə dinc əhalinin amansızcasına qətlə yetirilməsi müharibə cinayətidir, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən növbəti terror aktıdır. Bu qanlı cinayətin törədilməsi zamanı qadağan olunmuş silahlardan istifadə edilməsi isə beynəlxalq konvensiyalara ziddir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə cinayətlər törətməsində əsas məqsədlərdən biri Azərbaycanda insanlar arasında qorxu yaratmaq idi.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
C.Osmanov deyib ki, Ermənistanın hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə etməsi, əslində, düşmən ordunun və onun rəhbərliyinin acizliyindən xəbər verir. Diqqəti Şuşa döyüşlərinə çəkən deputat deyib: "Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixində yeni səhifədir. Xüsusi təyinatlı dəstələr Şuşa şəhərini yüngül silahlarla, heç bir ağır silah və artilleriyadan istifadə etmədən düşməndən azad edib. Ermənistan nə edirdi? Şuşada ağır artilleriya- top və tanklardan istifadə edirdi. Şuşa yaxınlığına "İsgəndər-M” raketinin atılması Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti cinayət əməlidir. Hərbi ekspertlərin qənaətinə görə, Ermənistanda "İsgəndər” raketinin "E” versiyası olmalıdır. Ancaq biz buna ilkin mərhələdə tam əmin ola bilmərik ki, Ermənistan tərəfi "İsgəndər-M” raketlərini əldə etməyib. Çünki həm hərbi əməliyyatlardan əvvəlki dövrdə, həm də hərbi əməliyyatlar zamanı Ermənistana qanunsuz yollarla silahlar daşınırdı. Odur ki, "İsgəndər-M” raketlərinin Şuşa ərazisinə atılması məhz Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin işi olması güman edilir”.
Deputatın sözlərinə görə, Rusiya tərəfinin də məsələ ilə bağlı açıqlaması var. Orada qeyd edilir ki, Ermənistan ərazisində olan Rusiya hərbi bazalarından heç bir atəş açılmayıb. Bununla belə, Rusiya tərəfinin məlum açıqlaması heç də qənaətbəxş hesab edilmir.
Cavid Osmanov, həmçinin deyib: "Şuşa ərazisinə "İsgəndər-M” raketinin atılması dünya mətbuatında kifayət qədər rezonans doğurub və birmənalı qarşılanmayıb. Müvafiq qurumlar tərəfindən məsələ ilə bağlı araşdırmalar aparılır. Güman edirik ki, Rusiya tərəfi məsələ ilə bağlı daha dolğun açıqlama verəcək”.
banner

Oxşar Xəbərlər