Şuşa üçün darıxan bəstəkar
Son
vaxtlar çox kövrək olub. Bir qədərdə yaddaşında problemlər yaranıb. Amma
musiqiyə, musiqiçilərə, dostlarına qarşı həmişəki etibarında, məhəbbətində və
diqqətindədir. Tez-tez zəngləşirik. Sözünün əvvəli də, axırı da Şuşa ilə
bağlıdır. "Bircə onun düşmənlərdən azad edildiyi günü görsəydim, çox narahatam,
ömürdür də… Bitəndə səndən icazə almır ki… Deyəsən, mənim hələ yerinə yetməyən
arzularım var”. Bu sözlərinin ahəngindəki xiffət bütün ruhumu sızıldatdı.
Noyabrın sonunda ad günüdür, istədim görkəmli mədəniyyət cəfakeşimizə sözdən
bir hədiyyə çələngi bağlayım.
Azərbaycan qadınları
arasında ilk dəfə bəstəkar kimi fəaliyyət göstərərək milli musiqimizin
inkişafında xüsusi xidmətlərilə seçilən Ağabacı Rzayevadan sonra bu sahədə çox
tanınmış sənətkar xanımlar olub. Maraqlıdır ki, Şərqdə ilk opera yazan qadın bəstəkar
Şəfiqə Axundovanın bu şücaəti musiqi aləmində əsl hadisəyə çevrildi. Dünyada
opera yazan ilk qadın bəstəkarın Azərbaycanda yetişməsi həqiqətən də böyük fəxarətdir.
Sonrakı illərdə Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Elmira Nəzirova, Elza
İbrahimova və başqaları müasir düşüncə tərzi və milli köklərə bağlı musiqi əsərləri
yaratdılar.Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərinin qadın
olması da yaradıcı xanımların məsuliyyətindən, bu sahəyə verdikləri yeni töhfələrdən,
sənət əsərlərinin miqyasından, keyfiyyətindən, bəşər mədəniyyətinin tərkib hissəsinə
çevrilməsindən xəbər verir. Bu sırada xalq artisti, bəstəkar Sevda
İbrahimovanın da adını qürurla çəkə bilərik. İstedadı, musiqiyə bağlılığı öz
yerində, daxili aləmi də elə zəngindir ki, hər dəfə onunla söhbətdən xüsusi
zövq alıram.
Sevda İbrahimovanı nəinki
Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. Əsərləri
ABŞ, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan və başqa ölkələrdə uğurla ifa
olunub.Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın xalq artisti,
skripkaçı Zəhra Quliyeva ilə birlikdə Sevda İbrahimovanın simli orkestr və
skripka üçün yazdığı "Həyat bir pəncərədir" əsərini Azərbaycanda,
Amerika və Bolqarıstanda böyük uğurla və dəfələrlə ifa ediblər.Orqan,
soprano və bariton üçün "Poema ithaf" Kölndə, fortepiano və simli
orkestr üçün "Konsertino" Parisdə, fortepiano üçün yazılan "Əhvalruhiyyələr"
Amerikada, Fransada, İsveçdə səslənib.
Əlbəttə, insanın
yaradıcı kimi mükəmməl püxtələşməsində bir sıra şərtlərin olması vacibdir. Böyüdüyün
mühit, tərbiyə aldığın valideynlər, əhatəsində olduğun insanlar çox önəmlidir.
Bu mənada Sevda İbrahimovada musiqiyə maraq çox kiçik yaşlarında
yaranıb.Ulu babası Aşıq Valeh, sevimli babası məşhur tarzən Qurban
Pirimov, atası, xalq yazıçısı Mirzə İbrahimov, anası Sara xanım Azərbaycan mədəniyyətinə,
musiqisinə böyük töhfələr verərək adlarını tarixə qızıl hərflərlə həkk etdirmiş
unudulmaz insanlardır.Bəstəkarın anası Sara Pirimova Azərbaycan
pianoçuları arasında ilk ali təhsil alan qadınlarımızdan biridir. O, Azərbaycanın
ilk fortepianoçu qadın musiqiçisi sayılır. Atası Mirzə İbrahimov özü böyük
yazıçı olmaqla bərabər dövrünün çox görkəmli mədəniyyət xadimləri ilə yaxından
dostluq edərdi. Xüsusilə Üzeyir Hacıbəyli ilə daha sıx əlaqələri var idi. Bu
fakt da məlumdur ki, Üzeyir bəy ömrünün son dəqiqələrində məhz Mirzə
İbrahimovla görüşməyi arzulamışdı. Belə bir mühitdə böyüyən Sevda İbrahimovanın
musiqiyə meyli təbii idi. O, əvvəlcə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano fakültəsini (professor M.R.Prennerin sinfini),
iki il sonra isə bəstəkarlıq fakültəsini (professor Qara Qarayevin sinfini)
bitirib.
O günləri kövrəlmiş
ovqatla xatırlayan Sevda xanım söyləyir: "Qara müəllimin sinfində oxumağın
özü böyük xoşbəxtlik idi. Onunla ünsiyyətdə olmaq, onun məsləhətlərini dinləməyin
özü başqa bir aləm idi. Qara müəllim böyük sənətkar, alim, istedadlı bəstəkar
olmaqla bərabər, qeyri-adi pedaqoq idi.O, həm öz tələbələrinə, həm də
gördüyü işə böyük məsuliyyət və tələbkarlıqla yanaşırdı. Hər birimizə elə bir
keyfiyyət aşılamağa çalışırdı ki, biz daim yaradıcılıq axtarışları ilə məşğul
olmağa böyük həvəs göstərək. Hər tələbənin özünəməxsus keyfiyyətlərini üzə
çıxarmaq məsələsinə, bəzən də bunun yaranmasına belə, diqqət yetirərdi.Qara
müəllimin hər dərsi bizim üçün həm imtahan, həm də bayram idi. Əgər yazdığımız əsər
Qara Qarayev tərəfindən bəyənilirdisə, uçmağa qanadımız olmazdı. Onun
pedaqogikasında qəribə bir incə münasibət, əsl atalıq qayğısı duyulardı".
Bəlkə də elə buna görədir
ki, Qara Qarayevin sinfini bitirənlərin əksəriyyəti böyük bəstəkarlar oldular.
Onun sinfində oxumaq üçün nəinki keçmiş SSRİ respublikalarından, hətta dünyanın
bir çox ölkələrindən gələrdilər. Qara Qarayevin sinfinə düşmək üçün mütləq
istedadın olmalı idi. Bu gün də nəsillərə nümunə olacaq, yaradıcılığı ilə seçilən,
tanınmış bəstəkarlarımız var ki, onlar məhz Qara Qarayevdən dərs alıblar: Arif
Məlikov, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Firəngiz Əlizadə, Elnarə Dadaşova və
bu sırada ləyaqətlə dayanan Sevda İbrahimova. Hələ tələbəlik illərində Qara
Qarayev Sevda xanımın bəstəkarlıq sahəsindəki duyumunu yüksək qiymətləndirərək
deyirdi: "Sevdada bəstəkar üçün zəruri olan başlıca keyfiyyətlər var: incə
zövq, musiqinin təsiredici gücünə inam. O, çox və səmərəli işləyir. Mən onun
istedadına möhkəm inam bəsləyirəm". Musiqi nəzəriyyəçiləri yazırlar ki,
Qara Qarayev nə qədər böyük ürəkli, humanist təbiətli, qayğıkeş olsa da, hər
musiqiçi haqqında belə səmimi rəy söyləməzdi.Müəlliminin etimadını
qazanan Sevda İbrahimova öz səmərəli yaradıcılığı ilə də bu inamı doğrultdu.
1968-ci ildən Konservatoriyada (indiki Musiqi Akademiyasında) müəllim kimi əmək
fəaliyyətinə başlayan Sevda İbrahimova indi həmin təhsil ocağının nüfuzlu
professorlarından biridir.Görkəmli sənətkar kontataların, iki kvartet,
fortepiano və orkestr üçün dörd konsert, fortepiano və orkestr üçün konsertino,
fantaziya, orqan və orkestr, skripka və orkestr üçün musiqi, fortepiano üçün
silsilə pyeslər, romanslar, elegiyalar, balladalar, vokal əsərlərin və
mahnıların müəllifidir. O, həm də iri musiqi əsərləri yazmaq hünərini də
nümayiş etdirən istedad sahibidir. Tələt Əyyubovun librettosuna əsasən bəstələdiyi
"Həqiqət üzüyü" adlı ilk operasını 1970-ci ildə başa çatdırıb. Sevda
İbrahimovanın "Nənəmin nəğməli nağılları" operasının premyerası Səmərqənddə
keçirildi. Uşaqlar üçün yazdığı bu operanın da libretto mətni şair Hikmət
Ziyaya məxsusdur.
Vaxtilə xalq artisti,
bəstəkar Tofiq Quliyev öz həmkarı haqqında yazırdı: "Sevda İbrahimova
narahat müəllifdir. O, yaradıcılığında daim yeni yollar arayır.Bədii
fikrin həllinə həmişə fərdi yanaşır və əksər hallarda müəllif fikrinin inamlı təsdiqinə
müvəffəq olur. Əgər istedadlı bəstəkarın yaradıcılığına bütövlükdə nəzər
salsaq, ondakı başlıca keyfiyyəti səmimilikdə və musiqiyə fanatikcəsinə
vurğunluqda görərik".
Sevda xanım hər bir
yeni əsəri ilə dəfələrlə təsdiq etdi ki, o, necə ləyaqətli bir sənətkar nəslinin
nümayəndəsi və Qara Qarayev kimi müqtədir bəstəkarın həqiqətən inandığı ən
istedadlı tələbəsidir.Bu bəstəkarın yaradıcılığından söhbət açarkən onun
həyatının ən unudulmaz və parlaq səhifələrindən biri də babası Qurban Pirimovla
bağlıdır. Böyük məhəbbət və ehtiramla görkəmli tarzənə həsr etdiyi bir neçə əsəri
musiqi fondumuza daxil edilib. "Xatirə" poeması, "Qurbansız
qalan tarım", tar, kamera orkestri və səs üçün nəzərdə tutulan
"Oda" son dərəcə mükəmməl əsərləridir. Burada ilk diqqət çəkən məqam
isə hər üç əsərdə tardan istifadə edilməsidir. Bəstəkarın bir əsəri də tar və
kamera orkestri üçün nəzərdə tutulan "Sənin üçün darıxıram, Şuşam"
adlanır. Bu əsərə hər dəfə qulaq asdıqca riqqətə gəlirsən. Müəllifin bir insan
kimi keçirdiyi bütün hisslər, duyğular musiqinin dili ilə çox qabarıq ifadə
edilir. Ümumiyyətlə, Sevda İbrahimovanın vətənpərvərlik ruhunda bəstələdiyi əsərlər
çox təsiredicidir. Bu musiqilərin ahəngindəki dərin kədərlə xiffət və
mübarizlik hissləri qovuşaraq insanı düşünməyə vadar edir. Mütəxəssislərin
dediyi kimi, Sevda xanımın təmkinli təbiəti ilə emosional hissləri çox incəliklə
birləşərək onun musiqisində də öz parlaq əksini tapır. Bəlkə də elə buna görədir
ki, bəstəkarın əsərlərindəki lirizm başqa bəstələrdən seçilir.Onun əsərlərinin
adlarını yazsaq, uzun bir siyahı yaranar. 20 Yanvar şəhidlərimizin əziz xatirəsinə
həsr etdiyi "Vətən şəhidlərinə", "Qəmqinliklər", "Vətən
düşüncələri" adlı əsərləri təsiredici gücünə və lirik məqamlarına görə fərqlənir.Bu
əsərlərdə musiqinin yardımı ilə Vətən sevgisi dil açıb danışır. Musiqi o qədər
bitkin və məzmunlu işlənib ki, adamın gözləri qarşısında işğal olunmuş torpaqlarımızın
ağrı-acısı canlanır. Yurd yerlərimizlə bağlı Sevda xanımın musiqiləri öz dərinliyi
ilə seçilir.
Bu mənada babası tarzən Qurban Pirimova həsr etdiyi
"Qurbansız qalan tarım" əsəri tar və simli orkestr üçün yazılmış
elegiya-xatirə janrının ən uğurlu nümunələrindən biridir. Sevda İbrahimovanın əsərləri
bu gün dünyanı dolaşır. Onun musiqisinə beynəlxalq aləmdə maraq var. Bir sıra
müsabiqələrin, festivalların qalibi olan, müxtəlif plenum və qurultaylarda, mədəniyyət
günlərində iştirak edən Sevda İbrahimova 2001-ci ildə Amerika Bioqrafiya
İnstitutu tərəfindən "İlin qadını" adına layiq görülmüşdür. Mükəmməl
yaradıcılıq yolu, özünəməxsus məziyyətləri, musiqisinin aydınlığı, sadəliyi ilə
seçilən Sevda İbrahimova 1966-cı ildən Bəstəkarlar İttifaqının üzvüdür.Vaxtilə
dərs aldığı ali məktəbin sayılıb-seçilən pedaqoqlarındandır. Əməkdar incəsənət
xadimi Sevda İbrahimova musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə
2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə xalq artisti fəxri adına
layiq görülüb.Təbiət etibarilə işıqlı insan, səmimi və sədaqətli dost, həssas
qəlbə malik Sevda İbrahimova sadəcə bəstəkar deyil, o həm də ən qabil ifaçıdır.
Biz dəfələrlə onun fortepianoda xüsusi şövq və məharətli ifasının şahidi
olmuşuq. Sevda xanım yaradıcılıqda böyük hadisə sayılan ifaçılıqla bəstəkarlığın
vəhdətini məharətlə nümayiş etdirən sənətkardır. Özündən bu barədə soruşanda
belə söyləyir: "Mən müəyyən səbəblərə görə fəaliyyətimin istiqamətini əsasən
pedaqoji və yaradıcılıq sahəsinə yönəltmişəm. Amma elə əsərlərim var ki, onlar
mənim mənəvi ehtiyacımdan, həsrətimdən, niskillərimdən doğulub. Bu səbəbdən də
onları özüm ifa edəndə sanıram ki, içimdəki yanğı daha dolğun əks olunur".
Xüsusilə də, vətənpərvərlik mövzusundakı, eləcə də Qurban Pirimova ünvanladığı əsərləri
Sevda xanım fortepianoda çox qeyri-adi və ürəkdən ifa edir.
Yüzdən artıq mahnı və romansın müəllifi olan Sevda
İbrahimova Aşıq Ələsgərə, Nigar Rəfibəyliyə, Hökumə Billuriyə, Mirvarid
Dilbaziyə, Nəriman Həsənzadəyə, eləcə də atası Mirzə İbrahimovun yaradıcılığına
müntəzəm müraciət edir.Onun mahnılarını respublikanın görkəmli müğənniləri
- Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Elmira Rəhimova, Flora
Kərimova, Əli Haqverdiyev, Akif İslamzadə, Rauf Adıgözəlov və başqaları ifa
ediblər. Bu gün tanınmış bəstəkarın mahnıları bir çox gənc müğənnilərin də
repertuarını bəzəyir. Sevda İbrahimovanın elə zəngin yaradıcılıq yolu var ki, dəryaya
bənzəyir. Hansı yöndən yanaşsan, bitib-tükənmir. Bəzən də bilmirsən ki, bu
böyük sənətin hansı tərəfindən danışasan. Bir sıra teatr tamaşalarına,
kinofilmlərə da musiqi bəstələyən Sevda xanım həm də fortepiano fakültəsinin tələbələri
üçün dərs vəsaitləri yazıb.Bir sıra qurultay və konfranslarda dəyərli
çıxışlar edib. Ən maraqlı, yaddaqalan günlərdən biri də Bəstəkarlar İttifaqının
2011 ci ildə 75 illiyi ilə əlaqədar keçirilən beynəlxalq musiqi festivalının təntənəli
açılış konsertində Sevda İbrahimovanın fortepiano və simfonik orkestr üçün
dördüncü konsertininsəslənməsi oldu. Əməkdar artist Murad Adıgözəlzadə və
Dövlət Simfonik Orkestrinin (dirijor Əyyub Quliyev) böyük məharətlə səsləndirdikləri
bu əsər dərin, təsirli, lirik ovqatı ilə qəlblərə iz saldı.
Sevda xanımı yaxından tanıyanlar bilirlər ki, o,
çox vətənpərvər, həssas və mehriban bir xanımdır. Bütün varlığında Qurban
Pirimovdan gələn musiqi istedadı, anası Sara xanımdan keçən özünəməxsusluq, gözəllik,
Mirzə İbrahimovdan yadigar qalan qeyri-adi nəzakət və nəhayət, Qara Qarayev təsiri
yaşamaqdadır. Bu günlərdə ad günü olan hörmətli bəstəkarımızı ürəkdən təbrik
edir, ona həsrətini çəkdiyi Şuşada tezliklə öz əsərlərini sevinclə,
coşqunluqla, qalib hisslərlə ifa etməsini arzulayırıq.
Flora XƏLİLZADƏ,
əməkdar
jurnalist