• cümə, 29 Mart, 09:33
  • Baku Bakı 5°C

Sus... eşidən olar!

06.11.13 09:25 1960
Sus... eşidən olar!
Keçmiş Federal Təhlükəsizlik Bürosu (FTB) əməkdaşı Edvard Snouden Rusiyada qalıb ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin dünya liderlərinin telefon danışıqlarını dinləmələri ilə bağlı sirrini açmasaydı, dünya hələ də “fil qulağı”nda yatmışdı. Belə ki, FTB əməkdaşının ABŞ-ın dünyanın 35 liderinin telefonunu dinləməsi haqqında yaydığı sənəddə Ağ Evdə, Dövlət Departamentində və Pentaqonda "sifarişçilər"in əlaqələrini xüsusi xidmət orqanları ilə bölüşdürməsi xəbəri yer alıb. Bu əməkdaşlıq çərçivəsində bir sıra yüksək rütbəli dövlət məmurları dünya liderlərinə məxsus 200-ə yaxın nömrə ötürüblər və həmin nömrələr dərhal dinləməyə alınıb.
Almaniya kansleri Angela Merkelin telefonunun dalbadal 12 ildir dinlənməsi xəbəri isə əsil sensasiya yaradıb. Dinləmələr əsnasında kanslerin telefonunun markası, əlaqələrinin koordinasiyası kimi faktlar da ortaya çıxıb. Dünya mətbuatının yazdığına görə, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin 10 dekabr 2012-ci ildə 8 yanvar 2013-cü ilədək dinlənilən 46 milyon telefon danışığı arasında Vatikanın zəngləri də var. Hərçənd ABŞ Milli Təhlükəsizlik Agentliyi Amerika xüsusi xidmət orqanlarının Roma papasının telefonunu dinləməsi ilə bağlı məlumatları təkzib edib.
Telefon dinləmə mübahisəsi sərhədləri aşaraq daha çox dövləti əhatə edəndə artıq aidiyyatı olmayan ölkələr də ehtiyat tədbirləri görməyə başladılar. MTA-nın həmçinin Facebook, Twitter kimi sosial şəbəkələrdəki elektron poçtları, Google və Yahoo kimi axtarış sistemlərini izləməsi fikirləri səslənəndə isə artıq təlaş dövlət səviyyəsindən sıravi insanlar səviyyəsinə də endi. İndi bir-biri ilə mobil və ya ev telefonu ilə danışan və ya elektron yazışması edənlərin içində ünsiyyətindən asılı olmayaraq “birdən telefonumu dinləyərlər?”, “birdən ismarıclarına nəzarət edərlər” kimi təşvişi yaşanmaqdadır.
Gerçəkdən təlaşa əsas varmı?
Hüquqi baxımdan, yoxsa siyasi müstəvidə?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov «Kaspi»-yə açıqlamasında məsələnin hüquqi aspektlərini izah edərək qeyd edib ki, telefon dinləmələri hər bir dövlətin hüquqdan çox məsələyə yanaşması, öz təhlükəsizliyini təmin etməsi və texnoloji inkişafla bağlıdır. Belə ki, hüquq hər bir ölkənin rabitə kanallarından çıxarışla bağlı normativ sənədlər müəyyən edir. Yəni bu və ya digər informasiyanın hansı halda əldə edilməsinin hüquqi normaları müəyyənləşdirilir: «Tutaq ki, ağır cinayət törədilir və cinayətkar heç vaxt bunu öz boynuna almır. Onda müxtəlif vasitələrdən istifadə edərək cinayət əməlinin sübutu ilə əlaqədar tədbirlər görülür. Bu tədbirlərdən biri rabitə kanallarından informasiyanın əldə edilməsidir».
B.Məmmədov hesab edir ki, hazırda telefon dinləməsi ilə bağlı dünyada yayılan məlumatı xüsusi xidmət orqanları texnoloji inkişafla əlaqədar olaraq əldə edə biliblər. Belə ki, şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi ilə bağlı Cinayət Prosessual Məcəllədə (CPM) yer alan maddəyə görə, cinayət təqibi gedişində heç kəsin – şəxsin, özünün və ya ailəsinin yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların və sirrinin saxlanılması hüququ nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz: “Bu, konstitusiya ilə təmin olunmuş hüquqdur. Eyni zamanda, poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoymaq, onu yoxlamaq və götürmək, telefon və ya digər qurğularla danışıqların və başqa rabitə və texniki kanallar vasitəsilə ötürülən məlumatların tutulması məcəllə ilə müəyyən edilmiş hallarda bir qayda olaraq məhkəmə qərarı ilə həyata keçirilə bilər. Yəni hər bir şəxsin fərdi toxunulmazlığı hüququ təmin olunub”.
Nazirlik rəsmisinin sözlərinə görə, şəxsin toxunulmazlıq hüququ yalnız ümumi ictimai mənafe üçün təhlükə yarandığı təqdirdə məhdudlaşdırıla bilər. Belə ki, ümumi qaydadan fərqli qayda müəyyənləşdirilər: “Bəzi hallarda qəti imkan tədbiri kimi ev dustaqlığı da götürülə bilər. Onda da göstərilir ki, telefon danışıqları, poçt göndərişləri və rabitə vasitələrindən istifadəyə qadağa qoyulur. Telefon və digər qurğularla aparılan danışıqların ələ keçirilməsi və texniki vasitələrlə ötürülən məlumatların əldə edilməsi istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınmasını tələb edir. Bizim qanunvericiliyin timsalında kim məlumatı necə istəyirsə, o cür ələ keçirə bilməz. Belə ki, poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə, telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə, xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda müstəntiq müvafiq məhkəmə qərarı olmadan istintaq prosesini məcburi apara bilər». ABŞ-ın dünya liderlərinin telefon dinləmələrinə gəlincə, nazirlik rəsmisi bildirib ki, beynəlxalq hüquq hər bir fərdin və şəxsin, o cümlədən, qorunan şəxsin hüquqlarını qoruyur:
“ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi öz təhlükəsizliklərini qorumaq üçün dinləmələri həyata keçirdiyini bildirib. Tutaq ki, Snouden Rusiyada qalmasaydı və ABŞ-ın telefon dinləmələrini bəyan etməsəydi, həmçinin «The Guardian» qəzeti o məlumatı çap etməsəydi, heç kəs xəbər tutmayacaqdı. Bu məlumat açıqlığı dünyanı hərəkətə gətirdi. ABŞ rəsmiləri bildirib ki, Snouden geriyə qayıdarsa, ölkənin məxfi məlumatlarını yaydığına görə dövlət qarşısında ciddi məsuliyyət daşıyır. Artıq ABŞ-da rabitəni məsələn, «Əl-Qaidə»nin bildiyi formada təşkil etmirlər. O mənada ki, məxfi məlumatların yayılması onların da işinə əngəl törədib. Avropa ölkələrinin rəhbərləri isə “bizim aramızda etimad vardı. Biz müttəfiqik, bizə niyə qulaq asırsınız?” deyə etiraz ediblər”.
B.Məmmədovun fikrincə, böyük dövlətlər arasında bu cür məsələ hüquqi baxımdan daha çox siyasi müstəvidə həll olunur. “Onlar müttəfiqdirlər və beynəlxalq müstəvidə birgə çalışırlar, bu üzdən bir-birləri ilə düşmən ola bilməzlər. Ona görə də Merkel deyib ki, biz bundan sonra bu etimadın pozulmaması üçün tədbirlər görməliyik». Sadə vətəndaşların «Birdən mənim də telefon danışıqlarım dinlənər» - deyə qorxusuna gəlincə, hüquqşünas qanunvericiliyin hər bir şəxsin hüquqlarının qorunması üçün şərait yaratdığını, bununla belə, heç kəsin heç nədən sığortalanmadığını bildirib: “Yəni həyatda hər şey baş verir. Dövriyyəsi məhdudlaşdırılan əşyaların bəzən dinləmələri olanda bunlar mülki dövriyyəsi məhdudlaşdırılan əşyalara aid edilir. Məsələn, hazırda Çində istehsal olunan əşyalar haqqında danışılır. Yalnız təyinat üçün müəyyən prosedurlar keçəndən sonra o cür avadanlıqlar ölkəyə gətirilə bilər. Əgər kimsə Çinin özündən belə alıb gətirsə gömrük xidməti onun əlindən ala bilər. Çünki bu, mülki dövriyyəsi məhdudlaşdırılan əşyadır. Yəni bu əşyaları ayrıca alıb istifadə etməyə heç kəsin ixtiyarı yoxdur».
Təhlükə həmişə var
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz insanların telefon dinləmələri və elektron ünvanlarındakı məlumatların nəzarətə alınması qorxusuna aydınlıq gətirərək belə bir təhlükənin mövcudluğunu istisna etməyib: «Təhlükə həmişə var. Dünyada texnologiyalar o qədər sürətlə inkişaf edib ki, adi vətəndaşlar da həmin avadanlıqları əldə edə bilsələr, ondan istifadə edərlər”. AİF prezidentinin sözlərinə görə, bu cür avadanlıqların ölkəyə gətirilməsi ilə bağlı Azərbaycanda müəyyən prosedurlar mövcuddur. Belə ki, qanunvericiliklə bu avadanlıqlar qeydiyyatdan keçməlidir.
“Çünki dünyada elə avadanlıqlar və proqram təminatları var ki, müəyyən bacarıqlara malik insanın əlinə keçsə telefon danışıqlarına müdaxilə edə, texnologiyaların üzərindən izləmələri həyata keçirə bilər. Sizin telefonunuza elə bir proqram yazıla bilər ki, uzaqdan onun danışıqlarına qulaq asa bilərlər və sizə gələn mesajların surəti onalara gedə bilər”. Hansısa bir qurumlar tərəfindən qeyri-qanuni dinləmələrə gəlincə, AİF prezidenti bildirib ki, internetdə və telefonda dinləmə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir: “Qanunvericilikdə nəzərdə tutulub ki, internetdə izləməni yalnız Milli Təhlükəsizlik Nazirliyi apara bilər. Yəni hüquq-mühafizə orqanları hansısa cinayətdə şübhəli bilinən şəxsin cinayətini sübut edə bilmirsə, onun internetdə yazışmalarını və telefon danışıqlarını izləməyə başlayırlar. Qərar hüquq-mühafizə orqanı tərəfindən məhkəməyə verilir. Məhkəmənin qərarı kimisə izləməyə icazə verəndən sonra hüquq-mühafizə orqanları həmin şəxsin telefonlarını və elektron ünvanını izləməyə başlayırlar. Əgər qanun bir şəxsin toyuq oğurluğunu sübut edə bilmirsə, məhkəmə həmin şəxsi izləmək üçün qərar çıxara bilməz. Cinayət Məcəlləsinə görə telefon danışıqlarına qulaq asmaq, internet izləmələri üçün terrorçuluq, dövlət əleyhinə cinayətlər, adam oğurluğu və s. kimi ağır cinayətlər olmalıdır. Xırda cinayətlərə görə, hətta sübut etməsələr belə, izləməyə icazə verilmir”.
O.Gündüz bizdə məhkəmənin qərarı olmadan müəyyən izləmələrin ola biləcəyini də istisna etmir: “Amma bununla bağlı da faktlar lazımdır. Hələlik isə belə faktlar yoxdur».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər