Sürücünün qadını, kişisi olmaz
Elm
və texnikanın bu qədər inkişaf etdiyi bir dövrdə qadınların hansısa sahədə
kişilərdən geridə olmasını gözləmək düzgün deyil. Ancaq çox təəssüflər olsun ki,
cəmiyyətimizdə bəzi kişilər qadınların onlardan irəlidə olmasını və ya bir işi
daha yaxşı yerinə yetirməsini qəbul edə bilmirlər. Xüsusilə də, kişilərin ən
sevimli işi olan sürücülükdə.
Son
zamanlar qadın sürücülərin sayı kifayət qədər artıb. Belə ki, şəhərdə 5
qadından 2-3-ü maşınını özü idarə edir desək, yanılmarıq. Və bu da kişilərin
narazılığına səbəb olur. Həm sosial mediada, həm də real həyatda qadın
sürücülərdən narazı olanları görürük. Qadınların bu sahədə peşəkar olmadıqlarını,
maşını düzgün idarə etmədiklərini deyirlər. Daha doğrusu, şikayətlənirlər. Biz
də məsələni araşdırıb öyrənməyə çalışdıq - doğrudanmı qadın sürücülər bu işi
bacarmır?
Avtoxuliqanlar, sərxoş sürücülər arasında qadınlar
da var
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlıbildirir ki, sükan arxasında oturanın qadın, kişi deyə fərqləndirilməsi düzgün
deyil: "Sükan arxasında hamı bərabər hüquqludur. Hamı sürücülük vəsiqəsini eyni
alıb və eyni dərəcədə qaydalara riayət etməlidir. Qadınlar üçün yalnız bir
istisna hal var ki, hamilə sürücülər təhlükəsizlik kəmərini taxmaya bilər. Yəni
qadınlara verilən üstünlük sadəcə budur. Sürücü kimi onların başqa heç bir nə üstünlüyü,
nə əskikliyi yoxdur. Düzdür, bəzi qadın sürücülər var ki, onlara olan hörmətdən
istifadə edir. Qayda pozuntusuna yol verir. Görürsən ki, kişi piyada yolu
keçərkən qadın sürücü ona yol vermək istəmir. Qadın sürücü düşünür ki, kişi
piyada ona yol verməlidir. Amma hər kəs dərk etməlidir ki, sükan arxasında hamı
eynidir. Bu, qadınlara haqq vermir ki, kişilərdən həmin an nəzakət qaydalarına
əməl etməyi gözləsinlər. Əgər dərk eləsələr ki yol hərəkəti qaydaları hamı üçün
eyni yazılıb, bu zaman problem yaranmaz. Ölkəmizdə 40 mindən artıq qadın
sürücülük vəsiqəsi alıb. Onun təxminən 10-15 mini maşın sürür. Bu bizim
cəmiyyət üçün elə də ciddi rəqəm deyil. Əslində təkcə bizdə deyil, dünyanın bir
çox ölkələrində qadın sürücülərlə bağlı bu cür problemlər var. Çox təəssüflər
olsun ki, son illər Azərbaycanda da sərxoş qadın sürücülərin sayı artmaqdadır. Artıq
intensiv olaraq yol polisi qaydaları pozan qadın sürücüləri də saxlayır. Qadın
sürücülərə qarşı xüsusi gücləndirilmiş nəzarət həyata keçirilir. Və nəticədə
məlum olur ki, elə qadın sürücülər arasında da avtoxuliqanlar, sərxoş
sürücülər, sürücülük vəsiqəsi olmayanlar var. Biz düşünürdük ki, qadın sürücülər
sükan arxasına keçərkən bu kimi pis vərdişləri gec öyrənərlər, amma heyf, elə
birinci pis vərdişləri öyrəndilər”.
"Sənin yerin bura deyil, get evdə bozbaşını bişir”
Müsahibimiz
kişilərin qadın sürücülərə olan qısqanclığından da danışdı: "Mən kişi
sürücülərin qadın sürücüləri qısqanmasında əsaslı bir səbəb görmürəm. Lakin gəlin
etiraf edək ki, təcrübəsiz qadın sürücü görəndə, demək istəyirsən ki, "sənin
yerin bura deyil, get evdə bozbaşını bişir”. Amma bunu da deyim ki,
Azərbaycanda yaxşı qadın sürücülər də var. Hələ sovet dövründə traktorçu,
kombaynçı, təyyarəçi qadınlarımız olub. Hətta, bu günün özündə belə həmin
qadınlar var. Yəni belə demək düzgün çıxmaz ki, qadınlar bu işi bacarmır.
Sadəcə olaraq, son dövrlər qayda pozuntusu edən qadınların sayı o qədər artıb
ki, kişilər birmənalı şəkildə bütün qadınlara eyni gözlə baxmağa başlayıblar.
Əlbəttə, kişi sürücülər arasında da qayda pozuntusu edənlər var. On kişi sürücüdən
5-i nizam-intizamlıdır, qaydalara riayət edir. Bəzən fikir vermişəm ki, kişi
sürücü qadın sürücünü görür, sükanı unudur. Və əksər qəzalar da bu səbəbdən
yaranır. Biz hələ də o çərçivədən çıxa bilməmişik. Fikri qadın sürücünün
yanında qalır və beləliklə qəza törədir. Nə qədər qəza törətsələr də, yenə də
düzəlmirlər. Elə əslində bu cür kişilərdir qadın sürücüləri qəbul etməyənlər.
Elə həmin kişi sürücülərin özlərinə sual vermək lazımdır ki, qadın sürücüləri
bəyənmirsinizsə, nəyə görə qadın sürücü görən kimi sükanı unudursunuz?”
Ekspert
deyir ki, bəzən qarşıda gedən maşının hərəkətindən, manevrlərindən anlamaq olur
ki, sükanın arxasındakı qadındır: "Çünki qadın sürücülərin özlərinin spesifik
qayda pozuntuları var. Baxırsan ki, "8 yaza-yaza” gedir. Və yaxud da lazımsız
olaraq əyləci basır, keçib sol tərəfə asta sürətlə gedir. Bu zaman dərhal aydın
olur ki, sürücü qadındır. Amma təbii ki, çox peşəkar qadın sürücülər də var.
Qadın
anadır, işgüzar xanımdır. O da işə gedir, istəyir ki, iş yerinə vaxtında və rahat
çatsın. Uşaqlarla avtobusa minib-düşmək çətin olur. Qadınlara maşını 99 faiz
kişilər özləri alır, bir-iki faiz qadın var ki, onlar öz büdcələri hesabına
maşın ala bilirlər. Qadına maşın alıb verərkən onun sürücülük vərdişlərindən
əmin olmaq lazımdır. Onun cəmiyyət üçün təhlükə törətməyəcəyini bilməliyik. Əgər
onun yaxşı sürücü olmadığını bilərək maşın alıb veririksə, bir cinayətdə
iştirak etmiş oluruq. Bilərəkdən onu ölümə göndəririk”.
Kişilərdə qadın sürücülərə qarşı psixoloji qıcıq
"Yeni Müsavat” qəzetinin əməkdaşı, qadın sürücü Sevinc
Telmanqızı bu sahədə elə də çox təcrübəsinin
olmadığını və cəmi 4 ildir ki, sükan arxasında əyləşdiyini qeyd etdi: "Amma həm
əvvəlki illərdən müşahidələrimə, həm də maşın sürdüyüm dövrə əsaslanaraq deyə
bilərəm ki, bu məsələdə cins faktoru elə də önəm daşımır. Burada əsas olan
peşəkarlıqdır. Məncə, qadınlar kişilərdən daha diqqətli və intizamlıdır. Və
bacardıqları qədər daha da ehtiyatlı olmağa çalışırlar. Çünki qadınların etdiyi
nə isə bir səhv daha çox qabardılır. Və o səhvi ancaq qadınlar edirmiş kimi
qələmə verirlər. Halbuki, eyni səhvi kişilər də edir. Kişi sürücü səhv edəndə,
bunu diqqətsizlik, qadın sürücü edəndə isə bacarıqsızlıq, qeyri-peşəkarlıq kimi
qiymətləndirirlər. Kişi sürücülərin qayda pozuntularına daha tolerant
yanaşırlar. Və ona görə də qadın sürücülər onlara qarşı olan bu fikirləri
bildikləri üçün maşını daha diqqətli sürürlər. Gəlin statistikaya nəzər salaq.
Ən dəhşətli qəzaları kimlər törədir? Ən çox kimlər tərəfindən törədilmiş qəzalarda
ölüm halları baş verir? Əslində rəqəmlərə diqqət etsək, hər şey aydın olar. Ona
görə də deyərdim ki, kişi sürücülər cığallıq etməsələr, yaxşıdır. Nəqliyyatda
peşəkarlıq öndə gəlir. Qadın, yoxsa kişi faktoru ikinci sıradadır. Bu, sırf
psixoloji nüansdır. Əks cinsin nümayəndələri elə düşünür ki, maşın sürmək ancaq
kişi işidir. Cəmiyyətin bütün sferalarında qadınlar kişilərlə birlikdə
çalışır. Bəzi ixtisas sahələrində qadın-kişi
ayırd edilmədiyi kimi, bu məsələdə də ayrı-seçkilik qoyulmamalıdır. Bu, kişilərdə
qadın sürücülərə qarşı psixoloji bir qıcıq kimi yaranıb. Kişi sürücülərə
məsləhət görərdim ki, qadın sürücülərə qarşı bu düşüncələrini dəyişsinlər”.
"Geridə qalmış bir təfəkkür formasıdır”
Sosioloq Cavid İmamoğlu bildirir ki, bu cür düşüncə
köhnə fikirliliyin göstəricisidir: "Cəmiyyətdə belə bir fikir var ki, qadınlar
kişilərdən zəif sürücüdürlər. Amma həqiqətdə bu günə qədər olan avtoqəzaların
sayında qadın sürücülərin göstəricisi kişilərdən qat-qat aşağıdır. Bu da ondan
xəbər verir ki, qadın sürücülər kişilərdən daha ehtiyatlı olurlar. Sadəcə,
bizim cəmiyyət kişi yönümlü, düşüncəli olduğundan əsas fikirlər kişilər
tərəfindən formalaşdırılır. Buna görə də biz kişilər təbii ki, "qadınlar daha
yaxşı sürür” ifadəsini dilimizə gətirmirik. Qadınlar sürə bilmir - deyirik.
Yəni öz səhvlərimizi də qadınların üzərinə atırıq. Amma ümumilikdə bu, stereotipdir,
geridə qalmış bir təfəkkür formasıdır. Təbii ki, həm kişilər, həm də qadınlar
arasında sürücülük ənənəsinə, mədəniyyətinə sahib olmayanlar, sürücülük vəsiqəsini
qeyri-qanuni yolla əldə edən kifayət qədər insan var. Yəni burda cins ayrı-seçkiliyi
etmək olmaz. Qadınların istər düşüncə tərzi, istərsə də bacarıqları imkan verir
ki, onlar maşını normal şəkildə idarə etsinlər. Və mən düşünürəm ki, bu
məsələdə qadınlar kişilərdən heç də geri qalmır”.
Bəzən
"Qadın sürücü qəza törətdi” başlıqlı xəbərlərə rast gəlirik. Maraqlıdır, nəyə
görə heç vaxt "kişi sürücü” yazılmır, amma sürücü qadın olan zaman bu, xüsusi
vurğulanır?
Sosioloq
bu məsələyə də aydınlıq gətirdi: "Bu, kütləvi informasiya vasitələrində kişi
redaktorların çoxluğundan irəli gəlir. Yəni onlar qadınlarla bağlı hər hansı
bir mənfi xəbər olanda, onu başlığa çıxarır, cəmiyyətdə qadınlara qarşı mənfi
rəy, obraz yaratmağa çalışırlar. Bunlar
hamısı kişi psixologiyasının, düşüncə tərzinin nəticəsidir. Hər yerdə kişilər
üstünlük təşkil etdiklərinə görə, fikri formalaşdıran da kişilərdir. Bu kimi
halların qarşısını maarifləndirmə işi aparmaqla, müzakirələr, debatlar keçirməklə
almaq olar”.
Günel
Azadə