• şənbə, 20 Aprel, 12:32
  • Baku Bakı 23°C

Sürücülük vəsiqəsi olmayan 60 avtobus sürücüsu saxlanıldı

10.06.14 16:53 1154
Sürücülük vəsiqəsi olmayan 60 avtobus sürücüsu saxlanıldı
Bu gün Bakıda qayda pozan avtobus sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib. Avtosfer-in verdiyi məlumata görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovniv-leytenant Vaqif Əsədov məlumat verib.
Məlumata görə, Bakı şəhər DYPİ-nin şöbə və bölmələrinin, habelə, paytaxtın rayon DYP şöbələrinin əməkdaşlarından ibarət geniştərkibli qrup paytaxtın əsas küçə və prospektlərində reyd keçirərək qayda pozan avtobus sürücülərinə qarşı müvafiq tədbirlər görüblər: «Son vaxtlar Bakı şəhəri ərazisində ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının tezt-tez pozulması, onların iştirakı ilə törədilən qəzalar və bu qəzaların ağırlıq dərəcəsinin artması ciddi narahatlıq doğurur. Avtobus sürücüləri arasında nizam-intizamın möhkəmləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi ilə yaradılmış qrup paytaxtın küçə və yollarında ictimai nəqliyyat vasitələrinin marşrutunu izləyir və törədilən qayda pozuntularını aşkar edərək ona uyğun tədbirlər görür. Təkcə bu gün ərzində avtobusu yolların hərəkət hissəsində, ikinci cərgədə, dayanacaqdan kənarda saxlayan 60-dan artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Svetaforun qırmızı işığında hərəkət edən 4 avtobus sürücüsü də cəzalandırılıb. Bundan başqa, sürücülük vəsiqəsi və digər sənədləri qaydasında olmayan 60-a yaxın avtobus sürücüsü barəsində də inzibati qaydada tədbir görülüb. Bu tədbirlər avtobus sürücüləri arasında nizam-intizam qaydasına düşənə qədər davam etdiriləcək».
Vaqif Əsədov onu da bildirib ki, keçirilən tədbirlər metronun «Neftçilər», «Koroğlu», «İnşaatçılar», «Əhmədli», «Xalqlar dostluğu», «Qara Qarayev» və digər stansiyalarının ətrafını əhatə edib. Ümumilikdə isə reyd zamanı aşkar olunan qayda pozuntuları Neftçilər, Heydər Əliyev, İnşaatçılar, Parlament prospektlərində, eləcə də Məhəmməd Hadi, Qara Qarayev küçələrindəki avtobus dayanacaqlarında qeydə alınıb.
DYP rəsmisi ictimai nəqliyyatda qayda-qanunun yaradılması üçün ictimaiyyətin köməyinə də ehtiyac olduğunu bildirib: «Biz müşahidə apardıq və görürük ki, avtobus sürücüləri bəzən özlərindən asılı olmadan, sanki avtobusu yolun hərəkət hissəsində saxlamağa, ikinci zolaqda dayanmağa, dayanacaqdan kənarda saxlamağa adət ediblər. Elə sərnişinlər də öyrəşiblər ki, harada gəldi avtobusa minib-düşsünlər. Təsəvvür edin ki, biz «Nizami» metrostansiyasının qarşısındakı avtobus dayanacağını taksilərdən və digər maşınlardan təmizləyib təhvil verdik ki, avtobuslar rahat işləyə bilsinlər. Amma sonradan baxırıq ki, avtobus sürücüləri adət ediblər, yenə də avtobusu kənarda saxlayırlar. Sərnişinlər də adət ediblər ki, yolun hərəkət hissəsinə çıxsınlar, orada avtobusa minib-düşsünlər».
banner

Oxşar Xəbərlər